Düşmənə göz dağı, abadlaşan, gözəlləşən, böyüyən Füzuli

 

Söhbət cəbhə xəttində, çətin şəraitdə yerləşməsinə baxmayaraq, son vaxtlar burada əldə edilmiş yüksək inkişaf və yüksəlişdən gedir

 

Horadiz şəhərinin inkişaf və yüksəlişi aylarla, həftələrlə yox, az qala, günlərlə, saatlarla ölçülür, desək, qətiyyən səhv etmərik. Cəbhə xəttinin, necə deyərlər, ikiaddımlığında yerləşən, düşmənlə üz-üzə dayanan, gündən-günə böyüyən, gözəlləşən şəhərin küçə və prospektləri ilə addımladıqca adamın qəlbi iftixar hissi ilə dolur.

 

Bura yeni yaradılmış, tamamilə tanınmaz olmuş, abadlaşan Heydər Əliyev prospektidir. Horadiz dairəsindən sola burulan kimi yollar haçalanır. Kiçik körpünü keçib yeni əkilmiş həmişəyaşıl ağacların arası ilə uzanan geniş, rahat asfalt yolla irəliləyirik. Sağ tərəfdə mini park salınıb. Əvvəllər bura zibbilik, daş-kəsək idi. İndi cənnətə dönüb. Müasir üslub, səliqə-sahman göz oxşayır. Gül-çiçək, işıqlandırma sistemi yüksək zövq və həssaslıqdan xəbər verir. Sol tərəfdə isə, sözün əsl mənasında, müasir, yaraşıqlı bir şəhər salınıb.

Dünya standartlarına cavab verən, milli və müasir arxitektura elementlərinin sintezi ilə tikilən, yaradılan binalar bir-birini əvəz edir: Heydər Əliyev parkı, Heydər Əliyev mərkəzi, Yeni Azərbaycan Partiyasının inzibati binası, gənclər mərkəzi, rayon təhsil və polis şöbələrinin yeni binaları... Burada dünyanın ən nadir ağaclarına, gül-çiçək kollarına rast gəlmək olar. Müasir işıqlandırma sistemi, yaraşıqlı fəvvarələr göz oxşayır.

Dəmiryol vağzalının qarşısı istirahət parkını xatırladır. Son vaxtlar bu ərazi tamamilə abadlaşdırılmış, yollar asfaltlaşdırılmış, yeni səkilər salınmış, ağac və gül kolları əkilmişdir. Bir qədər aralıda isə yeni tikilmiş rayon mədəniyyət sarayı və yeni qurulmuş şahmat məktəbi görünür.

Rahat asfalt yol sizi şəhərin nisbətən yuxarı hissəsində tikilmiş orta məktəbə aparır. Mübaliğəsiz deyək ki, 240 yerlik bu məktəb öz orijinal arxitekturası və görkəmi ilə respublikanın nadir təhsil ocaqlarından biridir. Həyət-bacanın yaşıllıq və rahatlığı ilk andan adamı özünə cəlb edir. İkimərtəbəli binada müasir təhsilin tələblərinə cavab verən ən son nailiyyətlər öz əksini tapıb. Sinif otaqları, fənn kabinetləri və laboratoriyalar müasir avadanlıqlarla təchiz edilmişdir.

Əziz oxucular, biz burada son ilyarım ərzində Horadiz şəhərində tikilib istifadəyə verilmiş obyektlərin yalnız bir hissəsini sadaladıq. Etiraf edək ki, bu qısa vaxt ərzində şəhərdə, eləcə də kəndlərdə aparılan genişmiqyaslı tikinti-abadlıq və quruculuq işlərinin, inkişaf və irəliləyişin hamısını bir qəzet məqaləsində əhatə etmək, sadəcə olaraq, mümkün deyil. Bəli, düşmənin gözünə ox olan, qürur və mərdanəliklə dayanan Horadiz gündən-günə böyüyür, abadlaşır, gözəlləşir.

Yeri gəlmişkən, son vaxtlar qazanılmış iqtisadi, sosial və mədəni inkişaf və yüksəlişi əks etdirən fakt, rəqəm və göstəricilərin bəzilərini yada salaq. 2012-ci ilin ötən aylarında rayon iqtisadiyyatının aparıcı sahələrinin uğurları belə olmuşdur: 102,3 min ton taxıl, 1277 ton qarğıdalı, 1620 ton kartof, 11 min ton bostan-tərəvəz məhsulları, 300 ton pambıq, 280 ton üzüm, 144 ton günəbaxan, 1100 ton meyvə. Bu müddətdə 1731 ton ət, 8963 ton süd, 5,6 milyon ədəd yumurta, 151 ton yun istehsal olunmuşdur ki, bu da əvvəlki illərlə müqayisədə xeyli çoxdur.

Hazırda rayonda 31 min baş iri mal, 105,356 baş qoyun-quzu, 235 min baş müxtəlif növ quş mövcuddur. Heyvandarlığın inkişaf etdirilməsi, əhalinin heyvandarlıq məhsullarına olan tələbatının daxili imkanlar hesabına ödənilməsi diqqət mərkəzində saxlanılır. Sahibkarlar rayon ərazisinə yüksək məhsuldar cins mal-qara gətirməklə sahənin gələcək inkişafına çalışırlar. Bu, əlbəttə, çox yaxşıdır.

Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında Füzuli rayonunda həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlərin icrası uğurla davam etdirilir. Belə ki, Horadiz şəhərində "Aqroservis" rayon filialı üçün gözəl və 70 nəfərə qədər işçi yeri olan bina tikilmişdir. Burada kifayət qədər texnika və avadanlıq mövcuddur. Məlum olduğu kimi, ölkə Prezidenti İlham Əliyevin 13 iyul 2011-ci il tarixli sərəncamı ilə bərbad vəziyyətdə olan Əhmədbəyli - İkinci Mahmudlu - Aşağı Kürdmahmudlu - Yuxarı Kürdmahmudlu - Alıxanlı - Beşinci Zobucuq, Bala Bəhmənli-Səngər - Araz Dilağarda - Araz-Zərgar kəndlərini birləşdirən, 25 min nəfərin istifadə etdiyi 28,9 kilometr yol əsaslı təmir olunmuşdur.

Bundan başqa, Horadiz şəhərində 4,8 km, böyük Bəhmənli kəndində 2,8 km, Şükürbəyli - İkinci Zobucuq istiqamətində 12 km, Kərimbəyli, Aşağı Yağlıvənd kəndlərində 6,9 km, Əhmədalılar, Qazaxlar, Mirzənağılı kəndlərini birləşdirən və kəndarası 13,9 km, Birinci Mahmudlu kəndində 2,5 km, Qarabağ kəndində 4,3 km olmaqla cəmi 47,2 km yolların əsaslı təmiri nəzərdə tutulmuşdur.

Kiçikorta sahibkarlıq inkişaf etdirilir. 300 nəfərdən artıq sahibkarfiziki şəxsə iri və xırda həcmli kreditlər verilmişdir. Kreditlər verilməsi istiqamətində tədbirlər davam etdikcə, təbiidir ki, iqtisadiyyatın və kənd təsərrüfatının inkişafına geniş zəmin yaranacaq, yeni yerləri açılacaqdır.

Rayon təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin fəaliyyəti daim diqqət mərkəzindədir. Əsas diqqət ona yönəldilmişdir ki, sahənin maddi-texniki bazası daha da möhkəmləndirilsin, ciddi intizam və tələbkarlıq mühiti yaradılsın, əvvəlcədən müşahidə olunan nöqsan və çatışmazlıqlar tezliklə aradan qaldırılsın. Əldə edilmiş uğurlar isə işdə əsaslı dönüş yaradıldığına əyani misaldır. Məsələn, ötən dərs ilində orta məktəbi bitirib aliorta ixtisas məktəblərinə sənəd verən 415 nəfər gəncin 316 nəfəri tələbə olmuşdur. Bu isə əvvəlki illərlə müqayisədə yüksək nəticədir. Lakin bu gün təhsilə göstərilən diqqətin müqabilində hələ çox görmək tələb olunur.

Yerlərdə keçirilən görüşlər zamanı əhali həkimlərin yerlərində az-az olması, dərmanların çatışmazlığı, xəstə-həkim münasibətlərində neqativ halların davam etməsi, mədəniyyət müəssisələrinin bir neçə ay bundan əvvəlki tamaşalara fasilə verməsi, kitabxana və klubların fəaliyyətsizliyi barədə narazılıq edirlər. Deməli, əldə edilmiş uğurlarla kifayətlənmək olmaz, müşahidə edilən nöqsanlar tezliklə aradan qaldırılmalı, bütün qüvvə və səylər daha böyük hədəflər uğrunda səfərbər olunmalıdır.

İdmanın kütləviliyi, rayon ərazisində vətəndaşlıq qazanması barədə əsaslı və sistemli qurulmuşdur. Söhbət tək-tək idmançılar yetişdirməkdən getmir, məsələ idmanın kütləviliyindən, gəncləri tam əhatə etməsindən, vətəndaşlıq hüququ qazanmasından gedir.

Əhalinin içməli və suvarma suyu ilə bağlı ehtiyacları daim diqqət mərkəzindədir. Ehtiyac olan yerlərdə artezianlar qazılmış, Qayıdış və Zabucuq qəsəbələrinin müəyyən hissələrində su boruları dəyişdirilmiş, nasosların gücü artırılmışdır. Əlavə olaraq, 10 yaşayış məntəqəsində 18 artezian quyusu qazılması nəzərdə tutulmuşdur.

Məlumdur ki, əhalinin ən mühüm məişət qayğısı elektrik enerjisi ilə bağlıdır. Yay aylarında bu istiqamətdə xeyli görülmüş, transformatorların yeniləşməsi, elektrik dirəklərinin, köhnə naqillərin dəyişdirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. Yaxın vaxtlarda rayon ərazisində Baş Mil kanalının Bala Bəhmənli kəndindən keçən hissəsində 25 meqavat gücündə yeni su elektrik stansiyası da istifadəyə verilməklə bu sahədə problem qalmayacaq.

Rayonda təbii qaz istifadəçilərinin sayı artır. 15 yaşayış məntəqəsi qazdan istifadə edir. Qaz xətti çəkilişi indi də sürətlə davam etdirilir. Ümumiyyətlə, 2013-cü ilin sonunadək rayonun bütün yaşayış məntəqələrinin qazlaşdırılması nəzərdə tutulmuşdur.

Son vaxtlar Füzuli Rayon İcra Hakimiyyətinin üslub və metodları, təşkilat-idarəetmə məsələləri daha da təkmilləşdirilmiş, bütün sahələrdə möhkəm intizam və məsuliyyət hissi yaradılmışdır. Ardıcıl və sistemli icra intizamı qurulmuş, vətəndaşların qəbulu, onların məktub və müraciətlərinə baxılması sahəsində müsbət təcrübə toplanmışdır. Məlumdur ki, hazırda füzulililər respublikanın 50 şəhər və rayonunda məskunlaşmışlar. Hər həftə ərazidə və məcburi köçkünlərin daha çox məskunlaşdığı şəhər və rayonlarda səyyar görüşlər keçirilməsi artıq ənənə halını almışdır. Qaldırdıqları məsələlər qısa müddət ərzində həll olunur, adamların uzun yol qət edib Horadiz şəhərinə gəlmək çətinlikləri aradan qaldırılır. Belə bir fakt xüsusi maraq doğurur ki, cari ilin ötən ayları ərzində yerlərdə 27 səyyar qəbulda 755 müraciətdən 695-i müsbət həll olunmuşdur.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevi çoxdan tanıyıram. Maraqlı və zəngin həyat yolu keçib. Daha doğrusu, keçmiş partiya aparatında, müxtəlif idarəetmə strukturlarında məsul vəzifələrdə çalışıb. Təcrübəli, səviyyəli, geniş dünyagörüşlüintellektual adamdır. Ən əsası isə odur ki, adamlarla işləməyi, onları öz ardınca aparmağı bacarır. Başqa sözlə desək, ötən illərin və bu günün üslub və metodlarını, idarəetmə məsələlərini müqayisə etmək və təhlil aparmaq imkanına malikdir. Elə ona görə də, bu barədə söhbət düşəndə qətiyyətlə bildirdi:

- Çağdaş idarəetmə məsələlərindən danışarkən böyük qüruriftixar hissi ilə deyə bilərik ki, başqa sahələrdə olduğu kimi, burada da bütün dövrlər üçün örnək olası nümunələrimiz var. Xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevin hamımız üçün zəngin məktəbə çevrilmiş həyat və fəaliyyəti bu dediklərimizə ən gözəl misaldır. Orta və yaşlı nəslin nümayəndələri indiümummilli liderin ötən əsrin 70-80-ci illərində və müstəqillik illərində Füzuliyə olan tarixi səfərlərini, keçirdiyi görüş və söhbətləri dərin məhəbbət və hörmət hissi ilə xatırlayırlar.

Azərbaycan xalqı birona görə xoşbəxtdir ki, belə böyük məktəb, zəngin və həmişəyaşar nümunə bu gün daha genişuğurlu şəkildə davam etməkdədir. Ölkə Prezidenti İlham Əliyev ötən 9 ildə elə bir bölgə yoxdur ki, ora səfər etməsin, özübir neçə dəfə. Bu tarixi səfərlər, görüş və söhbətlər insanların yaddaşına əbədi həkk olunur, silinməz, pozulmaz tarixə çevrilir.

Füzuli rayonu öz inkişafının yeni, daha məsul mərhələsinə qədəm qoymuşdur. Biz bu yazı üzərində işləyərkən bir daha rayonda olduq, idarə, müəssisə və təşkilatlara baş çəkdik, ağsaqqallarla, ziyalılarla, gənclərlə görüşüb söhbətlər etdik. Gördüklərimizə, eşitdiklərimizə və şahidi olduqlarımıza əsaslanıb deyə bilərik: bu gün cəbhə xəttində düşmənlə üz-üzə dayanan Füzulidə sağlam mənəvi mühit, mütəşəkkil və yaradıcı ab-hava mövcuddur. Sakinlər, demək olar ki, hər gün atəşkəs rejiminin pozulmasına, hücum və atışmaya baxmayaraq, ayaqlarını doğma dədə-baba torpaqlarına daha möhkəm dirəyir, qurur, yaradır, sabaha böyük inam və ümidlə baxırlar.

Füzulililər inanırlar ki, ölkə başçısının apardığı qətiyyətli daxilixarici siyasət xətti, ardıcıl diplomatik səylər nəticəsində doğma torpağımız düşməndən mütləq azad ediləcəkdir. Son ilyarımda az qala onilliklərə bərabər olan inkişaf və yüksəlişə, aparılan genişmiqyaslı tikinti-abadlıq və quruculuq işlərinə görə onlar ölkə Prezidenti İlham Əliyevə sonsuz minnətdarlıqlarını və təşəkkürlərini bildirirlər.

 

 

Ziyəddin SULTANOV

 

 Xalq qəzeti.- 2012.- 25 noyabr.- S. 5.