Türkiyənin
Muğla Sıtkı Koçman Universiteti ilə əməkdaşlıq
protokolu imzalanmışdır
Azərbaycan
Turizm İnstitutunun beynəlxalq sahədə əlaqələri
getdikcə genişlənməkdədir. Bu əlaqələrin
davamı kimi dünən Türkiyənin Muğla
Sıtkı Koçman Universitetinin rektoru, professor Mansur
Harmandar və onu müşayiət edən şəxslər
Azərbaycan Turizm İnstitutunun qonağı olmuşlar.
ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov qonaqları səmimi salamladıqdan sonra rəhbəri olduğu dövlət ali təhsil ocağının fəaliyyəti barədə ətraflı məlumat vermişdir. ATİ-nin dünyanın bir sıra ali təhsil ocaqları, eləcə də beynəlxalq təşkilatlarda uğurlu təmsilçiliyinin keyfiyyətli kadr hazırlığına müsbət təsir göstərdiyini bildirmişdir. Rektor C. Cəfərov Türkiyənin Muğla Sıtkı Koçman Universiteti ilə təhsil, tələbə-müəllim mübadiləsi, müştərək tədqiqatların aparılmasının faydalılığına inandığını qonaqların nəzərinə çatdırmışdır.
Türkiyənin Muğla Sıtkı Koçman Universitetinin rektoru, professor Mansur Harmandar rəhbərlik etdiyi təhsil ocağında 13 fakültə, 4 institut, 12 peşə məktəbi, 16 araşdırma və tədqiqat mərkəzinin fəaliyyət göstərdiyini, 33306 nəfər tələbənin təhsil aldığını, yarandığı gündən indiyədək 41204 nəfərin universitetin məzun diplomunu aldığını bildirmişdir. İtaliyanın Lecce, ABŞ-ın İndiana, Qazaxıstanın Əl-Fərabi, Ukraynanın Sumy, Azərbaycanın İnşaat və Memarlıq universitetləri və Fransız Açıq Hava Sporları Birliyi arasında bağlanmış əməkdaşlıq müqavilələrinin tərəflər üçün müsbət nəticə verdiyini diqqətə çatdırmışdır.
Görüşün sonunda təhsil ocaqlarının rəhbərləri-rektorlar C. Cəfərov və M. Harmandar tərəfindən Azərbaycan Turizm İnstitutu ilə Muğla Sıtkı Koçman Universiteti arasında qarşılıqlı əməkdaşlığa dair protokol imzalanmışdır.
Z.BƏŞİRQIZI
Xalq qəzeti.- 2012.- 25 noyabr.- S. 7.