Gözlərinizi qoruyun

 

Mütəxəssislərin dediyinə görə, planetimizdə uzağı görməyən insanların sayı artıq bir milyardı ötüb keçmişdir ki, bu rəqəm də dünya əhalisinin təxminən 20 faizini təşkil edir. Bu sahədə təcili tədbirlər görülməsə, çox tezliklə Yer kürəsi qıyıq gözlü insanların planetinə çevriləcəkdir. Axı məlumdur ki, xəstəliyin profilaktikası onu müalicə etməkdən daha asandır. Məgər biz ultrabənövşəyi şüaların gözün tor qişasına necə zərərli təsir göstərdiyini bilmirik? Bəs, həddindən artıq televizora aludə olmağaya kompyuter qarşısında işləməyə necə baxırsınız? İnsan informasiyanın 90 faizini gözləri vasitəsilə alır. Bəli, söhbət göz xəstəliklərindən gedir. Bununla bağlı suallarımızı Rusiyanın "Dobromed" Bakı klinikasının baş həkimi, RF Səhiyyə Nazirliyinin Diplomdansonrakı Təhsil Tibb Akademiyasının dosenti, tibb elmləri doktoru Tahir Cəfərli cavablandırır.

 

- Tahir müəllim, nə üçün insanlar öz görmə qabiliyyətinə belə etinasız yanaşırlar?

- Göz xəstəlikləri ilə bağlı təhdidedici statistika bütün planetimiz üçün səciyyəvidir. Görmə qabiliyyətinə etinasız münasibət, yəqin ki, bir neçə amillə bağlıdır. İlk növbədə biz azərbaycanlıların mentallığına xas olan "dərd qapımın ağzını kəsdirməyincə, ağlım başıma gəlməz" kimi hallarla bağlıdır. Elə Sovet İttifaqında da belə idi. İkinci amil budur ki, son illər Azərbaycanda həkimlərin maarifləndirici fəaliyyəti çox zəifləmişdir. Təkcə həkimin deyil, prinsipcə hər bir insanın bilməli olduğu faydalı informasiya xeyli dərəcədə azdır. Biz hamımız xəbərləri izləyirik, buna baxmayaraq, əhali arasında tibbi savadlılıq səviyyəsi aşağıdır. Sonuncu amil isə qaçılmazdır: görmə analizatorunun optimal fəaliyyəti üçün səciyyəvi olmayan təsir vasitələrinin sayı artmışdır. Bu, həm ucdantutma kompyuterləşdirmədir, həm də müasir dünyada mövcud olan və körpəlikdən ahıllığadək insanı əhatə edən, gözün fəaliyyəti üçün xarakterik olmayan stimulların sayının artmasıdır. Lakin mən vəziyyətin faciəvi və acınacaqlı olduğunu düşünmürəm. İnanıram ki, oftalmologiya və onun qabaqcıl nailiyyətləri bu problemi aradan qaldırmaq iqtidarındadır.

- Bakı sakinləri arasında apardığımız "Eynəklə özlərini nə dərəcədə rahat hiss edirlər və cərrahiyyə əməliyyatının köməyi ilə görmə qabiliyyətini bərpa etmək istəyirlərmi" sorğusunu respondentlər müxtəlif mövqedən cavablandırdılar. Biri eynəkdə özünü rahat hiss etdiyini bildirir, digəri eynəkdən canını qurtarmaq istəyir, bəziləri həkim məsləhəti olsa, cərrahi əməliyyata razılıq verəcəyini bildirirs. Bir sözlə, hər kəsin məsələyə fərqli münasibəti var. Kişilər əməliyyatın qəti əleyhdarı, qadınlar isə tərəfdarıdır. Sizcə, fikirlərin belə haçalanması nə ilə bağlıdır?

-Yəqin ki, suallar əsasən yaşlı adamlara verilmişdirbir çoxları, xüsusən qadınlar belə cavab vermişlər: "Yaşım çoxdur, amma mən riskə getməyə hazıram". Əvvəla, qadınlarımız həqiqətən cəsarətli məxluqlardır. Bir cərrah kimi deyə bilərəm ki, statistikaya görə, lazer göz cərrahiyyəsinə ( lazer korreksiyası) daha çox qadınlar üstünlük verirlər. Yeri gəlmişkən, lazer korreksiyası ağrısız prosedurdur. Əlbəttə, onun da göstəriciləri və əks-göstəriciləri vardır.

Lazer korreksiyasının nəticələrini katarakta, qlaukoma cərrahiyyəsi ilə əlaqələndirə bilmərik. Yeri gəlmişkən, statistikaya görə, qlaukomadan daha çox kişilər əziyyət çəkir.

- Bir çoxları gözdə cərrahiyyə əməliyyatının mümkün riskindən, necə deyərlər "qaş düzəldən yerdə, vurub göz çıxarmaqdan" danışırdılar. Bu risklər nə dərəcədə yüksəkdir və cərrahiyyə əməliyyatından sonra yarana biləcək fəsadlar ehtimalı neçə faizdir?

- Son 20 ildə, xüsusən də ötən əsrin 90-cı illərindən başlayaraq,dünya oftalmologiyası gözün təhlükəsiz, sabitminimum fəsadlarla korreksiyası sahəsində çox yüksək nəticələr əldə etmişdir.

Qeyd etmək istərdim ki, "eksimer" deyilən lazer korreksiyası ən müasir metoddur. Görmənin lazer korreksiyası yolu ilə düzəldilməsi hazırda həqiqətən ən təhlükəsiz üsuldur. Lakin əks-göstərişləri üzə çıxarmaq üçün ilk növbədə xəstənin tam müayinə olunmasını tələb edir. İkincisi, dünyada milyonlarla, Rusiyada bir neçə yüz min, Azərbaycanda isə minlərlə belə cərrahiyyə əməliyyatı aparılmışdır. Təcrübəli peşəkarların ən müasir avadanlığın - məhz lazer korreksiyasının köməyi ilə apardıqları əməliyyat hələ heç kəsin ümidini boşa çıxarmamışdır.

- Oxucularımızdan biri yazır ki, bir çox oftalmoloqlar özləri eynək taxırlar, ehtiyat edirlər ki, cərrahiyyə əməliyyatından sonra fəsadlar mümkündür.

- Fəsadlar haqqında fikrimi tamamlamaq istəyirəm. Təbabətin elə bir sahəsi yoxdur ki, həkimlər əməliyyatdan əvvəl 100 faiz zəmanət versinlər. Elmtexnika, peşəkarlıq nə qədər inkişaf edirsə-etsin, belə bir zəmanət vermək mümkün deyildir, çünki bu, qeyri-real statistika olardı. Bütün xidmətlərimiz və nəticələrimiz statistik təhlil olunur. Amma əgər ümumiyyətlə fəsadlardan danışırıqsa, lazer korreksiyasında fəsad riski minimuma çatdırılsa da, belə fəsadlar mövcuddur (bu göstərici 5 faizdən çox deyildir) və ilk növbədə yaxındangörmənin qalığıdır. Hazırda cərrahiyyənin heç də həmişə uğurlu olmayan təcrübəsi lazer korreksiyası deyil, bıçaqla əməliyyat yoludur. Məsələn, hamımıza yaxşı tanış olan, bir vaxtlar əsil inqilab etmiş "çərtmələrin" (yaxud Fyodorov "çərtmələri") nəticələri artıq 15-20 ildən sonra xəstələri heç də həmişə razı salmır.

Həkim isə həmişə xəstəsi üçün narahatdır. Biz qətiyyətlə deyə bilərik ki, çərtmələrin də, lazer korreksiyasının da imkanlarının həddi sonsuz deyildir. Əgər insanın görmə qabiliyyəti - 20-dirsə, belə vəziyyəti nə çərtmələrlə, nə də lazer korreksiyası ilə düzəltmək mümkündür. Artıq söhbət gözdaxili implantasiyadan, daha sadə dillə desək, göz daxilində daim gəzdirilən kontakt linzadan gedir. Yeddi ildən çox aparılan müşahidələrin nəticələri müsbətdir, lakin biz daha böyük zəmanət gözləyirik.

Bir məsələni də qeyd etmək istəyirəm: xarici həmkarlarım getdikcə daha çox korreksiyaya müraciət edirlər, çünki xarici mentalitet üçün həyat keyfiyyəti daha vacibdir: necə deyərlər, qoy 20 il olsun, lakin keyfiyyətli həyat olsun. Allaha şükür, bizdə də belə düşünməyə başlayıblar. Həkimlərimiz çətinliklə olsa da, hər halda korreksiyaya gedirlər.

- Amma, hər halda, eynəyin təyinatı görmə qabiliyyətini yaxşılaşdırmaqdır. Tarixə müraciət etsək görərik ki, eynək ilk dəfə Qədim Misirdə yaradılmışdır. İnsanlar lap qədim zamanlardan gün eynəklərindən, görmə qabiliyyətini yaxşılaşdıran eynəklərdən istifadə etmişlər. Hazırda Azərbaycanda eynəklər supermarketlərdə, bazarlarda, metro keçidlərində satılır. Amma biz nə üçünsə məhz eynək çərçivəsinin dizaynına diqqət yetirir, lakin həmin çərçivənin düzgün seçilmiş optik linzaları saxlamaq üçün nəzərdə tutulduğu barədə əsla düşünmürük?

- Bəli, insanların müəyyən hissəsi eynək çərçivəsinə məhz bu nöqteyi-nəzərdən yanaşır: eynək çərçivəsi Hollivud ulduzlarının, yüksək vəzifəli və mövqeli şəxslərin gəzdirdiyi dünya şöhrətli istehsalçının olmalıdır. Lakin insanlar unudurlar ki, əsas məsələ düzgün seçilmiş eynəkdir. Oxucularımıza eynəyi optometristin, yaxud heç olmazsa, oftalmoloqun yanında seçməyi məsləhət görərdim. Hazırda Bakının, eləcə də regionların bir çox müasir oftalmoloji mərkəzlərində bu prosedur mümkündür və keyfiyyətlə aparılır. Çərçivə heç də əsas addım deyildir. Hərçənd çərçivənin aksessuar olması meyli güclüdür. Eynəklər getdikcə daha çox aksessuar kimi qəbul olunur, çünki biz gözəl, möhkəm və ağır olmayan eynək istəyirik. Əlbəttə, siz haqlısınız. Düzgün seçilməyən linza və eynəklər böyük problemlər yaradır. Belə eynəyi taxmaqdansa, ondan imtina etmək daha məqsədəuyğundur.

- Oxucularımızdan biri yazır: "Mən gündə 9 saat kompyuter qarşısında keçirirəm. Günün sonunda gözlərim yorulur. Kompyuterdə işləyərkən onun mənfi təsirini azaltmağa kömək edən eynəklər varmı?"

- Bəri başdan deyim ki, kompyuterlər elə də güclü mənfi təsir göstərmir. Əlbəttə, alimlər kompyuter monitorunun ekranından qorunmaq üçün müxtəlif üsullar işləyib hazırlamışlar.

Gözün gigiyenası mütləq olmalıdır, yəni gözü kompyuterlə düzgün uyğunlaşdırmaq lazımdır. Kompyuterdə işləməyi hər hansı yayındırıcı vasitə ilə uzlaşdırmaq gözlər üçün ən optimalrahat yoldur. Yəni insan hər saatdan bir gözlərinə 15 dəqiqə istirahət verib, ekranın qarşısından uzaqlaşmalıdır.

- Deşikləri olan qara eynəklər də vardır. Həmin eynəkləri kompyuterdə işləyərkən taxmaq məsləhət görülür. Siz bu eynəklərə necə baxırsınız?

- Perforasiyalı, deşikləri olan bu eynəkləri çox ciddi nəşrlər və qəzetlər reklam edirlər. Lakin mən nüfuzlu professorların fikirlərinə istinadla bildirirəm ki, həmin eynəklərin müalicəvi əhəmiyyəti yoxdur və görmə qabiliyyətini yalnız taxılan zaman yaxşılaşdırır. Belə eynəklər buynuz qişanın və büllurun qismən bulanmasından əziyyət çəkən insanlara kömək edə bilər. Uşaqların taxmasını əsla məsləhət görmürəm, çünki akkomodasiyanı tamamilə pozur. Akkomodasiyası pozulmuş uşağın görmə qabiliyyətinin necə olacağı hələ məlum deyildir. Odur ki, belə eynəklərə ehtiyatla yanaşmaq lazımdır. Üstəlik, həmin eynəkləri həkim-oftalmoloq təyin etmir.

- Saytların birində belə bir məlumat oxudum: "Görmə qabiliyyətinizi qorumaq istəyirsinizsə, gözlərinizi tez-tez qırpın". Tahir müəllim, bu həqiqətən belədirmi?

- Göz qırpma bütün insanlara xas olan qoruyucu fizioloji mexanizmdir. Bu zaman əsas optik linza sayılan gözün buynuz qişası aqressiv mühitlərin təsiri altında qurumağa başlayır. Nəticədə "quru göz sindromu" deyilən vəziyyət yaranır. Hazırda bu, çox böyük bir problemdirgöz içində sanki nə isə kənar bir şey varmış kimi narahatlıq və yorğunluq hissi doğurur. Tez-tez göz qırpma bu mexanizmi korreksiya etməyə, buynuz qişada əmələ gələn göz yaşı plyonkasını uzun müddət qoruyub saxlamağa imkan verir. Bu da kömək etmirsə, lubrikatorlar deyilən, göz quruluğuna yol verməyən əlaqələndirici vasitələrdən istifadə etmək lazımdır. "Quru göz sindromu" aktual məsələdir, amma tez-tez göz qırpmaq yalnız yaşlı insanlar üçün məsləhətlidir. Uşağın gözlərini tez-tez qırpması artıq xəstəliyin, özü də gözlə bağlı olmayan xəstəliyin, məsələn, qurd invaziyasının, habelə yaxındangörməyə meyilli olmağın əlamətidir.

 

 

Müsahibəni yazdı: M.MÜKƏRRƏMOĞLU

 

 Xalq qəzeti.- 2012.- 23 noyabr.- S. 6.