Həmyerlimiz
Daşkənd beynəlxalq konfransında
YUNESKO-nun qərarı
ilə hər ilin noyabr ayında qeyd olunan Beynəlxalq Fəlsəfə
Günü ilə əlaqədar dünyanın müxtəlif
yerlərində maraqlı tədbirlər keçirilir. Bu
günlərdə Astara Pedaqoji Kollecinin direktoru, Rusiya Fəlsəfə
Cəmiyyətinin üzvü, əməkdar müəllim, fəlsəfə
doktoru, dosent Əlihəsən Həmzəyev bununla
bağlı Daşkənddə təşkil olunan beynəlxalq
elmi-praktik konfransda iştirak etmişdir. Konfransın plenar
iclasında həmyerlimizin təqdim etdiyi məruzə maraqla
qarşılanmışdır. Əlihəsən Həmzəyev
bizimlə söhbətində həmin konfrans barədə məlumat
vermişdir.
- Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetinin YUNESKO və digər tərəfdaşlarla birlikdə Daşkəndin Teymurilər Muzeyində təşkil etdiyi "Gələcək sivilizasiya: Fəlsəfi yanaşma" adlı beynəlxalq konfrans Özbəkistan Respublikası Konstitusiyasının 20 illik yubileyinə və Beynəlxalq Fəlsəfə Gününə həsr edilmişdi. Konfransın işində Özbəkistan, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Qırğızıstan və digər ölkələrin elmi mərkəzlərindən gəlmiş alimlər iştirak edirdilər. YUNESKO-nun Özbəkistandakı nümayəndəsi Krista Pikatt YUNESKO-nun baş katibinin konfrans iştirakçılarına təbrikini oxudu. Özbəkistan Fəlsəfə Cəmiyyətinin sədri, əməkdar elm xadimi, Biruni adına Dövlət Mükafatı laureatı, akademik Səid Şərmuhamedov təhsil və tərbiyənin qarşılıqlı əlaqəsi barədə, Novosibirskdən olan professor Olqa Neçipurenko sivilizasiya proseslərinin dinamikası haqqında, qazax alimləri Hacımurat Abişevlə Abdujappar Turaşbekov qloballaşma proseslərində mədəniyyətin və dinin yeri barədə fəlsəfi fikirlərini açıqladılar.
Mən Azərbaycanın nümayəndəsi olaraq konfransın rəyasət heyətinə daxil edilmişdim. Eyni zamanda mənə məhz plenar iclasda geniş məruzə ilə çıxış etmək imkanı verildi ki, bu da hər kəsə müyəssər olmadı. Mövzum "Hüquqi mədəniyyətin sosial-hüquqi aspektləri" idi. Qeyd etdim ki, müasir cəmiyyətin əsas məsələlərindən biri hüquqi şüurun formalaşmasıdır. Hüquqi şüurun vəziyyətinin dəyişməsi üçün mədəniyyətin baza dəyərləri dəyişilməlidir. Ən yaxşı məruzəyə görə konfransın I dərəcəli diplomuna layiq görüldüm. Bundan əlavə, beynəlxalq elmi tədbirdə fəal iştirakıma görə mənə konfransın Sertifikatı təqdim olundu. Sonda isə Özbəkistan Fəlsəfə Cəmiyyətinin "Fəxri Fərman"ı ilə təltif edildim. Bu mükafatları Azərbaycan xalqına və milli elmimizə verilən qiymət kimi qəbul edir, nail olduğum uğuru həmkarlarımla paylaşıram.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2012.- 25 noyabr.- S. 4.