"GƏLƏRSƏN - GÖRƏRSƏN" qalası

 

(əvvəli qəzetin 4 noyabr 2012-ci il tarixli sayında)

 

Beləliklə, istənilən halda "Gələrsən-Görərsən" qalasının Nadir şahın 30 minlik ordusu qarşısında duruş gətirməsi və təslim olmaması faktı bu qalanın müdafiə imkanlarının nə qədər güclü, onun nə qədər möhkəm və keçilməz olduğunu təsdiqləyir.

Aslanın erkəyi-dişisi olmaz

Kişlilər "Gələrsən-Görərsən" qalasına "Qız qalası, gah da "Qızlar qalası" da deyirlər. Türk mifoloji düşüncəsində "qız" "alınmazlıq", "məğlubedilməzlik", həmçinin "toxunulmazlıq" və "bakirəlik" anlamını ifadə edir. Bəlkə də elə bu səbəbdən tarixi Azərbaycan ərazisində, habelə Türkiyədə "Qız qalası" adı ilə çoxlu sayda qalalar mövcuddur.

Bu qala barəsində məlumat verən əsas mənbələr Kərim ağa Fatehin və Hacı Seyid Əbdülhəmid Əfəndinin əsərləridir. Lakin həmin mənbələrdə bu qala "Gələrsən-Görərsən" adı ilə xatırlanır. Yuxarıda qeyd etdiyimiz kimi, "Gələrsən-Görərsən" adı qalaya sonradan, yəni 1743-cü il hadisələri ilə əlaqədar olaraq verilib. XVI əsrdə, yəni Şah Təhmasibin 1551-ci ildəki məlum hücumu zamanı şəkililərin həm Kişin özündə yerləşən Kiş qalasında, həm də o zaman "Qızlar qalası" adı ilə tanınan "Gələrsən-Görərsən" qalasında müdafiə olunduqlarını hər iki mənbə aydın şəkildə təsdiq etməkdədir.

"Qızlar qalası" adı ilə bağlı bir sıra əfsanələr də mövcuddur. Həmin əfsanələrin birində deyilir ki, "Oxut xanının qızı atasının onu sevmədiyi oğlana ərə vermək istəyi ilə razılaşmayıb və atasından küsərək Ot dağının zirvəsində möhkəm bir qala tikdirib. Yalnız qızların yaşadığı bu qalada xan qızı onlara başçılıq edib. İş o yerə çatıb ki, Xan qızı hətta onu zorla sevmədiyinə ərə verən atasına qarşı döyüşə girməyə və onun qoşunlarına qarşı vuruşmağa məcbur olub. Qüvvələr nisbəti bərabər olmadığından, qızlar qalib gəlmək üçün belə bir hiyləyə əl atıblar: qaladakı mal-qaradan bir neçəsini kəsib, onların qanını çaylara axıdıblar. Qana boyanmış çayın suyunu insan qanı hesab edən xanın qoşunları təşvişə düşüb qaçıblar. Beləliklə də, qızlar bu döyüşdə qalib gəliblər.

Əfsanənin davamında qeyd olunur ki, bu hadisədən sonra həmin qalaya Cavan xanın başçılığı ilə yeni qoşun dəstəsi göndərilir. Qoşunun cavan başçısını görən Xan qızı ona aşiq olur. Məhəbbət hissi nifrətə üstün gəldiyindən, qala təslim edilir.

Bəli, bu, bir əfsanədir. Lakin müharibələr, feodal çəkişmələri, yadelli işğallarxarici hərbi basqınlar zamanı ulularımızın el-obanın namusu sayılan qız və qadınları alınmaz qalalarda mühafizə etdikləri, qoruduqları tamamilə həqiqətə uyğundur. Bubuna oxşar faktlar Azərbaycanda olan digər tarixi abidələr və qalalarla bağlı da məlumdur. Bu mənada tarixi həqiqətləri üzə çıxarmaq üçün əfsanə və rəvayətləri kənara atmaq yox, onlardan bəhrələnməyi bacarmaq tədqiqatçı üçün ən vacib şərtlərdən biridir.

Sonda təəssüflə onu da qeyd edək ki, orta əsrlər dövründə baş verən ardı-arası kəsilməyən feodal çəkişmələri və müharibələr nəticəsində bir çox abidələrimiz kimi, "Gələrsən-Görərsən" qalası da dağılmışdır. Bununla belə, tariximizin bu qəhrəmanlıq nişanəsi, məğlubedilməzlik simvolu xalqımızın azadlıq və istiqlaliyyət uğrunda yadelli işğalçılara qarşı apardığı mübarizə tarixinin çox mühüm səhifələrindən biri kimi yaşamaqdadır.

 

 

Tofiq BABAYEV,

 

Tahir ŞAHBAZOV,

AMEA Arxeologiya və

Etnoqrafiya İnstitutunun

aparıcı elmi işçiləri,

tarix üzrə fəlsəfə doktorları

 

Xalq qəzeti.- 2012.- 8 noyabr.- S. 7.