Heydər Əliyev
Partiyası
Antik yunan filosofu və mütəfəkkiri Aristotel "Politika" əsərində
yazırdı ki, "inam
uğuru təmin edən mühüm
vasitə kimi siyasətin ayrılmaz hissəsidir".
Həqiqətən də fərqli ictimai-iqtisadi
formasiyalarda cəmiyyətin dəstəyinə
iddia edən hər bir
siyasi qüvvənin cidd-cəhdlə can atdığı meyar məhz
ictimai inam olub. Yeni dünya
nizamının diktə etdiyi alternativsiz inkişaf
magistralına çevrilmiş demokratiya da məhz çoxluğun etimadı, inamı üzərində
formalaşır.
Yaşadığı
zaman və məkanın xarakterindən asılı olmayaraq, qərinələr
boyu əxz etdiyi milli-mənəvi dəyərlərini, mental
xüsusiyyətlərini qoruyub saxlayan Azərbaycan xalqı gələcək
taleyini daim inandığı, etimad bəslədiyi siyasi
qüvvəyə etibar etmək istəyib. XX əsrin
sonlarına doğru milli dövlətçiliyini bərpa edən
xalqımız müstəqilliyinin ilk illərində yenidən
mənəvi sarsıntılara məruz qaldı, üzləşdiyi
böhran və faciələr onu yenidən sınağa
çəkdi.
Bu gün də 1991-1993-cü illərin o böhranlı, ağrılı-acılı, faciəli günlərini qəlbində Vətən, millət sevgisi olan hər bir azərbaycanlı böyük təəssüf, dərin kədər hissi ilə xatırlayır. Bununla belə o illərin təbəddülatları bir daha təsdiqlədi ki, xalqın inam və etimadına söykənməyən, onun iradəsini, istəyini nəzərə almayan hər hansı siyasi qüvvə Azərbaycan cəmiyyətində uzun müddət duruş gətirə bilməz. Əksəriyyət yaxşı başa düşürdü ki, yalnız ulu öndər Heydər Əliyev kimi müdrik strateq və siyasət ustadının rəhbərliyi altında formalaşan siyasi partiya xalqın inamını doğrultmaq, respublikanı üzləşdiyi böyük faciələrdən xilas etmək iqtidarında ola bilər.
Bəşər sivilizasiyasının tarixində tamamilə fərqli səhifə açan, təkcə sarsıdıcı müharibələr, siyasi, mənəvi, ekoloji böhran və aşınmalarla deyil, görünməmiş innovasion inqilabla - informasiya-kommunikasiya resurslarının, elmi-texniki tərəqqinin yüksək inkişafı ilə yadda qalmış XX yüzillik həm də liderlər əsri kimi xarakterizə olunur. Bəşəriyyəti lərzəyə salan iki dünya müharibəsinin baş verməsi və fərqli reallıqlarla yekunlaşması da, böyük imperiyaların yaranması və dağılması da, dünyanın siyasi xəritəsinin əhəmiyyətli dərəcədə dəyişməsi də, demokratikləşmə, insan hüquq və azadlıqları sahəsində tamamilə yeni imkanların açılması da məhz lider fenomeni ilə bağlı olmuşdur.
Millətin vahid məqsədlər uğrunda toparlanması üçün zəruri olan milli ideya da məhz bu liderlərin, böyük şəxsiyyətlərin siyasi konsepsiyalarında real əsaslarını tapır. Şübhəsiz, milli ideologiya milli düşüncə sisteminin əsas gücünün real siyasi məqsədlər naminə səfərbər edilməsidir.
Bu gün alimlərimiz, tarixçilərimiz haqlı olaraq bu nəticəyə gəlmişlər ki, Azərbaycan xalqı əsrlər boyu qazandığı nailiyyətləri, ali keyfiyyətləri məhz Heydər Əliyevin, bu dövrdə alternativi olmayan bir liderin respublikaya birinci rəhbərliyi dövründə sistem halına salmış, millət kimi mövcudluğunu, dövlət qurmaq haqqını, özünü idarə etmək bacarığını yüksək səviyyədə nümayiş etdirə bilmişdir. XX əsrin 70-80- ci illərində, yalnız Azərbaycan xalqı deyil, ümumən sovet ictimaiyyəti gördü ki, Heydər Əliyev təkcə qorxmaz, cəsarətli, möhkəm iradəli rəhbər yox, həm də ensiklopedik məlumata, güclü məntiqə malik, cəmiyyəti dərindən bilən, onu bu və ya digər məqsəd uğrunda mübarizəyə səfərbər etməyi bacaran təşkilatçı, dövlət xadimi, müdrik siyasətçi və ideoloqdur.
XX əsrin son onilliyində sürətlə cərəyan edən hadisələri qabaqlayaraq, ulu öndərin Moskva təqiblərindən qurtulması, Azərbaycanda gedən proseslərə daha yaxın olması, lazım gələrsə, Vətənin dar günündə ona yardımçı olması üçün doğma ata ocağı Naxçıvana gəlişi dövrünə nəzər salaq.
...Müdrik siyasətçi Heydər Əliyevin xalq arasında getdikcə daha da artan nüfuzu onun siyasi rəhbərliyə gəlişini obyektiv tarixi zərurətə çevirmişdi. Böyük əksəriyyət, təkcə Naxçıvanın deyil, ümumilikdə, Azərbaycanın gələcək taleyi naminə Heydər Əliyevin siyasi proseslərə fəal müdaxiləsini, o cümlədən birbaşa idarəçiliyi ələ almasını vacib sayırdı. 1991-ci il sentyabrın 3-də böyük öndər əhalinin təkidli xahişi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsinə seçilərək muxtar respublikanı həm sosial-iqtisadi fəlakətdən qurtarmaq, həm də erməni təcavüzündən qorumaq üçün taleyüklü xilaskarlıq missiyasını öz üzərinə götürdü.
"Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Mən prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin dövründə üzərimə düşən vəzifənin icrasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışdım və xalqın iradəsini indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliydim".
Hadisələrin Azərbaycanın xeyrinə olmadığı bir vaxtda Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri seçilməsi böyük hadisə oldu və zülmət qaranlıqda bir şimşək kimi çaxdı. Bu, sadəcə, keçmiş Sovetlər Birliyinin Siyasi Bürosunda təmsil olunmuş nüfuzlu bir şəxsiyyətin-SSRİ Nazirlər Soveti sədrinin birinci müavininin Naxçıvanda Ali Məclisin sədri seçilməsi ilə şərtlənmirdi. Heydər Əliyev Naxçıvanda fəal və peşəkar fəaliyyəti ilə, ilk növbədə, bütün ölkə boyu milli dövlətçiliyə inam hissi formalaşdırmağa nail olmuşdu. O, öz çıxışları, müsahibələri, söhbətləri ilə həm insanlara ümid verir, həm də xalqın azadlıq mübarizəsini istiqamətləndirirdi. Bundan qorxuya düşən o zamankı ölkə rəhbərliyi Naxçıvanda cərəyan edən prosesləri gözdən salmaq, ona "separatçılıq" donu geyindirmək üçün hər cür çirkin vasitələrə əl atır, müxtəlif üsullarla Ali Məclisin işinə mane olmaq istəyirdi.
Bütün bunlara baxmayaraq, ulu öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində Naxçıvan Respublikasında həyat tədricən təbii axarına düşməyə başlayırdı. İran hökuməti ilə razılığa əsasən, Muxtar Respublikaya bu ölkə vasitəsilə ərzaq, yanacaq, sərnişin daşınırdı. 1991-ci ilin oktyabrında Araz üzərində Türkiyə və Naxçıvan arasında "Həsrət körpüsü" açılmışdı. "Dağlıq Qarabağ problemi" ətrafında birləşən müxtəlif siyasi qruplar artıq bu problemin yalnız Azərbaycanın müstəqillik əldə etməsindən sonra həll oluna biləcəyi qənaətlərini qətiləşdirmişdilər. Maraqlı məqamlardan biri ondan ibarət idi ki, fəaliyyətinin ilk dövründə xalqın azadlıq mübarizəsində iştirak edən Azərbaycan Xalq Cəbhəsi Heydər Əliyevin fəaliyyətini dəstəkləyirdi. Lakin hakimiyyəti ələ keçirəndən sonra AXC də eynən köhnə hakimiyyət kimi Heydər Əliyevin siyasi nüfuzundan qorxaraq, planlar cızmağa, ona qarşı gizli və aşkar mübarizəyə başladı. 1992-ci ilin iyunundan Naxçıvan MR-ə elektrik enerjisinin verilməsi dayandırıldı, iyul ayından qatarların hərəkəti kəsildi. Naxçıvan MR-in üzləşdiyi blokada vəziyyəti daha da ağırlaşdı. Lakin Heydər Əliyev ağır şəraitdə Naxçıvanı müvəffəqiyyətlə idarə edirdi.
Respublikanın günbəgün uçuruma yuvarlandığı, insanların çörəklə imtahana çəkildiyi bir vaxtda Naxçıvan Muxtar Respublikasında həyata keçirilən islahatlar, qonşu dövlətlərlə qurulan iqtisadi-siyasi münasibətlər, iqtisadiyyatda əldə edilən müsbət dəyişikliklər fonunda Heydər Əliyevi yenidən Azərbaycan rəhbərliyində görmək xalqın ümumi arzusuna çevrilmişdi. Ziyalılar, sadə adamlar Naxçıvan MR-ə üz tutaraq Heydər Əliyevlə görüşlər keçirir, xalqı düşdüyü acınacaqlı vəziyyətdən çıxarmaq üçün ondan kömək istəyir, Azərbaycanın müxtəlif bölgələrində mitinqlər keçirməklə müdrik siyasətçinin respublika rəhbərliyinə qayıtmasını tələb edirdilər.
Həmin illərdə müəyyən
səbəblərdən Naxçıvana gedə bilməyənlər
isə MR Ali Məclisinin sədri Heydər
Əliyevin ünvanına minlərlə müraciətlər,
teleqramlar göndərərək xalqı
düşdüyü bu
bəlalardan qurtarmağı xahiş
edirdilər. Xalqın sağlam
qüvvələrinin Heydər Əliyevin ətrafında birləşmək
niyyəti yalnız bir qrup
ziyalının deyil, respublikamızın bütün bölgələrində, şəhər
və kəndlərində ayrı-ayrı vətəndaşlar,
müxtəlif sosial qruplar
arasında ümumxalq istəyinə
çevrilməyə və qətiləşməyə
başlanmışdı. İlk dövrlərdə
kortəbii başlanan dağınıq fəaliyyət
getdikcə daha mütəşəkkil xarakter alır və yeni
partiyanın yaradılması üçün
cənab Heydər Əliyevə yazılı müraciət
edilməsi zərurətini doğururdu.
"Azərbaycan
Sizin sözünüzü
və qəti qərarınızı gözləyir..."
1992-ci ilin oktyabr ayında 91 nəfər nüfuzlu Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə "91-lər"in müraciəti" kimi daxil olan, oktyabrın 16-da "Səs" qəzetində dərc olunan həmin sənəd bütövlükdə xalqın arzu və istəklərinin ifadəsi idi. Müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu:
"....İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq, Siz, qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də, Azərbaycanın, demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu dolduracaq, dövlət quruculuğu işlərinə öz layiqli töhfəsini verə biləcək. Əminik ki, Yeni Azərbaycan Partiyası müdrik ağsaqqalımız Heydər Əliyevin ətrafında birləşəcək dərin zəkalı, təmiz əxlaqlı, yüksək mədəniyyətli, müstəqil düşüncəli, milli qürurlu peşəkar insanların siyasi partiyasına çevriləcəkdir...
...Bizim bu müraciətimizə minlərlə Azərbaycan vətəndaşı məmnuniyyətlə qoşulmağa hazırdır. Hələlik isə ilk addım olaraq bunu bir qrup ziyalılar adından biz edirik. Biz həm öz, həm də on minlərlə respublika əhalisi adından Sizdən xahiş edirik ki, yaradılmaqda olan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir".
Azərbaycan ziyalılarının narahatlığını və həyəcanını bölüşən Heydər Əliyevin cavabı özünü çox gözlətmədi. 1992-ci il 24 oktyabr tarixli cavab məktubunda yaranmış vəziyyəti ətraflı təhlil edən müdrik siyasətçi yazırdı: "Azərbaycanın bugünkü həyatı və gələcək taleyinə dair digər problemlər də məni narahat edir. Lakin Sizin müraciətinizə cavab verərkən yuxarıda göstərilən məsələlərə daha öncə diqqət yetirməyi lazım bilirəm. Zənnimcə, onların ən qısa müddətdə həlli müstəqil Azərbaycan dövləti üçün son dərəcə vacibdir. Azərbaycanın çağdaş və gələcək taleyi ilə bağlı bu problemlərinə biganə qalmağa heç kəsin haqqı yoxdur.
Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zəruriyyətdən doğulur.
Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa onun fəaliyyətində fəal iştirak etməyə hazıram".
Tarixi gerçəkliklər sübut edir ki, dövlət və cəmiyyət həyatında müəyyən rol oynayan, demokratik, hüquqi, sivil, dünyəvi dövlətçiliyin təməl prinsiplərindən, əsas atributlarından sayılan siyasi partiyalar, adətən, zərurətdən və milli tələbatdan yaranırlar. Bu mənada, müstəqilliyə yenicə qovuşmuş Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən YAP-ın yaranması tarixi zərurətdən irəli gəlməsi heç kimdə zərrə qədər də şübhə doğurmurdu.
Heydər Əliyev ideyalarının
daşıyıcısı olan bir partiyanın siyasi səhnəyə
vəsiqə alması 1988-ci ildən başlayaraq
respublikada cərəyan edən hadisələrin
yekunu, ictimai-siyasi
şəraitin məntiqi nəticəsi idi.
Azərbaycanda siyasi
qurumların formalaşması prosesi 80-ci
illərin sonundan başlanan
xalq hərəkatının gedişində
özünü büruzə vermiş, 1990-cı ilin əvvəllərində
bir sıra siyasi təşkilatlar
yaranmışdı. Lakin yaradılan qurumlar ölkəni düşdüyü
ağır iqtisadi, siyasi,
mənəvi böhrandan nəinki qurtara bilmədi,
əksinə, hakimiyyətdə olan və
bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti
daha da ağırlaşdıraraq
təhlükəli böhran həddinə
çatdırdılar. Ölkəni bürümüş
dərin siyasi, iqtisadi,
sosial gərginlik xalqın qabaqcıl hissəsi
olan ziyalıları,
tanınmış insanları son dərəcə
narahat edirdi. Məhz ona görə də Azərbaycanın taleyini düşünən insanlar
ölkəni böhrandan çıxara
biləcək yeni bir partiya yaratmaq təşəbbüsü
ilə çıxış etdilər və xalqın
sınanmış lideri Heydər Əliyevin
şəxsiyyəti ətrafında birləşdilər.
Yeni Azərbaycanın yeni
partiyası
Heydər
Əliyevin Azərbaycanın xilası naminə, xalqın
mütəşəkkil tələbi və istəyi ilə
YAP-a rəhbərlik etməyə razılıq verməsi ulu
öndərin böyük siyasətə
qayıdışının əsasını qoydu. 1992-ci il
noyabrın 21-də partiyanın təsis qurultayı
keçirildi. AXC hakimiyyətinin ümummilli liderin Bakıya gəlməsinə
ciddi maneələr yaratması səbəbindən
partiyanı yaratmaq istəyən insanların bir hissəsi -
550 nəfərdən ibarət təşəbbüs qrupu
Naxçıvana gedərək təsis konfransını orada
keçirməyə nail oldu. Təsis konfransı Yeni Azərbaycan
Partiyasının yaradılması haqqında qərarı,
partiyanın proqram və nizamnaməsini qəbul etdi və Heydər
Əliyev yekdilliklə partiyanın sədri seçildi.
Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. Fenomen şəxsiyyət və böyük dövlət xadimi Heydər Əliyev bunu özünəməxsus şəkildə belə ifadə edirdi: "Müstəqil Azərbaycan yeni Azərbaycandır. Müstəqil Azərbaycanda yeni ictimai-siyasi quruluş yaranıbdır. Yeni iqtisadiyyat formaları yaranıb, demokratiya, siyasi plüralizm inkişaf edir. Belə bir yeni Azərbaycan keçmişdə yaşadığımız, keçmişdə olan Azərbaycandan fərqlidir. Ona görə partiyamızın adı da Yeni Azərbaycan Partiyasıdır. Məhz Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır".
YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiya kimi fəaliyyətə başladı. Partiyanın Proqramında irəli sürülmüş əsas vəzifələr - dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirirdi.
Ümummilli lider Heydər Əliyev partiyanın yaradılmasından bir neçə gün sonra müsahibəsində deyirdi: "Yeni qurduğumuz partiya bütün partiyalardan fərqlənməli, demokratik əsaslarla yaranmalıdır. Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, demokratiyanı inkişaf etdirmək, siyasi plüralizmə tamamilə geniş şərait yaratmaq, insanın bütün hüquqlarının qorunmasını təmin etmək, Vətənimizdə yeni bir hüquqi cəmiyyət yaratmaq yolu ilə gedən bir partiyanın yaranması zəruridir".
YAP fəaliyyətə başlayarkən onun ölkənin siyasi sistemində aparıcı bir təşkilata çevriləcəyi, ətrafında toplaşmış intellektual potensialın xalqımızın ümummilli problemlərinin həllində mühüm amillərdən biri olacağı təkzibolunmaz həqiqət idi. Bir sıra səbəblər bu qənaətə gəlməyə ciddi əsaslar yaradırdı. Əvvəla, YAP-a Heydər Əliyev kimi dünya şöhrətli liderin sədrlik etməsi partiyanın cəmiyyətdə böyük siyasi nüfuza malik olmasını şərtləndirirdi. İkincisi, ölkəmizin böyük nüfuza və hörmətə malik olan yüksək intellekt sahibləri YAP-da toplaşmışdı. Üçüncüsü, partiya Azərbaycanın bütün regionlarını təmsil edən sosial bazaya əsaslanırdı.
YAP-ın qarşıya qoyduğu
məqsədlərin hamısı dövrün
reallıqlarını əks etdirdiyindən ictimaiyyətin böyük diqqətinə, marağına səbəb
olmuşdu. Yəni partiya
cəmiyyətdə mövcud olan ictimai maraqları
mütəşəkkil şəkildə realizə etməklə
ölkə vətəndaşlarının siyasi
istinadgahına çevrilməyi qarşısına məqsəd
qoymuşdu. Məhz bütün bunlara görə
də mərkəzi hakimiyyət Yeni Azərbaycan
Partiyasına və onun sədri Heydər Əliyevə
siyasi təzyiqləri daha
da gücləndirməyə
başlamışdı. Ulu öndər sonralar bu hadisələri
xatırlayarkən deyirdi: "Yeni Azərbaycan Partiyası yaranarkən onun tərəfdarları çox
idi. Ancaq onun yaranmasına maneəçilik törədənlər
də az deyildi.
Xüsusən, o zaman
Azərbaycanda çoxpartiyalılıq prinsipinin
elan olunmasına baxmayaraq,
Yeni Azərbaycan Partiyasının
yaranması hakimiyyət dairələri tərəfindən heç də müsbət qəbul edilməmişdi..."
(ardı var)
Arzuman MURADLI,
YAP Səbail rayon təşkilatı
sədrinin
müavini, politoloq
Xalq qəzeti.- 2012.- 22 noyabr.- S. 3.