Nəğmə dolu bir ürək

 

Tofiq Quliyev - 95

 

Mən həmişə yorğun olanda, yaxud kədərli anlarımda böyük bəstəkar, xalq artisti Tofiq Quliyevin mahnılarını dinləməyi xoşlayıram. Bu mahnılar adama ana laylası qədər doğmadır. Onları sevməmək ən azı günahdır. Mənə belə gəlir ki, bu nəğmələrin mayasında Tofiq müəllimin bu xalqa sevgi hissi dayanır. Onun haqqında qəzet məqalələrinin birində deyilirdi ki, "Tofiq Quliyevin mahnılarının Azərbaycan qədər ömrü olacaq". Bu, danılmaz həqiqətdir.

 

Tofiq müəllimin 95 illik yubileyi günlərində onun keçdiyi həyat və yaradıcılıq yoluna işıq salmaq istədik. Azərbaycan estrada musiqisinin banilərindən biri Tofiq Ələkbər oğlu Quliyev 1917-ci il noyabr ayının 7-də Bakı şəhərində mühəndis-iqtisadçı Ələkbər Quliyevin ailəsində anadan olmuşdur. Onun anası Yaxşıxanım Mahmudova Hacı Zeynalabdin Tağıyevin qızlar gimnaziyasında, müqəddəs Nina məktəbində təhsil almışdır. 1929-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki fəhlə fakültəsində S. İ. Turiçin sinfində təhsil alan Tofiq Quliyev, musiqi qabiliyyətinin tez üzə çıxmasına baxmayaraq, sistemli musiqi təliminə 12 yaşında, Azərbaycan Konservatoriyası nəzdində məktəbin fortepiano sinfinə daxil olmaqla başlayır. Gələcək bəstəkarın yaradıcılıq biçiminə onun ibtidai musiqi nəzəriyyəsi üzrə müəllimi, professional musiqi təhsili alan ilk Azərbaycan bəstəkarı Asəf Zeynallının böyük təsiri olmuşdur. 1931-ci ildə, 14 yaşında ikən, Asəf Zeynallının tövsiyəsi ilə M. Ə. Sabirin "Uşaqbuz" şerinə "Dərsə gedən bir uşaq" mahnısını bəstələyir.

1934-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olan Tofiq Quliyev, eyni zamanda, iki fakültədə - professor İ. S. Aysberqin sinfində fortepianoprofessor S.Y.Ştrasserin sinfində dirijorluq sənəti üzrə təhsilini davam etdirir. Konservatoriyada o, polifoniya, harmoniya, musiqi forması dərslərini R.M.Rudolfun sinfində alır, xalq musiqisinin əsaslarını, muğam sənətinin sirlərini dahi Üzeyir Hacıbəyovdan öyrənirdi.

Bu illərdə Tofiq Quliyev Bülbülün rəhbərliyi ilə təşkil olunmuş Elmi-Tədqiqat Musiqi Kabinəsində xalq musiqi nümunələrinin toplanılması və notlaşdırılması sahəsində aparılan tədqiqat işlərində fəal iştirak etmiş və 1935-ci ildə tanınmış tarzən Mirzə Mansur Mansurovun ifasında "Rast", "Segah-zabul" muğamlarını nota köçürmüşdür. 1935-ci ildə M. Əzizbəyov adına Azərbaycan Dram Teatrında orkestrin rəhbəri, dirijor vəzifəsində çalışır. 1936-cı ildə bəstəkar Z.Bağırovla birgə "Rast", "Segah", "Zabul", "Dügəh" muğamlarını fortepianoda hazırlayıb. Sonra Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən Ü.Hacıbəyovun şəxsi təşəbbüsü və təklifi ilə bir qrup istedadlı gənc musiqiçi ilə birlikdə Tofiq Quliyev P.İ.Çaykovski adına Moskva Konservatoriyasının dirijorluq fakültəsində təhsilini davam etdirmək üçün yola düşür. Qəbul imtahanları zamanı onun fortepianoda qeyri-adi ifaçılığı H. Y. Neyqauzun diqqətini cəlb ediro bir müddət bu böyük sənətkardan fortepiano dərslərini alır. Moskvada klassik musiqi ilə yanaşı, T.Quliyev həmçinin estrada musiqisi və xüsusən, caz ilə məşğul olur. 1937 - 39-cu illərdə Tofiq Quliyev Ümumittifaq caz orkestrində piano ifaçısı kimi fəaliyyət göstərir.

Tofiq Quliyev 1939-cu ildə Moskvada təhsilini dayandıraraq Bakıya dönür. Elə həmin ildə ona və Niyaziyə Azərbaycan Dövlət Estrada Orkestrinin yaradılması tapşırılır. Beləliklə, Niyazi, Pərviz Rüstəmbəyov və bir neçə digəri ilə yanaşı, T.Quliyev Azərbaycanda caz sənətinin əsasını qoymuşdur. Həmin ildən başlayaraq Gənc Tamaşaçılar Teatrı, Gəncə Dram Teatrı, Azərbaycan Akademik Milli Teatrı, Rus Dram Teatrı, Kukla Teatrı ilə sıx yaradıcılıq əməkdaşlığı edərək müxtəlif illərdə 30-dan çox tamaşaya musiqi bəstələmişdir. 1941-ci il sentyabrın 7-də Bakı Filarmoniyasında Tofiq Quliyevin rəhbərliyi ilə çıxış edən Dövlət Estrada Orkestri milli cazın yaranma tarixinin təməlini qoydu. Onun rəhbəri Tofiq Quliyevin adı musiqi tariximizə Azərbaycan estradacaz musiqisinin banisi kimi yazıldı..

O,1941-ci ildə "Qırmızı ordu" ansamblını yaradıb. Elə həmin ilorkestrin kollektivi rəhbərilə birgə 402-ci Azərbaycan diviziyasının tərkibinə daxil olaraq, döyüşlər gedən Krasnodar, Mozdok, Kerç şəhərlərində cəbhənin ön xəttində konsert proqramları ilə çıxış edirdi. Bu konsertlərdə xalq mahnıları ilə yanaşı, Tofiq Quliyevin vətənpərvərlik, qəhrəmanlıq mahnıları səslənirdi. 1943-cü ildə iki yerə bölünən "Qırmızı ordu" ansamblının "Qırmızı flot" hissəsinin rəhbəri olub.

Tofiq Quliyev 1948-ci ildə Moskvaya qayıdaraq konservatoriyanın III kursuna daxil olurdirijorluq fənni üzrə professor Hinzburqun, kompozisiya üzrə isə professor N.Qolubevin sinfində yarımçıq qalmış təhsilini davam etdirir. 1951-ci ildə Moskva Konservatoriyasını müvəffəqiyyətlə bitirən Tofiq Quliyev professor A. Qaukun sinfində dirijorluq üzrə aspiranturaya daxil olur. A.Qaukun rəhbərliyi altında elmi müdafiə edib. Həmin il "Azərbaycan xalq rəqsləri" toplusunu hazırlayanlardan biri olub. Moskvada oxuduğu illərdə o, Moskva Dövlət Filarmoniyasının orkestri ilə çıxış edərək Qlazunov, Mendelson, Çaykovski, Qara Qarayevin əsərlərinə dirijorluq edib.

Tofiq Quliyev Azərbaycan estrada musiqisinin yaradıcılarındandır. 1941 - 45 illərdə "Öldü var, döndü yoxdur", sonrakı dövrlərdə "Neftçilər mahnısı", "Qızıl sünbül", "Azərbaycan", lirik mahnılardan isə "Sənə də qalmaz, "İlk bahar", "Sevgilim", "Sən mənim, mən sənin", "Axşam görüşlərində", "Bəxtəvər oldum" mahnılarını yazıb. Tofiq Quliyevin kino musiqisinin inkişafında da rolu vardır. "Səbuhi" "Sevimli mahnı", "Görüş", "Qızmar günəş altında", "Ögey ana", "Telefonçu qız", "Belə ada da vardır", "Nəsimi" və s. filmlərə musiqi bəstələyib. O, "Aktrisa" (1943) , "Qızıl axtaranlar"(1963) , "Sənin bircə sözün " (1967), " Tahirin süqutu"(1972), "Sabahın xeyir, Ella" (1973) operettalarının müəllifidir.

Tofiq Quliyevin yaradıcılığında ən aparıcı janr - mahnıdır. Onun mahnıları nəinki Azərbaycanda, hətta ölkənin xaricində də geniş şöhrət qazanıb. Bu dövr üçün bəstəkarın özəl yaradıcılıq dəst-xətti biçimlənir, yaratdığı yeni üslubda milli-folklor əsası Avropa professional musiqi məktəbinin və Amerika cazının ənənələri ilə üzvi şəkildə uyuşur.

O, dövri mətbuatda musiqi sənəti ilə bağlı dərc olunmuş böyük sayda məqalələrin müəllifidir. Bu məqalələr onun müdrik bir sənətkar kimi nəzəri baxışlarını, düşüncələrini əks etdirir.

Tofiq Quliyev bəstəkarların içində ən gözəl pianoçu idi. Yaşının çox olmasına və uzun zaman məşq etməməyinə baxmayaraq, Tofiq Quliyev piano arxasında əyləşəndə daim məşq edən ifaçını xatırladırdı. Yəni təbiətən onun barmaqlarında texnika inkişaf etmişdi, barmaqlarında olan "şirinlik" musiqisinə də sirayət etmişdi. Ona görə də Tofiq Quliyevin elə bir mahnısı yoxdur ki, xalqın ürəyincə olmasın, o melodiya xalq tərəfindən sevilməsin.

Görkəmli bəstəkarın yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilmiş, o, 1958-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüş, 1959-cu ildə "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunmuşdur. 1964-cü ildə görkəmli sənətkar Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan xalq artisti fəxri adına layiq görülüb.1998-ci ildə Tofiq Quliyev "İstiqlal" ordeni ilə təltif edilmişdir. Səhhəti ilə əlaqədar xəstəxanada olan bəstəkara bu ordeni ümummilli lider Heydər Əliyev şəxsən özü təqdim etmişdir.

2003-cü il 7 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "T. Ə. Quliyevin xatirəsinin əbədiləşdirilməsi" haqqında sərəncam vermişdir. Bu sərəncama əsasən bəstəkarın yaşadığı binaya (Hüsü Hacıyev küçəsi, 23) xatirə lövhəsi vurulub.

Tofiq Quliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq, Mədəniyyət Nazirliyi Bakıdakı 12 nömrəli uşaq musiqi məktəbinə ölməz sənətkarın adını verib. 2007-ci ildə yubileyi ilə əlaqədar Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tofiq Quliyevin yaradıcılığına həsr olunmuş veb-sayt yaradılıb.

Yazını mərhum bəstəkar, xalq artisti Vasif Adıgözəlovun bu sözləri ilə tamamlamaq istəyirəm: "Mən həmişə deyirəm ki, əgər Azərbaycan bəstəkarlarının yaradıcılığını böyük bir çiçək çələnginə bənzətmiş olsaq, onların içərisində T.Quliyevin yaradıcılığı ən ətirli, ən gözəl çiçəklərdən biridir. Ona görə də Tofiq Quliyev həmişə var, Tofiq Quliyev yaddan çıxmayacaq. Zənnimcə, nə qədər ki, Azərbaycan xalqı var, Tofiq Quliyevin əsərlərini, onun mahnılarını həmişə sevə-sevə dinləyəcək, oxuyacaqlar."

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2012.- 11 noyabr.- S. 7.