Azərbaycanın tərəqqisi və milli birlik naminə mübarizənin ön sırasında

 

YAP – 20

 

Respublikanın hər yerində olduğu kimi, paytaxtın Xətai rayonunda da Azərbaycanın siyasi taleyində əvəzsiz rol oynamış siyasi qüvvənin - Yeni Azərbaycan Partiyasının 20 illik yubileyi böyük coşğu və təntənə ilə qeyd edildi. Toplantı iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu və yaradıcısı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçək dəstələri qoydular.

 

Sonra YAP Xətai rayon təşkilatının iclas zalında keçirilən təntənəli yubiley mərasimi rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovun çıxışı ilə öz işinə başladı. Natiq bu gün Azərbaycan cəmiyyətinin həlledici qisminin inam və etimadına güvənən, ölkənin aydın sabahı naminə əzmlə çalışan partiyanın ötən 20 illik inkişaf yoluna tarixi nəzər salaraq dedi:

-YAP-ın keçdiyi inkişaf yolu məhz Azərbaycanın xoas və anarxiyadan, vətəndaş müharibəsi təhlükəsindən tərəqqiyə, yüksəlişə, davamlı sabitliyə, hüquqi, demokratik dövlətə doğru keçdiyi yolun şanlı salnaməsini özündə əks etdirir. Məhz hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının və onun qətiyyətli liderləri - ulu öndər Heydər Əliyevin və möhtərəm Prezidentimiz İlham Əliyevin xalqla sarsılmaz birliyi ötən 20 ildə Azərbaycanın inanılmaz intibah yolu keçməsinə, qısa bir dövrdə inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsinə imkan yaratmışdır.

Natiq YAP-ın yarandığı ağır siyasi- iqtisadi böhran illərini xatırladaraq qeyd etdi ki, ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindəndir.

Sonra YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov geniş məruzə ilə çıxış edərək bildirdi ki, 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası fəaliyyətdə olduğu müddətdə milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı qismində çıxış etmiş və xalqın dərin inamını qazanmışdır. Heydər Əliyev bütün həyatı boyu daim ümumxalq mənafeyindən çıxış etmiş, hakimiyyətdə olduğu hər iki mərhələdə eyni əzmlə çalışmış, qarşıya qoyduğu hədəflərə yetişmək üçün bütün gücünü səfərbər etmişdir.

1993-cü ilin iyunundan etibarən ölkədə ictimai-siyasi sabitliyi təmin edən böyük strateq Heydər Əliyev özünün zəngin iqtisadi bilik və təcrübəsi əsasında həm də Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş, bu sahədə mövcud problemlərin həlli yollarını göstərmişdir. Məhz onun inkişaf strategiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirə bilmiş, zaman-zaman qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olmuşdur.

Natiq onu da vurğuladı ki, Heydər Əliyev dühasının Yeni Azərbaycan Partiyasının proqramında ifadəsini tapmış dövlətçilik strategiyası son 20 ildə bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənmişdir. Bu müddətdə hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən işlər bütünlüklə müstəqillik amilinin praktiki surətdə bərqərar olmasına yönəlmişdir. Bütün bunlar isə cəmiyyətdə Yeni Azərbaycan Partiyasına olan ictimai inamı, etimadı daha da gücləndirmiş və sarsılmaz etmişdir.

Ötən 20 ildə YAP-ın cəmiyyətdə həlledici çoxluq tərəfindən ölkəni idarə etməyə qadir alternativsiz siyasi qüvvə kimi qəbul olunması da məhz partiyanın Heydər Əliyevin ideyalarına söykənməsi ilə bağlı olmuşdur.

Natiq YAP Xətai rayon təşkilatı, onun yarandığı tarixi dövr və bu gün milli dövlətçilik quruculuğunda iştirakı barədə də ətraflı məlumat verdi və bildirdi ki, hazırda rayonun 147 ərazi təşkilatında 17 mindən çox partiya üzvü birləşmişdir.

Yubiley tədbirində çıxış edən Yeni Azərbaycan Partiyasının sədrinin müavini, icra katibi Əli Əhmədov isə bildirdi ki, Yeni Azərbaycan Partiyasının 20 illik tarixi Azərbaycanın şərəf tarixidir. 2003-cü ildən ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttini inamla davam etdirən, sədri olduğu Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki mövqelərini daha da möhkəmləndirən Prezident İlham Əliyevin ictimai rəydəki statusunun möhkəmlənməsinə təsir göstərən ən mühüm məqamlardan biri dövlət rəhbərimizin kifayət qədər təkmil siyasi təlimə - ulu öndər Heydər Əliyevin milli dövlətçilik fəlsəfəsinə istinad etməsidir. Bu təlim Azərbaycanın müstəqilliyinə, onun əbədi, dönməz xarakter daşımasına təminat vermişdir. Dövlət başçısı İlham Əliyev qısa zamanda yeni əsrin, yeni zamanın lideri kimi sübuta yetirmişdir ki, xalq taleyini ona etibar etməkdə heç də yanılmamışdır.

Natiq qeyd etdi ki, Heydər Əliyevin müdrikliyi öz xalqını yeni dünyaya qovuşdurmasındadır. Bu gün Azərbaycanda yeni iqtisadi mühitin formalaşması, xalqın sosial rifahının durmadan yüksəlməsi, Azərbaycanın beynəlxalq imicinin durmadan möhkəmlənməsi aydın gördüyümüz və danılması mümkün olmayan reallıqlardır. Partiyanın yarandığı və onun əvəzsiz lideri Heydər Əliyevin hakimiyyətə gəldiyi tarixdən bu günə Azərbaycanın dövlət büdcəsi 50 dəfə artmışdır. Bu həyatımızın, sosial rifahımızın yüksəlməsi, arzularımızın daha rahat həyata keçməsidir.

Ə.Əhmədov qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının gücünün, qüdrətinin birinci mənbəyi Heydər Əliyev amilidir. İkinci mənbəyi Partiyanın hazırki sədri İlham Əliyev amili və onun modern, müasir və güclü bir Azərbaycan qurmasıdır. Üçüncü mənbə isə partiyanın 600 mindən çox üzvünün Heydər Əliyev amallarına, İlham Əliyevə sonsuz inamıdır.

YAP sədrinin mavini onu da bildirdi ki, bu gün Azərbaycanın siyasi səhnəsində hakim partiya olan YAP-ın çoxminli ordusunun növbəti prezident seçkilərində vahid namizədi şübhəsiz ki, xalqımızın böyük inamını qazanmış İlham Əliyevdir. Biz əminik ki, xalqın Yeni Azərbaycan Partiyasının liderinə olan inamı bizim möhtəşəm qələbəmizi təmin edəcək və gerçəkləşdirəcək.

Çıxışlardan sonra YAP-ın 20 illiyi ilə bağlı rayon məktəbliləri arasında keçirilmiş "Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir" yazı müsabiqəsinin və mini futbol turnirinin qalibləri mükafatlandırıldılar. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının yeni üzvlərinə partiya biletləri təqdim olundu və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmə baxıldı.

 

 

Rüstəmov, İlqar.

 

Xalq qəzeti.- 2012.- 13 noyabr.- S. 5.