Azərbaycan Respublikasının dövlət rəmzləri

 

2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarixi bir sərəncama imza atdı. İlk dəfə olaraq milli bayrağa olan sevgi dövlət tərəfindən rəsmiləşdirilərək hər il bu ayın 9-nun Dövlət Bayraqı Günü kimi qeyd edilməsi və qeyri-iş günü elan edilməsi qüvvəyə mindi. Prezidentin "Bayraq gününün təsis olunması" ilə bağlı verdiyi fərman Milli Məclisin qərarı ilə Konstitusiyamızın Əmək Məcəlləsinin 105-ci maddəsinə müvafiq olaraq qeyri-iş günü hesab edildi. Bayraq Günü ilə bağlı verilən sərəncamdan öncə də dövlət başçısı bu vacib milli atributumuz barədə mötəbər sərəncam imzalamışdı.

 

Bu sərəncam 2007-ci il noyabrın 17-də paytaxtımızın ən görkəmli yerində Dövlət Bayrağı Meydanının yaradılması ilə bağlı idi. Bu meydanın yaradılması Azərbaycanda bayrağa dövlət səviyəsində xüsusi ehtiramın ən yüksək səviyyədə göstərildiyinin təcəssümü idi. Meydan hazırda cəmiyyətimizin milli qürur mənbəyinə çevrilmişdir. Bundan əlavə meydanda ucaldılan bayrağımızın dirəyi 2010-cu ilin mayın 29-da Ginnesin rekordlar təşkilatının siyahısına salınıb və ən hündür dirək statusunu qazanıb. Dayağın hündürlüyü 162 metr, bayrağın eni 35 metr, uzunluğu isə 70 metrdir. Çəkisi 350 kiloqram olan bayrağımızın yerləşdiyi meydanın ümumi sahəsi 2450 kvadrat metrdir. Böyük vəsait və zəhmət hesabına ərsəyə gələn bu meydan xalqımız üçün əvəzolunmaz hədiyyə və təqdirəlayiq dövlətçilik layihəsi idi.

Dünyanın bütün dövlətlərinin özünəməxsus dövlət rəmzləri mövcuddur və bu rəmzlər onların tarixi keçmişlərindən tutmuş, gələcəklərinə doğru olan prinsipləri özündə əks etdirir. Hər bir xalqın öz düşüncəsi olduğu üçün onun atributlarında onun milli düşüncəsi öz əksini tampalıdır. Çünki atribut ölkənin mayakı, xalqın vizit vərəqəsidir. Dövlətini yaradan hər bir xalq ilk növbədə öz atributlarını təsis edir.

Azərbaycan xalqının da öz fikrini, düşüncəsini, siyasi müstəqilliyini əks etdirən bayraqdan, gerbdən, himndən ibarət dövlət rəmzləri mövcuddur. Əsas Qanunumuzun 23-cü maddəsində yazıldığı kimi, Azərbaycan Respublikasının dövlət rəmzləri-Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.

 

Dövlət bayrağımız

 

Azərbaycan Respublikasının tanıtım vəsiqələrindən, dövlətçilik rəmzlərindən biri, onun Milli Bayrağı - Dövlət bayrağıdır. Milli bayraq- siyasi, ideoloji, mənəvi baxımdan bir millətin və bu milləti təşkil edən dövlətin mövcudluğunu təsdiqləyən rəmzdir. "Bayraq" sözü ümumtürk mənşəlidir və tarixi çox qədimdir. "Hələ min il bundan əvvəl böyük türk dilçi alimi Mahmud Kaşğarlının məşhur "Divanü-lüğət-it-türk" əsərində bu söz müasir dilimizdəki mənada və BAYRAK-BATRAK fonetik variantlarında qeydə alınmışdır. Eyni zamanda tədqiqatçıların fikrincə, həmin söz "BATIRAK/ BATRAK/ BAYRAK" semantik-struktur təkamül modeli əsasında BATIR-(batırmaq, "sancmaq") felindən törəmişdir. Onu da qeyd edək ki, müasir türk dilində BAYRAQ sözü ilə yanaşı SANCAQ sözü də işlədilir ki, o da SANCMAQ felindən yaranmışdır". "Bayraq" sözü bir müstəqillik işarəsidir. Müasir anlamda bayraq dövlətimizin, millətimizin müstəqillik, suverenlik, milli azadlıq və istiqlal rəmzi funksiyasında işlənməkdədir. Dövlət bayrağı müqəddəs anlam daşıyır. Millətin qeyrəti, namusu, şərəfi, ləyaqəti bayraqda ifadə olunmuşdur. Bayraq milli azadlığın, istiqlal ideyalarının, bəşər sivilizasiyasında istər xalqın, istərsə də dövlətin yerinin və rolunun təcəssümüdür.

Konstitusiyamızın 23- cü maddəsində yazılır: "Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir".

Göründüyü kimi, Konstitusiyamıza uyğun şəkildə hazırlanan Dövlət bayrağımız üç rəngli, ay-ulduzlu hissələrdən ibarətdir. Hər bir simvolun özünəməxsus tarixi-siyasi, mədəni amillərlə bağlı olan məna və funksiyası vardır. Onu da qeyd etmək lazımdır ki, bayraq, onun mənşəyi, tarixi təkamülü, müasir vəziyyəti, bayraqda əks olunan milli rəmzlərin məna və istifadə təyinatları və bayrağın qaldırılma və endirilmə mexanizmi və s. barədə veksikologiya elmi məşğul olur. Müasir veksikologiya elminin son məlumatlarına görə, hazırda dünyada mövcud olan dövlət bayraqları içərisində qırmızı rəngli bayraqlar birinci yerdə olub, ümumən mövcud bayraqların üçdə ikisini təşkil edir. Onun ardınca ağ, mavi, qara və yaşıl rəngli bayraqlar gəlir. Bayraqlar rənglərin sayına görə də müxtəlif növlərə ayrılır ki, onlar içərisində üçrəngli bayraqlar üstünlük təşkil edir. Bu tipli bayraqlara "trikolor" (üçrənli bayraq) deyilir. 1918-ci ildə Şərqdə ilk demokratik quruluş olan Azərbaycan Xalq Cumhuriyyəti meydana gəldi. Təbii ki, min bir əziyyətlə yaranan respublikaya milli atributlar olduqca gərəkli idi. Belə olduqda böyük ideoloqumuz Əli bəy Hüseyinzadənin irəli sürdüyü ölkənin baş ideologiyası olan "Türkçülük, Müasirlik, İslamçılıq" siyasi xəttinə uyğun bir bayraq hazırlandı. O zaman cəhalət içində boğulmaqda olan xalqımızın milli təəssübkeş ziyalıları, mənəvi, milli və müasir dəyərləri özündə ehtiva etdirən bir mübarizə xətti götürdülər ki, bu da sonda ölkənin müstəqilliyinin elan edilməsinə gətirib çıxardı. "Türkləşmək, Müasirləşmək, İslamlaşmaq" düsturu ziyalılarımız tərəfindən dəstəkləndi və sonralar Türkiyənin böyük ideoloqu Ziya Göyalp tərəfindən daha da inkişaf etdirilib konsepsiya halına salındı. AXC yarandıqdan sonra da bu ideyalara sadiq qalaraq öz milli atributlarını həmin düsturun üzərində qurdu. Hələ AXC-nin ilk parlamentinin açılışını edən Azərbaycan Milli Şurasının sədri M.Ə. Rəsulzadə üçrəngli milli bayrağımızı göstərərək, onun əbədiyyətinə sonsuz inamını belə ifadə etmişdi: " Müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyəti, İslam mədəniyyəti və müasir Avropa iqtidari-əhraranəsini təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcəkdir..." Beləliklə, bayrağımızın mavi rəngini mənalandıran "Türkçülük" milli kimliyimizi dərk etmək, milli ənənələri dirçəltmək, soykökünə bağlılıq, dilimizin qorunması, tariximizin qorunması, milli inkişaf, milli istiqlal, milli mücadilə deməkdir. Bayrağımızın mavi rəngi Azərbaycan xalqını türk milli kimliyi ətrafında birləşdirir və bizə bir xalq olaraq özümüzü dərindən dərk etmək üçün istiqamətləndirir. "Müasirləşmək" dedikdə isə xalqımızın bundan sonra keçəcəyi inkişaf, tərəqqi yolu nəzərdə tutulur. Həmin dövrdə Avropa dünyanın elmi-texniki nailiyyətlər baxımından son modern qütbü sayıldığından, milli düşüncəli uzaqgörən ziyalılarımız mənəviyyatca yox, elmi inkişaf, qabaqcıl düşüncə baxımından avropasayağı olmağı tövsiyə edir və bu prinsipi müasirlik kimi qiymətləndirirdilər. Nəticə etibari ilə müasirlik bayrağımızda qırmızı rəngi özündə əks etdirir və ölkəmizin gələcək inkişaf yolunu müəyyənləşdirir.

"İslamçılıq" deyəndə isə ilk növbədə xalqımızın uzun əsrlərdir ki, mənəvi aləmini zənginləşdirən, əxlaq dəyərlərini, mərdliyi, cəsarəti və ilk növbədə Allaha olan sonsuz inamı təcəssüm etdirən məfhumdan söhbət gedir ki, bu da öz növbəsində milli bayrağımızda yaşıl rənglə ifadə olunur. İslam dövlətlərinin qədimdən üzü bəri əksər bayraqları yaşıl olmuş, bunun da əsas səbəbi təbii ki, İslamın qayəsi olan həyat və yaşamaqla bağlı olan hər şeyin yaşıl rəngli təbiətlə əlaqəli olmasıdır. İslamçılıq ideyaları azərbaycanlıların milli mənlik şüurunun, milli istiqlal uğrunda mübarizəsinin, İslam dünyası ilə sıx əlaqələrin yaranmasına və möhkəmləndirilməsinə xidmət edir.

İslamçılıq ideyalarının milli ideyalarla dərindən bağlı olduğunu və milli inkişafa hər zaman təkan verən qüvvə olduğunu dünyada tanınmış böyük İslam filosofu Cəmaləddin Əfqaninin "Milli vəhdət fəlsəfəsi və dil birliyinin həqiqi mahiyyəti" adlı əsərində dəfələrlə görmək olar. Cəmaləddin Əfqani konkret olaraq türk, fars, ərəb, və başqa milli kimliklərdən danışmır. O, bütün İslam ümmətindən bəhs edir və onu dönə-dönə birliyə çağırır. Millətlərin məhv olmaması və tərəqqisi üçün dil faktorunun vacibliyini qeyd edir. C. Əfqani qeyd edir ki: " ictimai qüsurları birgə dəf etmək", milli çətinlikləri birgə aradan qaldırmaq", "millətin məqsədi olan ümumxalq səadətinə nail olmaq", "müsibət və bədbəxtliklərdən nicat yollarını arayıb tapmaq", "yekdil həmrəylik hissi yaratmaq" üçün dilin mükəmməl öyrənilməsi, qorunması vacibdir.

Onu da qeyd edək ki, C. Əfqaninin bu əsəri İslam xalqlarının xüsusilə türk xalqlarının milli oyanışında mühüm rol oynamışdır. M.Ə Rəsulzadə bu əsəri Azərbaycan türkcəsinə tərcümə etmişdir. Ona görə də bayrağımızdakı yaşıl rəngin İslamı bildirməsi böyük əlamətdar hadisə və milli imanın göstəricisidir.

Azərbaycan Respublikasının milli bayrağındakı böyük məna kəsb edən nişanlardan biri də bayraqdakı qırmızı zolağın hər iki üzündə təsvir olunan rəngli aypara və səkkizguşəli ulduzdur.

Milli bayrağımızdakı aypara və səkkizguşəli ulduzun məna və funksiyası barədə müxtəlif fikirlər mövcuddur. Bəzi insanlar səkkizguşəli ulduzun Azərbaycandakı millətlərin sayını ifadə etdiyini bildirir. Təbii ki bu fikir yanlışdır. Çünki, Azərbaycandakı etnosların sayı səkkizdən çoxdur. Tarixi baxımdan üç min ildən çoxdur ki, bu rəmz qədim Türk-Şərq xalqlarının dövlətçilik atributlarında yer almışdır. Bəzi Qərb tədqiqatçıları aypara simvolunu İslamın əlaməti kimi qələmə verirlər və belə hesab edirlər ki, aypara orta əsrlərdə Qərbin Şərqə xaç yürüşləri ( xristianların xaç simvoluna qarşı olaraq) zamanı İslam birliyinin təcəssümü olmuşdur. Amma bunlar təbii ki, fərziyyələrdən başqa bir şey deyildir. Türkiyə tarixçisi Fevzi Qurdoğlu bu məsələdən danışarkən qeyd edir ki, "hilal (aypara) 5000 il bundan əvvəl Orta Asiyadan ön Asiyaya köç etmiş şumerlər, eləcə də qədim türklər tərəfindən istifadə edilmişdir. Ayparanın türk heraldikasında istifadə olunması nə Sultan Osman qazinin məşhur röyasından, nə də Sultan Mehmet Fatehin İstanbulu fəthindən başlayır. Bunun köklərini dərinlərdə aramaq lazımdır. Hilal türk millətinin tarixi qədər əskidir..."

Səkkizguşəli ulduz, əslində, Günəş kimi yozulmalıdır. Çünki əski türklərdə Günəş səkkizguşə şəklində təsvir olunur və ona ehtiram göstərilirdi. Qədim türklərin böyük bir hissəsi Günəşə və Aya sitayiş edər və onların inanclarında Günəş birinci dərəcəli yer tuturdu və ona "Göy Tanrı" deyilirdi. Maniçilik dinini qəbul etdikdən sonra Ay kultuna da üstünlük verən türklər Aya "Ay Tanrı" deyə müraciət etdilər. Bir sözlə, bayrağımızdakı aypara və səkkizguşəli ulduzun məna etibarilə qədim Türk -Şərq xalqlarının inanc sistemini ifadə etməsi bir tarixi reallıqdır və burda başqa heç bir məna axtarmaq lazım deyil.

 

(ardı var)

 

 

Anar TURAN

 

Xalq qəzeti.- 2012.- 9 noyabr.- S. 4.