Üzümçülükdə
innovativ becərmə
texnologiyalarının tətbiqi məhsuldarlığı təmin
edən vacib amillərdəndir
Hər bir ölkədə üzümçülüyün
inkişafına təsir edən amillərdən ən vacibi və ümdəsi əlverişli torpaq-iqlim şəraitidir. Azərbaycan
Respublikasında torpaq-iqlim şəraitininn
üzüm bitkisi üçün çox əlverişli
olmasını sübut etiməyə ehtiyac yoxdur. Çünki üzümçülük
Azərbaycanda hələ qədim zamanlardan
mövcud olmuşdur. Bu faydalı bitkinin digər
kənd təsərrüfatı məhsulları ilə
müqayisədə üstünlüyü
yüksək göstəriciyə malik
olmasıdır. Burada ultra-tez yetişəndən, ən
gec yetişən üzüm
sortlarına qədər hamısı normal
yetişir, hətta salxımları kolun üstündə dekabrın axırı,
yanvarın ortalarına qədər saxlamaq
mümkündür. Ölkəmizdə
Şirvanşahı kimi üzüm
sortları 35 faizə qədər şəkər toplaya bilir. Dünyada tayı-bərabəri olmayan çox yüksək
məhsuldar sort Bayanşirə bu torpaqda intişar
tapmışdır. Yüksək müalicəvi əhəmiyyəti
olan Təbrizi (Gəncə süfrəsi)
yalnız Gəncədə və gəncəbasarda öz xüsusiyyətini saxlaya
bilir.
Şərab
növlərinə gəldikdə isə burada bütün
növ şərablar istehsal edilə bilər. Bu məsələdə
də yeni və təkmil texnologiyaların olması prioritetlik
təşkil edir.
Respublikamızda
istər üzümçülükdə, istərsə də
şərabçılıqda istehsal texnologiyaları bir qayda
olaraq əvvəllər aşağı səviyyəli
olmuşdur. Bu baxımdan, bizdə üzümlüklərin
becərilməsində və şərab emalında mövcud
texnologiyaların təkmilləşdirilməsinə və
yenisinin gətirilməsinə böyük ehtiyac vardır.
Yeni üzümlüklərin salınması işində
İtaliyadan gətirilən və lazer şüaları ilə
tənzimlənən ting əkən aqreqatı misal göstərmək
olar. Bu aqreqat Abşeron rayonunun bir
üzümçülük təsərrüfatında
işlədilmişdir. Aqreqat tingi avtomatik olaraq əkir və
ting əvvəlcədən proqramlaşdırılmış
nöqtəyə düşmədikdə və cərgə əyildikdə
lazer şüaları xəbər verir.
Yeni
üzümlük salındıqda bir çox ölkələrdə
olduğu kimi, mulça pərdəsindən istifadə edilməsi,
eyni zamanda iki problemi həll edir. Suvarılan
üzümlüklərdə suvarma suyuna qənaət edilir,
suvarılmayan üzümlüklərdə isə
torpağın nəmliyi qorunur. Hər iki halda alaq otlarına
qarşı mübarizədə səmərəli nəticələr
alınır.
Azərbaycan
Prezidenti İlham Əliyevin 2011-ci il dekabrın 15- də
imzaladığı "2012-2020- ci illərdə Azərbaycanda
üzümçülüyün inkişaf etdirilməsinə
dair Dövlət Proqramı"nın məqsəd və vəzifələrində
üzüm istehsalı və emalı sahəsində innovativ
texnologiyaların dəstəklənməsi xüsusi qeyd
olunur. Bu gün üzümlüklərimizin becərilməsində
maşın və mexanizmlərdən istifadənin səviyyəsi
çox aşağıdır. Alaq otlarına qarşı
herbisidlər də tətbiq edilmir. Üzümlüklərdə
mütərəqqi suvarma üsullarından istifadə
olunmur.Yayda suvarma suyu azlıq edən ərazilərdə
üzümlüklər sudan çox korluq çəkir.
Söz yox ki, dəmyə şəraitində bu hallar tez-tez
baş verir. Yeni üzümlüklər salındıqda bir
çox ölkələrdə olduğu kimi, mulça pərdəsindən
istifadə edilməsi, eyni zamanda iki problemi həll edir.
Mulça məqsədilə istehsal olunan material bizdə
yoxdur, olsa belə mulça pərdəsindən istifadə
texnologiyası da yoxdur. Bu məsələnin həllində
xarici texnologiyaların və onları işlədə bilən
mütəxəssislərin dəvət olunmasına ehtiyac
vardır.
Bu məsələnin
həyata keçirilməsi çox sadədir. Mulça
örtüyündən istifadə məsələsində
Fransa və İtaliya sahibkarlarının təcrübəsindən
istifadə edilə bilər. Nümunə üçün hər
hansı bir rayonda bu işi təşkil edib təcrübə
keçmək üçün ora başqa bölgələrin
üzümçülərini dəvət etmək olar.
Çünki respublikamızın suvarılan
üzümlüklərində torpaqlar alaq otları ilə zəngindir
və onlara qarşı mübarizə bir problemə
çevrilib. Bu baxımda mulça məsələsinin həlli
gündəmdə olmalıdır. Azərbaycan
üzümçülüyündə bu məsələ
olduqca böyük əhəmiyyət kəsb edir.
Ayrı-ayrı illərdə suvarılan üzümlüklərdə
suvarma suyunun çatışmazlığı, dəmyə
şəraitində isə nəmliyin torpaqda qorunub
saxlanması böyük çətinliklər törədir.
Üzümlüklərimizdə
dayaq məqsədi ilə şpaler qurulur. Hələ də məftilin
makaradan aşılması və onun cərgə boyu sərilməsi
bizdə primitiv üsullarla həyata keçirilir. Bizdə cərgə
boyu bir gedişə 2-3 fəhlə bir məftili əllə
dartıb aparır. Ancaq bu məqsəd üçün
İtaliyadan gətirilən aqreqat bir gedişdə cərgəyə
məftil sərə bilir. Bu prosesdə əmək məhsuldarlığı
on dəfəyə qədər yüksəlir.
Azərbaycan
üzümçülüyünün ting becərilməsi
işində çox gerilik vardır. Fransa, İtaliya və
başqa ölkələrin calaq ting becərilməsi işi
çox mütərəqqilik təşkil edir. Bu ölkələrdə
tinglikdə işlər 90-95 faiz mexanikləşdirilmişdir.
Ölkəmizdə isə ting istehsalı işi tamamilə əllə
aparılır.
Yuxarıda
qeyd olunan Dövlət Proqramının tələblərinə
görə, 2020-ci ilə kimi 50 min hektar üzümlük
salınmalıdır. Qeyd edək ki, Dövlət
Proqramının məqsədi əhalinin təzə və
keyfiyyətli süfrə üzümünə olan tələbatının
daha dolğun ödənilməsi, şərabçılıq
və üzüm emalı müəssisələrinin xammal təminatının
yaxşılaşdırılması, şərab və
üzüm məhsullarının ixracının
artırılması üçün ölkədə
üzümçülüyün inkişafını stimullaşdırmaqdan
ibarətdir. Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin
Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə
üzümçülüyə dövlət səviyyəsində
göstərilən diqqət və qayğı ötən əsrin
70-80-ci illərində bu sahənin genişlənməsini təmin
etmiş, yeni keyfiyyət göstəriciləri əldə
edilmişdir. Statistik məlumatlara görə, 1970-ci ildə
üzüm sahələri 121,6 min hektar, üzüm
istehsalı 351,7 min ton, məhsuldarlıq 46,8 sentner təşkil
etdiyi halda, sahəyə göstərilən diqqət və
qayğının nəticəsi olaraq artıq 1984-cü ildə
üzüm sahələri 2,3 dəfə, üzüm
yığımı 6 dəfə, məhsuldarlıq isə 2
dəfədən çox artaraq ən yüksək həddə
çatmaqla 99,2 sentner təşkil etmişdir. Bununla da o
dövrdə Azərbaycan üzüm istehsalının həcminə
görə keçmiş ittifaqda birinci yerə
çıxmışdır.
Son
illər dövlət başçıs İlham Əliyevin
üzümçülüyün inkişaf etdirilməsi
istiqamətində mütəmadi imzaladığı qanun və
sərəncamlar nəticəsində bu sahənin maddi-texniki
bazası möhkəmlənmişdir. Üzümlüklər
və şərabçılq sənayesinə yeni texnika və
avadanlıqların gətirilməsi qısa vaxtda sahənin
xeyli irəliləməsinə səbəb olmuşdur.
Üzümçülüyün
elmi əsaslar üzərində inkişaf etdirilməsi
işində yerli sortlardan ting istehsalı ön plana çəkilməlidir.
Hazırda respublikamızda calaq ting istehsalı ilə məşğul
olan heç bir müəssisə yoxdur. Ona görə də
calaq aparan avadanlıq, müasir tipli stratifikasiya kameraları və
peşəkar calaqçılar, demək olar ki, yoxdur. Ən
vacibi odur ki, 25-30 il öncə bizdə calaq ting
çıxımı ən yaxşı halda 20-25 faiz təşkil
etmişdir. Ancaq yuxarıda adları çəkilən
ölkələrdə bu göstərici 90-95 faizdir. Bu məsələni
innovasiyalı texnologiya hesab edirik və gələcəkdə
bu texnologiyanın bizdə tətbiqinə
çalışmalıyıq.
Yeri
gəlmişkən, qeyd etmək, lazımdır ki, xaricdən
ting gətirilməsi işi davam etdirilsə yerli üzüm
sortlarımız tamamilə sıradan çıxmaq təhlükəsi
qarşısında qalacaqdır. Üzüm sortları
üzrə genofondumuz lazımi səviyyədə deyildir.
Dünya üzümçülüyündə
kolleksiyaların təşkili metodologiyalarının əldə
olunmasına ehtiyac vardır. Üzüm kolleksiyalarında
sortların yerləşdirilməsi, uçotun
aparılması və sortların yayılması xüsusi bir
elmdir və Azərbaycanda heç vaxt əsaslı kolleksiyalar
olmamışdır. Belə bir fakta diqqət yetirək:
Ukrayna elmi-tədqiqat üzümçülük və şərabçılıq
institutu "Maqarac"ın Baxçasarayda 3500 sortdan ibarət
genofondu vardır. Təsərrüfat üçün sortlar
belə kolleksiyalardan seçilsə daha faydalı olar.
Bu
gün üzümçülüyü inkişaf etdirmək
üçün xarici dövlətlərdən ən qiymətli
sortlardan gətirib kolleksiyalarda və sənaye
üzümlüklərində əkib, onların yerli şəraitdə
sınaqdan keçirilməsi yalnız fayda verərdi. Ancaq
yaddan çıxarmaq olmaz ki, son 30-40 il ərzində yerli
üzüm sortlarımızın böyük bir qismi
sıradan çıxıb və yaxud sıradan
çıxmaq üzrədir.
Heç
kimə sirr deyil ki, üzümçülüyün müvəffəqiyyətli
inkişafında innovativ becərmə texnologiyalarının
tətbiqi çox önəmlidir. Bir daha vurğulamaq istəyirəm
ki, respublikamızın torpaq-iqlim şəraiti
üzümçülük üçün olduqca əlverişlidir
və dünyanın ən keyfiyyətli şərab
istehsalçısı olan ölkələrlə rəqabətə
girə bilər. Bütün üzüm sortları hər bir
bölgəmizdə uğurla becərilə bilər. Ancaq
onların hər birinin becərilməsində və
emalındakı incəliklərin öyrənilməsi vacib
şərt sayılmalıdır. Üzümlükdə
aqrotexniki tədbirlər faydalılığı, eyni zamanda
torpaq-iqlim şəraiti ilə də müəyyən edilir.
Bir vaxtlar üzüm sortlarının
rayonlaşdırılması məsələsi dövlət
tədbiri kimi qiymətləndirilirdi.
Rayonlaşdırılmış sortlar haqqında
üzümçülərimiz müəyyən bilik və təcrübəyə
malikdirlər. Ancaq indi xaricdən gətirilən
çoxsaylı üzüm sortlarının bölgələrimizin
hansında daha çox fayda verəcəyi haqqında
üzümçülərdə bilgilər azdır. Bu
sortlar ayrı-ayrı bölgələrdə öyrənilməlidir.
Respublikamızda yaradılmaq mərhələsində olan
Ampeloqrafik laboratoriya bu kimi vacib məsələlərlə
ciddi məşğul ola bilər. Daha bir vacib məsələ
yarım avtomat və avtomat tənəkkəsən aqreqatlardan
və üzümyığan kombayınlardan hələ də
istifadə edə bilməməyimizdir. Üzümyığan
kombayn çox bahadır. Bir neçə qonşu fermer və
sahibkarlar birlikdə belə bir kombayn ala bilərlər.
Üzümçülükdə işlərin mexanikləşdirilməsi
səviyyəsindən danışarkən məhsulun kombaynla
yığılması məsələsindən ötəri
keçmək olmaz. Hələ 1984-cü ildə Şimali
Osetiyada istehsal olunmuş BK-2 markalı üzümyığan
kombayn Azərbaycan Dövlət Aqrar Universitetinin eksperimental
üzümlüyündə işlədilmişdir. Həmin
dövrdə üzüm yığımı prosesində
kombaynın müəyyən nöqsanları aşkar
edilmişdir. Ona görə də bu qiymətli aqreqatdan imtina
edildi. Halbuki, sonrakı illərdə işlədikcə
üzümyığan maşının nöqsanları
aradan qaldırıla bilərdi. Bir çox xarici ölkələrdə
üzümyığan kombayndan müvəffəqiyyətlə
istifadə edilir. Məsələn, Fransada fermerlərin istifadə
etdikləri kombaynın qiyməti 150-160 min avrodur. Orada
qonşu təsərrüfatlar yığışıb bir
kombayn alır və növbə ilə hamısı istifadə
edir. Yaddan çıxarmaq olmaz ki, texniki üzüm
sortları texniki yetişməyə və tam yetişməyə
çatdıqda yığılmalıdır. Belə
çeviklik kombaynı işlətməklə əldə
oluna bilər. Bütün bunlar kənardan gətirə biləcəyimiz
işlərdir və bunları da innovativ texnologiyalar
sırasına daxil edirik.
Son
illərdə üzümçülüyün bir çox məsələləri
üzrə yeni becərmə texnologiyalarını işləyib
hazırlamışıq ki, bu texnologiyalar nəinki öz
ölkəmizdə, bir çox xarici ölkələrdə də
tətbiq oluna bilər. Bunlardan biri ting mərhələsini
keçmədən üzümlüyün birbaşa
çubuqla salınmasıdır. Üzümçülər
uzun müddət bu qaydadan istifadə etmişlər, ancaq belə
üzümlükdə seyrəkliyin çox olması və
kolların gec məhsula düşməsi onların
bağsalmanın bu üsulundan imtina etmələri ilə nəticələnmişdir.
Köklü əkin materialı ilə üzümlüyün
salınmasının faydalılığının sübuta
ehtiyacı yoxdur. Ancaq ting istehsalına bir il vaxt və əlavə
vəsait tələb olunur. Birbaşa çubuqla
üzümlük salınması işi yeni hesab edilməsə
də, bu işdə yenilik çubuğun xüsusi üsulla əkinə
hazırlanmasıdır. Bu məsələnin başqa bir
müəmmalı tərəfi odur ki, filloksera olan ərazilərdə
filloksera təhlükəsi həmişə gündəmdədir.
Üzüm
becərən Avropa ölkələrinin hamısında yeni
üzümlüklər fillokseraya davamlı calaqaltı anaclar
üstündə olan calaq tinglə salınır.
Calaqaltılar həqiqətən üzüm kolunu müəyyən
müddət fillokseranın öldürücü təsirindən
qoruya bilir. Nə üçün müəyyən müddət
deyirik, ona gərə ki, calaqla salınan üzümün
ömrü az olur. Ancaq uzun illərin müşahidələrinə
əsasən deyə bilərik ki, başdan-başa filloksera ilə
sirayətlənən respublikamızın ayrı-ayrı
bölgələrində 35-40 yaşında calaqsız
üzümlüklərə, həyətyanı sahələrdə
isə yaşı 50-60 il olan kollara rast gəlinir. Məgər
bu böyük elmi axtarışların
başlanğıcı və əsas obyekti hesab edilə bilməzmi?
Bəzən uzun illər kök salmış və dəbdə
olan qaydaların əsiri oluruq, onu dəyişməyə və
yaxud başqa səmtə yönəltməkdə acizlik
edirik. Belə məsələlərin
araşdırılması ilə məşğul olan Dövlət
Komissiyasının yaradılması ümumi işimizə
fayda verərdi.
Onu da deyək ki, bu gün respublikamızda calaq əkin materialı ilə üzümlük salınmasının əleyhinə deyiləm, əksinə, respublikamızın azı 2-3 bölgəsində calaq ting istehsal edən müəssisələrin açılması layihələrinin açıq tərəfdarıyam və onun nəzəri məsələlərinin hazırlanmasında yaxından iştirak edirəm. Ancaq calaq işində bizim mütəxəssislərimizin və fəhlələrimizin nəzəri biliyi və praktiki vərdişləri yoxdur. Bunun üçün üzümçü kardların hazlrlanması işi də vacib məsələlərdəndir. Etiraf edək ki, respublikamızda savadlı və səriştəli üzümçülərimiz çox azdır. Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində üzümçülük fakültəsinin açılması, üzümçülük təsərrüfatı çox olan rayonlarda üzümçülük üzrə texniki-peşə məktəblərinin təsis olunması, yaxud mövcud texniki-peşə məktəblərində üzümçülük ixtisaslarının açılması, ayrı-ayrı üzümçülük təsərrüfatlarının maliyyə vəsaiti hesabına onların özü üçün üzümçü mütəxəssislərin hazırlanmasına böyük ehtiyac vardır. Çünki bu gün üzümçülük sahələrində çalışan kadrların hazırlamasına diqqət artırılmazsa, yaxın 5-10 ildən sonra vəziyyət daha da acınacaqlı olacaqdır.
Üzümlüyün salındığı birinci ildə üzümlükdə torpaq becərmə, suvarma və xəstəliklərə qarşı mübarizə işləri istisna olmaqla başqa işlərin, məsələn, bilavasitə kol üzərində işlərin aparılması, üzümlüyün dayağa qaldırılması, gələcəkdə kolun (2-ci ilində) məhsula salınması kimi işlərin nəzərdə tutulmaması demək olar ki, dünya üzümçülüyündə kök salmış, daha doğrusu, qanuniləşmiş məsələ olaraq qalmaqdadır. Ancaq 30 ilə yaxın müddətdir ki, respublikamızda üzümçülükdə intensiv və super-intensiv becərmə texnologiyaları üzrə tədqiqat işləri aparmaqla məşğuluq. Bu arada bir neçə əsaslı məsələlərin həllinə nail olmuşuq. Onlardan birincisi üzüm bitkisinin birinci ilində onun ikinci il üçün bara hazırlanmasıdır. Tətbiq etdiyimiz super-intensiv becərmə texnologiyası nəticəsində ikinci il hər hektardan 6-8 ton, 3-cü il 30-40 ton, 4-cü il 60-70 ton, 5-ci il 80-100 ton məhsul verə bilir. Bu rəqəmlər 3-5 ilin məlumatı deyil, 30 ilə yaxındır ki, bu işlər təsdiqlənmiş reallıqdır. Bu nailiyyəti əldə etmək adi becərmə texnologiyasının və adi üzüm sortunun işi deyil. İşləyib hazırladığımız nəzəri bilik və sınaqdan keçirilmiş, mürəkkəb və çox dəqiqlik tələb edən super-intensiv becərmə texnologiyasının işidir.
Ötən illərdə də, indi də bu becərmə texnologiyasının mahiyyətinə bələd olmayanlar göstərdiyimiz yüksək məhsuldarlığın reallığına inanmır, inananlar isə bu qədər məhsul verən bitkinin tez qocalacağını və növbəti illərdə məhsuldarlığın bu qayda ilə davam etməyəcəyini güman edirlər.
2007-ci ildə Çindən Gəncəyə bizim eksperimental üzümlüyümüzə baxmağa gələn nümayəndə mənim hazırladığım "Azərbaycan üzümü" adlı atlası oxuyaraq demişdir ki, "bu inanılmaz həqiqətdir". Mənası belədir ki, eşidərsən inanmazsan, baxarsan inanarsan. Bunu biz başqa təsərrüfat və başqa ölkələr üçün innovativ texnologiya hesab edirik.
Tinglikdə olduğu kimi, üzümlükdə də tamamilə yeni becərmə texnologiyası tətbiq etməklə və digər işlərin mexanikləşdirilməsi səviyyəsini yüksəltməklə əl əməyini xeyli azaltmaq mümkündür.
Respublikanın müxtəlif regionlarında ayrı-ayrı üzüm sortları üzərində apardığımız tədqiqatlarla müəyyən etmişik ki, adi becərmə texnologiyasından tamamilə fərqli yeni texnologiya tətbiq etməklə bilavasitə kolla bağlı işləri xeyli yüngülləşdirmək mümkündür. Bu becərmə texnologiyasının mahiyyəti ondan ibarətdir ki, üzüm bitkisinin polyarlıq xüsusiyyətinin əksinə olan bir sistem-zoğların tərsinə böyüdülməsi sistemini tətbiq edərək bir çox işləri ixtisar etmək mümkündür. Nəticədə adi becərmə texnologiyasında bir fəhlə bir ildə 2 hektar üzümlüyü becərdiyi halda, burada 6-8 hektar becərə bilər.
Təsvir etdiyimiz becərmə texnologiyası 1960-80-ci illərdə dünya üzümçülərinin müzakirəsinə verilən Mozer sistemini xatırladır. Ancaq bunların arasında kəskin fərq vardır, ikinci isə bu sistem respublikamız şəraitində özünü doğrultmadığı halda, onun müsbət nəticələri haqqında bu sistemi koordinasiya edən ümumittifaq mərkəzə hesabat verildi. Budur saxtakarlıq. Həmin sistemə aid eksperimentlər aparılmadığı halda onun müsbət nəticələri haqqında hesabat yazılırdı. Bu və üzümçülükdəki o vaxtlar buna bənzər işləri təhlil edən ulu öndər Heydər Əliyev deyirdi ki, Azərbaycanda üzümçülük sahəsində elm təsərrüfatdan geri qalır.
Yuxarıda qeyd edildiyi kimi, həmin təcrübələri respublikamızın müxtəlif regionlarında müxtəlif sortlar üzərində aparmışıq və hazırda aqronomluq fakültəsinin həyətində bu təcrübə davam etdirilməkdədir. Müəyyən edilmişdir ki, bu məsələ diferensiallıq təşkil edir, yəni müxtəlif torpaq-iqlim şəraitində və müxtəlif üzüm sortlarında eyni nəticəni vermir. Bu qəbildən olan məsələlər üzümçülük üzrə fəaliyyət göstərən elmi müəssisələrin işidir. Bu sistem də digər təsərrüfat və başqa ölkələr üçün innovativ xarakterlidir.
Başqa qida məhsullarında olduğu kimi, üzümçülükdə və şərabçılıqda da ekoloji təmiz məhsul istehsalı hazırda dünyanı düşündürən məsələlərdəndir. Nəzəri cəhətdən üzümçülükdə və şərabçılıqda ekoloji təmiz məhsul istehsal etmək mümkündür. Burada ilk növbədə elə sortlar əkilməlidir ki, onların xəstəliklərinə qarşı dərman preparatlarının verilməsinə ehtiyac qalmasın. Az da olsa belə sortlar vardır, ancaq onların dad keyfiyyəti klassik şərab sortlarından geri qalır. Bu barədə seleksiyaçılar ciddi fikirləşib xəstəliklərə qarşı immun sortlar yaratmalıdırlar.
Qida məqsədilə üzümlükdə mümkün qədər mineral gübrələrdən yox, üzvi və biogübrələrdən istifadə edilməlidir. Xəstəliklərin azalmasını və yox olmasını təmin edən aqrotexniki tədbirlər həyata keçirilməlidir.
Hazırda respublikamızda bu yöndə iş aparılmır. Zamanın tələbindən irəli gələn bu məsələ bizim respublikada da həllini tapacaq. Düzdür, İsmayıllı rayonunda Azz-Aqro təşkilatı (rəhbəri Zöhrab Aslanovdur) bu məqsədlə yeni üzümlük salır. İnanıram ki, gələcəkdə həmin üzümlükdə ekoloji təmiz məhsul üzrə tədqiqatlarımızı davam etdirəcək, məqsədimizə nail olacağıq.
Azərbaycan üzümçülüyünün əvvəlki şöhrətini özünə qaytarmaq üçün aidiyyatı dövlət qurumları, elm tədqiqat müəssisələri və fermerlər birlikdə çalışmalı, hər kəs üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, innovativ texnologiyaların tətbiqini sürətləndirməliyik.
Famil ŞƏRİFOV,
ADAU-nun meyvə-tərəvəzçilik
və
üzümçülük
kafedrasının müdiri,
respublikanın əməkdar müəllimi,
professor
Xalq qəzeti.- 2012.- 18 noyabr.- S. 5.