Azərbaycan oğulları xStalinqrad döyüşlərində(əvvəli qəzetin 7 oktyabr və 4 noyabr 2012-ci il tarixli saylarında)

 

Alayımız komanda məntəqəsindən xeyli uzaqlaşıb Salsk çölünün qərb istiqamətinə çatdı. Düşmən burda dayanmışdı. Çöllər dizə qədər qarla örtülü idi. Əsgər və zabit heyətinin hamısı ağ plaş-çadır geyinmişdi. Bəzi açıq yerlərdə sürünə-sürünə gedirdik. Topların lülələri ağ rənglə boyanmışdı. Qarın üzərində qara cığır qalmamaq üçün tankın keçdiyi yolu, ləpirləri və izləri qarla örtürdük. Bunların hamısı düşmən təyyarələrindən gizlənmək üçün idi.

 

Faşist təyyarələri göyə qalxır, havanı yararaq arabir mərmi tökürdü. Tez-tez atılan fişənglər də göydə cövlan edirdi. Bizim alaya və qonşu hissələrə tapşırılmışdı ki, Fon Paulsun Stalinqrad yaxınlığında mühasirəyə düşmüş qoşunlarına köməyə gəlmək istəyən feldmarşal Fon Manşteynin böyük tank və motorlu qüvvələrinin qabağını kəsəcək. Hitlerin yeni göndərdiyi canlı qüvvə ilə bərabər 300-dən çox "Pələng" adlı ağır tank və xeyli zirehli maşınlar da buraya yeridilmişdi. Kəşfiyyat xəbər gətirmişdi ki, hər iki faşist qoşunlarının cəhd edib birləşmək istədikləri ara məsafəsi qırx beş-əlli kilometrdir. Bizim alay və bir neçə başqa hərbi qüvvələr bu məsafədə döyüş aparmalı və onların birləşməyinə imkan verməməliydi. Burada, Salsk çölündə düşmənlə ölüm-dirim savaşı gözlənilirdi.

Komanda məntəqəsindən hey çağırırdılar: "Çayka, çayka, cavab ver, hardasan?" Bu, komandirimiz Həzi Aslanovun məxfi adı idi. Nədənsə komandir susur, hiss olunurdu ki, bərk fikirlidir, nəyisə ölçüb-biçir.

Düşmən uzaqlardan arabir onlara tərəf atırdı. Həzi Aslanov sakit səslə dedi:

- Əclaflar, deyəsən, gəlişimizdən duyuq düşüblər.

O, zabit heyətini çox da böyük olmayan yarğana yığdı. Burada yarı yerə batmış qayanın altını özümüzə sağınacaq seçdik. Komandir: Hə, - deyə üzünü zabitlərə tutdu. - Vəziyyət belədi. Əgər biz düşmənlə üzbəüz döyüşə girsək, sayca çox olan faşistlər bizim alayı məhv edə bilər. Ona görə də belə fikirləşirəm ki, düşmənə yalnız sağ cinahdan və arxadan hücum etmək lazımdır. Çünki alman tanklarının yan zirehləri cinahdan zəif olur. Həm də motor yerləşən hissə sağ cinahdan daha asan nişangaha gəlir. Xəbərdarlıq edirəm, mənim işarəm olmadan heç kəs atəş açmasın. Vəziyyət çox mürəkkəb və məsuliyyətlidir. Tanklarımızın əsas qrupu sağdan düşmənin arxasına keçəcək. Bu qrupa özüm rəhbərlik edəcəm.

Volkov soyadlı mayor Həzi Aslanova müraciət edib dedi:

- Yoldaş podpolkovnik, icazə verin soruşum. Siz nə üçün cinah atəşinə üstünlük verirsiniz?

Həzinin gülümsər sifəti bir anda ciddiləşdi. Ayağını bərkdən daşa vurub üstünün qarını təmizlədi.

- Bilirsiniz, - dedi, mən ilk hərbi təhsilimi Bakı hərbi məktəbində almışam. Orda bizim müəllimlərimiz məşhur general Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və topoqrafiya generalı İbrahim ağa Vəkilov idi. Başqa müəllimlərimiz də vardı. Artilleriya generalı Əliağa Şıxlinski bizə döyüş taktikasından mühazirə oxuyanda həmişə deyirdi:

- Cinahdan atılan bir top öndən atılan iki topun işini görə bilər. Ona görə də döyüş vaxtı topları və tankları elə yerləşdirmək lazımdır ki, hər bir hədəfə ya cinahdan, ya da çəpinə atəş açmaq mümkün olsun.

General Şıxlinski Port-Arturda, Dünya müharibəsində iştirak eləmişdi. "Artilleriya allahı" kimi ad-san qazanmışdı, böyük təcrübəsi vardı. Onu da xüsusi qeyd edərdi ki, almanlar cinah döyüşündə çox zəifdirlər. Onlar üstünlüyü həmişə ön xəttə verirlər. Bu da onların lovğalığından irəli gəlir. Cinahı və arxanı isə boş qoyurlar. General həmişə deyərdi ki, müharibədə cinah döyüşü yüz faiz olmasa da, səksən faiz qələbə deməkdir.

Alay katibi Qolovaşşenko:

- Yoldaş komandir, - dedi, - nə qədər ki, ayazlı günəş var, qar yağmır, icazə verin, biz zabitlər xəritəni yenə gözdən keçirək.

- Buyurun, - deyib geri çəkilən Həzi bilmədən mənə toxundu. Qolumdan yapışıb çox səmimi gülümsündü. Onun yaraşıqlı, qaraşın üzünə elə bil işıq seli yayıldı. Bir az əvvəlki fikirli Həzi Aslanovdan indi əsər-əlamət yox idi. - Necəsən, eloğlu, qorxmursan ki? Axı bu, sənin ilk döyüşün deyil...

Mən əsgəri qaydada farağat vəziyyətdə dayanıb:

- Yox, - dedim, - yoldaş komandir, qorxmuram. Qorxan zabitin burda nə işi var...

- Hə, balaca Aslanov, unutma ki, Vətən uğrunda, Azərbaycan naminə döyüşə gedirik. Onu da bil ki, faşist köpəkləri burdan Bakıya, Qafqaza girmək ümidindədirlər. Əlindəki silah ana və bacılarımızın namusunu qorumaq üçün sənə verilib. - Əlini qurşağımdakı xəncərin üstünə qoyub - Sənə bu xəncəri nahaq yerə bağışlamamışam. Güllən qurtaranda bax, bu xəncəri dəstəyinə qədər faşistin ürəyinə soxmamış döyüşdən çıxma. Xoşum gəldi cavabından. Çox ürəkdən dedin ki, qorxmuram. Həmişə belə nikbin və cəsur ol! Onu bil ki, qorxu ilə düşmən üstünə gedən istər zabit, istərsə də əsgər olsun heç vaxt qələbə qazana bilməz. Müdriklərimiz haqlı deyiblər ki, qorxaq gündə yüz dəfə ölər, mərd isə bir dəfə həlak olar. Di, Allah amanında...

"Üzbəüz həmlə nə qədər cazibədar olsa da, mən düşmənin cinahlarına zərbə endirməyi həmişə üstün tuturam... Məlumdur ki, alman maşınlarının yan zirehi ön zirehindən xeyli kövrəkdir. Buna görə də hitlerçiləri məcbur etmək lazımdır ki, tankların kövrək yerlərini bizə tərəf çevirsinlər...

Düşmənin cinahlarını axtarmaq və ona həmişə ən zəif yerindən zərbə endirmək asan iş deyildir, bunun üçün hər bir komandir böyük zəhmət çəkməli, zirək və təmkinli hərəkət etməlidir.

Sovet İttifaqı Qəhrəmanı, qvardiya podpolkovniki Həzi Aslanovun "Faşistlərə cinahdan zərbə endirmək döyüşdə əsas məqamdır" məqaləsindən, "Pravda" qəzeti, 27 dekabr 1942-ci il".

Döyüş mövqeyi sağ cinahda yerləşən 8 Mart sovxozu yaxınlığındakı Aksay və Mışkov çayları istiqamətinə hərəkət etdik. Oradan da faşist tanklarına, arxadan və sağ cinahdan qəflətən hücuma başladıq. Hücuma rəhbərlik edən Həzinin üzü ciddiləşmişdi. O, səbr və təmkinlə gah xəritəyə baxır, gah da rota komandirlərinə əmr verirdi. "Çayka" - Həzinin döyüşün uğurlarından razı qaldığı yaraşıqlı simasında oxunurdu. Ona görə də ilk dəfə döyüşün uğurları haqqında korpus komandirinə məlumat verdi. Artıq faşistin iri gövdəli, ağır "Pələng" tankları yanırdı. Faşist əsgər və zabitləri bağırışa-bağırışa o yan-bu yana qaçırdılar. Düşmənin pis və çıxılmaz vəziyyətə düşməsi açıq-aydın Salsk çölündə görünürdü. Döyüşün üçüncü günü bizim alay düşmənin xeyli canlı qüvvəsini əsir götürüb on yeddi tankını yandırmışdı. Yadımdadı, əsir frislərdən biri rusca qışqıra-qışqıra yalvarırdı: "Ey rus, mən soyuqdan donuram. Al avtomatı, mənə papaq ver" - deyirdi.

Biz inamla irəliləyib atəşi daha da gücləndirdik. Yandan artilleriya, arxadan və öndən düşmənə qarşı atəşi bir an da olsa dayandırmırdıq. Döyüş meydanı alov və tüstüyə bürünmüşdü. Düşmənin yanan tankı, hərbi sursatı məşəl kimi alov saçırdı. Qarlı çölün hər addımında faşist meyiti vardı.

Sevinirdik ona görə ki, nal şəklində mühasirəyə alınmış Stalinqradı düşmən ala bilməyəcək. Kiçik fasilə vaxtı hava radiosunda Həzinin yenə səsi eşidildi. "Çayka" Aslanov səkkizinci briqadanın "Sokol"una raport verirdi. O deyirdi ki, artıq üçüncü gündür vuruşuruq. Bu gün axşamüstü mənim tankımı vurdular. Onun bu xəbərinə general-leytenant B.Obuxovun bir az acığı tutdu. General dedi ki, nə üçün özünü nişangah etmisən? Sənin vəzifən komandanlıq etməkdi. İndi bu uzaq məsafədən sənə necə kömək edək? Həzi cavabında dedi ki, narahat olmayın, tankımın döşəməsində olan qapı salamatdı, onu açıb təmir edəcəyik. Elə də oldu. Düşmən mərmisi Həzinin tankının sağ tırtılının təkərini vurub sıradan çıxarmışdı. Ona görə də tankın döşəməsində olan qapını açıb tırtılı çıxartdıq. Bir fraksionla 8 Mart sovxozuna kimi getdik, orda əsaslı təmir apardıq.

Döyüşün dördüncü günü alayımız çoxlu döyüş sursatı və qənimət ələ keçirdi. Hitlerin sədaqətli feldmarşalı Manşteynin tank qoşunları, general Qotun tank qrupu Azərbaycanın otuz iki yaşlı igid oğlu, podpolkovnik Həzi Əhəd oğlu Aslanovun qeyri-adi komandanlığı ilə darmadağın edildi.

1942-ci il dekabrın 18-də alayımız Verxne-Kumski xutoru ətrafında daha bir yaddaqalan döyüş apardı. Salsk çölündən qaçıb canını qurtaran faşist əsgər və zabitləri general Qotun başçılığı ilə gəlib burda cəmləşmişdilər. Beş gün gecə-gündüz burda Həzinin apardığı döyüşlər daha uğurlu oldu. Ağ qarlı çöldə faşistlərin cəsədlərini, yandırılmış tankın və zirehli maşınların qalın qara tüstüsünü lap uzaqlardan görmək olurdu.

Bununla da Stalinqrad cəbhəsində zəfər çalınmasının labüd olduğu bir daha öz təsdiqini tapdı. Həmin gün - 1942-ci il dekabrın 18-də Ali Baş Komandan Stalinqrad döyüşçülərinə belə bir teleqram göndərdi: "Sizin inadlı döyüşlərinizlə fəxr edirəm. Bir addım da geriyə çəkilməyin. Döyüşdə fərqlənən əsgər, zabit və komandirləri Dövlət mükafatına təqdim edin. İ.Stalin" (Sitat Böyük Vətən Müharibəsi illərində Stalinqrad Vilayət Partiya Komitəsinin birinci katibi və şəhər partiya komitəsi katibi A.S.Çuyanovun "Stalinqrad gündəliyi" (1941-1943) kitabından götürülüb. Volqoqrad, 1979-cu il, səh. 332)".

Qvardiya mayoru Qaçay Aslanovdan az da olsa çox səliqəli arxiv qalıb. Sənədləri, foto-şəkilləri, general Həzi Aslanovla görüşərini və xatirələrini ötəri də olsa yazıb saxlayıb. Amma bəzi veteranlar kimi özünün qəhrəmanlığını heç yerdə şişirtməyib. Halbuki araşdırmalardan məlum olur ki, o, Kiyev, Stalinqrad və Belarus döyüşlərində şücaətlə vuruşub.

Təvazökarlıqdan sağlığında da bu barədə mətbuatda çıxış etməyib. Yalnız döyüş dostu mayor Boris Qradusdan aldığı məktubdan sonra müharibə haqqında xatirələrini yazıb. Bu sənəd və xatirələr arasında Qaçay Aslanovun Ali Baş Komandan Stalin haqqında böyük məhəbbətlə yazdığı bir epizoda da rast gəldik. O yazır:

"...Stalinqrad faşistlərdən tamam təmizləndikdən sonra seçmə qvardiyaçı zabitlərdən bir rota təşkil etdilər. Məni də təlimatlandırıb bu rotaya göndərdilər. Məlumat verdilər ki, Ali Baş Komandan şəhərə baxmağa gələcək. Yeni təşkil olunmuş rota Stalinin mühafizəsində dayandı.

Tehran Konfransından qayıdan Stalin Bakıdan keçib yolüstü Stalinqrada gəldi. Stalin dağılmış şəhərə, Paulyusun keçmiş qərargahına və küçələrə tökülüb qalmış yığın-yığın faşist dəbilqələrinə baxdı. Dərindən köksünü ötürüb:

- Eh, bədbəxt qaliblər... Bu dəbilqələr də hansısa başda olub? Amma biz şəhəri əvvəlkindən də gözəl tikəcəyik. Xalqımızla birgə hər şeyi yenidən yaradacağıq!

Stalinin maşını ucub dağılmış küçələrlə və çoxlu yandırılmış faşist texnikalarının qalaqları arasından irəliləyirdi. Ali Baş Komandanın maşını sərt döngələrin birində qarşıdan gələn yük maşını ilə toqquşdu. Yük maşınının sürücüsü yerə düşəndə gördük qadındır. Biz yük maşınını və sürücü qadını dərhal mühasirəyə aldıq. Stalin də maşınından düşdü. Stalini tanıyan sürücü qadın qorxusundan əsə-əsə ağlamağa başladı. Stalin yaxınlaşıb onu sakitləşdirdi, təsəlli verib dedi:

- Siz ağlamayın... bizim maşın zirehlidir, ona heç nə olmadı. Siz çalışın öz maşınınızı düzəldin. - Ağlayan qadının başını sinəsinə sıxıb onun saçını tumarladı.

Bu vaxt hardansa bir milis işçisi gəlib çıxdı. Stalin milisin qadına hirslə baxdığını görüb:

- Sizin onunla işiniz olmasın, ona toxunmayın. Sürücü qadın günahkar deyil, ona maşınının əzilən yerini düzəltməyə kömək edin... - deyib maşına oturdu. Şəhərin başqa küçələrinə baxmağa getdi".

İstefada olan qvardiya mayoru Qaçay Aslanovun şəxsi arxivində qayğı ilə qoruyub saxladığı bir cəbhə qəzeti də var: "Stalinskoye znamya" qəzeti 1942-ci il dekabrın 29-da öz səhifələrində Həzi Aslanovun rəhbərlik elədiyi alayın fəaliyyətinə səxavətlə yer verib. Qəzetdə oxuyuruq: "Stalinqrad cəbhəsində hücum başlandıqdan sonra Həzi Aslanovun tankçıları düşməni əzərək və təqib edərək döyüşdə daha böyük şöhrət qazandılar. Bir aya qədər davam edən döyüşlərdə podpolkovnik Həzi Aslanovun alayı faşistlərin 45 tankını, 9 minaatan batareyasını, 14 tank vuran topunu, 12 səhra topunu, 42 taxta-torpaq atəş nöqtəsini və müxtəlif yüklə dolu 50 avtomobilini məhv etmişdir. Düşmənin 2000-ə qədər əsgər və zabitini qırmış, 700 hitlerçini əsir götürmüşdür. Tankçılar alayı 125 yük avtomobilini və traktoru, 12 minik avtomobilini, 30 motoskleti, 80 araba müxtəlif yükü, bir araba döyüş sursatını, bir anbar ərzaqı, çoxlu sayda hərbi geyim və başqa hərbi ləvazimatı ələ keçirmişdir".

1942-ci il dekabrın 22-də podpolkovnik Həzi Aslanovun 55-ci əlahiddə tank alayının bir qrup əsgər və zabiti dövlət mükafatı ilə təltif edildi. Komandir H.Aslanova Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ad verildi. O, həm də polkovnik rütbəsi ilə təltif olundu.

Generalın sadiq zabiti baş leytenat Qaçay Aslanov isə Stalinqrad döyüşlərindəki hərbi fəaliyyətinə görə 1942-il dekabrın 18-də "Qırmızı Ulduz" ordeni və "Stalinqradın müdafiəsinə görə" medalı ilə təltif olundu.

Müharibədən neçə illər keçməsinə baxmayaraq, Həzi Aslanovun 55-ci Əlahiddə tank alayının Verxne-Kumski yaşayış məntəqəsi uğrunda apardığı ağır döyüşlər unudulmadı. Marşal S.S.Biryuzov 1966-cı ildə "Ağır illər" kitabının 116-cı səhifəsində yazır: "Aslanovçuların hər bir döyüşçüsü əsil pəhləvan idi. Onlar öz mövqelərini bir neçə gün idi ki, qəhrəmanlıqla müdafiə edirdilər. 55-ci Əlahiddə tank alayının, habelə onlara kömək edən topçuların və minomyotçuların mətanəti sayəsində ordumuzun ön hissələri düşməni altı saat qabaqlayıb dekabrın 18-də axşamüstü Mışkova çayına çatdılar və onun Şimal sahilində qabaqcadan hazırlanmış müdafiə mövqeyi tutdular. Dekabrın 19-da sübhçağı isə Mışkova xəttində döyüşlər öz kuliminasiya nöqtəsinə çatdı".

Həmin günlərdə hadisələrin iştirakçısı, Cənub-Şərq cəbhəsində siyasi idarənin rəisi olan general-mayor P.İ.Popov yazır: "Podpolkovnik H.Ə.Aslanovun komandanlıq etdiyi 55-ci Əlahiddə tank alayının tankçıları müstəsna rəşadət göstərdilər. Dördüncü mexanikləşdirilmiş korpusun başqa hissələri ilə birlikdə alay düşmənin 12 həmləsini qəhrəmanlıqla dəf etdi. Faşistlərin qüvvələri alayın qüvvələrindən üç-dörd qat üstün idi. Lakin mərd "Aslanovçular" davam gətirdilər" (P.İ.Popov, "Söz də döyüşçüdür". "Stalinqrad vuruşması" məqalələr məcmuəsi, Volqoqrad, 1970, səh. 117).

140 gün fasiləsiz davam edən Stalinqrad döyüşlərində düşmənin 22 diviziyası, iki tank korpusu məhv edildi. 91 min hitlerçi, 2500 zabit, 23 faşist generalı və Hitlerin güvəndiyi feldmarşal Paulyüs əsir alındı.

 

 

Şəmistan NƏZİRLİ,

yazıçı-jurnalist

 

Xalq qəzeti.- 2012.- 18 noyabr.- S. 7.