Neft Akademiyasında tələbələrin 61-ci elmi-texniki konfransı öz işinə başladı

 

Dünən Azərbaycan Dövlət Neft Akademiyasında tələbələrin 61-ci elmi-texniki konfransı keçirildi. Tədbirdə ADNA rəhbərliyinin dəvəti ilə AMEA-nın "Yer elmləri" bölməsinin rəhbəri, akademik Arif İsmayılzadə və Dövlət Neft Şirkətinin vitse-prezidenti Davud Məmmədov da iştirak edirdilər.

 

Konfransı giriş sözü ilə ADNA-nın rektoru, akademik Siyavuş Qarayev açaraq bildirdi ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində və ölkəmizin sürətli inkişafının nəticəsi olaraq ali təhsil müəssisələrinin maddi-texniki bazası genişlənmiş, təhsil ocaqları müasir tədris və elmi avadanlıqlarla təmin edilmişdir. Bu şərait isə gənclərin elmi yaradıcılığa marağını artırmış, tələbə elmi cəmiyyətlərinin geniş şəkildə formalaşmasına imkan yaratmışdır.

Akademik Siyavuş Qarayev bildirdi ki, elmi-texniki konfransın keçirilməsində əsas məqsəd bakalavriat və magistratura səviyyələrində təhsil alan gənclərin apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini keçirmək, onların arasında informasiya mübadiləsini təşkil etmək və elmi fəaliyyətə maraqlarını daha da artırmaqdır. Konfransın işi doqquz bölmədə davam etdiriləcək, 444 məruzə dinləniləcək, hər bir bölmə üzrə ən maraqlı çıxış edən iştirakçı mükafatlandırılacaqdır. Rektor tələbələrə uğurlar arzuladı.

Akademik Arif İsmayılzadə ölkəmizin ən nüfuzlu ali təhsil ocağı olan ADNA-da belə bir elmi-texniki konfransın keçirilməsini tələbələrin həyatında mühüm hadisə kimi qiymətləndirdi. Onun sözlərinə görə, Neft Akademiyası keçmiş SSRİ-də ilk ali təhsil ocaqlarından biri olub. Onun məzunları təkcə Azərbaycannın neft-qaz sənayesinin inkişafında deyil, həm də onun hüdudlarından kənarda, dünyanın ayrı-ayrı ölkələrində karbohidrogen ehtiyatlarının kəşfiyyatı və hasilatında yaxından iştirak etmişlər. Bu gün də Neft Akademiyasının məzunları Azərbaycanın şöhrətini dünyaya yaymaqdadırlar.

Akademik bildirdi ki, Azərbaycan dünyada neft-qaz ölkəsi kimi tanınır. Ona görə də bu şöhrəti qoruyub saxlamaq, təkcə yerin məhsuldar qatlarında deyil, daha dərin - mezozey qatında da hasilata nail olmaq üçün böyük səylər göstərilməlidir. Bugünkü tələbələr məhz bu məsələyə diqqət yetirməli, ən son elmi-texniki nailiyyətləri öyrənməli, son nəticədə iyirmi birinci əsrin layiqli mütəxəssisləri olmağı bacarmalıdırlar.

Arif İsmayılzadə qeyd etdi ki, bunun üçün ADNA tələbələri qarşısında böyük perspektivlər var. Dövlətimiz və Prezident İlham Əliyev bunun üçün hər cür şərait yaradıb. Tələbələr də ölkəmizin uğurlarının artmasında öz rollarını oynamalı, hər kəs öz bilik və qabiliyyəti ilə iştirak etməlidir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Davud Məmmədov da konfransın başlanması münasibətilə Neft Akademiyasının professor-müəllim heyətini və tələbələri təbrik etdi, onlara gərgin elmi yarışda uğurlar arzuladı. Özünün də ADNA-nın məzunu olduğunu, kimya-texnologiya fakültəsində təhsil aldığını deyən Davud Məmmədov bildirdi ki, Neft Akademiyasında bilikli və təcrübəli müəllimlər dərs deyir, gözəl maddi-texniki baza mövcuddur, akademiya uzun və şərəfli bir yol keçib, onun auditoriyalarında çoxlu sanballı neft-qaz mütəxəssisləri yetişib. Onun sözlərinə görə, akademiyanın tələbələri indi geologiya sahəsini dərindən öyrənməyə daha çox fikir verməlidirlər. Çünki hazırda neft-qaz sənayemizdə yaxşı kimyaçılarımız, energetiklərimiz, qazmaçılarımız var, amma yüksək səviyyəli geoloqlara daha çox ehtiyac duyulur. Azərbaycan əraziləri neft və qaz yataqları ilə nə qədər zəngin olsa da, get-gedə istismar genişlənir və bu da yeni yataqların kəşfini tələb edir.

Dövlət Neft Şirkətinin rəsmisi onu da bildirdi ki, Azərbaycanda yeni böyük neft-qaz kompleksi layihəsi hazırlanıb. 2017-2022-ci illərdə onun istismara verilməsi nəzərdə tutulur. Burada işləmək üçün yeni kadrlar lazım olacaq. Ona görə də Neft Akademiyasının tələbələri biliklərə daha səylə yiyələnib yetkin kadrlar kimi yetişməlidirlər.

İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsinin dekanı Ramiz Allahverdiyev son illər elmi konfrasların daha yüksək səviyyədə təşkil olunduğunu, tələbələrin burada daha ciddi elmi işlərlə iştirak etdiyini, rəhbərlik etdiyi fakültənin tədbirə keçən il 54, bu il isə 70-dən artıq işlə qatıldığını bildirdi.

Sonra akademiyanın tələbələrindən Firəngiz Əliyeva, Rəşad Eyyubov, Tələbə Elmi Cəmiyyətləri Şurasının sədri Kamil Aydazadə çıxış edərək konfransın işinə uğurlar arzuladılar.

 

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.- 2012.- 21 noyabr.- S. 6.