Yardımlıda "Millətin Vəlisi" filminin təqdimatı olmuşdur

 

Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, 1991-ci il noyabrın 20-də Qarakənd səmasında vertolyot qəzasında həlak olmuş Vəli Məmmədovun xatirəsinə həsr edilmiş "Millətin Vəlisi" sənədli filminin Yardımlı rayonunda təqdimat mərasimi keçirilmişdir.

 

Əvvəlcə tədbir iştirakçıları V.Məmmədovun adını daşıyan küçədə onun xatirə lövhəsinin önünə gül dəstələri qoydular. Sonra tədbir Nizami adına mədəniyyət evində davam etdirildi. Azərbaycanın ərazi bütövlüyü uğrunda mücadilədə canlarından keçmiş bütün şəhidlərin xatirəsi sükutla yad olundu.

Mərasimi açan "Yardımlı"Xeyriyyə Cəmiyyətinin sədri, filmin çəkilişinin təşəbbüskarı Elman Eldaroğlu Vəli Məmmədovun həyat yolundan, nəsillərə nümunə fəaliyyətindən söhbət açdı və film üzərində müəlliflərin yaradıcılıq işindən danışdı.

Sonra Hafiz İmamnəzərlinin ssenari müəllifi, Etibar Hikmətin operatoru olduğu "Millətin Vəlisi" filmi nümayuiş etdirildi. Nadir sənədli xronika kadrları, qəhrəmanın silahdaşlarının və dostlarının xatirələri əsasında lentə alınmış filmin süjet xətti və ayrı-ayrı maraqlı fraqmentləri unudulmaz insanın alim, ziyalı, dövlət adamı və nurlu bir şəxsiyyət kimi xarakterinin açılmasına layiqincə xidmət etmişdir.

Filmi izlədikcə seyrçilər Vəli Məmmədovun həyat yoldaşı Xalidə Əlizadənin, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının, yazıçı Yasif Nəsirlinin, professor Yusif Seyidovun, jurnalist Nadejda İsmayılovanın, Milli Məclisin deputatı Fəzail İbrahimlinin və başqalarının çıxışları vasitəsilə qəhrəmanın portret cizgilərinin necə yerli-yerində tamamlandığının, onun nikbin ruhlu, milli məfkurə daşıyıcısı, saflıq mücəssəməsi olan bir insan kimi rəğbət qazandığının bir daha şahidi oldular.

Sənədli film sona yetdikdən sonra Yardımlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Xamiyev Vətən, millət yolunda ömrünü şam kimi yandıranların heç vaxt unudulmadıqlarını bildirdi, maraqlı təqdimata görə xeyriyyə cəmiyyətinə və filmin yaradıcı heyətinə rayon rəhbərliyinin təşəkkürünü çatdırdı. O, məhz belə filmlərin gənclərin vətənpərvərlik tərbiyəsində böyük rol oynadığını söylədi. Vəli Məmmədovun bacısı Rita Məmmədova və oğlu Azər Məmmədov qədirbilənlik örnəyinə görə ailə adından hər kəsə səmimi minnətdarlıq duyğularını dilə gətirdilər.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2012.- 20 noyabr.- S. 6.