Natəvan irsinə
məhəbbət
Azərbaycan
Müəllimlər İnstitutunun
Ağcabədi filialında sonuncu Qarabağ xanının qızı, şairə
Xurşidbanu Natəvanın anadan olmasının 180 illiyinə həsr olunmuş yubiley mərasimi
keçirildi.
Tədbiri
giriş sözü ilə filialın direktoru, professor Xəqani
Məmmədov açdı. Baş müəllim Qərənfil
Rzayeva "Xurşidbanu Natəvanın həyatı və
yaradıcılığı" mövzusunda məruzə
etdi. Natiq XIX əsrin 50-ci illərindən bədii
yaradıcılığa başlayan Xurşidbanu Natəvanın
məhəbbət lirikası, təbiət gözəlliklərinə
həsr edilmiş şeirləri və ictimai-siyasi məzmunlu
qəzəllərinin sənətkarlıq xüsusiyyətlərindən
bəhs etdi. O qeyd etdi ki, Natəvanın əsərləri bədii
sənətkarlıq baxımından kamil sənət
nümunələri olub, incə mətləblər, dərin
hisslər təlqin edən qüvvətli lirika, poetik yüksəkliyə
malik zəngin mənəvi irsdir.
Natəvanın
ədəbi-bədii fəaliyyəti, "Məclisi-üns"
ədəbi məclisinə maddi-mənəvi
qayğısı, xeyirxah əməlləri, elmi, sənət
adamlarını himayə etməsi yüksək insani dəyərlər
kimi qiymətləndirildi. Dahi Füzulinin ədəbi ənənələrindən
bəhrələnən Natəvan ana dilimizdə parlaq
şeiriyyət yaratmışdır.
Filialın
baş müəllimi Əli Əhmədov da Xan qızı
adı ilə tanınan Xurşidbanu Natəvanın xeyirxah təşəbbüs
və əməllərindən, yüksək insanpərvərliyindən
danışdı. Sonda filial əməkdaşlarının və
tələbələrin iştirakı ilə təşkil
olunmuş ədəbi-bədii kompozisiya nümayiş
etdirildi.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2012.- 7 noyabr.- S. 4.