"Azərsutəchizattikinti"
ASC ölkəmizin su təminatının
yaxşılaşdırılmasına mühüm töhfələr
verir
Son illər
ölkəmizdə sosial infrastrukurun yenidən qurulması
istiqamətində mühüm işlər həyata
keçirilir. Bu baxımdan Bakı şəhərində, eləcə
də regionlarda su və kanalizasiya sistemlərinin yenidən
qurulması ilə bağlı reallaşdırılan layihələr
diqqəti xüsusilə cəlb edir. Azərbaycan
Respublikasının dövlət büdcəsi, beynəlxalq
maliyyə qurumlarının vəsaitləri və "Azərsu"
ASC-nin daxili imkanları hesabına görülən
tikinti-quraşdırma işləri isə yaxın illərdə
bütün ölkə ərazisinin içməli su ilə
fasiləsiz təchizatına imkan yaradacaq. Həmin layihələrin
əsas tikinti podratçılarından biri də "Azərsutəchizattikinti"
Açıq Səhmdar Cəmiyyətidir. Xatırladaq ki,
"Azərsutəchizattikinti" ASC keçmiş "Azərkəndsutəchizat"
Konserninin hüquqi varisi kimi 2003-cü ildə
yaradılmışdır. Müsahibimiz cəmiyyətin sədri
Mirzəcan Xəlilovdur.
- Mirzəcan müəllim, son zamanlar ölkə Prezidenti İlham Əliyevin xüsusi tapşırğına əsasən, paytaxt sakinlərinin içməli su ilə fasiləsiz təminatına nail olmaq üçün geniş miqyaslı tədbirlər həyata keçirilir. Bakının su təchizatının yaxşılaşdırılması ilə bağlı indiyədək nə kimi işlər görmüsünüz?
- Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, ötən əsrin ortalarında və hətta ondan qabaq Bakı şəhərinin içməli su sistemi və kanalizasiya şəbəkəsi yaradılarkən paytaxtın gələcək inkişafı nəzərə alınmamışdı. Ötən müddətdə paytaxtımız xeyli böyüdüyündən, əhalinin sayı kəskin şəkildə artdığından həmin sistem müasir tələblərə cavab vermir, sakinlərin içməli su təminatında ciddi çətinliklər yaranırdı. Məhz buna görə də möhtərəm Prezidentimiz İlham Əliyev əhalinin su təminatının əsaslı şəkildə yaxşılaşdırılmasını mühüm bir vəzifə kimi qarşıya qoymuşdur. Eyni zamanda, dövlət başçısının ötən ilin fevral ayında "Azərsu" Açıq Səhmdar Cəmiyyətində həyata keçirdiyi kadr dəyişikliyindən sonra içməli su sektorunda böyük bir canlanma yaranmış, paytaxtda, eləcə də regionlarda iri layihələrin icrasına start verilmişdir. Bu amil "Azərsutəchizattikinti"ASC-nin qarşısında da yeni üfüqlər açmışdır.
Ötən il mart ayının 9-da Prezident İlham Əliyevin sədrliyi ilə Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirə və həmin tədbirin nəticəsi olaraq dövlət başçısı tərəfindən təsdiq olunmuş "2011-2013-cü illərdə Bakı şəhərinin və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" paytaxtın içməli su sistemi və kanalizasiya şəbəkələrinin yenidən qurulması işlərini xeyli sürətləndirmişdir. Məlum olduğu kimi, Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi ilə əlaqədar olaraq paytaxtın supaylayıcı şəbəkəsinin yenidən qurulması zərurəti yaranmışdır. Bakının Xətai və Nizami rayonlarında magistral su xətlərinin bir qisminin dəyişdirilməsi işləri isə bizə həvalə olunmuşdu. Büdcə vəsaiti hesabına qısa müddətdə 530 millimetrlik boruların dəyişdirilməsini başa çatdırmağa müvəffəq olduq.
Bildiyiniz kimi, hazırda şəhərin mərkəzi ilə yanaşı, ətraf qəsəbələrdə də su təchizatı sistemləri yenidən qurulur, kanalizasiya şəbəkələri yaradılır. Abşeron rayonunun Məhəmmədi qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yaradılması işləri bizim təşkilata tapşırılmışdır. Xatırladım ki, layihə çərçivəsində 5 min kubmetrlik su anbarı, 68 kilometrlik içməli su və 64 kilometrlik kanalizasiya xətlərinin tikintisi nəzərdə tutulmuşdur. Ötən müddətdə 5 kilometr uzunluğunda su xəttinin çəkilişi başa çatdırılmışdır ki, bu da mövcud kəmər vasitəsilə qəsəbə sakinlərinin içməli su ilə qismən təminatı üçün imkan yaratmışdır. Layihənin tam başa çatdırılması isə gələn ilin sonlarına nəzərdə tutulur.
- Məlum olduğu kimi, hazırda ölkəmizin regionlarında mühüm infrastruktur layihələri həyata keçirilir, su və kanalizasiya sistemləri yenidən qurulur. Bu sahədə gördüyünüz işlərlə bağlı nə deyə bilərsiniz?
- Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, regionların içməli su təchizatının yaxşılaşdırılması dövlətimizin müəyyən etdiyi prioritet istiqamətlərdəndir. "Azərsutəchizattikinti" Açıq Səhmdar Cəmiyyəti də Azərbaycanın su sektorunda müstəqil bir qurum kimi fəaliyyətə başladığı ilk vaxtlardan etibarən bu sahədə bir sıra uğurlara imza atmışdır. Belə ki, 2004-2005-ci illərdə Ərazilərin Bərpası və Yenidənqurulması Agentliyinin sifarişi və Avropa Birliyinin qrantı hesabına Zaqatala, Balakən, Qobustan və Qusar rayonlarının su mənbələrinin yenidən qurulması və yeni su mənbələrinin yaradılması layihələrini reallaşdırmışıq. Bununla yanaşı, fəaliyyətimizin ilk illərində sel və daşqınlara məruz qalan bir sıra rayonlarda da uğurlu işlərimiz olub. Avropa Birliyinin vəsaiti hesabına Girdmançayın İsmayıllı rayonunun Lahıc qəsəbəsi ərazisindən keçən hissəsində və Göyçayçayın məcrasında sahilbərkitmə işlərini buna misal göstərə bilərəm. Xatırladım ki, həmin layihə də Ərazilərin Bərpası və Yenidənqurulması Agentliyinin sifarişi əsasında həyata keçirilmişdir. Həmin işlərlə paralel olaraq 2003-2005-ci illərdə adı çəkilən təşkilatın sifarişi ilə Xanlar (indiki Göygöl) rayonunda əqli zəif qadınların internat evinin bərpası, Bakıda 1 və 3 saylı uşaq evlərinin tikintisi və genişləndirilməsi işlərini uğurla başa çatdırmışıq.
Ötən müddətdə ölkənin meliorasiya sisteminin yenidən qurulması ilə bağlı layihələrin həyata keçirilməsində də yaxından iştirak etmişik. Dünya Bankının vəsaiti hesabına Xanlar və Goranboy rayonlarında 112 subartezian quyusunun bərpası və yenidən qazılması işləri məhz bu qəbildəndir.
Su şəbəkələrinin və digər hidrotexniki qurğuların inşası sahəsindəki zəngin və çoxillik təcrübə "Azərsutəchizattikinti" ASC-yə bir sıra beynəlxalq layihələrdə iştirak imkanı yaratmışdır. Təsadüfi deyil ki, analoji işlərdə təcrübə, maşın və mexanizmlərin sayı, zəngin kadr potensialı, münasib qiymət təklifi və digər üstünlüklərinə görə beynəlxalq səviyyəli tenderlərdə iştirak edib qalib gələn azsaylı yerli tikinti təşkilatlarından biri də "Azərsutəchizattikinti" ASC-dir.
Artıq bir neçə ildir ki, Azərbaycan hökuməti ilə dünyanın bir sıra maliyyə qurumları arasında səmərəli əməkdaşlığın nəticəsi olaraq ölkəmizin ayrı-ayrı regionlarında su və kanalizasiya şəbəkələrinin yaradılması ilə bağlı reallaşdırılan layihələrin tikinti podratçısı kimi fəaliyyət göstəririk. Almaniyanın KWf Bankının maliyyə dəstəyi ilə Şəkidə Kiş çayında məhsuldarlığı saniyədə 200 kubmetr olan suqəbuledici qurğunun tikintisi əfqan firması ilə yaradılmış konsorsium vasitəsilə vaxtında başa çatdırmağa müvəffəq olmuşuq. Alman bankının vəsaiti hesabına maliyyələşdirilən Gəncə şəhərinin bir hissəsinin su təchizatının yaxşılaşdırılması ilə bağlı keçirilən beynəlxalq səviyyəli tenderin nəticəsinə görə tikinti podratçısı da bizim cəmiyyət seçilmişdir. Xatırladım ki, layihə çərçivəsində Gəncəçayın məcrasında mövcud Qızılqaya su mənbəyinin bərpası, iki ədəd 5 min kubmetrlik və bir ədəd 2 min kubmetrlik su anbarının tikintisi, eləcə də həmin mənbədən anbarlara iri diametrli borularla 12 kilometrlik magistral kəmərin çəkilişi nəzərdə tutulur. Obyektin gələn il istismara verilməsi üçün işlər hazırda sürətlə davam etdirilir.
Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyevin xüsusi tapşırığına əsasən bu ilin əvvəllərindən başlayaraq regionlarda su təchizatı və kanalizasiya şəbəkələrinin yaradılması ilə bağlı geniş miqyaslı tədbirlərin həyata keçirilməsinə başlanmışdır. "Azərsu" ASC-nin sifarişçisi olduğu həmin layihələr həm dövlət büdcəsi, həm də beynəlxalq maliyyə qurumlarının vəsaiti hesabına həyata keçirilir. Azərbaycan hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında imzalanmış "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi"nə dair kredit sazişi çərçivəsində Qusar, Xaçmaz və Xızı rayonlarında analoji işlərin həyata keçirilməsi ilə bağlı elan olunmuş beynəlxalq səviyyəli tenderlərin qalibi məhz biz seçilmişik.
Bu ilin aprel və may aylarında "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov və Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe, eləcə də adı çəkilən rayonların icra hakimiyyəti başçılarının iştirakı ilə hər üç şəhərdə su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin təməlqoyma mərasimləri keçirilmişdir. Məlumat üçün bildirmək istəyirəm ki, "Qusar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsinin birinci mərhələsi çərçivəsində Qusarçayın məcrasında məhsuldarlığı saniyədə 85 litr və ya sutkada 7360 kubmetr olan drenaj tipli 700 metr uzunluğunda suqəbuledici qurğu, 355 millimetr diametrli 17,8 kilometr uzunluğunda magistral su xətti, şəhərin üç sahəsində hər birinin tutumu 500 kubmetr olan 6 su anbarının və yardımçı obyektlərin tikintisi nəzərdə tutulur. Artıq istismara verilmiş suqəbuledici qurğu vasitəsilə saniyədə 126 kubmetr təmizlənmiş su mövcud kəmərlə Qusar şəhərinə verilir. Anbarların və yardımçı binaların tikintisi isə gələn ilin sonunadək başa çatdırılacaq. Xatırladım ki, layihə Qusar rayonunun 31415 nəfər sakininin içməli suya olan tələbatını tam ödəməyə hesablanmışdır. "Qusar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsinin ikinci mərhələsinə dair tender elan olunmuş və bu prosesdə iştirak edən beş iddiaçı qurum arasında yeganə yerli təşkilat isə "Azərsutəchizattikinti" ASC-dir.
57639 nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşdırılmasına hesablanmış "Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsinin birinci mərhələsinə uyğun olaraq mövcud "Uçqun" suqəbuledici məntəqəsinin yenidən qurulması və bərpasını, eləcə də həmin mənbədən Xaçmaz şəhərinə 450 millimetrlik polietilen borularla 2 kilometr uzunluğunda magistral su xəttinin tikintisini artıq başa çatdırmışıq. Magistral kəmərin Xanarx su kanalının altından keçən hissəsinin, həmçinin obyekt üçün istismar yolunun tikintisi isə tamamlanmaq üzrədir. Xaçmaz şəhərinin iki yerində 2 ədəd 3 min kubmetrlik və eyni sayda 2 min kubmetrlik su anbarının tikintisi də hazırda sürətlə davam etdirilir. Layihənin birinci mərhələsi çərçivəsində nəzərdə tutulmuş bütün obyektlər isə gələn il təhvil veriləcək.
Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırılan üçüncü layihəmiz isə Xızı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlıdır. Məlumat üçün bildirmək istəyirəm ki, layihənin birinci mərhələsinin təməlqoyma mərasimindən ötən müddət ərzində Qars su mənbəyinin bərpasını, eləcə də buradan Xızı şəhərinədək polad borularla 7,7 kilometr uzunluğunda magistral su kəmərinin tikintisini başa çatdırmışıq. Bundan əlavə, Altıağac qəsəbəsinin su təchizatının əsaslı şəkildə yaxşılaşdırılmasını nəzərdə tutan Yeddibulaq su mənbələrini bərpa etmiş, qəsəbəyədək uzunluğu 1,5 kilometr olan magistral xəttin tikintisini tamamlamışıq. Artıq hər iki obyekt istismara tam hazırdır.
Hazırda Dünya Bankı və Azərbaycan hökuməti ilə birgə maliyyələşdirilən "Milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə" çərçivəsində də regionlarda mühüm işlər həyata keçirilir. "Saatlı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi üzrə beynəlxalq səviyyəli, rəqabət qabiliyyətli tenderin qalibi də bizim təşkilat seçilmişdir. Onu da qeyd etmək istəyirəm ki, Muğan zonasında qrunt suları nisbətən üzdə olduğundan bu ərazilərdə su və kanalizasiya obyektlərinin layihələndirilməsi bir qədər fərqli və çətindir. "Saatlı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsinin sifarişçisi və tikinti podratçısı olaraq bu istiqamətdə işlərimizi davam etdiririk. Layihə çərçivəsində 125 kilometr su və 121 kilometr kanalizasiya xətlərinin, həmçinin iki ədəd 3 min kubmetrlik su anbarının, nasos stansiyasının və şəhərin daxilində 10 yerdə kanalizasiya qaldırıcı nasos stansiyalarının inşası nəzərdə tutulur. Şəhərin çirkab suları isə Sabirabad rayonunun Qalaqayın kəndi yaxınlığında tikiləcək sutkalıq gücü 50 min kubmetr olan təmizləyici qurğuya 8 kilometr uğunluğunda 1000 millimetrlik kəmərlə ötürüləcək. Yeri gəlmişkən, Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi paytaxtın fasiləsiz olaraq keyfiyyətli içməli su ilə təminatına səbəb olmuşdur. Belə olan təqdirdə Kür su mənbəyindən Bakıya verilən içməli suyun ölkənin bir sıra aran rayonlarına yönəltmək imkanı yaranmışdır. Bu məqsədlə cari ilin iyul ayında ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimi keçirilmişdir. Xatırladım ki, Kür-Bakı su kəmərlərindən biri ilə nəql edilən su Hacıqabul, Şirvan, Saatlı, Sabirabad, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, eləcə də kəmər boyunca yerləşən 121 kəndin içməli suya olan tələbatının ödənilməsinə yönəldiləcəkdir.
Həyata keçirdiyimiz beynəlxalq səviyyəli layihələr SCADA sistemi vasitəsilə idarə olunur. Gördüyümüz işlərə həm sifarişçi, həm də layihəni maliyyələşdirən beynəlxalq təşkilat tərəfindən nəzarət olduqca güclüdür. Biz də podratçı təşkilat olaraq nəzarət işlərinin yüksək səviyyədə təşkili üçün hərtərəfli şərait yaratmışıq. Belə ki, nəzarətçilər üçün hər cür avadanlıq və mebellə təchiz olunmuş ofislər yaratmış, onları minik avtomobilləri ilə təmin etmişik. Yeri gəlmişkən, "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov dövlət başçısının xüsusi nəzarəti altında olan su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin reallaşdırılmasında bizə hər cür diqqət və qayğı göstərir.
- Regionlarda həyata keçirilən konkret layihələrlə yanaşı, erməni işğalı nəticəsində ev-eşiklərindən didərgin düşmüş soydaşlarımızın da içməli su ilə təminatı sahəsində mühüm işlər görülür. Bəs, bu sahədəki fəaliyyətiniz nədən ibarət olmuşdur?
- Uzun müddət tikinti sahəsində fəaliyyət göstərən bir təşkilat kimi qaçqın və məcburu köçkünlərin üzləşdikləri çətinliklərin, qismən də olsa, aradan qaldırılmsı məqsədilə çadır şəhərciklərinin salınmasının iştirakçısı olmuşuq. Bu istiqamətdə həyata keçirdiyimiz ilk uğurlu iş isə keçmiş "Azərkəndsutəchizat" Konserninin tabeliyində olarkən Füzuli rayonunun işğaldan azad edilmiş 22 kəndinin su təchizatının yenidən qurulması layihəsi olmuşdur. Xatırladım ki, TASİS proqramı çərçivəsində reallaşdırılan həmin layihə bir il ərzində başa çatdırılmışdır. Ərazilərin Bərpası və Yenidənqurulması Agentliyinin Avropa Birliyinin maliyyə vəsaiti hesabına sifariş etdiyi bu kimi layihələr silsilə şəklində davam etmişdir. Sonralar Ağdam, Goranboy, Tərtər, Xanlar və Füzuli rayonlarının işğaldan azad olunmuş və cəbhəyanı ərazilərinin içməli su təchizatının yaxşılaşdırılması işlərini həyata keçirmişik. Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərin suvarma suyuna olan tələbatının ödənilməsi məqsədilə Şükürbəyli su anbarının tikintisi, əlavə olaraq beş kəndin və Horadiz qəsəbəsinin içməli su təchizatının yenidən qurulması işlərini uğurla başa çatdırmışıq.
Yeri gəlmişkən, ulu öndərimiz Heydər Əliyev qaçqın və məcburi köçkün soydaşlarımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına həmişə diqqət və qayğı ilə yanaşırdı. Təsadüfi deyil ki, ölkəmizin yeni neft strategiyası çərçivəsində Dövlət Neft Fonduna daxil olan ilkin vəsaitin məhz müəyyən hissəsi məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilmişdir. Belə ki, fondun vəsaiti hesabına ilk dəfə olaraq Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün 6 qəsəbə salınmışdır. Həmin qəsəbələrin su təminatı sistemlərinin yaradılması məqsədilə anbarların, nasos stansiyalarının və qəsəbədaxili xətlərin çəkilişini, eləcə də subartezian quyularının qazıntısını "Azərsutəchizattikinti" ASC həyata keçirmişdir.
Sonradan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi və Dövlət Neft Fondunun vəsaiti hesabına ölkənin müxtəlif ərazilərində yeni qəsəbələrin salınmasına başlanıldı. Həmin qəsəbələrin su təminatı sistemlərinin yaradılması da məhz bizim təşkilata həvalə olundu. Ötən müddətdə məcburi köçkünlər üçün Füzuli rayonunun ərazisində salınmış 800 ailəlik Qayıdış qəsəbəsinin, 1260 ailəlik Aranqala yaşayış sahəsinin, Goranboy rayonunun Yuxarı Ağcakənd və Aşağı Ağcakənd qəsəbələrinin ərazilərində salınmış şəhərciklərin, habelə Beyləqanda 500, Goranboyda isə 556 ailəlik qəsəbələrin su təchizatı layihələrini həyata keçirmişik. Eyni zamanda, Taxtakörpü adlandırılan ərazidə 556, Bərdədə 195, İmişlidə 350 məcburi köçkün ailəsi üçün su təchizatı, kanalizasiya sistemləri və sutəmizləyici qurğular kompleksini tikib istifadəyə vermişik. Bu qəbildən reallaşdırdığımız ən böyük layihə isə 2007-ci ildə Füzuli rayonunun Zovcuq qəsəbəsinin yaxınlığında məcburi köçkünlər üçün salınmış beş qəsəbədə yerləşdirilən 2015 ailənin su təminatının yaxşılaşdırılması ilə bağlı olmuşdur. Bu yaxınlarda isə Yevlax və Mingəçevir şəhərlərində məcburi köçkünlərin məskunlaşdıqları çoxmətəbəli yaşayış binalarının su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərini başa çatdırmışıq. Onu da deyim ki, sadaladığım bütün bu layihələrin açılış mərasimlərində möhtərəm Prezidentimiz İlham Əliyev şəxsən iştirak etmişdir ki, bu da dövlət başçısının qaçqın və məcburi köçkün soydaşlarımıza olan diqqət və qayğısının bariz nümunəsidir.
Hazırda Prezidentimiz İlham Əliyev erməni qəsbkarlarının zəbt etdikləri torpaqların sülh yolu ilə işğaldan azad edilməsi istiqamətində gərgin və səmərəli fəaliyyətlə yanaşı, ev-eşiklərini məcburi surətdə tərk etmiş soydaşlarımızın həyat səviyyəsinin yaxşılaşdırılması üçün də konkret işlər görür. Təkcə onu qeyd etmək kifayətdir ki, dövlət başçısının diqqət və qayğısı sayəsində ölkəmizdə, bir dənə olsun, çadır şəhərciyi qalmamışdır. Hazırda Prezidentimizin tapşırığına əsasən paytaxtda, eləcə də ölkənin digər yerlərindəki yataqxana və inzibati binalarda məskunlaşmış məcburi köçkünlər üçün çoxmərtəbəli yaşayış binaları və müasir qəsəbələr inşa olunur. Bu baxımdan Abşeron rayonunun Masazır və Qaradağ rayonunun Müşfiqabad qəsəbələrində tikilən çoxmərtəbəli yaşayış binalarını qeyd etmək olar. Xatırladım ki, Masazırda 758, Müşfiqabadda isə 1410 məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuş 15 və 20 ədəd yaşayış binasının içməli su təchizatı və kanalizasiya sistemlərinin yaradılması da "Azərsu" ASC-nin həyata keçirdiyi tenderin nəticəsinə əsasən bizə həvalə olunmuşdur. Bu işlərin isə cari ilin sonu, gələn ilin əvvəllərində tamamlanması nəzərdə tutulur.
- Mirzəcan müəllim, ölkəmizdə reallaşdırılan istənilən infrastruktur layihəsi çoxsaylı iş yerlərinin yaradılması ilə müşayiət olunur. Bu baxımdan Azərbaycanda həyata keçirilən uğurlu məşğulluq strategiyasına nə kimi töhfələr verə bilmisiniz?
- Son zamanlar "Azərsu" ASC tərəfindən Bakıda, eləcə də regionlarda su və kanalizasiya layihələri çərçivəsində tikinti-quraşdırma işləri xeyli intensivləşmişdir. Elə möhtərəm Prezidentimiz İlham Əliyev də "Azərsu" ASC-nin qarşısında yaxın illərdə paytaxt Bakının, eləcə də ölkəmizin bütün yaşayış məntəqələrinin keyfiyyətli içməli su ilə fasiləsiz təminatını mühüm bir vəzifə kim qoymuşdur. Bu da ölkəmizdə mövsümi və daimi iş yerlərinin açılmasına imkan yaratmışdır. "Azərsutəchizattikinti" ASC də su və kanalizasiya layihələri çərçivəsində mühüm tikinti-quraşdırma işləri həyata keçirir. Məhz bunun da nəticəsində hazırda 200 nəfəri mövsümi işlə təmin etmişik. Ancaq etiraf etmək lazımdır ki, hazırda ölkəmizdə su və kanalizasiya şəbəkələrinin layihələndirilməsi, eləcə də tikintisi üçün tələb olunan işləri yüksək səviyyədə yerinə yetirməyi bacaran kadrlarımız olduqca azdır. Xüsusən də hazırda polietilen, metal və sinklənmiş boruları qaynaq edə biləcək ixtisaslı kadrlara böyük ehtiyac duyulur. Kadr çatışmazlığının başlıca səbəbi ondan ibarətdir ki, SSRİ dağıldıqdan sonra respublikamızda yaranmış iqtisadi böhran və xaos nəticəsində kadrlara münasibət kəskin dəyişdi. Digər tərəfdən ali məktəblərimizin mühəndis-texnik ixtisaslarına maraq xeyli azaldı. Məhz bunun nəticəsidir ki, hazırda su və kanalizasiya sistemlərinin tikintisində işləyə biləcək 30-35 yaşlı mütəxəssislərimiz, demək olar ki, yoxdur. Təklif edərdim ki, su sektorunun savadlı, peşəkar kadrlara olan ehtiyacını ödəmək məqsədilə "Azərsu" ASC-nin tabeliyində xüsusi tədris ocaqları, peşə təhsili verən sahələr yaradılsın.
Qarşıda görüləcək işlərimiz çoxdur. Möhtərəm Prezidentimizin göstərişi ilə yaxın vaxtlarda Abşeron rayonunun Qobu qəsəbəsinin yaxınlığında məcburi köçkünlkər üçün 50 min ailəlik yeni qəsəbə salınacaq. Həmin qəsəbənin su təchizatı və kanalizasiya sistemlərinin yaradılması bizə etibar olunmuşdur. Bununla yanaşı, yaxın illərdə Asiya İnkişaf Bankı və İslam İnkişaf Bankının maliyyə dəstəyi hesabına regionlarda su təchizatı və kanalizasiya sistemlərinin yaradılması ilə bağlı keçiriləcək beynəlxalq səviyyəli tenderlərdə iştirak etməyi hədəfləmişik. Gələn ilin 11-13 aprel tarixində "Azərsu" ASC-nin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçiriləcək Xəzər beynəlxalq su texnologiyaları sərgisi və forumuna dəvət almışıq. Amma deyərdim ki, ən böyük arzumuz erməni işğalından azad olunacaq ərazilərimizdə su və kanalizasiya layihələrini həyata keçirməkdir. Möhtərəm Prezidentimizin apardığı uğurlu xarici siyasət isə həmin günün çox da uzaqda olmadığına inam yaradır.
Müsahibəni
apardı: Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2012.- 16 noyabr.- S. 6.