Gələn ilin
dövlət büdcəsi də sosial və
investisiyayönümlüdür
Bu ilin ötən
dövründə Azərbaycan iqtisadiyyatında artım meyilləri
davam etmişdir. İqtisadi fəallığın hökumət
tərəfindən dəstəklənməsi iqtisadiyyatın
inkişaf dinamikasına müsbət təsir göstərmiş,
xaricdən gələn müəyyən inflyasiya meyillərinə
baxmayaraq, makroiqtisadi sabitlik qorunmuşdur. Eyni zamanda yüksək
iqtisadi inkişaf meyilləri respublikanın maliyyə
resurslarının kəskin artımına, iqtisadiyyatın
qeyri-neft sektoruna böyük həcmdə investisiyaların
yatırılmasına imkan vermişdir.
Mütəxəssislərin fikrincə, növbəti ildə də respublikamız bütün sahələr üzrə dinamik inkişaf edəcəkdir. Ölkə iqtisadiyyatında mühüm maliyyə təminatı rolunu oynayan dövlət və icmal büdcələrdə risklərin qarşısının alınması, onların potensial gəlirlərinin neft amilindən asılılığının azaldılması, qeyri-neft sektorundan daxilolmaların artırılması istiqamətində səmərəli tədbirlərin görülməsi 2013-cü ildə qarşıda duran vəzifələrdəndir. Bundan başqa, dövlət büdcəsi gəlirlərinin yığım əmsalının artırılması, mülkiyyət vergilərinin dərəcələrinin optimallaşdırılması, müxtəlif vergi növləri üzrə vergi bazasının genişləndirilməsi, vergidən yayınmaların qarşısının alınması istiqamətində işlər növbəti illərdə də davam etdiriləcəkdir.
2013-cü ildə dövlət büdcəsinin xərcləri dövlətin orta və uzunmüddətli prioritetlərini özündə birləşdirən iqtisadi xəttin həyata keçirilməsinə, sosial-iqtisadi inkişaf sürətinin qorunub saxlanılmasına, iqtisadiyyatın tənzimlənməsinə və stimullaşdırılmasına, milli maraqların beynəlxalq miqyasda təmin edilməsinə, qeyri-neft sektorunun və sahibkarlığın inkişafına, istehsal və sosial infrastrukturun müasir tələblər səviyyəsində qurulmasına, xalqın rifah halının daha da yaxşılaşdırılmasına maliyyə təminatı yaradacaqdır.
2013-cü ildə əsas məqsədlərdən biri kimi dünya bazarlarında rəqabətə davamlı, ölkənin daxili tələbatında xüsusi əhəmiyyət kəsb edən məhsulların istehsalının genişləndirilməsi üçün maliyyə təminatı yaratmaq, iqtisadiyyata cəlb olunacaq sərmayənin strukturunda daxili resursların payını artırmaq, dövlət sifarişli layihələrin maliyyələşdirilməsinə üstünlük vermək, dövlət büdcəsinin vəsaiti və digər maliyyələşmə mənbələri hesabına turizmin inkişafını stimullaşdırmaq, ekoloji tədbirləri davam etdirmək, alternativ və bərpa olunan enerji mənbələrini yaratmaq prioritetlər sırasındadır.
Milli Məclisdə 2013-cü ilin dövlət büdcəsinin layihəsinin müzakirəsində həmçinin bildirilmişdir ki, gələn ilin dövlət büdcəsi 2013-cü ildə ölkənin iqtisadi gücünün artması, əhalinin həyat səviyyəsinin daha da yüksəlməsi istiqamətində mühüm mərhələ olacaqdır. Bir neçə ildir ki, qlobal dünya böhranı bir çox ölkələrin iqtisadiyyatına, sosial şəraitinə ciddi zərbələr vurmuşdur. Dünya iqtisadiyyatının inkişaf sürəti xeyli aşağı düşmüş, böhrana düçar olmuş ölkələr ağır problemlər, sosial gərginliklərlə üzləşmişlər. Ən nüfuzlu beynəlxalq təşkilatların, inkişaf etmiş dövlətlərin başçılarının iştirakı ilə dəfələrlə aparılan müzakirələr, antiböhran tədbirləri hələ də lazımi səmərə verməmişdir. Dünya böhranı onu da təsdiqləmişdir ki, inkişaf səviyyələrinə, siyasi sistemlərinə, tarixi şəraitinə və s. spesifik amillərə görə bir-birindən xeyli fərqlənən ölkələr üçün vahid oyun qaydaları səmərə vermir, böhrandan daha çox azad bazar münasibətlərini tam fetişləşdirən, dövlətin rolunu minimuma endirən, real sektoru arxa plana atan ölkələr əziyyət çəkirlər. Azərbaycan isə dünya böhranından ən az itki ilə çıxan ölkə kimi tanınmışdır. Bunun da əsas səbəbi odur ki, dövlət başçısı İlham Əliyev Azərbaycan iqtisadiyyatını qlobal maliyyə böhranının dağıdıcı zərbələrindən qorumaq üçün düşünülmüş, milli maraqlara cavab verən strategiya müəyyənləşdirmiş və hökumət qabaqlayıcı tədbirlər görmüşdür.
Belə bir uğurlu siyasətin nəticəsidir ki, dünyanın əksər ölkələrindən fərqli olaraq Azərbaycanın iqtisadi inkişaf səviyyəsi yüksəlir, ölkəmizin iqtisadi potensialı güclənir, maliyyə imkanları artır. Son illər Azərbaycan bütövlükdə iqtisadiyyatın inkişaf səviyyəsini səciyyələndirən mühüm göstəricinin - ÜDM-in artım sürətinə görə lider ölkələr sırasındadır. Gələn il ÜDM-in həcmi 56 milyard manat təşkil edəcəkdir ki, bu da 2003-cü ilə nisbətən 8 dəfə çoxdur (2012-ci illə müqayisədə artım 4,7 milyard manat və ya 5,3 faiz təşkil edəcəkdir).
1990-2000-ci illərdə respublikada ümumi daxili məhsulun orta illik aşağı düşmə sürəti 6,1 faiz təşkil etmişdir ki, bu da bilavasitə müstəqilliyin ilk illərində ölkə iqtisadiyyatının böhran vəziyyətində olması ilə əlaqədar idi. 2000-2008-ci illərdə Azərbaycanda ÜDM-in orta illik artım sürəti 18,1 faizə bərabər olmuşdur ki, bu da nəinki MDB məkanında, eləcə də dünyada ən yüksək göstərici kimi qiymətləndirilmişdir.
Müzakirələrdə bildirilmişdir ki, 2013-cü il üçün dövlət büdcəsinin layihəsi "Büdcə sistemi haqqında" qanuna müvafiq olaraq əsas makroiqtisadi proqnoz göstəriciləri, mövcud sosial-iqtisadi vəziyyət və ortamüddətli inkişafa təsir göstərən daxili və xarici amillər, o cümlədən 2012-ci ilin ötən 8 ayı ərzində Azərbaycan iqtisadiyyatının inkişafının əsas meyilləri və nəticələri qiymətləndirilməklə tərtib edilmişdir. Cari ilin səkkiz ayı ərzində dövlət büdcəsinin gəlirləri 100,6 faiz (10 milyard 991 milyon manat) təmin edilmişdir. Dövlət büdcəsinin xərcləri isə 87,9 faiz (9 milyard 724 milyon manat) icra olunmuşdur. Bu ilin sonuna dövlət büdcəsinin xərclərinin 98 faiz icra olunacağı gözlənilir.
Vurğulanmışdır ki, büdcə layihəsinin tərtibi zamanı qeyd olunan amillərlə yanaşı, İqtisadi İnkişaf Nazirliyinin hazırladığı respublikanın iqtisadi və sosial inkişaf konsepsiyasına və əsas makroiqtisadi proqnoz göstəricilərinə əsasən, 2013-cü ildə ölkə üzrə real iqtisadi artım 5,3 faiz, qeyri-neft sektoru üzrə ümumi daxili məhsulun 11,7 faiz artımı proqnozlaşdırılır ki, bu da növbəti ildə qeyri-neft sektorunun inkişafının yüksələn xətlə davam edəcəyi deməkdir. Dövlət büdcəsinin gəlirlərinin əhəmiyyətli hissəsini təşkil edən neft gəlirlərinin hesablanmasında bir barel neftin satış qiyməti 100 ABŞ dolları səviyyəsində qəbul edilmişdir.
Müzakirələrdə xatırladılmışdır ki, 2013-cü il dövlət büdcəsinin gəlirləri ÜDM-in 34,2 faizini təşkil etməklə, 19 milyard 154 milyon manat proqnozlaşdırılır ki, bu da 2012-ci illə müqayisədə 2 milyard 116 milyon manat və ya 12,4 faiz, 2011-ci ilin faktiki icrasına nisbətən 3 milyard 453,3 milyon manat və ya 22 faiz çoxdur. 2013-cü il dövlət büdcəsinin gəlirlərinin 11 milyard 350 milyon manatını Dövlət Neft Fondundan transfertlər, 6 milyard 400 milyard manatını Vergilər Nazirliyinin, 1 milyard 380 milyon manatını Gömrük Komitəsinin xətti ilə, 0,1 faizini isə digər daxilolmalar təşkil edəcəkdir.
2013-cü il dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 35,3 faizini təşkil etməklə, 19 milyard 810 milyon manat proqnozlaşdırılmışdır. Bu, 2012-ci illə müqayisədə 12,1 faiz, 2011-ci ilin faktiki icrasına nisbətən isə 28,7 faiz çoxdur. Xərclərin 50,3 faizi cari, 45,8 faizi əsaslı xərclərə, 3,9 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcəkdir. Sosialyönümlü xərclərin büdcədəki xüsusi çəkisi 25,4 faiz təşkil edir. Ünvanlı dövlət sosial yardımının təyin olunması üçün istifadə olunan ehtiyac meyarının həddinin və ya əhalinin əsas sosial demoqrafik qrupları üzrə yaşayış minimumunun artımı da 2013-cü ildə dövlət büdcəsində öz əksini tapmışdır. Gələn il üçün sosial ipotekanın da məbləği artırılaraq 40 milyon manata çatdırılmışdır.
Bildirilmişdir ki, gələn ildə elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, bədən tərbiyəsi xərcləri də artırılacaqdır. Bu sahələrin xərcləri üçün 4 milyard 427,4 milyon manat vəsait nəzərdə tutulmuşdur. Bu, 2012-ci illə müqayisədə 2,1 faiz, 2011-ci ilin faktiki icrası ilə müqayisədə isə 24,5 faiz çoxdur. Bu sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisinin 22,3 faiz təşkil edəcəyi gözlənilir.
Dövlət Neft Fondundan ayırmaların həcmi də artırılacaqdır. 2013-cü ildə fondun xərclərinin 11,35 milyard manatı transfert qismində ölkənin dövlət büdcəsinə ayrılacaqdır. Fond qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması və onların yerləşdirilməsi üzrə tədbirlərin maliyyələşdirilməsinə 300 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin yekunlaşdırılmasına 107,4 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 138 milyon manat, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının icrasına 34 milyon manat ayıracaqdır.
Hazırda dünyanın aparıcı iqtisadiyyatlarında artım templərinin zəifləməsi, yüksək işsizlik səviyyəsi, borc probleminin əhatəsinin genişlənməsi və kəskinləşməsi, milli iqtisadiyyatlar üçün xarici iqtisadi mühitin pisləşməsi, qlobal maliyyə bazarlarında risklərin əhəmiyyətli dərəcədə artması kimi problemlər mövcuddur. Dünya iqtisadiyyatında qeyd olunan problemlərə baxmayaraq, Azərbaycanın dayanıqlı iqtisadi inkişafı davam etmiş, əldə olunmuş nailiyyətlər nüfuzlu beynəlxalq iqtisadi qurumlar tərəfindən yüksək qiymətləndirilmişdir. Standart and Poors, Fitch, Moody's kimi beynəlxalq reytinq agentlikləri tərəfindən regionda investisiya reytinqi verilmiş ilk və yeganə ölkə Azərbaycandır. Qlobal Rəqabət Qabiliyyətlilik İndeksinə əsasən, Azərbaycan artıq 3 ildir ki, MDB ölkələri arasında birinciliyini qoruyub saxlamış, cari ildə dünya ölkələri arasında isə 55-ci yerdən 46-cı yerə yüksəlmişdir.
Azərbaycanda müsbət iqtisadi artım tempi, inflyasiyanın idarəolunan səviyyəsi, manatın məzənnəsinin sabitliyi, xarici borclanmaya konservativ yanaşma, büdcə kəsirinin və onun ÜDM-ə nisbətinin minimal həcmi, tədiyyə balansında gözlənilən əhəmiyyətli müsbət saldo, strateji valyuta ehtiyatlarının həcmi və dinamikası, əhalinin həyat səviyyəsi göstəricilərinə dair proqnozlar onu göstərir ki, belə mürəkkəb qlobal iqtisadi mühitdə iqtisadiyyatımızın ortamüddətli dövrdə də makroiqtisadi sabitliyi davam edəcəkdir.
Proqnozlara əsasən, 2013-2016-cı illər ərzində əhalinin gəlirlərinin orta hesabla illik 6,6 faiz artımı, eyni zamanda əsas kapitala qoyulan böyük həcmli investisiyalar və ixrac ÜDM-in tələb komponentlərinin iqtisadi artıma müsbət töhfəsini təmin edəcəkdir.
Dövlət başçısının respublikada ərzaq təhlükəsizliyini davamlı olaraq gücləndirmək məqsədilə ölkə ərazisində iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması barədə verdiyi tapşırıqların icrasını təmin etmək üçün Ağcabədi və Beyləqan rayonlarının ərazilərində 4800 hektar qış otlaq sahələrində Özəl Pilot Taxılçılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulmuşdur. Güzəştli kreditlər hesabına aqrar sektor üzrə müasir texnologiyalara əsaslanan layihələrin maliyyələşdirilməsi ilə istifadəyə verilmiş və tikintisi davam etdirilən müəssisələr hesabına kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və saxlanması imkanları daha da artacaqdır.
Ölkədə turizm infrastrukturunun inkişaf etdirilməsi və turizm xidmətlərinin daha da genişlənməsi, regionlarda və Bakıda yeni müasir standartlara cavab verən mehmanxanaların, Şahdağ Qış-Yay Turizm Kompleksinin istifadəyə verilməsi və tarixi abidələrin bərpası kimi tədbirlərin davam etdirilməsi nəticəsində turizm sektorunda 2013-2016-cı illər ərzində orta hesabla 21,9 faiz artım gözlənilir.
Sosial və digər xidmətlərdə 2013-cü ildə 8,6 faiz, növbəti 3 ildə orta illik 5,3 faiz artım, ticarətdə 2013-cü ildə 13 faiz, növbəti üç ildə isə 9,3 faiz orta illik artım proqnozlaşdırılır. Qeyri-neft ÜDM-in dinamik artımı qeyri-neft ixracının da artmasına müsbət təsir edəcəkdir. Belə ki, qeyri-neft ixracı 2013-cü ildə 19,9 faiz, sonrakı 3 ildə orta hesabla 19.1 faiz artacaqdır. 2013-cü ildə investisiya yatırımlarının 17,3 faiz artaraq 18 milyard manat, növbəti 3 ildə isə 53,8 milyard manat olacağı, o cümlədən xarici investisiyaların gələn il 5,2 milyard manat olmaqla növbəti 3 ildə 16,2 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. Gələn il neft sektoruna 5,5 milyard, qeyri-neft sektoruna isə 12,5 milyard manat investisiya yatırılacağı gözlənilir. Bütövlükdə, 2013-2016-cı illər ərzində Dövlət İnvestisiya Proqramı çərçivəsində ölkə iqtisadiyyatına 32,7 milyard manat vəsait qoyulacağı proqnozlaşdırılır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2012.- 18 noyabr.- S. 2.