"Sertifikatlaşdırılmış qonaqpərvərlik təlimçisi"

 

Azərbaycan Turizm İnstitutunda müəllimlər üçün təlim keçirilməsi işi uğurla aparılır. Bu günlərdə institutda təşkil edilən daha bir növbəti təlim öz işini yekunlaşdırmışdır.

Belə ki, Azərbaycan Turizm İnstitutu ilə Azərbaycan Turizm Assosiasiyası arasında bağlanmış müqavilə əsasında institutun müəllimləri üçün nəzərdə tutulmuş "Sertifikatlaşdırılmış qonaqpərvərlik təlimçisi" adlanan təlim keçirilmişdir. Qonaqpərvərlik sənayesinə həsr olunmuş təlim prosesi 4 gün davam etmişdir. Bu təlim The American Hotel & Lodging Education Institute-nun (AHLEİ) təlimçilərindən George Ubbelohde tərəfindən aparılmışdır. Məlumat üçün qeyd etmək yerinə düşər ki, 1953-cü ildə yaranan The American Hotel & Lodging Education Institute (AHLEİ) qonaqpərvərlik sənayesində təhsil, təlim və sertifikatlaşma istiqamətində fəaliyyət göstərir. AHLEİ-nin fəaliyyətində başlıca məqsəd qonaqpərvərlik sənayesində təhsil-təlim və peşəkar sertifikatlaşma üzrə ilk mənbə rolunu qoruyub saxlamaqla yanaşı, müvafiq sənayenin ehtiyaclarını proqnozlaşdırmaqdır.

Təlimlərdə institutun müəllimlərindən 10 nəfəri dərs keçmə metodlarının öyrənilməsi, sillabusların hazırlanması, dərslərin keçirilməsində məqsəd, motivləşmə metodları və qiymətləndirmə, texniki avadanlıqlardan istifadənin vacibliyi istiqamətləri üzrə xüsusi fəallıq göstərmişdir. Təlimin sonunda institutun müəllimləri imtahan vermişlər.

 

 

Z.BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2012.- 18 noyabr.- S. 6.