Nizami rayonunda
payız-qış mövsümünə
hazırlığın vəziyyəti müzakirə olundu
Son zamanlar havaların nisbətən mülayim keçməsinə baxmayaraq,
yerlərdə payız-qış mövsümünə
hazırlığın vəziyyəti ciddi
müzakirə olunur, qarşıya
çıxan problemlərin vaxtında aradan
qaldırılması üçün müvafiq tədbirlər həyata keçirilir.
Bakı
Şəhəri Nizami Rayon İcra Hakimiyyətində Fövqəladə
Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ilə birgə
"Payız-qış mövsümünə
hazırlığın yekunları" və
"Yanğınların profilaktikasında və
yanğın hadisələri zamanı əhaliyə
düzgün davranış vərdişlərinin
aşılanmasında yerli icra hakimiyyətləri və yerli
özünüidarəetmə orqanlarının rolu"
mövzusunda keçirilən müşavirədə də bu
barədə ətraflı danışıldı.
Tədbiri
giriş sözü ilə açan Nizami Rayon İcra Hakimiyyətinin
başçısı Tahir Budaqov iştirakçıları
müşavirənin gündəliyi ilə tanış edərək
onları payız-qış mövsümünə
hazırlıqla bağlı işlərin müzakirəsində
fəal iştirak etməyə səslədi.
Fövqəladə
Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəis
müavini, polkovnik Cəfər Məmmədovun yanğın təhlükəsizliyi
qaydaları barədə məlumatından sonra "Fövqəladə
Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və
struktur bölmələri" və "Dəm qazı ilə
zəhərlənmə hallarının
qarşısının alınması" barədə
video-material nümayiş etdirildi.
Sonra
Nizami Rayon İcra Hakimiyyəti başçısının
birinci müavini Qərib Məmmədov "2012-2013-cü illərin
payız-qış mövsümünə hazırlıqla
bağlı rayonun təsərrüfat və xidmət sahələri
tərəfindən görülmüş işlər barədə"
hesabat məruzəsi ilə çıxış etdi. Qeyd
olundu ki, Nizami rayonunun yaşayış fondu 730 binadan ibarətdir
ki, bundan da 515-i mərkəzi istilik sistemi vasitəsilə
215-i isə divar sobaları ilə qızdırılır.
2012-2013-cü illərin payız-qış mövsümünə
hazırlıqla əlaqədar rayon icra hakimiyyəti
başçısının müvafiq sərəncamı ilə
təsdiq olunmuş tədbirlər planına uyğun olaraq 17
nəfərdən ibarət qərargahın
yaradıldığını diqqətə çatdıran məruzəçi
qeyd etdi ki, ötən müddətdə mərkəzi istilik
sisteminin, su və kanalizasiya xətlərinin, istilik məntəqələri
və qazanxanaların, soba və tüstü bacalarının
normal fəaliyyətini təmin etmək məqsədilə
müvafiq profilaktik tədbirlər görülmüş, təmir-bərpa
işləri aparılmışdır. Belə ki, "Azəristilik"
ASC-nin 4 və 16 saylı istilik sistemləri istismar sahələrinin
balansında olan qazanxanalarda 31 ədəd qazan əsaslı,
100 qazan isə cari təmir edilmiş və digər profilaktik
işlər görülmüş, istismar dövrünü
başa vurmuş avadanlıqlar dəyişdirilmiş və ya
yeniləri ilə əvəz olunmuşdur. Hesabat
dövründə 8581 paqonometr magistral və məhəllədaxili
istilik boruları əsaslı təmir edilmiş, 14
yaşayış binasının aşağı
paylayıcı istilik xətlərində təmir işləri
aparılmışdır. Bundan əlavə,
"2011-2013-cü illərdə Bakı şəhərinin və
onun ətraf qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı" çərçivəsində
rayonun təhsil və səhiyyə müəssisələrinin
payız-qış mövsümündə istiliklə təminatının
yaxşılaşdırılması üçün
müvafiq işlər görülmüşdür.
Nizami
Rayon Enerji Təchizatı və Satışı İdarəsinin
xidməti ərazisində 4 ədəd zəif transformator
güclüsü ilə əvəz edilmiş, 13 ədəd
transormator məntəqəsində isə avadanlıqlar cari təmir
olunmuş, hava və kabel xətləri dəyişdirilmiş,
rayon ərazisində yerləşən yarımstansiyalarda bir
sıra yenidənqurma işləri aparılmışdır.
Rayon sakinlərinin "mavi yanacaq" la təminatının
yaxşılaşdırılması məqsədilə
hesabat dövründə Nizami Qaz İstismar Sahəsi tərəfindən
lazımi işlərin görüldüyünü diqqətə
çatdıran Q. Məmmədov bildirdi ki, hazırda "8-ci
kilometr əsas" qaz kəmərinin yenidən qurulması, fərdi
yaşayış evlərindən məhəllədaxili ərazilərdən
qaz xətlərinin çıxarılması, eləcə də
mövcud qaz kəmərlərinin yenidən qurulması ilə
əlaqədar müxtəlif tədbirlər həyata
keçirilmişdir. Növbəti payız-qış
mövsümünə hazırlıq tədbirləri çərçivəsində
rayon sakinlərinin içməli su təminatının və
kanalizasiya xidmətlərinin səviyyəsini
yaxşılaşdırmaq üçün 856 paqonometr
kanalizasiya və 5037 paqonometr su xətləri, eləcə də
282 paqonometr yağış su xətti çəkilmiş,
mövcud şəbəkələrdə bir sıra yenidənqurma
işləri aparılmışdır.
Məruzəçi
qeyd etdi ki, ötən müddətdə Nizami Rayon Mənzil-Kommunal
Təsərrüfatı Birliyi mövsümə
hazırlıqla əlaqədar olaraq balansında olan
binaların dam örtüklərini, binadaxili istilik və
elektrik xətlərini təmir etmiş, ümumi istifadə
yerlərini şüşələmiş, giriş qapı və
pəncərələri dəyişdirmiş, tüstü
bacaları və havalandırma kanallarını təmizləmişdir.
Bununla yanaşı, qarlı-şaxtalı günlərdə
nəqliyyatın hərəkətini tənzimləmək və
piyadaların gediş-gəlişini asanlaşdırmaq məqsədilə
müvafiq işlər görülmüş, maşın və
mexanizmlər işlək vəziyyətə gətirilmişdir.
Rayonun təhsil və səhiyyə müəssisələri
üzrə payız-qış mövsümünə
hazırlıqla bağlı mühüm işlərin
görüldüyünü diqqətə çatdıran
natiq qeyd etdi ki, hesabat dövründə 4 orta məktəb, 1
uşaq bağçası və 3 səhiyyə müəssisəsi
əsaslı təmir olunmuşdur. Ayrı-ayrı təhsil və
səhiyyə müəssisələrində 13080 paqonometr
müxtəlif diametrli istilik borusu, 3860 metr qapı və pəncərə
blokları və 4110 kvadratmetr şüşə dəyişdirilmiş,
12180 kvadratmetr dam örtüyü təmir olunmuşdur. Natiq
bu işlərin hazırda da davam etdirildiyini diqqətə
çatdırdı.
Daha
sonra Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin
şöbə rəisi, daxili xidmət mayoru Elgün Ələkbərovun
"Yanğının başvermə səbəbləri və
yanğın zamanı hərəkət qaydaları"
mövzusunda məruzəsi dinlənildi. Məruzəçi
2011 və 2012-ci illərin doqquz ayında baş vermiş
yanğın hadisələri və onların acı nəticələri,
eləcə də dəm qazı nəticəsində qeydə
alınmış ölüm və zəhərlənmə
hallarının statistikasını açıqladı.
Onların səbəbləri barədə tədbir
iştirakçılarına ətraflı məlumat verən
E. Ələkbərov bu cür xoşagəlməz hadisələr
zamanı tələb olunan hərəkət qaydalarından bəhs
etdi.
Məruzələr
ətrafında çıxışlar dinlənildikdən
sonra rayon icra hakimiyyətinin başçısı Tahir
Budaqov müşavirəyə yekun vurdu. Payız-qış
mövsümünə hazırlıqla bağlı
görülmüş işləri qənaətbəxş
hesab edən başçı bəzi nöqsan və
çatışmazlıqların üzərində geniş
dayandı, onların təcili surətdə aradan
qaldırılması ilə əlaqdar müvafiq qurumların
rəhbərlərinə konkret tapşırıqlar verdi.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2012.- 25 noyabr.- S.3