Demokratiya:
üstünlüklər və pərdəarxası məqamlar
Mübaliğəsiz
demək olar ki, bəşəriyyət indiyədək
dünyada demokratiya xəttini əvəz edə biləcək,
onun qədər cəmiyyətə xeyir verə biləcək
ikinci bir modeli tapmayıb. Həqiqətən, bu yola sadiqlik bir
çox xalqlara əksər məsələlərdə
uğurlar gətirmiş, istər siyasi, istərsə də
iqtisadi münasibətlərin tənzimlənməsində rəqabətin
davamlılığını təmin etmişdir. Qərb dəyərlərinin əsas qaynağı
tarixən Şərq olsa da, etiraf etmək lazımdır ki,
demokratiya sahəsində Avropa ölkələri və ABŞ
xeyli nailiyyətlər əldə etmiş və özləri
barədə dünyada söz və vicdan azadlığı,
insan hüquqlarının real təminatçısı imici
formalaşdıra bilmişlər.
Məşhur
Amerika politoloqu Samuel Hantinqton qeyd edir ki, "XIX əsrin əvvəlində
başlamış demokratikləşmənin birinci uzun
dalğası 1920-ci ildə demokratiyanın 30 ölkədə
qələbəsi ilə nəticələnmişdir.
Sonrakı dövrdə avtoritarizmin və faşizmin
yaranması 1942-ci ildə demokratik ölkələrin
sayının 10-a azalmasına səbəb olmuşdur.
İkinci dünya müharibəsindən sonra demokratikləşmənin
ikinci yüksələn qısa dalğası yenidən
demokratik dövlətlərin sayını 30-a qədər
artırmış, lakin əvvəldə olduğu kimi, bu
ölkələrin bəzilərində demokratik idarəçilik
süquta uğramışdır. Keçən əsrin 70-ci
illərində Portuqaliya və İspaniyada avtoritar rejimlərin
çökməsi ilə başlayan, 90-cı illərdə
SSRİ-nin parçalanması və Şərqi Avropada
sosializm sisteminin süqutu ilə davam edən demokratikləşmənin
üçüncü dalğası daha güclü və
sürətli, əvvəlkilərdən qat-qat üstün
olmuşdur. İndi dünya ölkələrinin 60 faizdən
çoxu bu və ya digər formada açıq və ədalətli
seçkilər nəticəsində hakimiyyətə gəlmiş
hökumətlərə malikdir". Göründüyü
kimi, demokratiya prosesi heç də asanlıqla ərsəyə
gəlməmiş və bu inkişaf xeyli sayda insan itkisi
hesabına əldə edilmişdir.
Antik demokratiya və inkişaf mərhələləri
"Demos"
xalq, "kratos" hakimiyyət anlamına gələn
demokratiya məfhumunun tarixinə qısaca nəzər salsaq
görərik ki, bu ideyanın yaranmasının ilk
rüşeymləri qədim Yunanıstana gedib
çıxır. Daha doğrusu, o zaman parçalanmış
şəhər dövlətlərdən ibarət olan
Yunanıstanda yalnız Afina dövlətində xalq hakimiyyəti
mövcud idi. Bu baxımdan qonşu Sparta ilə onların
arasında olan üzücü müharibələr, demokratiya
ilə aristokratiyanın bir növ mübarizəsini əks
etdirirdi.
Afina demokratiyası yeganə dövlət sistemi idi ki, dünya tarixi burada demokratiyanı ilk və hərtərəfli təsvir edir. Burada qullar istisna olmaqla, şəhərin bütün əhalisi aristokratik hakimiyyətlərlə müqayisədə yoxsulluq və istismara qarşı alternativ idarəetmə modeli yaratmışdılar. Afina demokratiyasına 32 il başçılıq edən qətiyyətli sərkərdə və dövlət xadimi Perikl öz hakimiyyəti dövründə xalq hakimiyyətinə xüsusi sadiqlik prinsipləri ilə yanaşmış və Sparta aristokratları ilə gedən mübarizədə əqidəsinə son dərəcə bağlılıq nümayiş etdirmişdi. Platon və ardıcılları və digər demokratiya əleyhdarları tərəfindən bu sistem xaosun, anarxiyanın, korrupsiyanın, kütlələrin nəzarətdən çıxmasının əsas səbəbi kimi tənqid olunsa da, Periklin dövründə dövlət bu üsulla özünün ən yüksək zirvəsinə çatmışdı. Aristokratiya ilə müqayisədə demokratik idarəetmə üsulu nə qədər çətin olsa da, populizmdən uzaq adam olan Periklin kütləni idarə etməsi qeyri-mümkün dövrdə reallığa çevrilmişdi. Tarixçi Fukidid yazır ki, " o, kütləyə ona görə rəhbərlik edə bilirdi ki, hakimiyyətə ləyaqətsiz vasitələrdən istifadə etmədən gəlmişdi. Onun kütləyə yarınmağa ehtiyacı yox idi və o, hörmətə malik olduğundan kütləyə qarşı kəskin şəkildə çıxa bilirdi". Sparta ilə müharibədə ilk həlak olmuş döyüşçülərin dəfn mərasimində Fukidid tərəfindən yazıya alınmış Periklin söylədiyi nitq üstündən min illər keçsə də bu gün belə demokratiyanın müdafiəsinə dair ən qədim təlimat hesab edilməyə layiqdir. O deyirdi: "...Qonşumuz öz davranışında şəxsi meyillərə uyğun hərəkət edirsə, biz ona pis gözlə baxmırıq...Biz azad yaşayırıq... Bununla yanaşı, bizə bərabər olan rəqibə qarşı cəsarətlə mübarizə aparırıq... Güman edirəm ki, bizim hər birimiz ən müxtəlif həyat şəraitlərində öz şəxsi keyfiyyətlərini asanlıq və incəliklə təsdiq edə bilər... Biz öz dövlət quruluşumuz üçün heç bir yadelli qanunları nümunə götürməmişik. Əksinə, biz nədəsə, kimlərisə təqlid etməkdənsə, özümüz başqaları üçün həmişə örnək olmuşuq. Şəhərimizi bir ovuc şəxs deyil, xalqın böyük əksəriyyəti idarə etdiyinə görə dövlət quruluşumuz xalq idarəçiliyi adlanır. Dövlət işlərinə gəldikdə isə, bizdə hər bir kəs yalnız ləyaqətinə görə fəxri dövlət vəzifələrinə irəli sürülür, belə ki, həmin şəxs müəyyən zümrəyə mənsub olduğuna görə deyil, şəxsi fədakarlığıa görə nəiləsə fərqlənə bilmişdir". Gördüyümüz kimi, bu gün demokratiyanın, bəlkə də, ilk proqramı olan bu nitq nə qədər qəribə olsa da 2500 il bundan öncə söylənilmişdir. Ən qəribəsi isə budur ki, bu gün beynəlxalq demokratik təsisatların əksəriyyəti, dövlətlərin konstitusiyası bu çıxışın mətni ilə uzlaşsa da, hansısa dövlətlər hətta demokratiya öncülləri hesab olunsalar belə, Periklin 32 illik hakimiyyətində həyata keçirdiyi nailiyyətlərdən hələ də geri qalırlar. Yunanıstanda "xalq hakimiyyəti" sisteminin yarandığı zamanlara yaxın dövrlərdə bu cür idarə üsulu Apennin yarımadasında, Romada da təşəkkül tapmışdır. Lakin Roma vətəndaşları bu idarə üsulunu "respublika" adlandırmağı üstün tutdular.
İlk çağlarda respublikanın idarə olunmasında iştirak etmək hüququ yalnız patrisilərə (aristokratlara) mənsub idi. Lakin cəmiyyətin inkişafı gedişində, qızğın mübarizədən sonra adi adamlar da (Romada onlar "plebs" adlanırdılar) belə bir hüquqa nail oldular.Afinada olduğu kimi, burada da iştirak etmək hüququ yalnız kişilərə verilirdi və bu məhdudiyyət demokratiya və respublikanın sonrakı bütün növlərində XX yüzilliyə qədər qüvvədə qalmışdır.
Əvvəllər kiçik ərazidə, şəhərdə təşəkkül tapan Roma Respublikası işğallar vasitəsilə öz hüdudlarını hədsiz genişləndirərək bütün İtaliyaya və başqa ölkələrə ağalıq etməyə başladı. Qeyd olunmalıdır ki, bir çox hallarda respublika, hər yerdə yüksək qiymətləndirilən Roma vətəndaşlığını fəth olunmuş xalqların nümayəndalərinə "bəxş edir" və beləcə, onlar müvafiq hüquq və imtiyazlara malik olan Roma vətəndaşına çevrilirdilər. Bütün bunlar demokratiyanın keçdiyi inkişaf yolunun başlanğıcı hesab olunur.
Hansıki, bundan sonra da tarixdə İngiltərədə Magna Karta hərəkatı, insan haqları uğrunda ilk kütləvi hərəkat olan Britaniya "Levellerlər inqilabı", Tomas Hobbsun "Sülh qaydaları", Con Lokun "Dini dözümlülük" və "Vicdan azadlığı haqqında" məktubları, Jan Jak Russonun məşhur "İctimai müqavilə haqqında" əsəri, Fransada və Avropada "respublikaçılıq", Con Stüard Millin "Azadlıq haqqında" essesi və s. hərəkatlar və əsərlər kimi demokratiya carçıları olmuş və müəyyən dövrlərdə hətta icra edilmişdir. Ən qədim dövrlərdən sonra demokratiyanın yenidən "dünyaya gəlməsi" ABŞ-ın adı ilə bağlıdır. Belə ki, 1775-1783-cü illər Amerika ilə İngiltərə arasında vətəndaş müharibəsi gedişində, Amerika Konqresi 1776-cı il iyulun 4-də Filadelfiyada "İstiqlaliyyət Bəyannaməsi"- ni qəbul etdi. Bu sənəd yeni bir dövlətin yarandığını elan etməklə yanaşı, həm də bütün dünyada ilk dəfə olaraq insan azadlıqlarının şərhini verdi. "İstiqlaliyyət Bəyannaməsi"ndə göstərilirdi ki, bütün insanlar "bərabər yaranmışlar", xalqın zülmkarları devirmək və öz hökumətini təsis etmək hüququ vardır. Bununla da xalq hakimiyyətin mənbəyi elan edilirdi.
1789-1794-cü illərdə
baş vermiş Böyük Fransa İnqilabı da həmçinin
Fransa və Avropanın siyasi tarixində köklü dəyişikliklərə
səbəb olmuş ən mühüm hadisələrdən
biri hesab olunur. İnqilabın əsasında mütləq
monarxiyadan demokratiya, vətəndaşlıq və insan
hüquq və azadlıqlarına söykənən
ictimai-siyasi ideyalar dururdu. Lakin bütün bu inqilabi
çevrilişlərə rəğmən demokratiya
dünyada "ayaq tutub yerisə" də, onun tam icrası
dünyanın heç bir dövlətində mümkün
olmamışdır. Baxmayaraq ki, hazırda bəzi dövlətlər
özlərini demokratiyanın akademiyası və himayədarı
hesab edirlər.
İkili standartlar və ya
aldadıcı manevrlər
Qloballaşmanın ölkələrə və dövlətlərə
təsir etdiyi hazırki dövrdə demokratiyanın şəffaflığı
hətta bir qədər nisbi görünür. Baxmayaraq ki,
bir sıra həlledici məsələlərdə cəmiyyətlər
demokratiyanın üstünlüklərindən yararlanır və
azad seçki və azad iqtisadiyyat kimi faktorlardan istifadə
edirlər. Bununla belə, həlli çətin
olan bir çox xarici və daxili məsələlərdə
böyük dövlətlər demokratiya deyil, daha çox qədim
Sparta aristokratiyasına uyğun baxış bucağı
ortaya qoyurlar. Bütün bunlar, təbii
ki, dövlətlərin maraqları kontekstindən irəli gələrək
onların genişmiqyaslı strategiyalarına paralel şəkildə
aparılır. Bu da öz növbəsində
ədalət meyarlarına əhəmiyyət verilməməsi
və ikili standartların tətbiq olunması ilə
müşahidə olunur.Biz bunun əyani sübutunu Ermənistan-Azərbaycan
münaqişəsində Qərbin ortaya qoyduğu ikili
münasibətdə aydın görə bilərik. Qərb dövlətləri və siyasi
institutları Azərbaycanın ərazi
bütövlüyünü sözdə dəstəkləsələr
də real addımlar atmaq məqamı gələndə
susmağa üstünlük verirlər. Sanki
hansısa güc onları Azərbaycan Respublikasının
haqlı mövqeyinə doğru qətiyyətli olmaqdan
çəkindirir. Nəzərə alsaq ki, Azərbaycan
Cənubi Qafqaz regionunda lider dövlətdir və bu ölkənin
əlverişli mövqedə yerləşməsi, burada Qərb
sərmayəçiləri üçün münbit şəraitin
yaradılması, rəsmi səviyyədə qurulan dostluq və
tərəfdaşlıq, bütün din mənsubları
üçün ideal tolerantlıq mühitinin təmin
olunması və digər nəzərə çarpan faktorlar
Avropa Birliyi, Avropa Şurası, NATO kimi beynəlxalq qurumlarda
birləşən aparıcı dövlətlər
üçün kifayət etmir və bu üstünlüklərə
və sabit siyasətimizə rəğmən hələ də
Qarabağ məsələsində həlledici addımlar
atmaqdan çəkinirlər.
Bundan əlavə,
qardaş Türkiyənin illərdir Avropa Birliyinə
üzvlüyünün qəsdən yubadılması, PKK
terror təşkilatı ilə mübarizədə dövlətin
sərt tədbirlərə al atmasının
qarşısını almaq, İslam dünyası ilə
sıx əlaqələr qurulmasına qısqanclıqla
yanaşmaq və şübhəsiz ki, demoqrafik məsələlərdə
Türk dominantlığı qorxusu Qərbin ikili
standartlarını büruzə verir. Nəyə
görə demokratik parametrlərinə görə hətta əksər
dünya ölkələrini üstələyən Türkiyə
bu cür haqsızlıqlarla qarşılaşır? Yaxud da, vətəndaş cəmiyyəti
quruculuğunda inamla irəliləyən Azərbaycanın
haqlı davasında Qərb tam olaraq bizim yanımızda deyil.
Hansıki Qərbin təlqin etdiyi demokratik
prinsiplərin heç bir bəndinə Ermənistan dövləti
tərəfindən riayət olunmur. Görünür,
Qərbin dünyada demokratiya təbliğatı hələ də
erməni lobbisinin və xristianlıq təəssübkeşliyinin
təsirindən çıxa bilməmişdir.
Son hadisələr bir daha onu göstərdi ki,
dünyanın inkişaf etmiş ölkələrində
demokratiya anlayışı müəyyən həddə
kimidir. Bu hədd həmin dövlətin geostrateji
maraqlarını müəyyənləşdirən
qırmızı cizgiləri əhatə edir. Demokratiya naminə bu həddi keçmək yolverilməzdir
və Qərb siyasətçiləri bu amili həlli çətin
olan məsələlərdə xüsusilə nəzərə
alırlar.
Nümunə
üçün bir faktı qeyd edək ki, Norveçdə 77
nəfəri qətlə yetirən ultramillətçi -
terrorçu Andres Brevik 21 il həbs cəzası
aldı. Terrorçu hadisəni anti-türk,
anti-islam mövqeyindən çıxış edərək
törətdiyini bəyan etdi. Yəni
ölənlərin mütləq əksəriyyəti xristian
olsa da, terrorun mahiyyətində İslam və ya Türk
düşmənçiliyi varsa, deməli ən ağır cəzadan
onu sığortalamaq olar. Və ya bu
günə qədər müxtəlif dəhşətli
terror aktları həyata keçirmiş erməni
terrorçuların əksəriyyəti tutulan kimi, dərhal
azadlığa buraxılmış və ölkələrinə
ekstradisiya olunmuşdur. Lakin təhqir
olunmuş azərbaycanlı zabitin bir erməni hərbçisini
öldürməsi onun ömürlük həbs cəzasına
məhkum edilməsi ilə nəticələnmişdir.
8 il məhbus həyatı yaşayan Ramil Səfərovun
ekstradisiya edilməsi və azadlığa buraxılmasına
dünyanın göstərdiyi ədalətsiz təpki isə
göz qabağındadır.
Yaxın Şərq və Şimali Afrikada keçən
ildən başlayan "Ərəb baharı" hadisələri
bir daha Qərbin siyasi maraqlarını ortaya qoydu. Qərb,
şübhəsiz ki, hadisələrdə fəal
iştirakına demokratiya carçısı olduğunu iddia
etməklə haqq qazandırdı. Amma
hadisələr onu göstərdi ki, demokratik tələblərin
arxasında iqtisadi faktorlar dayanmışdır. Bu
iqtisadi faktorlar demokratik ideyalarla silahlansa da "
rüşvəti açıq şəkildə yox,
konvertdə təqdim etmə" üsulunu daha çox
xatırlatdı. Doğrudur, bu gün Qərb
ölkələrində insan haqlarını müdafiə edən
çoxsaylı hüquq müdafiəçiləri və təşkilatlar
mövcuddur. Lakin hüququn aliliyini tələb
edən bu qurumlar və şəxslər də dövlətlərin
ideoloji maraqları kontekstindən kənara çıxmaqda
acizdirlər.
Ən son hadisələrdə "Müsəlmanların
məsumluğu" adlı filmin çəkilməsi daha
çox diqqəti cəlb etdi. Bir milyarddan çox
müsəlmanın mənəvi inancını təhqir edən
bu filmə hələ ki, fundamental əks-qərarın verilməməsi
guya demokratik təsisatların prinsiplərinə uyğun
göstərilsə də, əksinə, haqqın, ədalətin
ayaqlar altına atılmasına və bir qrup narkotik aludəçisinin
bəşəri cinayətinə haqq qazandırmaqdan başqa
bir şey deyil. Bu insanların vaxtında məsuliyyətə
cəlb olunması nə qədər günahsız
insanların qanının axıdılmasının
qarşısını ala bilərdi. Lakin
bu edilmədi.
Şərq dövlətlərinə, xüsusilə
Türkiyə və digər İslam ölkələrinə
qarşı bu və bu kimi qeyri-etik hadisələr, terror
aktları törədilərkən susmaq demokratiyanın deyil,
əksinə Qərbin ziddiyyətli maraqlarının əyani
göstəricisidir. Bu, ikili standartların yaranması və tətbiqidir.
Demokratiya sülhü, bərabərliyi,
dostluğu, sivilizasiyaların dialoqunu, azad sözü, azad
sahibkarlığı, bötövlükdə insan amilini təbliğ
etsə də, bu gün bu adın arxasında gizlənən məqamlar
onun əsas mahiyyətinin açılmasına mane olur. Demokratik təsisatların dünyanın hər
yerində fəaliyyət göstərməsi, inzibati
binaların tikilməsi, nümayəndəliklərin
açılması hələ də əksər yerlərdə
formal xarakter daşıyır və həqiqətin bərqərar
olması anlamına gəlmir. Çünki
bəzi yerlərdə dövlətlərin özünün
buna maraq göstərməməsi, əksər yerlərdə
isə demokratiya təbliğ edən qütbün
özünün buna maraqlı olmaması bu ideal dəyərin
öz layiqli yerini tutmamasına gətirib çıxarır.
Anar TURAN
Xalq qəzeti.- 2012.- 25 noyabr.- S. 3.