Azərbaycan gəncliyinin Avropaya inteqrasiyası

 

Müstəqil Azərbaycan Respublikası özünün geridə qalan iki onilliyində dünyanın bütün aparıcı beynəlxalq təşkilatları ilə bərabərhüquqlu və qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələri quraraq özünəməxsus nümunələr formalaşdırmışdır. Təbii ki, bu geniş spektrli siyasi-diplomatik uğurları siyasətçilər və diplomatlar əldə etmişlər. Ancaq ölkə gəncliyi də bu sahədə özünəməxsus nailiyyətlərə imza atmaqdadır. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının, YAP Gənclər Birliyinin, yaradıcı gənclər birliklərinin və digər qurumların bu sahədəki uğurları gündən-günə artmaqdadır.

 

Ölkə gəncliyinin 2006-cı ildən etibarən əməkdaşlıq etdiyi Avropa Tələbələri Forumu (AEGEE) ilə birlikdə reallaşdırılan layihələr isə azərbaycanlı tələbə- gənclərin beynəlxalq aləmə inteqrasiyasında daha uğurlu addımlar kimi qiymətləndirilir.

Avropanın ən böyük tələbə assosiasiyası olan AEGEE 1985-ci ildə Parisdə yaradılıb. "Vahid Avropa məkanı yaratmaq" ideyası ilə ərsəyə gələn təşkilatın mərkəzi qərargahı Belçikanın Brüssel şəhərindədir. Qurumun rəsmi dili ingilis və fransız dilləridir. Struktur qitə miqyaslı AEGEE-Europa bölməsindən (11 işçi qrup və 9 çoxmillətli layihə komandalarından ibarətdir) və yerli səviyyəli 200-dən artıq antennadan (təşkilat) və formal qruplardan ibarətdir. Təşkilat öz fəaliyyətində Vahid Avropa Məkanı ideyasını təşviq etməklə yanaşı, tolerant cəmiyyətin formalaşdırılmasına, demokratiyanın möhkəmləndirilməsinə, insan hüquqlarının qorunmasına, təhsildə ölkələrarası əməkdaşlığın genişləndirilməsinə, müxtəlif ölkələrdə Avropaya inteqrasiyanın dəstəklənməsinə, sülhün, sabitliyin qorunmasına töhfələr verməyə çalışır. Mədəniyyətlərin mübadiləsi, fəal vətəndaşlıq və ali təhsilin hamı üçün əlçatan olmasına zəmin yaradılması kimi məramlar da bu təşkilatın fəaliyyətində özünə yer tapır.

Xatırladaq ki, Avropa miqyaslı bu təşkilatın növbəti ümumi yığıncağı Macarıstanın Budapeşt şəhərində keçirilmişdir. 2012-ci ilin noyabrında təşkil olunan "Payız AGORA"sında Azərbaycan və AEGEE-Bakı 5 nəfər nümayəndə heyəti ilə təmsil edilirdi. AEGEE-Bakının keçmiş və gələcək fəaliyyət planını təşkilatın prezidenti Elmar Quliyev, İctimaiyyətlə Ələqələr üzrə məsul şəxs Ülfət Abbasov və Layihələr direktoru Cavid İsayev AEGEE şəbəkəsinə təqdim etmişlər. Əlavə edək ki, AGORA AEGEE-Avropa təşkilatının ümumi yığıncağıdır və ildə iki dəfə keçirilir. Burada Avropanın müxtəlif şəhərlərində fəaliyyət göstərən yerli AEGEE nümayəndəliklərindən 800 nəfərdən çox gənc iştirak edirAEGEE-nin gələcək layihələrini və planlarını müzakirə edirlər. Həmçinin, AEGEE-Avropanın yarımillik fəaliyyət hesabatı bütün şəbəkəyə təqdim olunur.

Qeyd edək ki, AEGEE (Association des Etats Generaux des Etudiants de l'Europe), yəni Avropa Tələbələri Forumu Avropanın 43 ölkəsinin 209 şəhərindən olan 20.000-dək tələbəni özündə birləşdirir. AEGEE dünyəvi, heç bir siyasi partiyaya aid olmayan təşkilatdır. Onun həyata keçirdiyi bütün layihələr və fəaliyyət sahələri təşkilat üzvlərinin könüllülük prinsipləri əsasındadır. Elə azərbaycanlı tələbə- gənclər də bu beynəlxalq təşkilata könüllü olaraq qoşulmuşAvropa mədəniyyətinin Azərbaycan mədəniyyəti ilə zənginləşdirilməsi istiqamətində uğurlu addımlar atmışlar.

 

 

Sadiq QAÇAYEV,

ADMİU sənətşünaslıq fakültəsinin

IV kurs tələbəsi

 

Xalq qəzeti.- 2012.- 25 noyabr.- S. 6.