Yarımçıq əlyazmadan yaranan milli tarixi-ədəbi əsər

 

Yazıçı, alim, ictimai xadim Kamal Abdullanın "Yarımçıq əlyazma" romanı ilk dəfə 2004-cü ildə yenidən işlənmiş Azərbaycan dilində ikinci nəşri isə 2012-ci ildə Bakıda "Mütərcim" nəşriyyatında buraxılmışdır.

 

Nobel mükafatına namizəd kimi təsdiqlənən bu əsər son illərdə tərcümə olunaraq Fransa, Türkiyə, Rusiya, Braziliya, Polşa və Misirdə nəşr edilmişdir. Kitabın annotasiya hissəsindən məlum olur ki, roman Dədə Qorqud, Şah İsmayıl Xətai və müasir dövr insanlarının bir-biri ilə ünsiyyət cəhdinin bədii ifadəsidir.

Kitabın giriş hissəsində müəllif oxucuya ön sözdən ibarət 3 müqəddimə təqdim edir. İlk ön söz Bakıda Milli Əlyazmalar İnstitutunun (Fondunun) orta əsrlər şöbəsinin 3-cü xətdə yerləşən kataloqundakı A 21/733 nömrəli əlyazmaya müəllifin marağı ilə başlayır. Məlum olur ki, hələlik hərtərəfli öyrənilməyən bu yarımçıq əlyazmanın XII əsrə aid olduğu güman edilir. Saralmış, solmuş, şaxlığını çoxdan itirmiş, oxunaqsız bir vəziyyətdə olan əlyazmanın bəzi səhifələri cırılmış, bəzilərində yanıq izləri qalmışdır.

İnstitutda bu əlyazmanın latın hərfləri ilə üzü köçürüləndən sonra müəllif onunla tanış olub: birinci, ikinci və nəhayət üçüncü oxunuşdan sonra uzaq əsrə, qədimliyə qovuşub...

Bu nadir nüsxə - "Yarımçıq Əlyazma"nın digərlərindən əsas fərqi ondadır ki, bu əlyazmanın sonu olmadığı kimi əvvəli də yoxdur. Əvvəli Gəncə zəlzələsinə aid olan əlyazmada oxunması mümkün olmayan yarımçıq hissədən sonra "Kitabi Dədə Qorqud" dastanından bizə məlum olan hadisələr baş verir.

Müəllifin yaradıcılıq əzab- əziyyəti ilə qələmə aldığı Qoca Bayandır Xanla Gənc Qorqudun söhbəti və Şah İsmayılla bağlı tarixi hadisədən bəhs edən roman artıq dünya ədəbiyyatı seriyası çərçivəsində özünə layiqli yer tutmuş, bir çox dillərə tərcüməsinin davam etdirilməsi yeni bir əsərin ədəbi xəzinəmizə daxil olmasını göstərir. Azərbaycanın qədim dövr tarixinin hadislərinə keçmiş mifik təfəkkür tərzi və xalqın öz qədim köklərinə əsrlər boyu bağlılığı qorunub saxlanmışdır. Romanı oxuyarkən tarximizin, ədəbiyyatımızın, mədəniyyətimizin zənginliyi, şanlı keçmişimizlə həmahənglik, qədimliklə müasirliyin vəhdəti özünü göstərir. Yəni hadisələr maraqla izlənir, "Dədə Qorqud" dastanı, Şah İsmayılın həyat və fəaliyyətindən bəhs edən qəhrəmanlıq səhifələrində bəzi fərqli məqamların, variantların olması əsəri birnəfəsə oxumaq imkanı yaradır.

"Yarımçıq əlyazma" müasir, yeni roman nümunəsi kimi təqdirə layiqdir. Həm ənənəvi dünyagörüşü, həm də yeni estetik, əxlaqi-etik detallarla zəngin bir əsərdir. Bütün bunları müəllif dərin elmi biliyi ilə əlyazmada əks olunanları diqqətlə araşdırmaqla qələmə almışdır.

Əsər sadə, xalq və ədəbi dilimizə daha yaxın olması ilə diqqəti cəlb edir. Onu dərin hikmətlərlə zəngin olan şifahi xalq ədəbiyytamızın ən gözəl bir nümunəsi adlandırmaq olar.

Bu əsərdə ədəbiyyatımza xas olan şərq zəkası, dərin fəlsəfi məzmun, güclü hikmətlər, sözün qüdrəti, qədim rəvayət və miflər parlaq şəkildə özünü göstərir.

Yarımçıq əlyazmanın "Kitabi Dədə Qorqud" dastanından bəhs edən hissəsində qədim Oğuz məmləkətinin həyatı, Öğuz igidlərinin qəhrəmanlığı, ədalətli, nizam-intizamlı bir dövlət quran toplumun yaşam tərzi, adət-ənənəsi, məişəti, ikinci qatda Azərbaycan hökmdarı Şah İsmayıl dövrünün hadisələri, heç şübhəsiz ki, qəlbimizdə vətənpərvərlik, mübarizlik, torpağa, xalqa, Vətənə bağlılıq və məhəbbət hisslərini coşdurur. Bununla yanaşı, bu tarixi həqiqətlər həmişə bizi mühüm, vacib məsələnin həllinə, əsrlər boyu torpaqlarımza, sərvətlərimizə göz dikən yadellilərə, düşmənlərə qarşı əlbir olub mübarizəyə qalxmağa sövq edir. Bu gün də Vətənin bütövlüyü naminə doğma torpaqlarımızın erməni işğalından azad olunmasında qətiyyyətli mübarizəyə səsləyir.

 

 

Afət SADIQOĞLU

 

Xalq qəzeti.- 2012.- 22 noyabr.- S. 6.