Azərbaycan jurnalistləri İstanbulda

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə Azərbaycanın bir qrup media qurumu rəhbəri Türkiyənin İstanbul şəhərində səfərdədir. "Beynəlxalq media təcrübəsinin öyrənilməsi və tətbiqi" layihəsi çərçivəsində keçirilən səfər noyabrın 19- dan 25-dək davam edəcək.

 

Azərbaycan jurnalistləri səfər proqramına ümumilli lider Heydər Əliyevin İstanbul şəhərində ucaldılmış abidəsini ziyarətlə başlamışlar. Sonra nümayəndə heyəti Azərbaycan Respublikasının İstanbul şəhərindəki baş konsulluğunda olmuşdur. "Media kapitanları"nı səmimi qarşılayan baş konsul Həsən Zeynalov Azərbaycanın İstanbul baş konsulluğunun fəaliyyətindən danışaraq, bildirmişdir ki, diplomatik qurum artıq özəl ofislə təmin olunmuşdur. Şəhərin mərkəzi hissəsində yerləşən konsulluq binasının rəsmi açılışı olmasa da, Həsən Zeynalov jurnalistləri yeni ofislə tanış etmişdir.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli İstanbul baş konsulu Həsən Zeynalovun Qars və İqdır vilayətində, eyni zamanda, İstanbuldakı diplomatik fəaliyyətinin jurnalistlər üçün də faydalı olduğunu bildirmiş, Azərbaycan-Türkiyə media əlaqələrinin genişləndirilməsində göstərdiyi dəstəyə görə təşəkkürünü çatdırmış, KİVDF-nin fəxri fərmanını ona təqdim etmişdir. Görüşdə çıxış edən nümayəndə heyətinin üzvləri də Həsən Zeynalova Azərbaycan mediası ilə fəal əlaqələr qurduğuna və ölkəmizin maraqlarını layiqli təmsil etdiyinə görə təşəkkürlərini bildirmiş, ona diplomatik fəaliyyətində uğurlar arzulamışlar.

Xatırladaq ki, nümayəndə heyətinin tərkibinə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova, "Kür" qəzetinin baş redaktoru Əminə Yusifqızı, "Trend" informasiya agentliyinin baş redaktor müavini Sevda Həmidova, "Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli, "Bakı- xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev, "Paritet" qəzetinin baş redaktoru Cəmaləddin Quliyev, "Respublika" qəzetinin baş redaktor müavini Hümmət Musayev, KİVDF-nin aparıcı məsləhətçisi Rəşad Rəhimov və "Dialoq Avrasiya" platformasının və jurnalının Azərbaycan nümayəndəsi Mustafa Saatçı daxildirlər.

Qarşıdakı günlərdə Azərbaycanın media təmsilçiləri Türkiyənin məşhur "Sabah" qəzetində və ATV kanalında görüşlər keçirəcəklər.

 

 

Xalq qəzeti.- 2012.- 21 noyabr.- S. 6.