Azərbaycan yeni
ünvan sisteminə keçir
Bu gün ölkə
vətəndaşlarının, dövlət təşkilatlarının,
eləcə də biznes qurumlarının gündəlik fəaliyyətində
mühüm önəm daşıyan məsələlərdən
biri də ünvanların dəqiq müəyyən edilməsidir.
Eyni zamanda, yeni ünvanvermə qaydalarının tətbiqi,
şəhər və rayonlarda küçə və prospektlərə
estetik və memarlıq baxımdan müasir ünvan lövhələrinin
vurulması məsələsi əhəmiyyətlidir.
Ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə bir sıra tapşırıq və tövsiyələr verilmiş, müvafiq qərarlar qəbul edilmişdir. Xatırladaq ki, dövlət başçısı 10 fevral 2012-ci il tarixdə Azərbaycan Prezidentinin 2008-ci il 27 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi qaydalarında dəyişikliklər edilməsi barədə fərman imzalamışdır. Fərmanın icrası ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkəmizdə mövcud olan ünvan sistemi hərtərəfli təhlil edilmiş, beynəlxalq layihələr çərçivəsində xarici ölkələrin qabaqcıl ünvan təcrübələri öyrənilmişdir. Azərbaycanda ünvanvermə işinin mövcud vəziyyətinin təhlili, habelə beynəlxalq təcrübənin öyrənilməsi nəticəsində sürətli inkişaf mərhələsini yaşayan respublikamızda müasir Avropa ölkələrinin təcrübəsi də nəzərə alınmaqla ünvanvermə qaydalarında yeni yanaşmaların tətbiqi məqsədəuyğun sayılmışdır. Yeni qaydalar Avropa Şurasının Avropada Ünvan Məlumatları İnfrastrukturu və Avropa Məkan Məlumatları İnfrastrukturuna dair tövsiyə və direktivlərinə əsaslanır ki, əksər ölkələr bu sistemə keçməkdədirlər.
Əmlak Məsələləri Dövlət Komitəsi və Norveç Kadastr Təşkilatı tərəfindən Norveç Hökumətinin ayırdığı qrant hesabına Yeni Ünvan Reyestri İnformasiya Sisteminin texniki spesifikasiyalarını hazırlamaq üçün beynəlxalq məsləhətçi cəlb edilmişdir. Ən müasir yanaşma və tələblər əsasında sistemin texniki əsaslandırılması və standart tələbləri hazırlanmışdır. Bu əsasda bilavasitə sistemin hazırlanması məqsədilə təcrübəli şirkətin seçilməsi üçün açıq tender keçirilmiş və tenderdə Cənubi Koreyanın "SK C&C" şirkəti qalib olmuşdur. Xatırladaq ki, sistemin hazırlanması işləri başa çatdırılmaq üzrədir və 2013-cü ildən istifadəyə veriləcəkdir.
Artıq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən küçə və prospektlərə vurulacaq ünvan lövhələrinin dizaynı hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilmişdir. Bu məsələnin həllində şəhərlərimizin memarlıq üslub və ənənələrinə xüsusi fikir verilmiş, eyni zamanda, müasir dizayn diqqət mərkəzində saxlanılmışdır. Həmin nümunələrin təsdiqindən sonra müasir dizaynlı lövhələrin yaxın zamanlarda Cənubi Koreyada istehsalına və respublikaya gətirilməsinə başlanılacaqdır. Mütəxəssislərin fikrincə, ünvan lövhələri keyfiyyətinə və davamlılığına görə Avropa ölkələrindəki ünvan nişanlarından geri qalmayacaq, bəzi xüsusiyyətlərinə görə isə hətta onları üstələyəcəkdir.
Yeni ünvanvermə işləri, müasir dizaynlı ünvan lövhələrinin istehsalı və quraşdırılması dövlət orqanlarının, o cümlədən qeydiyyat, təcili yardım, poçt, yanğından mühafizə, tikinti və şəhərsalma, nəqliyyat və digər bu kimi fəaliyyət sahələrində qərar qəbulunun və işlərin asanlaşdırılmasına gətirib çıxaracaqdır.
Ünvanların yeni qaydada müəyyənləşdirilməsi, ünvanvermə sahəsində elektron, o cümlədən internet əsaslı xidmətlərin tətbiqi ölkəmizdə əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan mühüm tədbirlərdəndir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2012.- 20 noyabr.- S. 5.