Azərbaycan beynəlxalq
təşkilatlarda Dağlıq Qarabağ münaqişəsi
barədə həqiqətləri daim ön plana çəkir
Respublikamız
öz dövlət müstəqilliyini yenidən bərpa
etdikdən sonra milli dövlət quruculuğu sahəsində
mühüm nailiyyətlər əldə etmiş,
özünün hüquqi-siyasi, sosial-iqtisadi dayaqlarını
möhkəmləndirmiş, demokratik inkişaf səviyyəsinə
və hərbi, iqtisadi potensialına görə Cənubi Qafqaz regionunun şəksiz lider
dövlətinə çevrilmişdir. Azərbaycan
bölgədə sülhün və təhlükəsizliyin
təminatçısı kimi çıxış edərək,
regionda növbəti və qarşısı alınması
çox çətin olan dəhşətli bir müharibənin
yenidən başlanmaması üçün xoşməramlı
sülh missiyasını davam etdirir. Ölkəmiz həm də
beynəlxalq təşkilatlardakı müzakirələr
zamanı Dağlıq Qarabağ münaqişəsini önə
çəkməklə öz milli maraqlarını təmin
edir. Rəsmi Bakı Ermənistan - Azərbaycan, Dağlıq
Qarabağ probleminin danışıqlar yolu ilə həlli məqsədilə
real təkliflərlə çıxış edərək Cənubi
Qafqazda sabitliyə nail olmaq üçün böyük səylər
göstərir.
Azərbaycan
özünün hücum diplomatiyasını həyata
keçirməklə Ermənistanın dünya birliyi tərəfindən
təcavüzkar dövlət kimi tanınmasını təmin
etmişdir. Respublikamız BMT kimi mötəbər beynəlxalq
qurumun kürsüsündən xalqımızın haqq səsinin
dünyaya çatdırılması və obyektiv ictimai rəyin
formalaşdırılması üçün məharətlə
istifadə edir. Nəticədə, qurumun Təhlükəsizlik
Şurası sədrinin 6 bəyanatında, eləcə də
BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və
884 saylı qətnamələrində Azərbaycanın ərazi
bütövlüyü, suverenliyi və sərhədlərinin
toxunulmazlığının zəruriliyi
vurğulanmışdır.
BMT-nin
2000-ci ilin sentyabr ayında keçirilən Minilliyin Sammitində
çıxış edən Prezident Heydər Əliyev
dünyada sülhün və təhlükəsizliyin
qorunmasında bu beynəlxalq təşkilatın mühüm
rol oynadığını qeyd etmiş, regional münaqişələrin,
o cümlədən Ermənistan - Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin aradan qaldırılmasına
dair Azərbaycanın mövqeyini bir daha bəyan etmişdir.
2003-cü ilin sentyabrında BMT Baş Məclisinin 58-ci
sessiyasında iştirak edən Azərbaycan Respublikasının
Baş naziri İlham Əliyev öz
çıxışında beynəlxalq aləmdə mürəkkəb
proseslərin cərəyan etdiyi dövrdə üzvlərin
arasında qarşılıqlı
anlaşılmazlıqların meydana çıxmasına
görə, BMT TŞ-nin şəraitə uyğun, çevik
və adekvat münasibət göstərməli olduğunu
vurğulayaraq, mövcud BMT mexanizmlərinin zamanın tələbinə
cavab vermədiyini və bununla bağlı təşkilat
daxilində islahatların vacib məsələyə
çevrildiyini bildirmişdir. Azərbaycan BMT-nin rolunun
artırılması və mövcud problemlərin həllində
daha təsirli tədbirlərin görülməsinə nail
olmaq üçün əlavə addımların
atılması zərurətini BMT Baş Məclisinin
2004-cü ilin sentyabrında keçirilən 59-cu
sessiyasında yenidən gündəliyə gətirdi. Sessiyada
çıxış edən Prezident İlham Əliyev Ermənistan
- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı BMT Təhlükəsizlik Şurasının qəbul
etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyini
bəyan etmiş və onların həyata keçirilməsinin
işlək mexanizminin yaradılmasını ümdə məsələ
kimi irəli sürmüşdür.
Heydər
Əliyevin qətiyyətli və gərgin fəaliyyəti nəticəsində
1994-cü il mayın 12-də Ermənistan ilə Azərbaycan
arasında atəşkəs haqqında razılıq əldə
edildikdən sonra Dağlıq Qarabağ münaqişəsinin
dinc vasitələrlə nizama salınması istiqamətində
ATƏT-in Minsk qrupu çərçivəsində müntəzəm
olaraq danışıqlar aparılmağa
başlanmışdı. 1994-cü il dekabrın 5-6-da ATƏT-in
Budapeştdə keçirilən zirvə toplantısında
Prezident Heydər Əliyevin çevik diplomatiyasının təsiri
ilə "Dağlıq Qarabağ münaqişəsi ilə
əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi"
barədə qərar qəbul olundu. 1996-cı il dekabrın
2-3-də ATƏT-in Lissabon Zirvə toplantısında qəbul
edilən və münaqişənin nizama
salınmasının beynəlxalq-hüquqi bazasını təşkil
etmiş olan sənəd dünyanın 53 dövləti tərəfindən
müdafiə olundu və Lissabon sammitinin yekun sənədlərinə
əlavə edildi.
2010-cu
il dekabrın 1-də Qazaxıstanın paytaxtı Astanada 56
üzv, 12 tərəfdaş dövlət və hökumət
başçılarının, habelə beynəlxalq təşkilatların
nümayəndələrinin iştirakı ilə
keçirilmiş ATƏT-in VII sammitinin yekun bəyanatı da
Ermənistana böyük zərbə hesab oluna bilər. Sənəddə
bildirilir ki, münaqişənin nizamlanmasında Helsinki Yekun
Aktına, eləcə də 2009-cu il iyulun 10-da Akvildə və
2010-cu il iyunun 26-da Muskokda verilmiş bəyanatlara istinad
olunmalıdır. Xatırladaq ki, ABŞ, Fransa, Rusiya, Azərbaycan
və Ermənistan prezidentləri tərəfindən Muskokda
imzalanmış bəyanatda Dağlıq Qarabağ ətrafındakı
rayonlar Ermənistan tərəfindən işğal edilmiş
ərazilər kimi göstərilib. Bu fakt Ermənistanın təcavüzkar
dövlət olduğunu bir daha təsdiqləyir. Bu gün də
Azərbaycanın mövqeyini dəstəkləyən ATƏT-in
Minsk qrupunun həmsədr dövlətləri Akvil, Muskok və
Los-Kabos bəyanatlarında status-kvonun qəbuledilməz
olduğunu dəfələrlə vurğulamışlar. Bu,
Azərbaycanın xarici siyasətinin əhəmiyyətli
uğurlarından biridir. Çünki status-kvonun qəbuledilməzliyi
barədə bəyanat işğal altındakı
torpaqların azad olunması tələbi kimi başa
düşülür ki, bu da ATƏT-in Minsk qrupunun həmsədr
dövlətlərinin Ermənistanın təcavüzkar
dövlət olduğunu beynəlxalq ictimaiyyət
qarşısında bir daha təsdiq etməsi deməkdir.
Azərbaycanın
işğal olunmuş ərazilərində Ermənistan tərəfindən
həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən
qanunsuz məskunlaşma təcrübəsi, iqtisadi istismar və
bu ərazilərin viran edilməsi ilə əlaqədar Azərbaycanın
müraciəti əsasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin
Dağlıq Qarabağ bölgəsi ətrafında olan
işğal edilmiş ərazilərdə ümumi vəziyyətin
qiymətləndirilməsi məqsədilə 2010-cu il
oktyabrın 7-dən 12-dək həyata keçirdiyi Sahə
Qiymətləndirmə Missiyasının (SQM)
açıqladığı yekun rəyi də rəsmi
İrəvanı ifşa etdi. SQM bir daha Azərbaycanın
işğal olunmuş ərazilərində ermənilərin
məskunlaşdırılma siyasətinin davam etdirildiyini, həmçinin
infrastruktur dəyişikliklərin və iqtisadi fəaliyyətin
həyata keçirildiyini aşkarlamışdır. Missiyanın
müşahidələri Ermənistanın, xüsusilə
güc tətbiq etməmək prinsipini pozduğunu,
işğalla bağlı "status-kvo"nu möhkəmlətmək
cəhdlərini bir daha təsdiqləmişdir. Bu da Ermənistanın
1993-cü ildə qoşulduğu 1949-cu il 12 avqust tarixli
Mülki Əhalinin Müharibə Zamanı Müdafiəsinə
aid Dördüncü Cenevrə Konvensiyasına və ona əlavə
Protokollara ziddir.
Azərbaycanın
uğurlu xarici siyasəti Avropa Şurasında da Ermənistanı
dalana dirəmişdir. 2001-ci il yanvarın 17-də ölkəmizin
Avropa institutlarına inteqrasiyası istiqamətində Avropa
Şurasının bərabərhüquqlu üzvü
olması - respublikamızın mühüm problemlərinin
dünya ictimaiyyətinin diqqətinə obyektiv
çatdırılması üçün yeni və
çox mötəbər tribuna vermiş oldu. Həmin
dövrdə Avropa Şurası Parlament Assambleyasındakı
Azərbaycan nümayəndə heyətinə Milli Məclisin
deputatı İlham Əliyevin rəhbərlik etməsi və
daha sonra onun AŞPA-dakı fəaliyyəti ulu öndərimiz
Heydər Əliyevin qarşıya qoyduğu bütün vəzifələri
reallaşdırdı. Məhz cənab İlham Əliyevin
prinsipial və ardıcıl fəaliyyəti nəticəsində
AŞPA-nın 2002-ci ilin sentyabrında keçirilən
payız sessiyasında ilk dəfə olaraq bu beynəlxalq
qurumun sənədlərində Ermənistan silahlı qüvvələri
tərəfindən Dağlıq Qarabağın
işğalı faktı rəsmi şəkildə öz əksini
tapdı. Bütün bunların məntiqi davamı kimi
2003-cü il yanvarın 27-də Azərbaycan nümayəndə
heyətinin rəhbəri İlham Əliyevin AŞPA-nın
vitse-prezidenti və qurumun büro üzvü seçilməsi
ilə müstəqil Azərbaycan tarixinə yeni səhifə
yazılmış oldu. Hazırda Azərbaycan - Avropa
Şurası əməkdaşlığı daha intensiv
xarakter almışdır. Azərbaycan nümayəndə heyəti
qurumun müxtəlif strukturlarında keçirilən tədbirlərdə
iştirak edərək Ermənistanın təcavüzkar siyasətini
ifşa edir, Dağlıq Qarabağ münaqişəsi məsələsində
ölkəmizin haqlı mövqeyini bu mötəbər qurumun
kürsüsündən Avropa ictimaiyyətinə
çatdırır.
Dünyanın
ən qüdrətli hərbi-siyasi təşkilatı olan
Şimali Atlantika Alyansı - NATO da Ermənistan - Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın
haqlı mövqeyini dəstəkləyir. Onu da deyək ki,
NATO Dağlıq Qarabağ probleminin həllində birbaşa
rol oynamasa da, təşkilata üzv olan dövlətlər
münaqişə ətrafında aparılan
danışıqları maraqla izləyir, bəzən isə
konkret mövqe ortaya qoyurlar. Bugünədək Şimali
Atlantika Alyansının rəhbərliyinin verdiyi bəyanatlardan
isə məlum olur ki, təşkilat problemin həllində
ölkələrin ərazi bütövlüyü prinsipinin əsas
götürülməsi məsələsində daim qətiyyət
nümayiş etdirmişdir. 2008-ci ildə NATO-nun Buxarestdə
keçirilən sammitinin Yekun Bəyannaməsində
Dağlıq Qarabağ münaqişəsinin ərazi
bütövlüyü prinsipi əsasında həllinin
vacibliyi vurğulanmışdır. Ermənistanın ciddi
etirazlarına baxmayaraq, 2010-cu il noyabrın 20-də Lissabonda
keçirilən zirvə toplantısında qəbul edilən
bəyanat rəsmi İrəvanı təşvişə
salmışdı. Bəyanatın 35-ci maddəsində NATO Azərbaycanın
ərazi bütövlüyünü, müstəqilliyini və
suverenliyini tanıdığını bir daha təsdiq
etmişdi.
Bu il
may ayının 21-də NATO-nun Çikaqoda keçirilən
sayca 25-ci sammitində Əfqanıstan məsələsinin
müzakirəsi ilə yanaşı, Azərbaycan
üçün digər mühüm bir hadisəylə -
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində
Şimali Atlantika Alyansının ədalətli mövqeyinin
növbəti dəfə bəyan edilməsi ilə də
yadda qaldı. Sammitin yekununda qəbul olunan bəyannamədə
Azərbaycanın ərazi bütövlüyü və
suverenliyi bir daha bu beynəlxalq təşkilat və ona üzv
dövlətlər tərəfindən
tanınmışdır. Bəyannamənin 47-ci bəndində
qeyd olunur ki, NATO Cənubi Qafqazda və Moldovadakı həlli
yubanan regional münaqişələr barədə
narahatlığını bəyan edir: "Biz Azərbaycanın,
Ermənistanın, Gürcüstanın və Moldovanın ərazi
bütövlüyünün, müstəqilliyinin və
suverenliyinin dəstəklənməsinə sadiq qalırıq
və BMT-nin Nizamnaməsi və yekun Helsinki sənədinə,
bu prinsiplərə və beynəlxalq hüququn normalarına əsaslanan
regional münaqişələrin sülh yolu ilə
nizamlanmasına yönəldilmiş səyləri dəstəkləməkdə
davam edirik".
Azərbaycanın hücum diplomatiyasının uğurlu nəticələrindən biri də odur ki, bu gün dünyanın 120 ölkəsinin üzv olduğu Qoşulmama Hərəkatı da ölkəmizin haqlı mövqeyini dəstəkləyir. Belə ki, hərəkata üzv ölkələrin dövlət başçılarının bu il avqustun 31-də başa çatan Tehran sammitinin yekun sənədinə Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyən maddə daxil edilmişdir. Sənədin 104-cü səhifəsində əks olunan 391-ci maddədə yazılır: "Dövlət və hökumət başçıları Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qalmasından, onun beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid etməyə davam etməsindən təəssüfləndiklərini ifadə etdilər. Onlar BMT Nizamnaməsində təsbit olunmuş gücdən istifadə etməmək prinsipinin vacibliyini bir daha təsdiqləyir və tərəfləri münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində danışıqlar yolu ilə həlli üçün səylərini davam etdirməyə çağırır".
Xatırladaq ki, bundan əvvəl, bu il may ayının 5-də də Qoşulmama Hərəkatı erməniləri növbəti dəfə məyus edən sənəd qəbul etmişdi. Misir Ərəb Respublikasının Şarm Əl-Şeyx şəhərində qurumun Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində keçirilmiş iclasında qəbul olunan yekun sənədin 382-ci bəndində Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin region üçün təhlükə törətməyə davam etdiyi xüsusi vurğulanmış, hərəkata üzv olan dövlətlər münaqişənin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həll edilməsinin vacibliyini nəzərə çarpdırmışlar.
Sənəddə deyilir ki, Qoşulmama Hərəkatının üzvü olan ölkələrin nazirləri Ermənistan və Azərbaycan arasında münaqişənin nizamlanmamış qalmasından, beynəlxalq və regional təhlükəsizliyə təhdid törətməkdə davam etməsindən təəssüflənirlər. Onlar BMT-nin Nizamnaməsində əksini tapmış güc tətbiq etməmək prinsipinin vacibliyini bir daha təsdiq etmiş və tərəfləri münaqişəni danışıqlar yolu ilə, beynəlxalq hüququn qəbul edilmiş norma və prinsipləri çərçivəsində, xüsusilə suverenlik, ərazi bütövlüyü, beynəlxalq miqyasda tanınmış sərhədlərin toxunulmazlığı əsasında həllini tapmasını tələb etmişlər.
Göründüyü kimi, Qoşulmama Hərəkatının yekun sənədində Azərbaycanın ərazi bütövlüyü dünya birliyi tərəfindən növbəti dəfə tanınmış və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq arenada dəstəkləndiyi vurğulanmışdır. Bu, onu göstərir ki, Azərbaycan beynəlxalq miqyasda öz mövqelərini gücləndirməkdə davam edir. Bu sənədin yekdilliklə qəbul olunması və orada Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinin əks olunması isə birmənalı şəkildə ölkəmizin növbəti diplomatik uğurudur.
İslam Əməkdaşlıq Təşkilatının çoxsaylı qərar və qətnamələrində, qurumun baş katibinin məsələ ilə bağlı bəyanatlarında da ölkəmizin ərazi bütövlüyü dəstəklənir, Ermənistanın təcavüzkar əməlləri qətiyyətlə pislənilir. Son olaraq, keçən ay İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin Nyu-Yorkda keçirilən illik koordinasiya toplantısında Dağlıq Qarabağ münaqişəsinə dair yekun kommünike qəbul edilmişdir. Sənəddə Azərbaycan ərazilərinin işğalının yolverilməzliyi, bu əməlin BMT Nizamnaməsinə, beynəlxalq hüquqa zidd olduğu vurğulanmışdır. Qeyd edilmişdir ki, münaqişə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət əsasında tezliklə həll olunmalıdır. Sənəddə Dağlıq Qarabağ bölgəsi və Azərbaycanın işğal olunmuş digər ərazilərində demoqrafik vəziyyətin zorla dəyişdirilməsindən, mülkiyyət hüquqlarının pozulması və mədəni irsin kifayət qədər qorunmamasından ciddi narahatlıq bildirilmişdir. İƏT ölkələri Azərbaycanın işğal altındakı ərazilərdə beynəlxalq humanitar hüququn normalarının və insan haqlarının təmin olunmasına yönəlmiş səylərinə dəstək veriblər. Onu da xatırladaq ki, bu il avqustun 14-15-də Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində keçirilən İslam Zirvə toplantısının dördüncü fövqəladə sessiyasında dünya müsəlmanlarının narahatlığına səbəb olan məsələlər müzakirə olunmuş, sessiyada Suriya, Fələstin, Mali və Myanmadakı vəziyyətlə bağlı müvafiq qətnamələr qəbul edilmişdir. Zirvə toplantısının sonunda müzakirə olunmuş məsələlərlə bağlı İƏT-in üzvü olan ölkələrin mövqeyini əks etdirən yekun bəyannamə qəbul olunmuşdur. Bəyannamədə İƏT-in üzvü olan ölkələr Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləmiş və Ermənistanı silahlı qüvvələrini işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmağa çağırmışlar.
Son vaxtlar Ermənistanın təxribat xarakterli addımlarına beynəlxalq ictimaiyyətin kəskin reaksiya verməsi belə deməyə əsas verir ki, sürətli inkişafı ilə diqqətləri üzərinə cəlb edən Azərbaycanın həyata keçirdiyi hücum diplomatiyası kontekstində bu gün dünya Qafqaz həqiqətlərini daha yaxşı anlayır. İstər nüfuzlu beynəlxalq qurumların, istərsə də ayrı-ayrı aparıcı dövlətlərin bu il iyulun 19-da Dağlıq Qarabağın ərazisində keçirilən "prezident seçkiləri" ni pisləyən bəyanatlarla çıxış etməsi və Azərbaycanın mövqeyinin qəti şəkildə dəstəklənməsi bir daha dediklərimizi sübut edir. Təbii ki, bu məsələdə münaqişənin həlli ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupunun reaksiyası böyük əhəmiyyət kəsb edir. Qondarma seçkilərə öz etirazını bildirən ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Robert Bradtke (ABŞ) və Jak For (Fransa) tərəfindən verilən bəyanatda qeyd olunan məqamlar erməniləri pərt vəziyyətinə saldı - desək, yanılmarıq. Bəyanatda deyilir ki, nə üç həmsədr ölkə, nə də başqa bir dövlət Dağlıq Qarabağı suveren və müstəqil dövlət kimi tanımır. Bu il iyulun 19-da həyata keçirilən bu prosedur Dağlıq Qarabağın yekun hüquqi statusunu və münaqişənin sülh yolu ilə həllinə dair cari danışıqların nəticəsini əks etdirmir. Regionun qüdrətli dövlətlərindən biri, həmsədr ölkələrdən Rusiyanın Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviçin bəyanatı da erməniləri məyus etdi. O bildirdi ki, Rusiya Dağlıq Qarabağın müstəqilliyini tanımır. Rusiya bu münaqişənin nizamlanmasında vasitəçilik səyləri göstərir və münaqişənin BMT-nin Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında sülh yolu ilə həllinin tərəfdarıdır.
Ölkəmiz bütün diplomatik imkanlarını səfərbər edərək Ermənistanı daim beynəlxalq ictimaiyyət qarşısında ifşa edəcəkdir. Bu proses işğalçı dövlətin torpaqlarımızın 20 faizini azad etməsinədək davam edəcəkdir. Ermənistan beynəlxalq hüquq normaları çərçivəsində hazırlanmış böyük sülh razılaşmasına imza atanadək Azərbaycan diplomatiyası, necə deyərlər, həmişə onun başının üzərində domokl qılıncı kimi dayanacaqdır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, son nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 4 qətnamənin yerinə yetirilməsinə nail olacaqdır. Həmin qətnamələr isə Ermənistanın işğalçı qüvvələrinin ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir.
Qeyd etdiyimiz kimi, Avropa Şurasının, Avropa Parlamentinin qətnamələri, ATƏT-in qərarları, İslam Əməkdaşlıq Təşkilatının, digər təşkilatların qətnamələrində də bu, öz əksini tapmışdır. Onların hamısı eyni şeyi tələb edir - Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan Prezidenti beynəlxalq hüquq normalarını daim üstün tutan ölkəmizin öz ərazi bütövlüyünü bərpa etmək hüququ olduğunu bir daha xatırladaraq demişdir: "Bu, bizim suveren hüququmuzdur, dövlətimizin ərazi bütövlüyünün siyasi vasitələrlə deyil, açıq deyək, hərbi vasitələrlə bərpa edilməsi də bizim suveren hüququmuzdur. BMT Nizamnaməsinə uyğun olaraq bizim belə hüququmuz vardır. Biz sadəcə olaraq bundan istifadə etmək istəmirik. Ümid edirik ki, sağlam düşüncə qalib gələcək, Ermənistan tərəfi, nəhayət, qəti başa düşəcəkdir ki, münaqişə tənzimlənməsə onların bu regionda olması getdikcə mürəkkəbləşəcəkdir. Biz həm də vasitəçilərin - Minsk qrupunun, həmsədrlərin səylərinin fəallaşacağına, münaqişənin mümkün qədər tezliklə həll edilməsinə və vətəndaşlarımızın öz torpaqlarına qayıda biləcəyinə ümid edirik".
Rauf KƏNGƏRLİ
Xalq qəzeti.- 2012.- 17 noyabr.- S. 6.