Yeni Azərbaycan Partiyası təkcə
ölkəmizin deyil, həm də Cənubi
Qafqazın ən mütəşəkkil və güclü siyasi təşkilatıdır
Yarandıqdan bu günə
qədər partiyamız çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Bu gün sıralarımızda 600 minə
yaxın üzv vardır.
Partiyamızın xarici əlaqələri
çox genişdir və
bu əlaqələr gündən-günə
genişlənir. Ölkə daxilində mövqelər çox möhkəmdir. Partiyamız demək olar ki, cəmiyyətimizin
bütün təbəqələrini, bütün yaş
qruplarını birləşdirir. Yeni Azərbaycan
Partiyası, sözün əsl mənasında,
ümumxalq partiyasıdır. Əminəm
ki, növbəti illərdə də
partiyamız liderlik qabiliyyətini
özündə saxlayacaqdır. Bu gün partiyamız Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bu gün hər bir azərbaycanlı
fəxr edir ki, onun ölkəsi - "Odlar yurdu" Azərbaycan
bir sıra məsələlərdə region dövlətlərinə
nümunədir. Hər bir azərbaycanlı yaxşı bilir
ki, respublikamızın əldə etdiyi möhtəşəm
nailiyyətlər ulu öndər Heydər Əliyevin həyata
keçirdiyi məqsədyönlü daxili və xarici siyasətin
bu günün reallıqlarına uyğun yeni meyarlarla zənginləşdirilməsi
sayəsində əldə edilmişdir. Biz onu da bilirik ki,
dünayaya Azərbaycan modeli təqdim edən
respublikamızın 21 illik müstəqillik tarixinin 20 ili məhz
Yeni Azərbaycan Partiyası ilə bağlıdır.
Birmənalı
şəkildə deyə bilərik ki, 1992-ci il noyabrın 21-də
yaradılan Yeni Azərbaycan Partiyası zamanın
çağırışlarına cavab vermək məqsədiylə,
ölkədəki və regiondakı ictimai-siyasi proseslərin
əks-sədası olaraq, ən başlıcası isə
xalqın arzu və istəklərinin
reallaşdırılması üçün siyasət
meydanında böyük nüfuz qazanmışdır.
YAP-ın yaradılması ilk öncə zamanın tələbi
idi. Hər birimiz yaxşı xatırlayırıq ki, Azərbaycan
Respublikası müstəqillik əldə etdikdən sonra
böyük sınaqlarla qarşı-qarşıya
qalmışdı. Həmin dövrdə hakimiyyətdə
olan xalqdan uzaq düşmüş bacarıqsız insanlar
müstəqilliyi qoruyub saxlamaq iqtidarında deyildilər.
Bununla bərabər, Rusiyadakı bəzi dairələrdən
dəstək alan Ermənistan Respublikası təcavüzkar hərəkətlərini
davam etdirir, Azərbaycan torpaqlarını işğal edirdi. Cəbhədəki
hərbi uğursuzluqlar cəmiyyətdə kəskin etirazlara
səbəb olur, qaçqın və məcburi
köçkünlərin sayının durmadan artması
yeni-yeni problemlərin ortaya çıxmasına rəvac
verirdi. 1992-ci ilin mayında Şuşa və
Laçının işğala məruz qalması ölkədə
iqtidar dəyişikliyinə gətirib çıxardı.
"Qarabağ kartı" ilə hakimiyyətə gələnlər
isə ölkəni daha da bərbad vəziyyətə
saldılar. Təcrübəsizlik, səriştəsizlik və
xəyanət AXC-Müsavat iqtidarının da sonunu tezləşdirirdi.
Ölkədə xaos, anarxiya, hərki-hərkilik hökm
sürür, xarici maraqlı dairələrin daxildəki xəyanətkarlarla
işbirliyi nəticəsində
dağıdıcı-separatçılıq hərəkətləri
təhlükəli həddə çatırdı.
Bütün bunlarla yanaşı, sosial-iqtisadi vəziyyətin
günbəgün ağırlaşması nəticəsində
insanların gələcəyə inamı tükənmişdi.
Ölkədə un və ərzaq
çatışmazlığı əhalinin aclıq təhlükəsi
ilə üzbəüz qalmasına səbəb olurdu. Məhz
belə bir şəraitdə - 1992-ci ilin oktyabrında cəmiyyətimizin
parlaq simaları, ziyalılar, ictimaiyyət arasında
böyük hörmətə malik olan insanlar - 91-lər Yeni
Azərbaycan Partiyası kimi problemləri həll edəcək,
xalqa, millətə, dövlətə dəstək olacaq bir
siyasi qurumun yaradılması üçün o vaxt
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri
olan Heydər Əliyevə müraciət ünvanladılar.
Onlar bu müraciəti ünvanlayarkən inanırdılar ki,
Vətənini canı qədər sevən ulu öndər bu
çağrışa biganə qalmayacaq, çox ağır
vəziyyətə düşən Azərbaycanın fəlakətlərdən
xilası üçün cəhdlərini əsirgəməyəcək.
Ulu öndər Heydər Əliyevin müraciətə
cavabında Yeni Azərbaycan Partiyasının
yaradılması obyektiv zərurətdən doğan addım
kimi dəyərləndirildi, belə partiyanın Azərbaycanın
ictimai-siyasi həyatında fəal iştirak edərək
yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində
və inkişafında tarixi rol oynaya biləcəyi bildirildi:
"Azərbaycan Respublikasının dövlət müstəqilliyi
əldə etməsi tarixi hadisədir və şübhəsiz
ki, bütün Azərbaycan vətəndaşlarını hədsiz
dərəcədə sevindirir. Eyni zamanda, bu əlamətdar
hadisə müstəqil Azərbaycan dövləti, Azərbaycan
xalqı qarşısında çox məsul, mürəkkəb,
çətin vəzifələr qoyur. İndi əsas vəzifə
dövlətçiliyin, müstəqilliyin bərqərar
olunmasını, milli-demokratik dövlətin
formalaşmasını, müstəqil Azərbaycanın
suverenliyini, təhlükəsizliyini təmin etmək və vətəndaşlara
azad, xoşbəxt, firavan həyat şəraiti yaratmaqdan ibarətdir.
Bu xeyirxah və şərəfli işə hər bir vətənpərvər
öz layiqli töhfəsini verməlidir". Beləliklə,
1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan
Partiyasının təsis konfransı keçirildi. Bu məqamda
xatırlatmaq yerinə düşər ki, bu gün
özünü demokrat adlandıran, ancaq 20 il ərzində
demokratiyanın nə olduğunu anlamayan o vaxtkı iqtidar bu
demokratik prosesin paytaxtda baş tutmasına imkan vermədi, təsis
konfransının Bakıda keçirilməsinə şərait
yaratmadı. Bundan sonra Heydər Əliyev YAP-ın
yaradılması barədə müraciətə müsbət
cavab verəndən sonra - 1992-ci il oktyabrın 24-də
Naxçıvandakı AXC-Müsavat funksionerləri dövlət
çevrilişinə cəhd göstərdilər. Lakin bundan
xəbər tutan xalq Heydər Əliyevin müdafiəsində
dayandılar, dövlət çevrilişinə cəhd edənləri
tərkisilah etdilər. Bütün bunları isə
"demokratlar" özlərinin "demokrat" liderlərinin
göstərişinə əsasən edirdilər. Buna
baxmayaraq, partiyanın ideyaları, ulu öndərin
müdrikliyi, onun cəmiyyətdəki nüfuzu və rolu
bütün maneələri üstələdi. Qısa
müddət ərzində Yeni Azərbaycan Partiyası
ümumxalq partiyasına çevrildi.
Həmin
illərdə ölkəmizdə hadisələrin gözlənilən
gedişi vəziyyətin gərginləşməsi ilə nəticələndi.
"Gözlənilən" deyirik, çünki idarəçilik
səriştəsi olmayanların atdığı addımların
doğuracağı qarşıdurmalar, toqquşmalar gözlənilən
idi. 1993-cü ildə Gəncədə baş verən hadisələr
isə xalqın səbrini daşıran son damla oldu. Bundan
sonra xalq kütlələri Heydər Əliyevin Bakıya gəlməsini
və Azərbaycanı bu ağır vəziyyətdən
xilas etməsini təkidlə tələb edirdilər. Azərbaycan
cəmiyyəti dövlət başçısı vəzifəsində
qətiyyətli, cəsarətli, mətanətli və
heç bir təhlükədən çəkinməyən,
eyni zamanda siyasi prosesləri layiqincə qiymətləndirməyi
bacaran, dövlət idarəçiliyində təcrübəsi
olan bir insanı görmək istəyirdi. Bu insan Heydər Əliyev
idi. Həmişə xalq ilə bir yerdə olan ulu öndər
ictimaiyyətin səsinə səs verərək ikinci dəfə
siyasi hakimiyyətə qayıtdı. Xalq onu siyasi hakimiyyətə
dəvət etməklə milli dövlətçiliyimizə
qurtuluş, ölkə əhalisinə nicat, regiona sabitlik, Yeni
Azərbaycan Partiyasına isə möhtəşəm bir
nüfuz qazandırmış oldu. Ulu öndərin siyasi
hakimiyyətə qayıdışı ilə ölkədə
daxili sabitlik yarandı, xalqın dövlətə inamı bərpa
edildi, cəbhədə atəşkəsə nail olundu, yeni
neft strategiyasının icrası reallaşdı, gənc
müstəqil dövlətimizin beynəlxalq aləmə
inteqrasiyası sürətləndirildi, cəmiyyət həyatının
bütün sahələrində köklü islahatlara start
verildi. Bütün bu proseslərin fonunda Yeni Azərbaycan
Partiyası ümumxalq partiyasına çevrildi. Mühasirə
şəraitində yaşayan Naxçıvan Muxtar
Respublikasında yaradılan Yeni Azərbaycan Partiyası
qısa bir müddət ərzində yüz minlərin
partiyasına çevrildi.
Digər
bir məsələyə toxunaraq qeyd etmək istərdik ki, bəzi
ekspertlər belə düşünürlər ki, istənilən
ölkədə yaranmış siyasi partiyanın fəaliyyəti
ölkə daxilində reallaşdırılır və ancaq
bu məhdud məkanı əhatə edir. Ancaq zaman sübut
edir ki, həmin yanaşma kökündən
yanlışdır. Çünki partiya öz məramnaməsində
qarşıya qoyduğu vəzifələri
reallaşdırmaq üçün mütləq regionda və
dünyada gedən prosesləri nəzərə almalı,
reallıqlara əsaslanmalıdır. Fəxrlə deyə bilərik
ki, bu sahədə də Yeni Azərbaycan Partiyası
özünəməxsus nümunələr göstərmişdir.
Əvvəla, Yeni Azərbaycan Partiyasını yaratmaq
ideyasını ortaya atanlar ölkəmizdə və regiondakı
bir çox siyasi partiyalardan fərqli olaraq cəmiyyətin
qaymağı sayılan insanları öz ətrafında
toplamışdılar. Siyasi cəhətdən yetkin olmayan, məram
və məqsədi cəmiyyət tərəfindən qəbul
edilməyən, ictimai-siyasi mövqeyi bilinməyən
adamların formalaşdırdığı güc mərkəzlərindən
fərqli olaraq Yeni Azərbaycan Partiyasının məqsədi
aydın, məramı bəlli idi. Ona görə də bu
quruma tanınmış ziyalılar, siyasət, diplomatiya və
iqtisadiyyat sahəsində təcrübəsi olan, cəmiyyət
tərəfindən qəbul edilən insanlar üz tutmuşdular.
Yeni
Azərbaycan Partiyasının göstərdiyi nümunələrdən
biri də partiya sədrinin liderlik məharəti və siyasi
müdriklik səviyyəsi ilə bağlı idi. Bəzi
xırda partiyalardan fərqli olaraq YAP-ın qısa müddətdə
möhtəşəm qüdrətli bir siyasi gücə
çevrilməsinin əsas səbəbi onun liderinin
müdrikliyi idi. Kimsə ətrafına 50-100 adam toplayıb
özünü partiya sədri elan edirdisə, Heydər Əliyevə
xalqın ziyalı zümrəsi onu özünə lider
seçmək üçün müraciət etmiş, yeni
yaradılan partiyaya məhz onun sədrlik etməsini istəmişdi.
Bu, mühüm faktor idi. Çünki ziyalılar bilirdilər
ki, ölkənin və regionun həmin günlərində
Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələri
reallaşdıra biləcək yeganə şəxsiyyət məhz
ulu öndər Heydər Əliyevdir. Xalqın öndə gedən
insanlarının qətiyyəti özünü yüksək
səviyyədə doğrultdu və ümummilli lider Heydər
Əliyevin siyasi müdrikliyi nəticəsində Yeni Azərbaycan
Partiyası, qısa zamanda böyük siyasi gücə
çevrildi. Bir daha qeyd edək ki, Yeni Azərbaycan
Partiyasının ümumxalq məhəbbəti
qazanmasının, yaranmasından cəmi 6 ay sonra ölkədə
siyasi hakimiyyətə gəlməsinin əsas səbəbi
onun rəhbərliyində Heydər Əliyev kimi siyasət
dahisinin olması idi.
Ulu
öndərin "Dünənin, bu günün və gələcəyin
partiyası" adlandırdığı Yeni Azərbaycan
Partiyasının öz siyasi xəttinə sadiqliyi, xalq,
dövlət qarşısında xidmətləri, ölkəmizin
bir-birini əvəzləyən uğurlarına
atdığı imzası onun cəmiyyətdəki
mövqeyini daha da möhkəmləndirmiş, ümumxalq
partiyası olduğunu təsdiqləmişdir. Heydər Əliyev
siyasi müdrikliyinin nəticəsi idi ki, gənclərin lideri
kimi qəbul edilmiş, Milli Olimpiya Komitəsinin prezidenti
İlham Əliyev YAP sədrinin müavini, daha sonra isə
birinci müavini seçildi. Bu seçim gənclərin Yeni
Azərbaycan Partiyasına axınına səbəb oldu. Daha
sonra cənab İlham Əliyevin partiya sədri seçilməsi
üzvlərin sayının YAP-ın siyasi tarixində ən
yüksək həddə - 600 min nəfərə
çatması ilə müşayiyət olundu. Bu qədər
çoxsaylı siyasi həmfikiri birləşdirən Yeni Azərbaycan
Partiyası təkcə ölkəmizin deyil, eləcə də
regionun və dünyanın ictimai-siyasi həyatında
mühüm rol oynayır. Artıq bu partiyanın xətti ilə
Bakıda bir neçə beynəlxalq tədbir keçirilib.
Dünyanın aparıcı siyasi partiyaları ilə əməkdaşlıq
edən Yeni Azərbaycan Partiyası özünün
bütün uğurlarına görə ulu öndər Heydər
Əliyevin siyasi müdrikliyinə minnətdardır.
Rauf KƏNGƏRLİ
Xalq qəzeti.- 2012.- 20 noyabr.- S. 3.