Məşhur aktyorun yubileyi
Xarakterik və tipik
obrazların mahir ifaçısı Məmmədağa
Dadaşovoynadığı rollar ilə
xalqın qəlbində özünəməxsus iz qoymuşdur. Gənc
Tamaşaçılar Teatrında fəaliyyət göstərən
səhnə ustası M.Dadaşov komediya, faciə, nağıl -tamaşalarda
müxtəlif xarakterli obrazlar
yaradıb.
"Dədə
Qorqud", "Yol əhvalatı", "Köç" və
digər filmlərdə də oynadığı rollar aktyorun
obrazlar qalereyasının gözəl nümunələrindəndir.
Bu günlərdə Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrında
istedadlı teatr və kino aktyoru, görkəmli sənətkar
Məmmədağa Dadaşovun 100 illik yubileyi qeyd olunub. Tədbirdə
iştirak edən ADGTT-nin direktoru, əməkdar artist
Mübariz Həmidov onun həyat və fəaliyyətindən
söhbət açaraq bildirmişdir ki, yubiley gecəsinin məhz
Dövlət Gənc Tamaşaçılar Teatrında
keçirilməsi heç də təsadüfi deyil.
Çünki Məmmədağa Dadaşov bu mədəniyyət
ocağının ilk aktyorlarından biri olub.
Gecədə
Teatr Xadimləri İttifaqının sədri Azərpaşa
Nemətov, xalq artisti Yasin Qarayev, əməkdar artist Cəfər
Namiq Kamal yubilyarla bağlı xatirələrini
bölüşdülər.
Sənətsevərlərin, vaxtilə Məmmədağa Dadaşovla eyni səhnəni paylaşan aktyorların iştirak etdiyi ədəbi-bədii gecədə istedadlı müğənni Təranə Mahmudovanın ifası, əməkdar artist Gülyaz Məmmədovanın, ADGTT-nin aktrisası Almaz Mustafayevanın, xanəndə Firuz Səxavətin, "Cəngi" rəqs ansamblının, "Təbəssüm" uşaq rəqs qrupunun, Dadaşovlar nəslinin nümayəndələri Həcər Ağayeva və Tahir Eynullayevin və digərlərinin çıxışları tədbirə əlavə rəng qatdı.
Əməkdar incəsənət xadimi, professor Tariyel Vəliyev yubiley haqqında təəssüratlarını bizimlə bölüşdü: "O, Məmmədağa Dadaşovun yüksək yumor hissinə sahib olması, oynadığı rolları xüsusi peşəkarlıqla tamaşaçılara çatdırması, həmin rolların hələ də yaddaşlarda qalmasından bəhs etdi. Biz aktyorlar, yəni mənim nəslim xoşbəxtdir ki, M.Dadaşov kimi sənətkarla bir yerdə işləmişik. Məmmədağa müəllim çox yüksək mədəniyyətə malik insan idi və həmişə biz gənc aktyorlara ata qayğısı ilə yanaşırdı".
Rejissor Nicat Kazımov: "Demək olar ki, bu insan
Azərbaycan teatrının
tarixini yazıb. Çox təəssüflər olsun
ki, onun yazdıqları heç yerdə çap olunmayıb. Əslində teatr salnaməsi yazan insanlar, bizim teatr tariximizlə
maraqlananlar onun yazdıqlarını izləsələr,
çap etsələr,
daha yaxşı olar. Məmmədağa müəllimin hələ
də üzə çıxmayan əl yazısı ilə yazılmış arxivi vardır və onu ortaya çıxarmaq
lazımdır. Bir şeyə
təəssüf edirəm
ki, onun əlyazmaları heç yerdə çap edilməyib."
Mərasimin özəlliyi ondan
ibarət idi ki, aktyorun heç
vaxt efirdə getməmiş müsahibəsinin
lent yazısından kiçik
bir hissə nümayiş olundu. Tədbirdə həmçinin Məmmədağa
Dadaşovun çəkildiyi
filmlərdən kadrlar
nümayiş etdirildi.
Sonda aktyorun qızı, əməkdar
artist Kübra Dadaşova
atası ilə bağlı xatirələrini
tədbir iştirakçıları
ilə bölüşdü
və yubileydə iştirak edən hər kəsə minnətdarlığını bildirdi.
Ülviyyə VAHİDQIZI
Xalq qəzeti.- 2012.- 24 noyabr.- S. 6.