Azərbaycanda mətbuatın
inkişafı və söz azadlığının təmin
edilməsi
1875-ci ildə
maarifçi demokrat və jurnalist, görkəmli ziyalı Həsən
bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi"
qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı
bütün dövrlərdə xalqımızın maariflənməsində,
milli və bəşəri dəyərlərin təbliğində
mühüm rol oynamışdır. 56 nömrəsi
çapdan çıxan qəzetin nəşrinə 1877-ci ildə
qadağa qoyulmuşdur. Çox qısa ömür sürməsinə
baxmayaraq,"Əkinçi" milli mətbuatımızın
formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.
Sonrakı illərdə görkəmli ziyalılarımız
tərəfindən nəşr edilən "Ziya",
"Şərqi-Rus", "İrşad", "Molla Nəsrəddin"
və s. nəşrlər məhz "Əkinçi" ənənələrini
davam etdirmiş, Azərbaycanın milli dirçəliş
tarixində önəmli yer tutmuşlar.
Azərbaycan
Xalq Cümhuriyyəti dövründə də mətbuat milli
müstəqillik ideyalarının irəliyə
aparılmasında mühüm rol oynamışdır.
Üzeyir bəy və Ceyhun bəy Hacıbəylilərin
redaktorluq etdikləri "Azərbaycan" qəzetinin, eləcə
də ölkədə 130-a qədər qəzet və
jurnalın nəşri həmin dövrə demokratik ab-hava gətirmişdir.
Sovet hakimiyyəti dövrundə isə mətbuat kommunist
ideyalarının təbliği ilə yanaşı, zəngin
milli varlıgın yaşadılmasında rolunu saxlaya
bilmişdir. Baxmayaraq ki, o dövr çox sərt ideoloji
buxovlar və ciddi senzura qaydaları ilə əhatə
olunmuşdu, amma mətbuat milli dəyərlərin
qorunmasında çox böyük missiyanın öhdəsindən
layiqincə gəlmişdir.
Dövlət
müstəqilliyinin əldə edilməsi isə Azərbaycan
mətbuatının tarixində söz
azadlığının təminatında, azad mətbuatın
formalaşmasında böyük bir tarixi dövr kimi qiymətləndirilməlidir.
1993-cü ildə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə
yenidən qayıdışı Azərbaycan mətbuatının
inkişafı yolunda yeni bir tarixdir. Milli mətbuatın 135
illiyinə həsr olunmuş yubiley mərasimində
çıxış edən Prezident Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyev bu tarixi dövrü bu cür qiymətləndirir:
"1993-cü ildə yenidən hakimiyyətə qayıdan
ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və
böyük səyləri nəticəsində plüralizmi,
söz və mətbuat azadlığını məhdudlaşdıran
maneələr aradan qaldırılmış, kütləvi
informasiya vasitələrinin fəaliyyətini tənzimləyən
qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq
standartlara uyğunlaşdırılmışdır. Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 6 avqust tarixli fərmanı
ilə Nazirlər Kabineti nəzdində mətbuatda və digər
kütləvi informasiya vasitələrində dövlət
sirlərini mühafizə edən baş idarə ləğv
edilmiş, bununla da mətbuatda tətbiq edilən senzura aradan
qaldırılmış, milli mətbuatın inkişafı
yolunda yeni perspektivlər açılmışdır. Bu siyasətin
ardıcıllığını təmin etmək məqsədilə
2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv
olunmuş və dövlətin mətbuat üzərində nəzarət
funksiyasından imtina edilmişdir. 2003-cü ildə Azərbaycan
jurnalistlərinin birinci qurultayında mətbuatın
özünütənzimləmə orqanı və dövlət
qurumları ilə mətbuat arasında münasibətlərin
nizamlanması funksiyalarını yerinə yetirən Mətbuat
Şurası yaranmışdır".
Azərbaycanda
Mətbuat Şurasının formalaşması media sahəsində
pərakəndəliyi aradan qaldırmağa xidmət etməklə
müşayiət olunmuşdur. Jurnalistlərin Peşə
Kodeksinin qəbul olunması isə media qurumları ilə cəmiyyət
arasında problemlərin həllinə müsbət təsir
göstərmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin
2009-cu il martın sonunda imzaladığı sərəncamla
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə
Dövlət Dəstəyi Fondu yaradılmışdır.
Fondun fəaliyyətində məqsəd Azərbaycanda fikir,
söz və məlumat azadlığı şəraitini
yaxşılaşdırmaq, o cümlədən buna xidmət
edən kütləvi informasiya vasitələrinə dövlət
dəstəyi göstərməkdir.
Bu
gün tez-tez dördüncü hakimiyyət adlandırılan
mətbuat Azərbaycanda bir çox proseslərin şəffaflığına
və hakimiyyətin üç "klassik" qolunun (icra,
qanunverici, məhkəmə) fəaliyyətinin
yaxşılaşdırılmasında təsiredici və
tarazlayıcı rol oynayır. Bir çox demokratik ölkələrdə
olduğu kimi, Azərbaycanda da Mətbuat Şurası fəaliyyət
göstərir, KİV haqqında qanun qəbul edilib. Demokratik
mətbuatın inkişafı, iqtisadi azadlığın təmin
edilməsi, reklam bazarında problemlərin aradan
qaldırılması, sosial vəziyyətin
yaxşılaşdırılması məqsədilə
xüsusi proqram hazırlanmışdır.
Prezident İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışı mərasimində çıxışında demişdi: "Azərbaycan gənclərinin xaricdə oxuması ilə bağlı dövlət proqramı icra olunur. Bu proqram çərçivəsində hər il, haradasa 10 milyon manata qədər vəsait ayrılır. Bu vəsait hesabına biz gənclərimizi xaricdə aparıcı ali məktəblərdə oxuduruq. Yəqin ki, o ixtisaslar siyahısına jurnalistika peşəsini də əlavə etməliyik. Çünki doğrudan da buna böyük ehtiyac vardır. Təkcə mediada deyil, ümumiyyətlə, hər sahədə peşəkarlığın artırılması bizim üçün ən prioritet məsələyə çevrilməldir.".
Heç şübhəsiz ki, ölkə Prezidentinin söylədikləri jurnalistikaya təkcə diqqət və qayğıdan deyil, eyni zamanda, onun gələcəyinə çox nikbin baxışdan irəli gəlir. Təsadüfi deyil ki, İlham Əliyevin prezidentliyi dövründə mətbu orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində önəmli işlər görülmüş, jurnalist əməyinin qiymətləndirilməsi isə sosial prioritetlərdən olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il fevralın 8-də imzaladığı sərəncama əsasən redaksiyaların "Azərbaycan" nəşriyyatına olan 400 min manat məbləğində borcu dövlət büdcəsindən ödənilmişdir. 2005-ci ildən bu günə kimi, 300-dən çox KİV əməkdaşı dövlət mükafatlarına və fəxri adlara layiq görülmüşdür, 2005-ci ildə 30 qəzet redaksiyasının hər birinə 2 min manat, 2008-ci ildə 38 mətbuat orqanının hər birinə 5 min manat, 2009-cu ildə isə 39 qəzet redaksiyasına ayrılıqda 10 min manat məbləğində dövlət yardımı ayrılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 2008-ci il 31 iyul tarixli sərəncam ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" söz və məlumat azadlığının, KİV-lərin müstəqilliyinin təmin edilməsi məqsədilə kompleks tədbirlər nəzərdə tutan mühüm sənəddir. Konsepsiyada əks olunmuş məsələlərin həlli üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu çox əhatəli və genişmiqyaslı tədbirlər həyata keçirir. 2009-cu ildə bu məqsədlə dövlət büdcəsindən fonda 1,3 milyon manat, 2010-cu ildə 2 milyon manat, 2012 ci ildə isə 10 milyon manat ayrılmışdır.
Söz və məlumat azadlığının təmin olunması sahəsində aparılan siyasətin nəticəsində bu gün Azərbaycan Respublikası kütləvi informasiya vasitələrinin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında birincilər sırasındadır. Ölkəmizdə 4500-dən artıq mətbuat orqanı Ədliyyə Nazirliyində qeydiyyata götürülmüşdur. 50-dən artıq informasiya agentliyi də müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. Respublikamızda 36 gündəlik, 100-ə yaxın həftəlik və 8-dən artıq aylıq qəzet nəşr olunur. Bunlar sadə statistika kimi yox, eyni zamanda, ölkədə söz və mətbuat azadlığına Azərbaycan dövlətinin və Prezidentin qayğısı kimi dəyərləndirilməlidir. Ölkə Prezidenti də mətbuat və söz azadlığına, mətbuatın bu sahədə uğurlara çox böyük qiymət verir. Azərbaycanın MDB məkanında senzuranın ləğvini irəli sürən ilk ölkə olduğunu vurğulayan dövlət başçısı mətbuatın inkişafını, onun indiki vəziyyətini müsbət qiymətləndirərək deyir: "Bütövlükdə söz azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir".
Azərbaycan milli mətbuatının yubileylərinin ölkə miqyasında bayram təntənəsi ilə qeyd edilməsi bir ənənəyə çevrilmişdir. Mətbuat günü ərəfəsində ölkənın hər yerində bayram tədbirlərinin Zərdab, Yevlax, Gəncə, Şəki, Lənkəran, Xaçmaz və Naxçıvanda, universitetlərdə isə konfransların keçirilməsi ənənəyə çevrilmişdir. 2010-cu ildə Mətbuat günündə dövlət başçısının sərəncamı ilə ölkədə fəaliyyət göstərən 32 qəzet redaksiyasının hər birinə 20 min manat, 8 informasiya agentliyinin hər birinə 10 min manat birdəfəlik maddi yardım ayrıldı. 92 nəfər mətbuat işçisi isə fəxri adlara layiq görüldü və "Tərəqqi" medalı ilə təltif edildi. Bayram həm də daha bir mühüm və tarixi məsələ ilə bunu hadisə də adlandırmaq olar - daha ciddi şəkildə yaddaqalan oldu. Prezident "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" sərəncam imzaladı. Prezidentin ehtiyat fondundan jurnalistlərə yaşayış evinin tikintisi üçün KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat pul ayrıldı. Fondun icraçı direktoru Vüqar Səfərli bildirir ki, "Nəinki MDB məkanında, heç Avropanın ən inkişaf etmiş dövlətlərində belə jurnalistlərin sosial müdafiəsi bu dərəcədə dövlət qayğısı ilə əhatə olunmayıb. Bu, ilkin addımdır, bu günə qədər mətbuat tarixində belə şey olmayıb. 5 milyon manat bina tikintisində böyük məbləğdir. Heç şübhəsiz ki, bu addımın davamı da gəlir".
Həmin il ölkənin hər yerində, o cümlədən Naxçıvanda da milli mətbuat günü "Şərq qapısı" qəzetinin redaksiyası və "Əcəmi" nəşriyyat-poliqrafiya birliyinin yeni binasının, yeni mətbəənin açılışı ilə qeyd edildi. Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində mətbuat orqanlarının hərtərəfli dövlət qayğısı ilə əhatə olunması prinsiplərinin Naxçıvan Muxtar Respublikasında da ardıcıl şəkildə həyata keçirildiyini bildirdi.
Milli mətbuatımızın 137-cı ildönümü münasibətilə keçirilən tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirdi: "Fərəhləndirici haldır ki, Azərbaycanda milli mətbuat gününün geniş təntənə ilə qeyd edilməsi artıq xoş bir ənənəyə çevrilib. Bu ənənənin əsası ümummilli lider Heydər Əliyevin milli mətbuatımızın 125 illiyinin keçirilməsi haqqında imzadaldığı müvafiq fərmanı ilə qoyulub. O vaxtdan qeyd olunan mətbuat günlərində ölkəmizin ictimai-siyasi həyatının müxtəlif sahələrində dəyərli yazıları ilə fərqlənmiş və dövlətçilik ənənələrimizə xidmət edən media mənsubları mükafatlandırılıblar". Bu həm də o deməkdir ki, ölkədə güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda, dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübkeşi olan mətbuatın formalaşması və inkişafı dövlətin mətbuat siyasətinin əsas xəttini təşkil edir.
Heç şübhəsiz ki, demokratik dəyərlər, söz və mətbuat azadlığı tarixi nailiyyətlərdir. Bu gün Azərbaycan jurnalistikasında çalışan və özünü jurnalist adlandıran hər bir həmkarımızın həyat və fəaliyyət devizi cəmiyyətdə azad sözun nüfuzunu artırmaq, demokratik inkişafa yardımçı olmaqdır.
Namiq ƏHMƏDOV
Yazı Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim
olunur.
Xalq qəzeti.- 2012.- 25 noyabr.- S. 6.