Bayrağımız
qürur mənbəyimizdir!
Dövlət
Bayrağı Meydanı. Bu səhər Xəzərin
sahilində payız küləyinin sərinliyi duyulurdu. Meydana gələnlərin
çöhrəsində şadlıq əhval-ruhiyyəsi, bayram ovqatı ürəklərdə xoş duyğular
yaradırdı.
Bayram
tədbirinə gələnlər möhtəşəm
üçrəngli Dövlət bayrağımızın əzəmətlə
dalğalandığını böyük qürur və
iftixarla seyr edirdilər. Möhtərəm Prezidentimiz,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin
2009-cu il noyabrın 17-də Dövlət Bayrağı
Gününün təsis edilməsi haqqında
imzaladığı sərəncama əsasən hər il
noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı
Günü kimi qeyd olunur.
Azərbaycan
Respublikası Nazirlər Kabineti yanında Dövlət
Bayrağı Meydanı Kompleksi İdarəsinin Təhsil, Gənclər
və İdman Nazirlikləri ilə birgə keçirdiyi
Dövlət Bayrağı Gününə həsr olunmuş
"Bayrağımız-qürur mənbəyimizdir!"
adlı tədbir başladı. Meydan kompleksinin konfrans salonunda
Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi
orkestrinin ifası ilə təntənəli şəraitdə
Dövlət Bayrağı Gününə həsr olunan rəsm
müsabiqəsi açıq elan edildi.
Azərbaycan
Respublikasının Dövlət himni səsləndi. Azərbaycan
Respublikası Nazirlər Kabineti yanında Dövlət
Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi Rəşad
Məmmədov bayram iştirakçılarını
salamlayaraq dedi:
-Bugünkü
bayram bizim üçün xüsusi əhəmiyyət
daşıyır. Başımız üzərində
dalğalanan üçrəngli bayrağımız 70 ildən
sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə xalqımızın istiqlal rəmzi kimi rəsmən təsdiq
edilib. Ümummilli liderimiz demişdir: "Azərbaycan
bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin,
müstəqilliyimizin rəmzidir.
Ona
görə də gərək hər bir Azərbaycan vətəndaşı,
xüsusən gənc nəsil, bunu dərk etsin,qiymətləndirsin.
Bayrağa olan məhəbbət, vətənə, xalqa,
dövlətə olan məhəbbətə bərabər
olsun. Gərək hər bir evdə Azərbaycan dövlətinin
bayrağı olsun. Bu bayraq tək rəsmi yerlərdə-idarələrdə,
küçələrdə, saraylarda, məktəblərdə
yox, gərək hər bir ailənin həyatının əziz
bir hissəsi olsun".
Ümummilli
liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham
Əliyev ölkəmizin milli dövlət rəmzlərini uca
tutaraq, 2010-cu il sentyabrın 1-də memorial abidə-istirahət
parkının təntənəli açılış mərasimində
iştirak etmiş və dünyanın ən uca və
böyük üçrəngli bayrağını
dalğalandırmışdır. Bu, Prezidentimizin dövlət
rəmzlərinə verdiyi dəyərin bariz nümunəsidir.
Prezident
İlham Əliyevin həyata keçirdiyi daxili və xarici
siyasət, həmçinin ordu quruculuğu sahəsində
görülən işlər bizə əminlik verir ki, Azərbaycanın
ərazi bütövlüyü bərpa ediləndən sonra
dövlət bayrağımız işğal altında olan
torpaqlarda yenidən dalğalanacaqdır.
Çıxış
edənlər qeyd etdilər ki, Dövlət Bayrağı
Meydanı Kompleksi İdarəsi ikinci ildir məktəblilər
arasında Dövlət Bayrağı Gününə həsr
olunan rəsm müsabiqəsi keçirir. Keçən il bu
müsabiqəyə 100 məktəbli
qatılmışdısa, bu il onların sayı xeyli
artmışdır. Cari ilin oktyabrın 1-dən 25-dək Azərbaycanın
bütün məktəblərindən müsabiqəyə
460 rəsm əsəri təqdim olunmuşdu.
Mərasimin
musiqili-əyləncəli proqramında istedadlı gənclər
öz məharətlərini göstərdilər.
"Batter-flay" musiqi qrupunun üzvləri, gənc bəstəkar
Ülviyyə Xəlilovanın yetirmələrinin
oxuduqları mahnılar və Uşaq Əyləncə Mərkəzinin
"Ay işığı" rəqs qrupunun ifaları,
Prezident təqüdçüsü Yasin Həsənovun və
başqalarının çıxışı hərarətli
alqışlarla qarşılandı.
Təntənəli
musiqi sədaları altında əllərində Azərbaycan
bayraqlarını tutan müəllim və şagirdlərin
müşayiəti ilə müsabiqənin qalibləri elan
edildi. Geniş salonda sərgilənən 100 əsər müəllifindən
5-nin azyaşlı olduğu qeyd olundu. Qaliblərə
mükafatları Dövlət Bayrağı Meydanı Kompleksi
İdarəsinin rəisi Rəşad Məmmədov, Azərbaycan
Rəssamlıq Akademiyasının professoru, xalq rəssamı
Səlhab Məmmədov, Təhsil Nazirliyi tərbiyə və
məktəbdən kənar müəssisələrlə
iş şöbəsinin müdiri Ağababa İbrahimov təqdim
etdilər. Münsiflər heyəti qaliblər və
müsabiqə iştirakçıları ilə birlikdə
Dövlət Bayrağı Muzeyini ziyarət etdilər.
Sonra
Dövlət Bayrağı Meydanı ərazisində Azərbaycan
incəsənət ustalarının ifasında
tamaşaçılara möhtəşəm konsert
proqramı təqdim edildi.
Afət SADIQOĞLU
Xalq qəzeti.- 2012.- 11 noyabr.- S. 3.