Mənəvi-əxlaqi
dəyərlərin fəlsəfə və müasir dəqiq
elmlər əsasında araşdırılması
Mənəvi-əxlaqi
dəyərlər məcmusu olan İslam dininin mahiyyətindən
danışarkən Hz.Məhəmmədin - "Mən
gözəl əxlaqı tamamlamaq üçün göndərildim"
- sözlərini xatırlatmaq yerinə düşər. Eyni
zamanda, ümummilli liderimiz Heydər Əliyevin "Dinə,
dinin mənəvi-əxlaqi dəyərlərinin təbliğinə,
bu dəyərlərin yardımı ilə insanlara vətənsevərlik
və dözüm duyğularının aşılanmasına
dövlətin də ehtiyacı var. Biz milli-mənəvi dəyərlərimizi
dini dəyərlərdən ayrı
düşünmürük... Din hər bir insanın fərdi-mənəvi
ehtiyacını ödəyən bir dəyərlər sistemi
kimi qəbul olunmalıdır" - fikri də dinin mahiyyət
və məzmunundan xəbər verir.
T.Əhmədov və R.Rəşidovanın "İslam və digər dinlərə ümumi baxış" (Bakı-2012, "MBM" nəşriyyatı) kitabında da dinin "hər bir insanın fərdi-mənəvi ehtiyacını ödəyən bir dəyərlər sistemi kimi qəbul olunması" fikri Kainat, Əbədiyyət, Sonsuzluq və s. idarə edən "Böyük Yaradan" haqqında düşüncələr əsasında təsdiqini tapmışdır.
Müəlliflər kitabın əvvəlində qeyd edirlər: "...Din, fəlsəfə və müasir dəqiq elmlərin birgə araşdırmaları ilə meydana gələn bu kitabda "mütləq həqiqət", "ali şəxs", "Allah-təala", "dünya dinləri və onların əlaqələri" haqqında bilgilər verilmişdir. Min illərlə ölçülən zaman çərçivəsində deyilənlərin, yazılanların elmin inkişafı ilə təsdiqini tapması bu günün oxucusunu təəccübləndirmirmi? Texnikanın, dəqiq cihazların olmadığı zamanlarda təbiət, onun qanunauyğunluqları, kosmos, mikrokosmos, sonsuzluq, ölçüsüzlük və s. deyimlərin söylənilməsi, yüksək idrak Sahibinin varlığından xəbər vermirmi?".
Kitabın redaktoru, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Əliyev yazır ki, əsərin diqqətçəkən cəhəti çox böyük zaman və məkanı əhatə edən, eramızdan əvvəlki dövrlərdə dini və yaxud elmi deyilişlərin müasir elmlə bağlantısını tapmaq, aralarında fərqin olmadığını sübut etməsidir. Müəlliflər dinin "dediklərinin" heç də mistika olmadığını kitabda açıqlamış, dini fikirlərin elmi izahının mövcudluğunu göstərməyə çalışmışlar. Elmlə məşğul olan alimlərin ruhən təmizlənərək Peyğəmbərlər səviyyəsinə qalxa bilmələri üçün yolların olması (meditasiya) ilə bağlı izah vermişlər.
V.Əliyev
daha sonra bildirir ki, metafizika peripatetizmin sistemində
mühüm yer tutur. Şərq metafizik filosofu İbn Sina
metafizikanın ali elm adlandırıldığını qeyd
edərkən göstərir ki, burada araşdırılan
şeylərin mövcudluğu hissi onların materiyası ilə
birləşmə və hərəkəti ilə
bağlı deyildir. Müəlliflər də metafizikanın
aliliyini, ilahiyyat və din elmlərinin kamilliyini, fəlsəfə
ilə mötəqid əlaqələrini
işıqlandırmışlar. Sufizmin yaranmasında dinlərin
rolunu qeyd etmişlər.
"İslam
və digər dinlərə ümumi
baxış"kitabında qeyd edilir ki, təbii fəlakətlər,
yəni zəlzələlər, külək , tufan,
ildırım, vulkan və sairələr ibtidai insanlara əcaib
gəlir və onlarda qorxu, dəhşət fəhmi
yaradırdı. Bu bəlalardan qorunmaq üçün, ibtidai
insanlar bir-birinə yaxın olmağın vacibliyini anlayaraq,
toplum halına gələrək, cəmiyyətə bənzər
kütlə şəklində birləşirdilər. Təbii
fəlakətlərlə bağlı yaranan qorxu o qədər
güclü idi ki, ibtidai insanlar həmin dəhşəti
canlı hesab edərək, bu təbii fəlakətləri bir
inanc mənbəyinə çevirmiş və səcdə
etmişlər. Qorxu və dəhşətin kökündə
insanların öz canları üçün təhlükə
hissi dururdu, çünki təbii fəlakətlər
zamanı onlar "ölüm"ü görürdülər...Təkamül
inkişaf etdikcə, insanlar hər hansı təhlükə
qarşısında qorunmaq üçün toplanmağa
ehtiyac duyurdular. Sonralar elmə "cəhalət" və
"qorxu" nəzəriyyələri kimi daxil olaraq öyrənilənlər
ibtidai insanların həyat tərzi olmuşdur.
Müəlliflər
elmi araşdırmalara əsaslanaraq, dinin təşəkkülündə
çoxsaylı nəzəriyyələr üzərində
dayanırlar ki, onlar sırasında yuxarıda qeyd edilən
"cəhalət", "qorxu" və sonralar
yaranmış ictimai-iqtisadi nəzəriyyələr əsas
yer tutur. Bununla yanaşı, göstərirlər ki, cəmiyyət
inkişaf etdikcə dini yarada biləcək amillər də
çoxalırdı. Lakin kitabda onlar üzərində
geniş dayanılmır, dinin hansı hadisələr
burulğanında meydana gəlməsi
araşdırılmağa çalışılır.
"İslam və digər dinlərə ümumi
baxış"da diqqəti cəlb edən bir məqama da nəzər
salaq. Belə ki, müəlliflər kitabda bizə yaxın
zaman kəsiyində dünya alimlərinin
çağırışları ilə cəmiyyəti
düşündürən Peyğəmbərlər-Hermes
Trismeqist (e. ə. IV əsr), Budda (e. ə. V əsr), qədim
yəhudi Peyğəmbərləri (e. ə. V əsrdən b.e
I əsrinə qədər), İusus Xristos (b.e. I əsri), Məhəmməd
(ə.s) (b.e.VII əsri) haqqında qısa məlumat
vermiş, müqəddəs kitablara istinad etməklə belə
qənaətə gəlmişlər ki, dinlər hansı məkanda,
hansı zamanda yaranmasından asılı olmayaraq, eyni qüvvədən
qaynaqlanmış, "Böyük Yaradan"dan vüsət
almışlar.
Müəlliflərin
fikrincə, eramızdan əvvəllərə-elmin, müasir
texnika və texnologiyanin hələ təşəkkül
tapmadığı bir dövrə təsadüf edən,
insanlara təlqin olunan, öyrədilən dini adət-ənənələr,
qayda-qanunlar, eyni zamanda, dinin yaranması bizim şüurumuzun dərk
etməkdə çətinlik çəkdyi "Böyük
sirrlər"dən xəbər verən "Böyük
elm"in mövcudluğunu təsdiqləyir.
"İslam
və digər dinlərə ümumi baxış"
kitabında müəlliflər din fəlsəfəsi ilə əlaqədar
düşüncələrə də geniş yer vermişlər.
Əsərdə "Dində fəlsəfə nədir və
o mövcuddurmu?" sualı Qurani-kərimdən, habelə digər
müqəddəs dini kitablardan gətirilən misallarla
cavablandırılmışdır. Müəlliflər eyni
zamanda araşdırmalar əsasında belə bir qənaətə
gəlmişlər ki, dünyada bütün gözəllikləri
görmək, ondan zövq almaq, Allah-təalanın insan
üçün yaratdığı təamlardan dadmaq, həyatın
yaxşı tərəfini seçərək, Rəbbin nələrə
qadir olduğunu dərk edərək, Yaradana dua oxumaq, Onun
ucalığı qarşısında səcdəyə getmək,
bax, həyatın fəlsəfi qanunu bu, olmalıdır.
Müəlliflər
fəlsəfi qanun olan əksikliklər vəhdətinin dində
insan və cəmiyyət dərkinə nəzər salaraq
yazırlar: "Bir tərəfdə insanı ağıldan
çıxaran eyş-işrət, şəhvət, digər
tərəfdən Rəbbə dua etmək və şeytana
uymamaq. Pis və yaxşı işlər! Şeytana uymaq və
uymamaq! Birincidə səbəb var, yəni maddiyyət
insanı cəlb edərək şeytana uymağa vadar edir,
lakin nəticə yoxdur, yəni insan ruhu üçün
maddiyyətdən qazanılan mənəviyyat yoxdur. İkincidə
səbəb də var, nəticədə, yəni Rəbbə
dua edən, yaxşı işlər görən şəxsin
səbəbi Allah-təalanı vəsf etməkdir, nəticədə
isə ruhun mənəvi zənginliyidir.
Əgər
insan qəlbində Allah-təalaya məhəbbət varsa, bu
zaman Rəbbə sevgi, o insanın təmiz əxlaqlı bir
şəxs olmağı üçün səbəbdir və
həmin səbəbin nəticəsi ancaq yaradana şükr və
dua etmək olacaqdır. Şeytana uyan şəxsin
qazandığı günahdır və axirətdə onu
gözləyən əzabdır. Bəzən də Rəbbi
tanıyan, Onu sevən bir insan həyatda gözlənilməz
bir haqsızlıqla qarşılaşır, hadisədən təsirlənir
və o, şeytana uyur və günah qazanır. Burada səbəb
nəticəni yox, vəsilə nəticəni verdi".
Başdan-başa
bəndə Xətai xətalıdır,
Zahid,
xaçan ki, xublərin sevmək günah ola?
Ş.İ.Xətai
Müəlliflərin
fikrincə, yuxarıda qeyd edilən beytdə belə bir fikir
aşılanır - yəni, hər bəndənin xətası
var, lakin xətanın Rəbbin bağışlaya biləcəyi
xəta olması gərəkdir və xətadan tövbəyə
qədər yol vardır.
"İslam
və digər dinlərə ümumi baxış"
kitabında dinlərdə yaranan təriqətlərə də
nəzər salınmış, onlar arasındakı
oxşarlıqlar barədə dini və elmi araşdırmalar
aparılmışdır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2012.- 25
noyabr.- S. 7.