Ədliyyə sahəsində
idarəçilik mexanizmləri təkmilləşdirilir
Ölkəmizdə
insan hüquqlarının etibarlı təminatı, demokratik
dəyərlərin təşviqi, əhaliyə göstərilən
xidmətlərin keyfiyyətinin yüksəldilməsi dövlət
siyasətinin əsas prioritetlərindən olduğundan həmin
istiqamətlərdə ardıcıl tədbirlər həyata
keçirilir. Bu baxımdan Azərbaycan Respublikasının
Prezidenti möhtərəm cənab İlham Əliyevin son
dövrlərdə bir sıra aktual sahələrdə qəbul
etdiyi qərarlara, görülən böyük miqyaslı
işlərə nəzər yetirmək kifayətdir.
Yeni
çağırışların nəzərə
alınması baxımından dövlət
başçısının keçən ilin dekabr ayında
imzaladığı sərəncamla "Azərbaycan
Respublikasında insan hüquq və azadlıqlarının
müdafiəsinin səmərəliliyini artırmaq sahəsində
Milli Fəaliyyət Proqramı"nın təsdiq edilməsi
insan hüquqlarının təmin olunması üzrə
görülən tədbirlərin genişləndirilməsində,
hüquq-müdafiə mexanizmlərinin təkmilləşdirilməsində,
əhalinin müxtəlif qruplarının
hüquqlarının qorunmasında mühüm mərhələnin
başlanğıcı olmuşdur.
İdarəetmə
sahəsində qabaqcıl innovasiyaların və yeni
texnologiyaların tətbiqi, eləcə də vətəndaşlara
göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi
üzrə görülən işlər çərçivəsində
ölkə Prezidentinin "Dövlət orqanlarının
elektron xidmətlər göstərməsinin təşkili sahəsində
bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli fərmanının
qəbul olunması elektron xidmətə keçidin sürətləndirilməsində,
bu sahədə aparılan islahatların
davamlılığının təmin edilməsində
xüsusi rol oynamışdır.
Keçən
ilin sonunda Ədliyyə Nazirliyinin internet saytında
(www.justice.gov.az) elektron xidmət bölməsi təşkil
edilmiş, ədliyyə orqanlarının iş rejimi,
dislokasiyası, əlaqə vasitələri, göstərilən
hüquqi xidmətlərin aparılması qaydası, tələb
olunan sənədlər və rüsumların məbləği,
eləcə də məhkəmə qərarlarının
icrası barədə vətəndaşların ətraflı
məlumat əldə etmələrinə, elektron qaydada qəbula
yazılmalarına imkan yaradılmışdır.
Hazırda
ölkəmizdə "elektron ədliyyə"nin daha da
inkişaf etdirilməsi məqsədilə "Elektron xidmət
növlərinin siyahısı"na əlavələr
olunması tərəfimizdən təklif edilmiş, nəticədə
nazirlik üzrə xidmətlərin dairəsi genişlənərək
sayı 17-yə çatmışdır.
Təhlillər
göstərir ki, nazirliyin saytında olan "Elektron xidmətlər"
bölməsinə cari ilin on ayı ərzində qeydiyyat
orqanları və vətəndaşlıq vəziyyəti
aktlarının qeydiyyatı üzrə məlumatlarla
bağlı 20 min, notariat kontorları və notariat hərəkətlərinin
aparılması barədə informasiyanın alınması
üçün isə 30 min dəfədən çox
müraciət olunmuşdur. Bu isə gün ərzində
müvafiq sahələr üzrə orta hesabla 70-100 müraciət
deməkdir.
Bu
gün nikaha daxil olmaq üçün ərizəni və
doğumun qeydiyyatı ilə bağlı zəruri sənədləri
qeydiyyat orqanına elektron qaydada göndərmək, həmçinin
bu xidmətlər vasitəsilə nikah gününü müəyyən
etmək artıq reallığa çevrilmişdir.
Eyni
zamanda, valideynlərə uşaqlarına ad seçilməsində
kömək məqsədilə Azərbaycan adları,
onların mənşəyi və izahı, əhali
arasında yayılma səviyyəsi və s. informasiya almaq
üçün geniş axtarış sistemi də
yaradılmışdır. Həmin xidmət ictimaiyyət tərəfindən
böyük maraqla qarşılanmış və ötən
müddətdə sistemdə bununla bağlı 135 mindən
yuxarı izləmə qeydə alınmışdır.
Sahibkarlıq
sahəsində nazirlik tərəfindən aparılan
yoxlamaların vahid məlumat reyestrindən informasiya və ya
müvafiq çıxarış əldə etmək
üçün il ərzində ayrı-ayrı sahibkarlıq
fəaliyyəti subyektləri tərəfindən sistemdən
55 min dəfədən çox istifadə olunmuşdur. Beləliklə,
insanların hər hansı minimal məlumat əldə etmək
və ya sadə bir əməliyyat aparmaq üçün
bilavasitə dövlət orqanlarına gəlmələrinə
və əlavə vaxt itkisinə ehtiyac qalmır. Hər
şeydən önəmlisi isə bu cür xidmətlərdən
real istifadənin təmin olunmasıdır.
"Elektron
xidmət növlərinin siyahısı"nda nəzərdə
tutulmuş bir sıra xidmət növlərinin praktiki tətbiqi
məsələsinə isə zəruri maliyyə vəsaitinin
ayrılması və elektron imzanın tətbiqi kontekstindən
yanaşılmalıdır. Hazırda notariat qurumlarında
universal elektron xidmət köşkləri hazırlanaraq
sınaq rejimində istifadəyə verilmişdir. Onların
köməkliyi ilə vətəndaşlar inzibati
işçilərlə təmasda olmadan notariat, vətəndaşlıq
vəziyyəti aktlarının qeydiyyatı ilə əlaqədar
məlumatları öyrənə, zərurət olduqda bu məlumatları
əks etdirən çıxarışları əldə edə
bilirlər.
Artıq
məhkəmə sisteminin vahid internet portalı da
yaradılmışdır. Bu portala www.courts.az internet səhifəsi
vasitəsilə daxil olmaqla hər kəsin məhkəmələr,
onların yurisdiksiyası, baxılan işlər və qəbul
edilən qərarlar, müraciətə əlavə edilməsi
zəruri olan sənədlər, qəbul günləri barədə
ətraflı məlumat alması, "on-line" rejimində
müraciət etməsi, müxtəlif iddia ərizələri
və digər məhkəmə sənədlərinin
nümunələrini əldə etməsi
mümkündür.
Dövlət
təsisatlarında modern və çevik idarəetmənin təmin
edilməsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin
zəruriliyi nəzərə alınaraq ölkə Prezidenti tərəfindən
2012-ci il 4 sentyabr tarixli fərmanla "İdarələrarası
elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə"
təsdiq edilmiş, yeni sistemə keçidin konkret müddətləri
və onun dövlət orqanlarında tətbiqi dairəsi
müəyyən olunmuşdur.
Ədliyyə
sisteminin müasirləşdirilməsi üzrə Dünya
Bankı ilə birgə həyata keçirilən layihə
çərçivəsində sənəd dövriyyəsi
və informasiya mübadiləsini asanlaşdıran qabaqcıl
idarəetmə modeli hazırlanmış və onun tətbiqi
üçün pilot qurum kimi müəyyən edilmiş 20-yə
yaxın məhkəmə və ədliyyə orqanında daxili
şəbəkə quraşdırılaraq zəruri
avadanlıq və proqram təminatı ilə təchiz
olunmuşdur.
Həmin
layihə üzrə 30-dək məhkəmənin yerləşəcəyi
müasir bina və komplekslərin inşası nəzərdə
tutulmuşdur. Keçən il Oğuz, bu günlərdə isə
Bakı şəhəri Yasamal, Gəncə şəhəri
Nizami, Gədəbəy rayon məhkəmələri
üçün yeni binalar istifadəyə verilmişdir. Eləcə
də tərkibində bir neçə məhkəmənin fəaliyyət
göstərəcəyi Sabunçu və Şəki məhkəmə
kompleksləri, Quba Rayon Məhkəməsi üçün
yeni binaların inşasına başlanılmışdır.
Xüsusi
vurğulanmalıdır ki, ötən həftə möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin iştirakı ilə
Yasamal Rayon Məhkəməsinin yeni inzibati binasının
açılışı olmuşdur. Milli memarlıq
üslubunda, beynəlxalq standartlar səviyyəsində
tikilmiş və modern informasiya-kommunikasiya
qurğularının quraşdırıldığı bina
inzibati və ictimai zonalara bölünür və bir sıra
yenilikləri ilə fərqlənir.
Belə
ki, informasiya texnologiyalarının tətbiqi baxımından
ölkəmizdə bənzəri olmayan məhkəmə
zallarında proseslərin daha dəqiq, sürətlə
protokollaşdırılmasına xidmət edən və
audio-video yazılışları aparan "Femida" sistemi,
video-konfransların, təqdimatların keçirilməsi,
elektron sənəd dövriyyəsi üçün zəruri
infrastruktur yaradılmışdır. Zallarda təqsirləndirilən
şəxslərin və şahidlərin məhkəməyə
gətirilmədən məsafədən dindirilməsi
üçün xüsusi avadanlıq da mövcuddur.
Məhkəmədə
ilk dəfə olaraq tətbiq edilən və 6 qurumla eyni vaxtda
videomüzakirələr aparmağa şərait yaradan
"Bloostar" adlı video-konfrans telefon sistemi
quraşdırılmışdır.
Bunu da
bildirməyi vacib hesab edirəm ki, insan hüquqlarının təmin
edilməsinin həyata keçirilməsi nöqteyi-nəzərindən
zəif hesab olunan əlillərin məhkəməyə
müraciət etmək imkanlarının daha səmərəli
qaydada təmin edilməsi məqsədilə onların məhkəmənin
binasında sərbəst hərəkətinə bütün
şərait yaradılmış, o cümlədən
girişdə qaldırıcı qurğu
quraşdırılmışdır. Otaqların
adlarını əks etdirən lövhələrdə
gözdən əlillər üçün yazılar tətbiq
olunmuş və döşəməyə xüsusi
örtüklər vurulmuşdur.
Binada vətəndaşların
məhkəmə prosesləri və onların keçiriləcəyi
tarix, məhkəmə zalı, hakim və digər məsələlərlə
bağlı informasiyanı maneəsiz əldə etmələrinə
imkan verən müasir elektron daşıyıcılar, o
cümlədən məlumat məntəqəsi və
köşkü, xüsusi monitorlar da istifadəyə
verilmişdir.
Qeyd etmək
yerinə düşər ki, bu ayın əvvəllərində
BMT və Azəbaycan hökuməti tərəfindən birgə
təşkil olunan və dünyanın müxtəlif ölkələrindən
1500-dən çox nümayəndənin iştirak etdiyi VII
İnternet İdarəçilik Forumunun regionda ilk dəfə,
məhz respublikamızda keçirilməsi də informasiya və
kommunikasiya texnologiyalarının sürətli
inkişafına yaradılan şəraitin əyani təzahürüdür.
Ölkəmizdə
həyata keçirilən məqsədyönlü tədbirlər,
hərtərəfli institusional islahatlar dövlət
orqanlarının fəaliyyətində şəffaflığın
təmin edilməsinə, korrupsiya ilə mübarizənin
gücləndirilməsi potensialının
artırılmasına, əhaliyə göstərilən xidmətlərin
daha keyfiyyətli və müasir innovasiyalardan istifadə etməklə
təşkilində səmərəliliyin yüksəlməsinə
yönəlmişdir.
Bu istiqamətdə
növbəti addım olaraq ölkə başçısının
cari ilin 13 iyul və 5 sentyabr tarixli fərmanları ilə Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin və onun tabeliyində "ASAN xidmət" mərkəzlərinin
yaradılması dövlət qulluqçusu və vətəndaş
münasibətlərinin keyfiyyətcə yeni müstəviyə
keçməsinə təkan vermişdir.
Həmin
konsepsiyanın məqsədi əhaliyə xidmətlərin
daha rahat, yeni üslubda, vahid və əlaqələndirilmiş
formada göstərilməsi, vətəndaş məmnunluğunun
təmin olunmasıdır. Heç təsadüfi deyildir ki, mərkəzlərdə
xidmətlərin həyata keçirilməsində məhz
operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət
və rahatlıq əsas prinsiplər kimi müəyyən
edilmişdir.
Mərkəzlərin
fəaliyyəti vətəndaşların əlavə xərclərinin
və vaxt itkisinin azaldılmasını, onlara münasibətdə
etik qaydalara, nəzakətli davranışa əməl
olunmasını, şəffaflığın
artırılmasını, korrupsiyaya qarşı mübarizənin,
dövlət strukturlarına etimadın daha da gücləndirilməsini
təmin edəcəkdir.
"ASAN
xidmət" mərkəzləri hazırda 9 dövlət
orqanına aid 23 xidməti özündə birləşdirir.
Burada Ədliyyə Nazirliyi tərəfindən vətəndaşlıq
vəziyyəti aktlarının dövlət qeydiyyatı, o
cümlədən doğumun, ölümün, nikahın,
nikahın pozulmasının, övladlığa götürmənin,
atalığın müəyyən edilməsinin, adın, ata
adının və soyadın dəyişdirilməsinin qeydə
alınması, müvafiq şəhadətnamələrin
verilməsi və notariat fəaliyyəti ilə bağlı
xidmətlərin əhaliyə onların yaşayış
yeri üzrə qeydiyyatından asılı olmayaraq və təqvimin
bütün günlərində göstərilməsi nəzərdə
tutulur.
Dövlət
başçısının müvafiq fərmanı ilə
verilmiş tapşırıqlara uyğun olaraq nazirlik tərəfindən
"ASAN xidmət" mərkəzinin yaradılması
üzrə pilot layihənin həyata keçirilməsi
üçün orada fəaliyyət göstərəcək
qeydiyyat şöbəsi və notariat kontorunun strukturu,
ştat vahidi, eləcə də nəzakətli, məsuliyyətli,
peşəkar, ünsiyyət qurmaq bacarığına malik
kadrlar barədə təkliflər verilmişdir. Həmin namizədlər
Dövlət Agentliyi tərəfindən təşkil
olunmuş etik kurslara, vətəndaşları
qarşılama, dinləmə və izah etmə
bacarıqlarını inkişaf etdirən treyninqlərə cəlb
olunmuşlar.
Nazirlikdə
əhaliyə bilavasitə xidmət göstərən sahələrin
fəaliyyətinə daim xüsusi diqqət yetirilir. Qeyd
olunmalıdır ki, vətəndaşlıq vəziyyəti
aktlarının dövlət qeydiyyatı və notariat
orqanları ilə bağlı daxil olmuş şikayətlər
dərhal nəzarətə götürülməklə
narahatlıq yaradan məsələlər zəruri hallarda
yerində araşdırılır. Vətəndaşların
müraciətlərinə etinasız və formal
yanaşdıqlarına görə təkcə bu il ərzində
rayon qeydiyyat şöbələrinin 7 əməkdaşı,
habelə 2 dövlət notariusu intizam məsuliyyətinə cəlb
olunmuş, regional müşavirələrdə aidiyyəti məsələlər
üzrə müzakirələr keçirilmiş,
bütün yerli qurumlara müvafiq təlimatlar göndərilmişdir.
Bu gün qeydiyyat şöbələrində hüquqi xidmətin
yüksək səviyyədə göstərilməsi məqsədilə
vətəndaşların qəbuluna həssaslıqla
yanaşılaraq onların əlaqədar təşkilatlara, o
cümlədən şəxsiyyət vəsiqəsinin
olmaması və ya qüvvədən düşməsi ilə
əlaqədar polis şöbələrinə, qəyyumluq və
himayəçilik məsələləri üzrə yerli
icra hakimiyyəti orqanlarına, qanunvericiliklə nəzərdə
tutulmuş hallarda müvafiq məhkəmələrə
müraciət etmələri üçün də köməklik
göstərilir. Həyata keçirilən bu tədbirlər
vətəndaşlar tərəfindən rəğbətlə
qarşılanır və ilk növbədə əhalinin zəif
qrupları bilavasitə dövlətin qayğısını
görür.
Ümummilli
liderimiz Heydər Əliyevin müəyyən etdiyi və gələcəyə
hesablanmış inkişaf konsepsiyasına uyğun olaraq
ölkəmizin iqtisadi cəhətdən getdikcə gücləndiyi
dövrdə ümumbəşəri sosial bəla olan
korrupsiya ilə mübarizəyə respublika Prezidenti tərəfindən
xüsusi önəm verilir və bu istiqamətdə
ardıcıl islahatlar, institusional tədbirlər həyata
keçirilir.
Məlumdur
ki, dövlət başçısının siyasi iradəsi
ilə "Korrupsiyaya qarşı mübarizə
haqqında" Qanun qəbul edilmiş, 2004-2006-cı illəri
əhatə edən müvafiq Dövlət Proqramı,
2007-2011-ci illər üçün şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə milli strategiya və onun həyata keçirilməsi
ilə bağlı Fəaliyyət Planı uğurla icra
olunmuşdur.
Korrupsiyaya
qarşı dözümsüzlük mühitinin
qarşıda gələn illərdə də qətiyyətlə
davam etdirilməsi məqsədilə ölkə
başçısının cari ilin 5 sentyabr tarixli sərəncamı
ilə 2012-2015-ci illər üçün Açıq
Hökumətin təşviqinə dair və Korrupsiyaya
qarşı mübarizə üzrə Milli Fəaliyyət
planları qəbul olunmuşdur. Möhtərəm Prezidentimiz
cənab İlham Əliyevin bu sərəncamı onun
"Korrupsiyaya və rüşvətxorluğa qarşı
mübarizə kampaniya xarakteri daşımır. Bu, bizim
şüurlu seçimimizdir", - fikrini əyani şəkildə
bir daha təsdiq etmişdir.
Qeyd olunan
Milli Fəaliyyət Planlarında bu sahədə həyata
keçirilən tədbirlərin
davamlılığının təmin edilməsi, normativ
hüquqi bazanın təkmilləşdirilməsi, dövlət
orqanlarının fəaliyyətinin açıq hökumət
prinsiplərinə uyğunlaşdırılması, qərarların
qəbulu prosesində vətəndaş cəmiyyətinin
rolunun və şəffaflığın
artırılması, elektron xidmətlərin təkmilləşdirilməsi
və digər mühüm məqsədlər müəyyən
edilmişdir.
Vətəndaş
cəmiyyətinin inkişafı və QHT - hökumət
münasibətlərinin təkmilləşdirilməsi istiqamətində
atılan addımlar sırasında dövlət
başçısının tapşırığına əsasən
ölkədə fəaliyyət göstərən
aparıcı qeyri-hökumət təşkilatlarının rəhbərləri
ilə cari ilin iyul ayında keçirilən görüş
xüsusi vurğulanmalıdır.
Məlumat
üçün bildirim ki, Avropa Şurasının ekspertləri
ilə aprel ayında nazirlikdə görüş təşkil
olunaraq AŞ-nın Qanun Vasitəsilə Demokratiya Uğrunda
Komissiyasının (Venesiya Komissiyası) və Beynəlxalq
Qeyri-Hökumət Təşkilatları Konfransının
Ekspert Şurasının ölkəmizin QHT-lər haqqında
qanunvericiliyi barədə rəyləri ilə bağlı
fikir mübadiləsi aparılaraq belə təşkilatların
qeydiyyat proseduru, gələcək əməkdaşlıq
perspektivləri, qanunvericiliyin təkmilləşdirilməsi
istiqamətləri müzakirə olunmuşdur. Vətəndaş
cəmiyyətinin tərəqqisi üçün yaradılan
əlverişli şərait nəticəsində ölkəmizdə
qeyri-hökumət təşkilatlarının fəaliyyəti
ilbəil genişlənərək Ədliyyə Nazirliyində
dövlət qeydiyyatına alınmış QHT-lərin
sayı 2800-ü ötmüşdür. Son illərdə
qeydiyyata alınmış təşkilatlar əsasən
iqtisadi və sosial yönümlüdür,
bütövlükdə isə hüquq, mətbuat, beynəlxalq
əməkdaşlıq, uşaq və gənclər, idman, təhsil,
elm, mədəniyyət sahələri ilə bağlı
müraciətlər üstünlük təşkil edir.
Xarici
dövlətlərin qeyri-hökumət təşkilatlarının
Azərbaycanda filial və ya nümayəndəliklərinin
dövlət qeydiyyatı isə hazırda qanunvericiliyə
uyğun olaraq həmin qurumlarla bağlanmış müvafiq
saziş əsasında həyata keçirilir.
Qeyd
olunmalıdır ki, qeyri-hökumət təşkilatlarının
fəaliyyətinə geniş imkanların yaradılması,
dövlət tərəfindən onlara maliyyə dəstəyinin
göstərilməsi mexanizmlərinin tətbiqi nəticəsində
2012-ci ilin 10 ayı ərzində nazirlik tərəfindən
668 qrant müqaviləsi qeydiyyata alınmışdır.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə
bu göstərici təxminən 37 faiz çox olmaqla, qrant məbləğlərində
45 faiz artım müşahidə edilmişdir. Bununla belə,
təcrübə onu da göstərir ki, bir sıra QHT-lər
tərəfindən onların işinin səmərəli təşkili
üçün dövlət qeydiyyatının zəruriliyi
məsələləri önə çəkilsə də,
sonradan həmin qurumların ictimai həyatda aktiv fəaliyyətləri
görünmür.
Azərbaycan
şəffaflığın artırılması və
açıq hökumətin təşviqi ilə bağlı
fəaliyyətin təkmilləşdirilməsi məqsədilə
2011-ci ildə beynəlxalq səviyyədə başlanılan
Açıq Hökumət Tərəfdaşlığına
qoşulmuşdur. Fikrimcə, yuxarıda adıçəkilən
fəaliyyət planlarının tam və dürüst şəkildə
həyata keçirilməsi ölkəmizdə dövlət
orqanlarının nüfuzunun və vətəndaşların
dövlətə etimadının artırılmasına
mühüm töhfə verəcəkdir.
Fəaliyyət
planlarının icrası üzrə ədliyyə
orqanlarının qarşısında duran vəzifələr
nazirliyin kollegiya iclasında geniş müzakirə olunaraq
2012-ci və 2013-cü illər üçün iş
planları təsdiq edilmiş, sənədlərin ədliyyə
işçiləri tərəfindən mükəmməl
öyrənilməsi, onların vaxtında və mütəşəkkil
icrasının təmin olunmasına dair tapşırıqlar
verilərək həyata keçirilməsinə
başlanılmışdır.
Korrupsiyaya
şərait yaradan halların qarşısının
alınması üzrə tədbirlər nazirlik tərəfindən
davam etdirilərək belə hüquqpozmalarla bağlı
yoxlamaların nəticələri üzrə cari ildə 7 ədliyyə
işçisi intizam məsuliyyətinə cəlb olunmuş,
1 nəfər barədə toplanmış materialların isə
prokurorluğa göndərilməsi qərara
alınmışdır.
Təbii
ki, bu baxımdan hüquq-mühafizə orqanı olaraq
nazirliyin kadr siyasətində şəffaflıq, habelə
yüksək biliyə, peşəkarlığa, təşəbbüskarlığa,
mənəvi və etik dəyərlərə malik korpusun
formalaşdırılması və insan resurslarının
idarə edilməsi sahəsində səmərəliliyin
artırılması çox önəmlidir.
Ədliyyə
orqanlarına qulluğa qəbul 2006-cı ildən etibarən
şəffaf prosedurlarla açıq müsabiqə yolu ilə
aparılır. Bu il iki dəfə işə qəbulla
bağlı belə müsabiqə elan olunmuşdur. Onlardan
biri, sayca yeddinci müsabiqə üzrə test imtahanı cari
ilin iyun ayında ilk dəfə olaraq daxili imkanların
mövcudluğu və qazanılmış təcrübə nəzərə
alınaraq bilavasitə Ədliyyə Nazirliyinin Müsabiqə
Komissiyası tərəfindən keçirilmişdir.
Test
imtahanında, həmçinin ilk dəfədir ki, suallar
bilavasitə imtahan zalında - vahid auditoriyada namizədlərin,
eləcə də çoxsaylı yerli və beynəlxalq təşkilatlardan
olan müşahidəçilərin və mətbuat nümayəndələrinin
iştirakı ilə seçilmiş, sual kitabçaları
formasında çoxaldılaraq paylanılmışdır.
İmtahandan dərhal sonra cavab kartları optik qurğular vasitəsilə
yoxlanılaraq nəticələr yerindəcə elan
olunmuşdur. İmtahan prosesi internet vasitəsilə
"on-line" rejimində birbaşa
yayımlanmışdır.
Müsabiqə
bu günlərdə başa çatmış, bütün mərhələləri,
o cümlədən peşə fəaliyyətinə buraxılması
üçün Ədliyyə Akademiyasında icbari təlim
kurslarını uğurla keçmiş 45
hüquqşünas peşə bayramı ərəfəsində
ədliyyə orqanlarına qulluğa qəbul edilmişlər.
Sevindirici haldır ki, onların böyük əksəriyyətini
- təxminən 96 faizini gənclər təşkil edir. Nazirliyin
rəhbərliyi tərəfindən stajorlarla
keçirilmiş görüş zamanı dövlət
qulluğuna qəbul edilən hər bir şəxsdən məsuliyyət,
insanlara qayğılı münasibət göstərilməsi
kimi əsas meyarların tələb olunduğu diqqətə
çatdırılmış, onlara vəzifələrini
layiqincə yerinə yetirmələri barədə tövsiyələr
verilmişdir.
Məlumat
üçün bildirirəm ki, hələ bu müsabiqəyə
yekun vurulmamış, oktyabr ayının 15-də yeni, sayca səkkizinci
açıq müsabiqə elan olunmuşdur.
Hüquqşünasların nəzərinə
çatdırmaq istərdim ki, hazırda nazirlikdə sənəd
qəbulu davam edir, yalnız müvafiq formada ərizə təqdim
etməklə müsabiqənin birinci mərhələsində
- test imtahanında iştirak edə bilərlər.
Qeyd
olunmalıdır ki, ümumilikdə müsabiqələr əsasında
ədliyyə orqanlarına qulluğa qəbul edilərək
nazirliyin aparatına, Əhalinin Dövlət Reyestri Xidmətinə,
Ədliyyə Akademiyasına, regional ədliyyə və
qeydiyyat şöbələrinə, yerli icra və digər
qurumlara təyinat almış 380-nə yaxın
hüquqşünas kadr fəaliyyət göstərdikləri
müvafiq xidmət sahələrində çalışan
bütün əməkdaşların təxminən 40 faizini
təşkil edir.
Son illər
notariat sahəsində də şəffaf prosedurlarla
keçirilmiş imtahan və müsahibələrin nəticələri
üzrə uğur qazanmış 129 nəfərə
müvafiq şəhadətnamələr verilmiş, notarius
korpusunun 30 faizə qədəri yenilənmişdir.
İslahatlar
nəticəsində hazırda ölkəmizdə xüsusi
notariat institutunun tətbiqi reallaşmışdır. Belə
ki, artıq respublikada fəaliyyət göstərən
notariusların 40 faizi notariat fəaliyyətini xüsusi qaydada
həyata keçirir.
Nazirliyin Ədliyyə
Akademiyasında beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq
şəraitində, qabaqcıl tədris metodlarından istifadə
olunmaqla ilk dəfə ədliyyə, prokurorluq orqanlarına
qulluğa qəbul edilən, habelə vəkilliyə namizədlərin
peşə fəaliyyətinə buraxılmaları məqsədilə
icbari təlimin, eləcə də hakim vəzifəsinə
namizədlərin və hakimlərin tədrisinin keçirilməsi,
həmçinin ali hüquq təhsili əsasında müxtəlif
kateqoriyadan olan işçilərin peşə
hazırlığının və ixtisasının
artırılması təşkil olunur.
Keçən
ilin sonunda Azərbaycan və Türkiyə Ədliyyə
akademiyaları arasında əməkdaşlığa dair
İşçi Proqram imzalanmışdır. Yüksək səviyyədə
qurulmuş münasibətlərin nəticəsidir ki,
qardaş ölkədə müxtəlif vaxtlarda, eləcə
də bu il ərzində hakimliyə namizədlərin iki həftəlik
nəzəri və praktiki təlimləri
keçirilmişdir.
Respublikamızın
hüquqi sahədə əməkdaşlığının
genişləndirilməsi istiqamətində müxtəlif
beynəlxalq təşkilatlar və xarici dövlətlərin
ədliyyə orqanları ilə işgüzar əlaqələr
qurulmuşdur. Ədliyyə Nazirliyi tərəfindən Avropa
Şurasının Ədalət Mühakiməsinin səmərəliliyi
üzrə Komissiyası (CEPEJ), Avropa Yerli və Regional Hakimiyyətlər
Konqresi, Hüquqşünasların tədrisi üzrə HELP
Proqramı, Hakimlərin və prokurorların tədrisi üzrə
Lissabon Şəbəkəsi, habelə Almaniya Beynəlxalq Əməkdaşlıq
Cəmiyyəti (GİZ), Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı
Fondu (İRZ), Amerika Hüquqşünaslar Assosiasiyası,
Avropa Ümumi Hüquq Təşkilatı və digər beynəlxalq
təşkilatlarla səmərəli əməkdaşlıq
aparılır, ölkəmiz Beynəlxalq Prokurorlar
Assosiasiyası və Beynəlxalq Antikorrupsiya Orqanları
Assosiasiyasının rəhbərliyində təmsil olunur.
Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı
çərçivəsində hazırlanmış Ədliyyə
Nazirliyi ilə Avropa Komissiyası arasında "Ədliyyə
islahatlarına dəstək" proqramının icrasına
başlanılmışdır.
2012-2014-cü
illər üzrə Ədliyyə Akademiyasının və
regional ədliyyə şöbələrinin
potensialının gücləndirilməsinə, penitensiar
sistemin müasirləşdirilməsinə yönəlmiş
bu layihənin mütəşəkkil və vaxtında
icrasının təmin olunması, işlərin əlaqələndirilməsi,
monitorinqlərin aparılması məqsədilə nazirlikdə
Avropa İttifaqının, İqtisadi İnkişaf və
Maliyyə nazirliklərinin nümayəndələrinin də
iştirak etdiyi geniş tərkibli Proqramın İdarəetmə
Komitəsi yaradılmışdır.
Layihə
çərçivəsində İmişli və
Xaçmaz regional ədliyyə şöbələrinin yeni
inzibati binalarının tikintisinə
başlanılmışdır. Şöbələrdə
vahid domen şəbəkəsinin, elektron kitabxananın
yaradılması və digər istiqamətlərdə
informasiya texnologiyalarının tətbiqi üzrə tədbirlər
görülür, əhalinin maarifləndirilməsi məqsədilə
bu qurumların fəaliyyətini işıqlandıran
video-çarx hazırlanmış, qısa bukletlər və
təqvimlər nəşr edilərək
yayılmışdır.
Avropanın
tanınmış təhsil müəssisələrindən cəlb
edilmiş mühazirəçilərin də iştirakı
ilə "təlimçilərin təlimi" məqsədilə
Ədliyyə Akademiyasının əməkdaşları
üçün müxtəlif seminarlar və kurslar həyata
keçirilir. Akademiyanın dövrü nəşri və veb
səhifəsinin hazırlanması nəzərdə tutulur.
Eyni
zamanda, penitensiar müəssisələrdə saxlanılan
şəxslərin müasir tələblərə uyğun məlumat-qeydiyyat
şəbəkəsinin, həmçinin vahid elektron tibbi qeydiyyat
informasiya bazasının qurulması ilə bağlı
praktiki işlər görülür. Penitensiar xidmət əməkdaşlarının
fəaliyyətinə metodiki köməkliyin göstərilməsi
üçün əsas normativ aktlar toplusu, həmçinin Cəzaların
İcrası Məcəlləsinin elmi-praktiki şərhi
böyük tirajla çap olunmuşdur. Ötən ay ölkəmizdə
səfərdə olan avropalı ekspertlərdən ibarət
Qiymətləndirmə Missiyası tərəfindən
proqramın icra vəziyyəti öyrənilərək layihə
üzrə başlanmış işlər təqdir
olunmuşdur. Şübhəsiz ki, əldə etdiyimiz nəticələrlə
kifayətlənməməli, vətəndaşlara göstərilən
hüquqi xidmətlərin səmərəliliyinin
artırılması, son dövrün mütərəqqi
yeniliklərinin tətbiqi, idarəçilik mexanizmlərinin
daim təkmilləşdirilməsi vasitəsilə hər zaman
ədliyyə orqanlarının dinamik inkişafına nail
olmalıyıq. Bu gün ədliyyə orqanlarında
aparılan islahatlar, zamanın tələbinə uyğun
müasir inkişaf meylləri, fəaliyyətimizdəki
keyfiyyətcə dəyişikliklər barədə məlumat
verməklə, həm də fürsətdən istifadə edərək
bütün ədliyyə işçilərini
xalqımızın ümummilli lideri, dahi öndər Heydər
Əliyevin bizə bəxş etdiyi peşə
bayramımız münasibətilə təbrik edir, onlara
mühüm və şərəfli işlərində
yeni-yeni uğurlar arzulayıram.
Toğrul MUSAYEV,
Azərbaycan Respublikası ədliyyə
nazirinin müavini, II dərəcəli
dövlət
ədliyyə
müşaviri
Xalq qəzeti.- 2012.- 22 noyabr.- S. 4.