Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

 

Qısa arayış

 

Binəqədi rayonu Bakı şəhər inzibati ərazisinə daxil olub, mərkəzdən 10,5 kilometr məsafədə, Abşeron yarmadasının şimal-qərbində yerləşir. Ərazisi 169,38 kvadratkilometr, inzibati mərkəzi Rəsulzadə qəsəbəsidir. Burada yaşayan daimi əhalinin sayı 249 min 325, faktiki əhalinin sayı isə 400 min nəfərə yaxın təşkil edir.

Rayonun inzibati ərazisində 6, 7, 8 və 9-cu mikrorayonlar və Rəsulzadə, Biləcəri, Binəqədi, Xocasən, Sulutəpə və 28 May qəsəbələri yerləşir. Eyni zamanda, 5 bələdiyyə fəaliyyət göstərir.

 

Sosial-iqtisadi göstəricilər

 

Prezident İlham Əliyevin ölkədə apardığı uğurlu iqtisadi siyasət nəticəsində son dövrlər bu rayonun sosial-iqtisadi sahələrində də mühüm uğurlar əldə edilmişdir. Bununla bağlı bəzi göstəricilərə nəzər salaq: Yanvar-sentyabr aylarında rayonda 119 milyon 980 minya keçən ilin müvafiq dövründən 0,1 faiz çox sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir. Sözügedən dövrdə sənaye müəssisələrində 5557 nəfər işləmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 6,2 faiz çoxdur. Bu ilin yanvar-sentyabr aylarında sənaye müəssisələrində orta aylıq əmək haqqı 475,8 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövründən 6,7 faiz artıqdır.

Hesabat dövründə bütün maliyyə mənbələri hesabına 5 milyon 264 min 700 manat əsas fondlar istifadəyə verilmişdir. Yeni yaşayış sahəsi 9,8 min kvadratmetr təşkil etmişdir. Bu dövrdə rayonda sosial-iqtisadi sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 7 milyon 888 min manat məbləğində investisiya yönəldilmişdir. Yanvar-sentyabr aylarında 4 milyon 87 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 70 faiz çoxdur. Fəhlə və qulluqçuların orta aylıq əmək haqqı 276,4 manat təşkil etmişdir.

Bu ilin 9 ayında rayonda sahibkarlığın inkişafına dəstək verilməsi istiqamətində də bir sıra işlər görülmüşdür. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası məqsədilə aprelin 27-də icra hakimiyyəti İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ilə birlikdə rayon ərazisində fəaliyyət göstərən 140-dək sahibkarın iştirakı ilə "Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirmişdir. Burada müvəkkil kredit təşkilatları vasitəsilə 18 sahibkarlıq subyektinə 3,2 milyon manat güzəştli kredit vəsaiti verilmişdir. Bu kreditlər hesabına 380-dən çox yeni yerinin yaradılması nəzərdə tutulur.

Dövlət Proqramı çərçivəsində rayonun qəsəbələrində məhəllədaxili yolların asfaltlanması ilə bağlı müəyyən işlər görülmüşdür. Sulutəpə, Rəsulzadə, Biləcəri, Binəqədi qəsəbələrində, 1 May yaşayış massivində 200 min kvadratmetr sahəyə və ya 35 kilometr yola asfalt döşənmişdir. "Azəryolservis" ASC-nin xətti ilə Binəqədi - Mehdiabad yolu və Binəqədi şosesi yenidən qurulmuşdur. Hazırda isə Biləcəri qəsəbəsində Y.Hüseynov və A.Zeynallı küçələrində, Xocasən qəsəbəsinin Dəyirman, Binəqədi qəsəbəsinin Novxanı yollarında əsaslı təmir işləri aparılır.

Qəsəbələrdə əhalinin təbii qazla təchizatının yaxşılaşdırılması üçün 26 obyekt üzrə uzunluğu 151 kilometr olan yeni qaz xətləri çəkilmiş, 11038 ədəd mexaniki sayğac "smart-kart" tipli sayğaclarla əvəz edilmişdir. Əhalinin enerji təchizatının yaxşılaşdırılması məqsədilə 3 yarımstansiya yenidən qurulmuş, 3 yarımstansiyada isə əsaslı təmir işləri aparılmışdır. Məhəllədaxili istilik xətlərinin bərpası, mövcud qazanxanaların modernləşdirilməsi istiqamətində də müəyyən işlər görülmüşdür.

Rayondakı 244 və 246 saylı orta məktəblərdə cari ildə əsaslı təmir işləri aparılmaqla hazırda hər birində 32 əlavə sinif otaqları olan tədris korpuslarının inşası həyata keçirilir. İşlərin bu ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur. Rəsulzadə qəsəbəsində yerləşən 100 saylı orta məktəbdə bərpa-gücləndirmə və əsaslı təmir işləri başa çatdırılmış, əlavə 20 sinif otaqlı tədris korpusunun tikintisi isə davam etdirilir. Bundan başqa qəsəbədə yerləşən 143 saylı orta məktəbdə 20 sinif otaqlı yeni tədris korpusunun tikintisinə başlanılmış, bu da sözügedən məktəbdə həm akt, həm də idman zalının olması ilə bərabər bir növbəli dərs sisteminə keçidi də təmin edəcəkdir. Bundan əlavə, 3, 100, 102, 126, 244, 246, 276 və 284 saylı tam orta məktəblərdə isə əsaslı təmir işləri aparılmışdır. Xocasən qəsəbəsində yerləşən 103 saylı orta məktəbdə isə 32 sinif otaqlı 640 şagird yerlik əlavə tədris korpusu istifadəyə verilmişdir.

Binəqədinin 32 orta ümumtəhsil məktəbindən 2011-2012-ci tədris ilində 1184 nəfər ali məktəblərə qəbul olunmuş, tələbə adını qazananlardan 47 nəfəri 600-dən, 16 nəfəri isə 650-dən çox bal toplamışdır.

Ölkə Prezidentinin sərəncamı ilə rayonun 57, 276 və 313 nömrəli məktəbləri "Ən yaxşı ümumtəhsil məktəbi" adına, 4 nəfər müəllim "Ən yaxşı müəllim" adına layiq görülmüş, 1 nəfər müəllim "Əməkdar müəllim" və 2 nəfər müəllim isə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

 

Sakinlərlə ünsiyyətə xüsusi önəm verilir

 

...Bu yazını hazırlayan ərəfədə rayonda əhalinin sosial şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər, tikinti, abadlıq-quruculuq işləri barədə sakinlərin də fikirləri ilə tanış olmağı məqsəduyğun saydıq. Binəqədi rayonu, Binəqədi qəsəbəsi, I Mədən, ev 140-da yaşayan Məsim Nəbiyev söhbət zamanı dedi:

- İcra hakimiyyəti başçısı Xaləddin İsgəndərov mütəmadi olaraq sakinlərlə ünsiyyətə xüsusi önəm verir, onların fikir və mülahizələrini, irad və təkliflərini dinləyir. Elə bu səbəbdəndir ki, görüşlərdə haqqında söhbət getmiş çatışmazlıqlar tez bir zamanda aradan qaldırılır. Bax, elə buna görə də başçı qısa müddət ərzində rayon əhalisinin rəğbətini qazanmışdır. Binəqədi sakinlərini sevindirən daha bir amilvar. Rayon icra hakimiyyətində əvvəlki illərlə müqayisədə insanların şikayət və müraciətlərinə dərhal baxılır, bu da şübhəsiz ki, müsbət nəticələr verir.

Binəqədi rayonu, M. Cəlal küçəsi, 63, bina127, mənzilin sakini Azərbaycan İqtisad Universitetinin professoru Məmmədəli Paşayev bildirdi:

- Əvvəlcə bir faktı qeyd etmək istərdim. Bugün ölkə Prezidenti cənab İlham Əliyevin sosial problemlərin həllinə yönəlmiş siyasəti ardıcıl və ünvanlıdır. Bu, təbii ki, RİH-in başçısı Xaləddin İsgəndərovun fəaliyyətində də təsdiqini tapmışdır. Rayonda insanları narahat edən, düşündürən problemlərin dərhal həll edilməsi, şikayətlərə həssaslıqla yanaşılması və operativliklə aradan qaldırılması məhz bu amillə bağlıdır. Qeyd etdiyim məsələni yaşadığım IX mikrorayonun timsalında nəzərdən keçirmək istərdim. Bu sahə rayonunun ən gözəl yaşayış massivlərindən biridir. Vaxtilə ulu öndərimiz adını çəkdiyim mikrorayona gəlib buradakı relyefi, ekoloji təmizliyi və digər təbii imkanları nəzərdən keçirmiş, bəyənmiş, kiçik şəhərcik salınmasını məqsədəuyğun saymışdır. Dahi öndərin arxitektura-memarlıq baxışları, tövsiyyə və məsləhətləri nəzərə alınmaqla bu ərazidə yeni yaşayış massivi-IX mikrorayonun salınması qərara alınmışdır. O vaxtdan 34 il keçir. İndi bura şəhərsalmanın ən müasir tələblərinə cavab verən, minlərlə insanın yaşadığı abad bir sahəyə çevrilmişdir. Etiraf edim ki, hazırda sözügedən mikrorayonun qayğıları, problemləri də az deyil. Ötən illərdə bir sıra hallarda fərdi marağın üstünlük təşkil etməsi ərazidə ictimai istifadə üçün nəzərdə tutulan yerlərin zəbt olunması, həyət-məhəllələrdə həddən çox yüklənmənin yaranması ilə nəticələnmişdir. Ən çox kommunal-təsərrüfat sahəsində köhnəlmə-sıradançıxma özünü kəskin şəkildə büruzə vermişdir. Məsələn, sukanalizasiya boruları, liftlər, məhəllələrin işıqlandırılması sistemi, binaların fasadlarının baxımsız hala düşməsi, həyətlərdə asfalt örtüyün dağılması, mənzillərdə isitmə sisteminin mühəndis-texniki səviyyədə olmaması, yaşıllıqların qismən məhv edilməsi problemləri ilə üzləşilmişdir. Açığı RİH başçılarının çətinliklərin aradan qaldırılmamasına ciddi təşəbbüs göstərməmələri, necə deyərlər, vəziyyəti daha da gərginləşdirmişdir. Şübhəsiz ki, burda bələdiyyələrin laqeydliyi, səriştəsizliyi də öz mənfi təsirini göstərmişdir. Təbii ki, bütün bunlar dövlət başçısının diqqətindən yayına bilməzdi: ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə bu ilin aprel ayında Xaləddin İsgəndərovu Binəqədi rayonuna yeni icra başçısı təyin edildi.

M. Paşayev daha sonra dedi:

- Rayonda rəhbərliyin yeniləşməsi qısa zaman kəsiyində özünün müsbət tərəflərini göstərməyə başlamışdır. Başçı kimi fəaliyyətə başladığı ilk günlərdən X. İsgəndərov rayon sakinləri ilə görüşlər keçirmiş, insanların qayğı problemləri ilə dərindən maraqlanmış, "məni bura Prezidentimiz göndərib, bu etimadı doğruldaraq dövlətimizə xidmət etmək istəyirəm" söyləmişdir. Bundan ötən 6-7 ay ərzində rayonda, o cümlədən IX mikrorayonda geniş həcmli sosial yönümlü tədbirlər keçirilmiş, abadlıq-quruculuq işləri yeni vüsət almışdır. Fikrimi tutarlı misallarla əsaslandırmaq istərdim. Yaşadığım IX mikrorayonda 6 ay ərzində 31 yaşayış binasının 22-də su kanalizasiya sistemində boru xətləri tamamilə dəyişdirilmiş, yerdə qalan 9 binada isə davam edir. Bundan əlavə, binaların yararsız dam örtükləri yeniləşdirilmiş, küçə işıqları bərpa olunmuşdur.Hazırda xidmət müddəti başa çatmış liftlərin yenilənməsi istiqamətində tədbirlər həyata keçirilir. Binaların fasadları, bloklar təmir edilir. Məhəllələrdə "xeyir-şər" binalarının inşası da nəzərdə tutulur.

Məmmədəli müəllim söhbət əsnasında IX mikrorayonla bağlı təkliflərini söylədi:

- Bu yaşayış massivində görkəmli yazıçı Mir Cəlalın adını daşıyan küçə var. Tbilisi prospektindən başlayaraq akademik Zərifə Xanım Əliyeva adına Xiyabanadək uzanan küçənin yenidən işlənməsi, 127 saylı binanın qarşısında vaxtilə salınmış istirahət meydançasının bərpası və orada görkəmli yazıçı Mir Cəlalın büstünün qoyulması bütün sakinlərin istəyidir. Bu istəyin gerçəkləşməsinin vaxtı çoxdan çatmışdır. Onu da deyim ki, bu massivdə kitabxana, mədəniyyət evi, kino-teatr binaları yoxdur. Fikrimcə, burada OperaBalet, Milli akademik dram teatrlarının, Dövlət Filarmoniyasının filiallarının yaradılması məqsədəuyğundur.

 

Son

 

Yuxarıda qeyd edildiyi kimi, icra hakimiyyəti başçısı yerlərdə əhali ilə mütəmadi görüşlər keçirir, vətəndaşların müraciətləri, irad və təklifləri diqqətlə öyrənilir, onların icrası ilə əlaqədar tədbirlər planı tərtib olunaraq aidiyyəti qurumlara göndərilir, tədbirlərin icrası nəzarətdə saxlanılır. Təsdiq olunmuş qrafikə əsasən başçı tərəfindən bu ilin 9 ayında sakinlərlə 32 görüş keçirilmişdir. Bütün görüşlərdə RİH başçısı aparatının məsul əməkdaşları, dövlət idarələri, xidmət müəssisələri, həmçinin aidiyyəti qurumların rəhbərlərinin iştirakı təmin olunmuşdur. Görüşlərdə ümumilikdə 4496 rayon sakini iştirak etmiş və vətəndaşlar tərəfindən qaldırılan məsələlərə həssaslıqla yanaşılmışdır.

 

 

İbrahim NİZAMİOĞLU

 

Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

 

 

Xalq qəzeti.- 2012.- 25 noyabr.- S. 4.