YAP -bu günün və gələcəyin partiyası

 

Müasir dünyanın aparıcı dövlətləri ilə yanaşı dayanmaq, bərabərhüquqlu əməkdaşlıq etmək şansı qazanmış gənc müstəqil Azərbaycan Respublikasının keçdiyi iyirmi bir illik şərəfli tarixi yol təkcə xalqımız və dövlətimiz üçün deyil, eləcə də bütövlükdə region üçün mühüm əhəmiyyət kəsb edən faktlar və hadisələrlə zəngin olmuşdur.

 

Siyasətçilər, tarixçilər və müxtəlif sahələri təmsil edən ayrı-ayrı ekspertlər SSRİ-nin çökməsindən sonra yaranan gənc müstəqil dövlətlərin tarixi barədə söz açarkən ilk növbədə, Azərbaycanın uğurlarını yada salırlar. Respublikamız barədə danışan və yazan fikir sahibləri öncə xalqımızın taleyində misilsiz rol oynamış məqamları daha çox qabartmağa üstünlük verirlər. Həmin məqamlar nədən ibarətdir? Ulu öndər Heydər Əliyevin Moskvadan Azərbaycana gəlməsi, Naxçıvanda deputat seçilərək siyasətə qayıtması, ölkədə yaranmış dərin böhrandan qurtulmaq üçün xalqın aparıcı ziyalılarının ona müraciət etməsi, böyük dövlət xadiminin Yeni Azərbaycan Partiyasını yaratması və partiyanın sədri seçilməsi, eləcə də cəmi yarım ildən sonra xalqın və o vaxtkı iqtidarın israrlı çağırışları ilə Naxçıvandan ölkə paytaxtına qayıdışı həmin tarixin ən əlamətdar və unudulmaz məqamlarıdır.

Bütün bunlar haqqında həm xalqın önündə gedən ziyalıların, həm də dövlət rəsmilərinin dilindən dönə-dönə eşitmişik. Ancaq noyabrın 16-da, Bakıdakı "Buta" sarayında, Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyinə həsr olunmuş təntənəli mərasimdə partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqində səsləndirilən məqamların hər biri daha məntiqli və arqumentlərlə daha zəngin idi, insanda tamamilə yeni fikirlər, təəssüratlar yaradırdı.Dövlət başçımız iyirmi il əvvəl - 1992-ci il noyabrın 21-də respublikamızda baş vermiş tarixi hadisəni ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilməsini yada salaraq dedi: "Bu, doğrudan da, tarixi hadisə idi. Deyə bilərəm ki, gənc dövlətimiz üçün dönüş nöqtəsi idi. Çünki müstəqilliyimizin ilk ayları, ilk illəri hamımızın yaxşı xatirindədir. Çox ağır, faciəvi illər idi. O vaxtkı iqtidarın müstəqilliyi saxlamaq üçün gücü çatmırdı. Eyni zamanda, biz müharibə şəraitində yaşayırdıq və cəbhədə hərbi uğursuzluqlar, əlbəttə ki, cəmiyyətimizi böyük dərəcədə sarsıtmışdı. 1992-ci ilin mayında Şuşa və Laçının işğala məruz qalması, əlbəttə ki, çox böyük faciə idi. Ancaq 1992-ci ilin ortalarında hakimiyyətə gəlmiş yeni iqtidar ölkəmizi daha da bərbad vəziyyətə qoymuşdu. O vaxtkı iqtidarın bacarıqsızlığı, peşəkarsızlığı, xəyanəti nəticəsində, demək olar ki, müstəqilliyimiz əldən gedirdi. Ölkədə gedən xoşagəlməz proseslər, böhran, iqtisadi tənəzzül, siyasi sabitsizlik, demək olar ki, müstəqilliyimizə böyük zərbələr vurmuşdu. Belə bir şəraitdə cəmiyyətimizin parlaq simaları, ziyalılar, cəmiyyətimizdə böyük hörmətə malik olan insanlar ulu öndər Heydər Əliyevin ətrafında birləşərək Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərara gəlmişdilər."

Xatırladaq ki, həmin illərdə Azərbaycanın siyasi , hərbi və iqtisadi böhranlardan xilas olunmasını nəinki beynəlxalq aləmdəki bədxahlarımız, eləcə də ölkəmizdəki imperiyapərəst qüvvələr də istəmirdilər. Onlar çalışırdılar ki, Azərbaycanın problemləri daha da çoxalsın və bu ölkə öz dövlət müstəqilliyini qoruyub saxlaya bilməsin. Elə Yeni Azərbaycan Partiyasının təsis konfransının ölkə paytaxtında deyil, Naxçıvanda keçirilməsi də onunla əlaqədar idi ki, o vaxtkı iqtidar bu tədbirin Bakıda keçirilməsinə, deməli, həm də Azərbaycanın bəlalardan, məhrumiyyətlərdən qurtulmasına razı deyildi.Məhz həmin səbəbdən də az qala ayda bir partiyanın yarandığı respublikada Yeni Azərbaycan Partiyasının təsis konfransına imkan verilmədi. Aradan 20 keçəndən sonra özünü demokrat adlandıran, ancaq ötən müddət ərzində demokratiyanın nə olduğunu anlamayan o vaxtkı iqtidar imkan vermədi ki, adi demokratik proses paytaxtda həll olunsun. Çox qorxurdular ki, xalq yaradılacaq ən sağlam partiyanın ətrafında birləşər və onların hakimiyyətinə son qoyular. Cəsarətlə deyə bilərik ki, həmin adamların öz həyatları boyu yürütdükləri ən doğru mühakimə məhz xalqınYeni Azərbaycan Partiyasına üz tutacağı barədə ehtimalları idi. Onlar başa düşürdülər ki, harada Heydər Əliyevin adı varsa, Azərbaycan xalqı orada olacaq. Qaragüruh bu məsələdə haqlı olaraq təlaş keçirirdi.Ancaq kimin nə düşünməsindən və hansı qüvvələrin maneçilk törətməsindən asılı olmayaraq Yeni Azərbaycan Partiyası yaradıldı və dərhal da ümumxalq partiyasına çevrildi. Prezident İlham Əliyev partiyanın yubileyi ilə bağlı keçirilən mərasimdə həmin məsələyə də ali bir peşəkarlıqla siyasi qiymət verdi: "Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilmişdir. Yarandıqdan bu günə qədər partiyamız çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Bu gün sıralarımızda 600 minə yaxın üzv vardır. Partiyamızın xarici əlaqələri çox genişdirbu əlaqələr gündən-günə genişlənir. Ölkə daxilində mövqelər çox möhkəmdir. Partiyamız, demək olar ki, cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını birləşdirir. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasıdır. Əminəm ki, növbəti illərdə də partiyamız liderlik qabiliyyətini özündə saxlayacaqdır".

Beləliklə, 20 il əvvəl - məhz noyabrın bu günlərində Naxçıvanda xalqın arzu və istəklərini ifadə edən yeni siyasi təşkilat yarandı, xalqın aparıcı simalarını öz ideyası ətrafında birləşdirdi və ulu öndər Heydər Əliyevin siyasi dühası nəticəsində çox qısa bir zamanda hakimiyyətə gəldi. Bununla da Azərbaycanın yeni həyatının qurulmasına start verildi. Respublikada çox ciddi islahatlar aparıldı. Xaosanarxiya hallarının qarşısı alındı, sabitlik bərpa edildi, vətəndaş müharibəsinə son qoyuldu. Gənc müstəqil dövlətimizin dünya birliyinə inteqrasiyası başlandı. İlk illərdə xarici siyasətimiz, nəhayət ki, məqsədyönlü siyasətə çevrildibu gün həmin siyasət uğurla davam etdirilir. Həmin illərdə başladığımız islahatlar bu gün də ölkəmizin inkişafına xidmət göstərir. Ölkədə başlanılan demokratik, siyasi islahatların dərinləşməsi, eyni zamanda, iqtisadi sahədə aparılan islahatlar, demək olar ki, bu gün Azərbaycanın bütün sahələrini uğurla inkişaf etdirir. Ölkə əhalisinin yekdil fikri belədir ki, Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanda, əslində, siyasi sistemin yaradılması demək idi. Hamının yaxşı yadındadır ki, o vaxta qədər bizdə siyasi sistem mövcud deyildi. Bu həqiqəti oxuculara məhz möhtərəm Prezidentimizin dediyi şəkildə çatdırmaq istəyirik: "Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyətdə böyük əks-səda yaratdı və cəmiyyət tərəfindən dərhal dəstəkləndi. Biz bu ideyalara bu günsadiqik. Bütün siyasi mübarizələri sivil qaydalarla aparırıq və bütün siyasi məsələlərdə daim qələbə qazanırıq".

Xatırladaq ki, bu partiya yarandıqdan sonra həm mükəmməl siyasi təşkilat kimi bütövlükdə özü, həm də onun nümayəndələri prezident, parlament və bələdiyyə seçkilərində böyük üstünlüklə qələbə qazanmışlar. Bu, YAP-ın ümumxalq partiyası olduğunu bir daha sübut edir.Yeni Azərbaycan Partiyasının hakimiyyətdə olduğu illərdə respublikamız nəinki mövcud problemlərin aradan qaldırılmasına nail oldu, eləcə də həm ölkə daxilində , həm də beynəlxalq aləmdə möhtəşəm uğurlara imza atdı. Bu gün Azərbaycanın regionda, xaricdə, dünya birliyində gedən proseslərdəki rolu artmaqdadır.

Respublikamız dünya miqyasında böyük hörmətə malik olan ölkəyə çevrilimişdir. Ötən il BMT Təhlükəsizlik Şurasına qeyri- daimi üzv seçilməyimiz bədxahlarımız tərəfindən böyük təlaşla qarşılanmışdı. Dövlət başçımız İlham Əliyev Yeni Azərbaycan Partiyasının uğurlarından söz açarkən həmin məqamları da önə çəkir: "Böyük rəqabət şəraitində, eyni zamanda,böyük dəstəklə biz bu yerə nail olmuşuq. Bir il ərzində Azərbaycan dünyada gedən qlobal məsələlərin həllində fəal rol oynayıb. Bu rol dünya birliyi tərəfindən qiymətləndirilir.Təhlükəsizlik Şurasına üzv olarkən bəyan etdiyimiz yanaşmamız, - yəni, biz ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik, - həyatda öz əksini tapır. Bizim namizədliyimizi 155 ölkə dəstəkləmişdir. Bu hadisə xarici siyasətimizin nə qədər düzgün və səmərəli olduğunun bariz nümunəsidir. Eyni zamanda, Qoşulmama Hərəkatına üzv olarkən biz dünya birliyinin mütləq əksəriyyətinin dəstəyini qazanmışıq".

Beləliklə, Azərbaycan xalqı bugünkü uğurlarımızın hamısına görə - buraya siyasi-diplopmatik, sosial-iqtisadi , elmi-texniki və ümumiyyətlə, cəmiyyət həyatının bütün sahələrinə aid olan uğurlar daxildir - Heydər Əliyev siyasi dühasına və ulu öndərin əsərlərindən biri kimi qiymətləndirilənYeni Azərbaycan Partiyasına minnətdardır.Azərbaycan xalqının bu partiyaya olan inam və ehtiramı gündən-günə artır. Prezident İlham Əliyev bu siyasi təşkilatın gələcəyinə daha böyük ümidlərlə baxır və regionun ən böyük siyasi təşkilatı olan partiyamızın öz fəaliyyətini daha uğurla aparmasını arzulayır: "Cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası növbəti 20 il ərzində, əlbəttə ki, öz işini uğurla aparmalıdır, müasir qaydalarla, müasir üsullarla!... Biz öz işimizi möhkəm tarixiideoloji əsaslar üzərində qurmalıyıq". Biz əminik ki, Azərbaycan xalqının bütün arzuları kimi bu istək də həyatımızın reallıqları sırasında olacaq.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2012.- 20 noyabr.- S.3.