Bakı Uşaq
Teatrı fəaliyyətini genişləndirir
Son illər
uşaqların mənəvi dünyasının zənginləşməsi,onların
təlim-tərbiyəsinin düzgün istiqamətləndirilməsi
üçün mühüm tədbirlər həyata
keçirilir. Belə ki,uşaqlar üçün yeni
tamaşa müəssisələri yaradılır, köhnələr
təmir olunub yenidən istifadəyə verilir, uşaqlar
üçün filmlər çəkilir və s.
2001-ci ildən "Körpəm" eksperimental uşaq teatrının bazasında yaradılan Bakı Uşaq Teatrı son vaxtlar fəaliyyətini xeyli fəallaşdırmışdır. 2002-ci ildən bu teatra İntiqam Soltan rəhbərlik edir.Onun bildirdiyinə görə bu teatr Cənubi Qafqazda yeganə peşəkar uşaq teatrıdır. Teatrda 70 nəfərə yaxın peşəkar aktyor çalışır. Son illər bizim teatr bir çox beynəlxalq festivallarda uğurla çıxış etmişdir. Belə ki, kollektivimiz 2010-cu ildə Ankarada keçirilmiş " IV ETHOS" Ankara Beynəlxalq Teatr Festivalında O'Henrinin "Allahın bəlası" tamaşası ilə iştirak edib. Həmin il teatrımız "Əyləncəli oyunlar" və "Allahın bəlası" tamaşaları ilə İstanbul Böyükşəhər Bələdiyyəsinin keçirdiyi 26-cı Çocuk Şənliyinin iştirakçısı olub. Sonra isə kollektivimiz mayın 28-də - Respublika Günü münasibətilə Türkiyənin Ərzurum şəhərində keçirilən festivalda "Vətən" tamaşası ilə çox uğurlu çıxış edib. 2011-ci ilin 21-31 may tarixlərində Bakı Uşaq Teatrı yenidən Ərzurumda keçirilən Beynəlxalq Teatr festivalına bu dəfə "Turp" xalq nağılının motivləri əsasında hazırlanmış "Gücümüz birliyimizdədir" tamaşası ilə qatılıb.
" Biz teatrda yeni eksperimentlər edir, usaqları maraqlandıracaq formalar axtarırıq. 2011-ci ildə Azərbaycanda ilk dəfə olaraq bizim teatrda teatrdaxili "Hər aktyor bir tamaşa" adlı monotamaşalar festivalı keçirdik. Məqsəd aktyorların peşə vərdişlərinin, fərdi ustalıqlarının və potensial imkanlarının daha da inkişaf etməsinə zəmin yaratmaq idi".
" Teatr daha hansı festivallara qatılıb" sualımıza cavab olaraq İntiqam müəllim dedi ki, teatrımız 2011-ci il noyabrın 17-dən 21-ə qədər Türkiyənin Sinop şəhərində keçirilən II Gerze Beynəlxalq teatr festivalına qatılıb. Elə həmin il noyabrın 24-də BUT Azərbaycan Teatr Xadimləri İttifaqının təşkil etdiyi "2+1" teatr festivalında iştirak edib və diplomlarla təltif olunub.
Bu il də islərimiz cox olub. May ayında Türkiyənin Sinop şəhərində IV Uluslararası teatr festivalında iki tamaşa ilə çox uğurla çıxış etdik. "Heykəl", "Üç ayı balası" tamaşaları böyük maraq doğurdu.
İyul ayında isə Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən rusdilli uşaqlardan ibarət "Günay" teatr studiyası Polşanın Kelçe şəhərində keçirilən "Avropanın istedadları" müsabiqəsində "Müsyö Jordan və dərviş Məstəli şah" tamaşası ilə iştirak etmiş və bürünc medala layiq görülmüşdür.
"Biz xüsusi qayğıya ehtiyacı olan uşaqları da unutmuruq. Hələ 2009 -cu ilin noyabrında Bakı Uşaq Teatrının nəzdində Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının dəstəyilə xüsusi qayğıya ehtiyacı olan uşaqlardan ibarət studiya yaradılıb. Studiya respublikamızda keçirilən əlilliyi olan uşaq və gənclərin inteqrativ tamaşalarının 4-cü milli festivalında, Moskvada keçirilən sağlamlığı məhdud olan şəxslər üçün gənclərin 2-ci beynəlxalq yaradıcılıq festivalında uğurla çıxış edib və diplomlarla təltif olunub."
Müsahibim onu da bildirdi ki, 2010-cu ildə Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun dəstəyi ilə Bakı Uşaq Teatrının aktyorlarının iştirakı ilə "Azərbaycan dastanları" audiokitablarının hazırlanması və yayılması layihəsi həyata keçirilib. Layihə çərçivəsində Azərbaycan Prezidentinin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi " haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamı əsasında nəşr olunmuş "Azərbaycan dastanları" (5 cilddə) kitablarının audiokitab variantı hazırlanıb. 2010-cu ilin martında hazır olan audiokitab müxtəlif kitabxanalara və təhsil müəssisələrinə paylanıb.
Bakı Uşaq Teatrının kollektivi hazırda BUTA humanitar uşaq fondunun dəstəyi ilə "Audionağıllar" layihəsi üzərində işləyir. Layihə çərçivəsində 30 Azərbaycan nağılının audiotamaşa formatında səsləndirilməsi nəzərdə tutulur.
Teatr Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sifarişi ilə Arzu Soltanın qələmə aldığı "Həyatla oyun" tamaşası ilə bu il Lənkəran şəhərində mövsümün ilk tamaşasını oynamışdır. Hər iki təşkilatın rəhbərliyi ilə qastrola çıxan teatr Lənkəran, Masallı, Gəncə,Yevlax ,Quba, Qusar, Şabran, Xaçmaz, Xızı şəhərlərində bu tamaşa ilə teatrsevərlər qarşısında çıxış etmişdir.
İntiqam Soltanın bildirdiyinə görə o, bu günlərdə Türkiyədən yaradıcılıq ezamiyyətindən qayıtmışdır. O, Türkiyə EKsanat Teatrının rəsmi dəvəti ilə teatrın aktyorlarına "ustad dərsləri" keçmək və yaxın gələcəkdə Türkiyənin EKsanat və Bakı Uşaq Teatrının birgə planlaşdırdıqları çox maraqlı bir layihənin ilkin mərhələsinin reallaşması məqsədilə getmişdir. İntiqam Soltanın dediyinə görə, layihənin birinci (hazırlıq) mərhələsi çox uğurla başa çatmışdır. Layihənin ikinci mərhələsinin noyabrın sonunda Bakıda gerçəkləşməsi gözlənilir. EKsanat Teatr Mərkəzinin və Bakı Uşaq Teatrının aktyorları bir araya gələrək Bakıda çıxış edəcəklər. 3 dekabr "Əlillər Günü"ndə isə hər iki ölkənin aktyorları fiziki cəhətdən qüsurlu olan uşaqların qonağı olacaqlar.
Bu birgə hazırlanmış tamaşanın Tatarıstan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və s. türk ölkələrində nümayişi nəzərdə tutulur.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2012.- 20 noyabr.- S. 6.