Laçın: dövlət proqramlarının dəqiq icrası problemlərin həllini sürətləndirir

 

Bu ilin mayında Laçının işğalından 20 il ötdü. Bu 20 ilin ağır siyasi, sosial-iqtisadi nəticələrinin dərindən təhlili və qiymətləndirilməsi fonunda məcburi köçkünlük şəraitində rayonun yaşadılması, çağdaş tarixini yaratması ölkəmizdə böyük razılıq və nikbinliklə qeyd olundu. Ötən 20 ildə laçınlıların yurd sevgisi, doğma obalarına qayıtmaq inamı hər an onlara güc vermiş, rayonun adına yeni hünər, şərəf səhifələri yazılmışdır.

 

Əvvəllər rayonun qış yataqları, maldar obaları olmuş Ağcabədi rayonunun Taxtakörpü ərazisi laçınlıların yığcam yaşadığı məskən kimi artıq Laçının inzibati mərkəzinə çevrilmişdir. Rayonun bütün qurumları fəaliyyətini burada davam etdirir. Uğurlar ildən-ilə artır...

Müsahibimiz - Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov söhbətin bu yerində məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı dövlət proqramlarının Laçının rayon kimi yaşadılmasında müstəsna rolunu vurğuladı. Başçı bu yöndə ilin əvvəlindən davam etdirilən işlər, həyata keçirilən uğurlu layihələr barədə daha geniş söz açdı:

- Cari ilin yanvar ayında Taxtakörpü ərazisində inşa edilmiş 552 ailəlik qəsəbə məcburi köçkünlərin istifadəsinə verilmişdir. Bundan əlavə, dövlət proqramına uyğun olaraq, Laçın rayonundan olan və Naftalan şəhərində sanatoriya binalarında məskunlaşmış 49 ailə Goranboy rayonunda, Ağcabədi rayonunda məskunlaşmış və yaşayış şəraiti ağır olan 4 ailə Ağcabədi şəhərində, Bakı şəhərində yataqxanada və yararsız tikililərdə məskunlaşmış 86 ailə Abşeron rayonunun Mehdiabad qəsəbəsində inşa olunmuş çoxmərtəbəli yaşayış binalarında yeni mənzillərlə təmin edilmişdir. Şəki rayonunda isə fin tipli evdə və məktəb binalarında məskunlaşmış məcburi köçkünlər üçün qəsəbə salınmış, 168 laçınlı ailəsi yeni evlərə köçürülmüşlər. Prezident İlham Əliyev 9 sentyabr 2012-ci il tarixdə həmin qəsəbənin açılışında iştirak etmişdir. Bərdə rayonunun Təhlə kəndi ərazisində fin tipli evlərdə məskunlaşmış 195 məcburi köçkün ailəsi üçün yeni qəsəbənin tikintisi başa çatmışdır. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Taxtakörpü ərazisində fəaliyyət göstərən sahibkar və fermerlərə 115 min manat girovsuz, güzəştli kredit verilmişdir.

Bu ilin əvvəlindən Taxtakörpü qəsəbəsi və məcburi köçkünlərin sıx məskunlaşdıqları digər ərazilərdə tikinti-abadlıq işləri artan sürətlə davam etdirilmişdir. Taxtakörpüdəki parklarda, Şəhidlərin Xatirə Kompleksinin və Laçın Rayon İcra Hakimiyyətinin ətrafında 4 minə yaxın müxtəlif ağac və gül kolları əkilmişdir. Yol kənarında və meydanlarda plakat və şüarlar yenisi ilə əvəz edilmiş, müasir işıqlandırıcı dirəklər quraşdırılmış, hasarlar və inzibati binaların fasadı rənglənmişdir. Ərazilərdə bu il 20 minədək ting əkilmiş və ağaclara qulluq göstərilmişdir.

Başçı daha sonra bildirdi ki, Taxtakörpüdə elektrik enerjisi ilə bağlı problemlərin həll olunması məqsədilə 51 transformatorda və 50 kilometrlik hava xəttində əsaslı və cari təmir işləri aparılmışdır. Alxaslı obasına 1 transformator qoyulmuş, 2,6 kilometrlik yeni elektrik xətti çəkilmiş, uzun müddətdən sonra işıqla bağlı problem aradan qaldırılmışdır. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Vağazinin bir obasında elektrik sistemini yenidən qurmuşdur.

Taxtakörpü ərazisində təsərrüfat suyuna olan tələbatın ödənilməsi məqsədilə 9 nasos, elektrik mühərriki və hidrotexniki qurğu əsaslı və cari təmir edilmiş, 44,6 kilometrlik uzunluğunda kanallar lildən təmizlənmişdir. Cari ildə 4500 metr beton üzlüklü kanal çəkilmiş, 58 supaylayıcı metal qapı, 12 ədəd dəmir-beton körpü tikilmişdir.

"Dünyaya Baxış" Beynəlxalq Humanitar Təşkilatı isə Taxtakörpü ərazisində icma layihələri əsasında yol, təsərrüfat suyunun çəkilməsi və digər məsələlərlə bağlı 9 mikrolayihə həyata keçirmişdir. Bu il içməli su şəbəkələrində yararsız xətlərin 3182 metr hissəsi yenisi ilə əvəz edilmiş və 2560 metrində təmir işləri aparılmışdır. Alxaslı və Qarakeçdi obalarında modul tipli sutəmizləyici qurğu quraşdırılaraq 11 bulaq tikilmişdir.

55 saylı Yol İstismar İdarəsi bu il Taxtakörpü - Mais və Taxtakörpü - Alxaslı avtomobil yolunun 30 kilometrində cari təmir işləri həyata keçirmiş, 2727 kvadratmetr asfalt-beton örtük salmış, Qarakeçdi obasında avtomibil yoluna çınqıl örtük vermişdir.

Rayon icra hakimiyyətində və laçınlılarla söhbətlər zamanı öyrəndik ki, ötən illərdə olduğu kimi bu il də rayon sakinlərinə qayğı və onların problemlərinin yaxından öyrənilməsi məqsədilə yerlərdə səyyar qəbulların keçirilməsinə üstünlük verilmişdir. Laçınlı məcburi köçkünlərin məskunlaşdıqları 35 rayon və şəhərin 92 yaşayış məntəqəsində 811 nəfər köçkün səyyar qəbul edilmişdir. Qaldırılmış məsələlər əsasən ev, iş tələbi, müalicəyə köməklik, torpaq mübahisələri və digər məsələlərlə əlaqədar olmuşdur. Eyni zamanda, rayon icra hakimiyyətində vətəndaşların müraciətlərinə baxılmasına da diqqət artırılmışdır. Məhz vətəndaşların müraciətlərinə dərhal reaksiya verilməsi, onların bir çox problemlərinin vaxtında və yerindəcə həlli nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə ərizə və şikayətlərin sayı 40 faiz azalmışdır.

İlin əvvəlindən rayonda məcburi köçkünlərin yaşayış şəraitinin, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində də bir sıra mühüm tədbirlər həyata keçirilmiş, imkansız ailələrə diqqət artırılmışdır. Bayram ərəfələrində Qızıl Aypara Cəmiyyətinin rayon komitəsi Bakı və Sumqayıt şəhərlərində məskunlaşmış 84 nəfər tənha, imkansız və şəhid ailəsinə ərzaq yardımları etmiş, rayon həmkarlar təşkilatları tərəfindən 700-dən çox ailəyə maddi kömək olunmuşdur. Vergilər Nazirliyi tərəfindən də bayramlarda Taxtakörpü ərazisində məskunlaşmış köçkünlərə ərzaq payları verilmiş, 552 ailəlik qəsəbəyə xeyir-şər mağarı hədiyyə olunmuşdur.

"Kapital bank"ın rayon filialı ilin əvvəlindən keçmiş SSRİ əmanətçisi olan 4 min nəfərə 1,6 milyon manat vəsait ödəmişdir. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə rayon veteranları Cəmşid Tağıyevə və Əlikişi Cümşüdova avtomobil hədiyyə olunmuşdur. Bu il rayonun daha 8 müharibə veteranına və əlilinə avtomobil verilmiş, yaxın günlərdə bu maşınlar öz sahiblərinə çatdırılacaqdır.

Daha bir vacib yöndə - korrupsiya yarada biləcək halların aradan qaldırılması istiqamətində rayonda son bir neçə ildə çox ciddi iş aparılmışdır. Xüsusilə rayon üzrə bütün əmək haqqı, pensiya, müavinət və digər ödənişlər şəffaf qaydada, komissiya vasitəsi ilə paylanılmış plastik kartlarla ödənilir. Ünvanlı yardımlarla bağlı plastik kartların paylanışı isə bank tərəfindən həyata keçirilir. Bu gün rayon üzrə heç bir ödəniş nağd qaydada aparılmır. Bu isə hər hansı bir ödənişdə neqativ amilin aradan qalxmasını təmin etmişdir. Ünvanlı dövlət sosial yardımlarının, əkinlə bağlı kompensasiyaların ödənilməsində, güzəştli xəstələrə dərmanların paylanılmasında şəffaflığa nail olunmuşdur.

Kənd təsərrüfatı sahəsində çalışan məcburi köçkünlər üçün də lazımi şərait yaradılmışdır. Rayonda əhali və fermer təsərrüfatlarında 30615 baş iri, 193704 baş xırda heyvan var. Arı ailələrinin sayı ötən ilin müvafiq dövrünə nisbətən 701 yeşik artaraq 5073-ə çatmışdır. 9 ayda 16747 sentner ət, 104895 sentner süd, 3770 sentner yun, 951 min ədəd yumurta istehsal edilmişdir. 1644 hektar sahədən 5215 ton taxıl, 9181 ton qaba yem əldə olunmuşdur.

Təhsil, mədəniyyət və səhiyyə sahəsində nöqsanların aradan qaldırılması istiqamətində xeyli tədbirlər həyata keçirilmişdir. Yeni dərs ilində qənaətbəxş olmayan 5 ümumi orta məktəbin fəaliyyəti dayandırılmış, 1 tam orta məktəbin tipi dəyişdirilmişdir. Büdcə vəsaiti hesabına rayonun 12 ümumtəhsil məktəbi təmir edilmiş, 1380 ədəd müxtəlif adda inventarlarla təmin edilmişdir. Təhsil Şöbəsinin inzibati binasının tikintisi sürətlə davam etdirilir. 31 məktəbin əsaslı təmir olunması üçün sənədlər Nazirlər Kabinetinə təqdim edilmişdir.

Bu il məktəbi bitirən məzunlardan 175 nəfəri respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olmuşdur. Onlardan 27 nəfəri 500-dən, 8 nəfəri isə 600-dən yuxarı bal toplamış, 2 məzun Prezident təqaüdünə layiq görülmüşdür. Attestat alanların sayına görə ali məktəbə qəbul faizi son 20 ildə ən yüksək göstəricidir. Hər il olduğu kimi, bu il də Bakı şəhərində Texniki Universitetdə ali məktəblərə qəbul olmuş tələbələrlə görüş keçirilmiş, yüksək nəticələr əldə etmiş tələbələrə kompyuter və digər qiymətli hədiyyələr təqdim olunmuşdur.

Mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması istiqamətində də ciddi tədbirlər görülmüşdür. Fəaliyyəti qənaətbəxş olmayan 8 kənd kitabxana filialı ləğv edilmiş, yaşayış binasında yerləşən 15 mədəniyyət və klub müəssisəsi müstəqil binalara köçürülmüşdür. Mərkəzləşmiş Kitabxana Sisteminin yeni oxu zalı istifadəyə verilmiş, 5 dəst kompyuter alınmışdır. 127 nömrəli texniki peşə məktəbini bitirmiş 132 nəfər şagirddən artıq 18 nəfəri işlə təmin edilmişdir. Məktəbə əlavə kompyuter və digər avadanlıqlar alınmışdır.

Bu il Rayon Mərkəzi Xəstəxanası tərəfindən 89 köçkün sakinin respublikanın ixtisaslı xəstəxanalarında güzəştli şərtlərlə müayinə və müalicəsi təşkil olunmuş, 2330 nəfər xəstəyə təcili- təxirəsalınmaz yardım göstərilmişdir. Vaxtında aparılmış profilaktiki tədbirlər nəticəsində ümumi infeksiya səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz azalmış və qorxulu xəstəliklərə rast gəlinməmişdir.

Bayramlarda respublikanın tanınmış müğənnilərinin iştirakı ilə Taxtakörpü qəsəbəsində konsertlərin təşkili razılıqla qarşılanmışdır. Aprel ayında xalq qəhrəmanı Sultan bəyin 140 illik yubileyinin təntənəli şəkildə qeyd olunması ilin ən yaddaqalan tədbirlərindəndir. Müxtəlif peşə bayramlarının geniş qeyd olunması, 1 nəfərin "Dövlət qulluğunda fərqlənməyə görə medal"ı ilə, 1 nəfərin isə "Əməkdar müəllim" fəxri adı ilə təltif edilməsi rayon sakinlərinin ümumi sevincinə səbəb olmuşdur.

Bu il rayonun işğalının 20 ilinin acı nəticələrini özündə əks etdirən "Laçınsız" filminin Bakı şəhərində xarici ölkə səfirliklərinin və bəynəlxalq təşkilatların iştirakı ilə təqdimatı keçirilmiş, Azərbaycan, ingilis, rus və fransız dillərində məlumat xarakterli kitabça hazırlanmışdır. Rayon icra hakimiyyətinin köməkliyi ilə tarix elmləri doktoru Şikar Qasımovun "Əsirlikdə qalan Laçın" kitabı nəşr olunmuşdur.

Yuxarıda qeyd etdiyimiz kimi, yaxın günlərdə 195 ailəlik Təhlə qəsəbəsi məcburi köçkünlərin istifadəsinə veriləcəkdir. Dövlət Proqramına uyğun olaraq Taxtakörpü ərazisində qamış, daxal evlərdə məskunlaşmış 1500 ailə üçün yeni qəsəbələrin salınması üçün Dövlətqaçqınkomla birlikdə ciddi iş aparılır. Bundan əlavə, obalarda içməli su, yol, işıqla bağlı problemlərin həlli, respublikanın ayrı-ayrı rayon və şəhərlərində çətin şəraitdə yaşayan ailələrin mənzillərlə təmin olunması, Taxtakörpü qəsəbəsində 512 nömrəlik yeni ATS-in quraşdırılması nəzərdə tutulan və həlli vacib olan məsələlərdəndir.

Laçınlılar mühüm dövlət proqramlarının müddəalarını ardıcıl həyata keçirməklə sosial-iqtisadi inkişaf sahəsində uğurları davam etdirir, problemləri sürətlə aradan qaldırırlar. Bununla yanaşı, onlar qəti inanırlar ki, ölkəmizdə aparılan məqsədyönlü siyasət nəticəsində, nəhayət, öz doğma torpaqlarına qayıdacaqlar.

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2012.- 13 noyabr.- S. 6.