Yeni Azərbaycan
Partiyası xalqımızın arzu və istəklərinin
ifadəçisidir
Yeni Azərbaycan
Partiyasının yaranması ölkəmizdə cərəyan
edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi
şəraitin məntiqi nəticəsi idi. Sovetlər
Birliyinin süqutundan sonra müstəqillik əldə
etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif
siyasi partiyalar və digər qurumlar təşəkkül
tapmağa başlamışdı. Həmin partiyalar ölkəni
düşdüyü ağır iqtisadi, siyasi, mənəvi
böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə
olan və bir-birini əvəz edən siyasi qüvvələr
respublikadakı vəziyyəti daha da
ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə
çatdırdılar.
Ziyalılar, tanınmış ictimai - siyasi xadimlər son dərəcə təşviş içərisində idilər. Belə bir şəraitdə Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxarmaq üçün xalqı arxasınca apara biləcək, insanların inandığı, etibar etdiyi, güvəndiyi bir liderə böyük ehtiyac duyurdular. 1990-1993-cü illərdə bir - birini əvəz edən dairələrin hakimiyyətdəki səriştəsizliyi, siyasi naşılığı və dövlət idarəçiliyindəki təcrübəsizliyi, ölkədə yaranmış çətin şərait, doğma torpaqlarından didərgin düşmüş köçkünlərimizin taleyinə biganəlik, bir-birinin ardınca işğal olunan torpaqlarımız vəziyyəti daha da ağırlaşdırırdı. Bir milyondan artıq köçkün əhalinin ağır, çıxılmaz duruma düşməsi sanki heç kimi narahat etmirdi. Aclıq, saatlarla çörək növbəsi, zəruri ərzaqların çatışmaması bir yana, çörəyin tərkibinin qarışıq yemlərdən olması daha dözülməz idi.Ölkədə öz işi ilə məşğul olan heç bir dövlət qurumuna rast gəlmək mümkün deyildi. Gündüz saat 4-5-dən sonra şəhərə çıxmaq qorxulu idi. Hər an atışma səsləri, küçədə silahlı dəstələr əhalini olduqca həyəcanlı vəziyyətə gətirmişdir.
Respublikanın tanınmş ictimai-siyasi xadimləri və ziyalıları belə bir şəraitdə çıxış yolunu yalnız ulu öndər Heydər Əliyevdə görürdülər. Uzun müddət ölkəyə rəhbərlik etmiş, sonradan isə keçmiş SSRİ-də məsul vəzifələrdə çalışmış Heydər Əliyevin dövlət idarəçiliyində zəngin təcrübəsi, bununla dünya miqyasında böyük nüfuzu hər birimizə yaxşı bəlli idi. Ölkəni düçar olduğu ağır vəziyyətdən yalnız belə bir şəxsiyyət xilas edə bilərdi.Odur ki, ziyalılar yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə 91 nəfər xalqın böyük oğlu Heydər Əliyevə müraciət etdi. 16 oktyabr 1992-ci il tarixli "Səs" qəzetində dərc olunmuş "Azərbaycan Sizin yolunuzu gözləyir" sərlövhəli müraciətdə deyilirdi: "Möhtərəm HEYDƏR BƏY! Hamımız görürük ki, respublikamızın, xalqımızın vəziyyəti gündən-günə ağırlaşır. Azərbaycan, sözün əsl mənasında, siyasi, iqtisadi, mənəvi böhran keçirir. Bunun da əsas səbəbi son illər respublikada mövcud olan və getdikcə daha da güclənən hakimiyyət böhranıdır. Ali hakimiyyət və idarəetmə orqanları "Konstitusiyaya zidd, real vəziyyətə uyğun" fəaliyyət göstərməklə, əslində, iflic vəziyyətinə düşmüşdür. Bir çox dövlət orqanları heç bir hüquqi əsas olmadan yaradılıb fəaliyyət göstərir.
Bir sözlə, mövcud iqtidar ictimi-siyasi gedişatlara tam nəzarət edə bilmir. Cəmiyyət obyektiv qanunauyğunluqlardan daha çox subyektiv mülahizələrə əsasən idarə olunur. Ən dəhşətlisi odur ki, siyasi və iqtisadi sistemdə əsaslı islahatlar aparılmır. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktında təsbit olunmuş hakimiyyət bölgüsü havadan asılı qalmış, hüquqi dövlətin yaradılması yolunda real addımlar atılmamışdır. İqtidarın idarəetmə səriştəsi, təcrübəsi, bacarığı olmayanda zora əl atması təbiidir. Qəribə burasındadır ki, prezidentdən tutmuş respublikanın müxtəlif vəzifəli şəxsləri dəfələrlə öz müsahibələrində bildiriblər ki, artıq hakimiyyəti bizim əlimizdən heç kəs ala bilməz, çünki ordu və polis bizə xidmət edir.
Dünənə kimi küçə-meydanlarda səhərdən-axşama qədər demokratiyadan danışanlar, görünür, demokratiyanın mahiyyətinin nə olduğunu dərk etmirlər. Əsl demokratik ölkələrdə ordu, polis, başqa inzibati orqanlar siyasətdən kənardır və bütün bu qüvvələr hakimiyyətdə olanlara deyil, xalqa xidmət edirlər. Rəhbərliyin siyasi naşılığından, idarəetmə səriştəsizliyindən, hakimiyyət hərisliyindən həm daxildən, həm də xaricdən müəyyən qüvvələr öz mənafeləri üçün məharətlə istifadə edirlər. Əgər dünənə qədər Azərbaycanın sərvətləri bir istiqamətə daşınıb aparılırdısa, indi var-dövlətimiz bir neçə səmtə axıdılır. Bir sıra Şərq ölkələrindən qovulmuş Qərb inhisarları indi asanlıqla çoxdan həsrətində olduqları Bakı neftini ələ keçirirlər. Belə gedərsə, biz siyasi əsarətdən qurtarmamış, tezliklə iqtisadi əsarətə məruz qalacağıq. Çünki respublikanın olan-qalan iqtisadi potensialı sürətlə dağılır, təbii sərvətlərimiz talan edilir". Müraciətdə həmçinin bildirilirdi ki,vəziyyətin ağırlığından, çıxılmazlığından, həyatın qeyri-sabitliyindən, gələcəyə ümidsizlikdən respublikanı yüzlərlə ziyalı-yüksək ixtisaslı kadrlar tərk edir. Sözsüz ki, ən ağır zərbə geniş xalq kütləsinə, aşağı təbəqəyə dəyir. Hadisələrin bu cür inkişafı göstərir ki, yaxın gələcəkdə sosial ədalətdən heç əsər - əlamət də qalmayacaq. Halbuki, uzun illər boyu imperiya boyunduruğu və totalitar rejim altında inləyən xalqımız bu gün demokratik qanunlara əsaslanan vətəndaş cəmiyyəti qurmaq arzusu ilə yaşayır.
Ziyalılar ölkədə yaranmş son dərəcə ağır vəziyyətin çıxış yolunu ulu öndərdə görərək yeni bir siyasi partiya yaradılmasına və bu təşkilata rəhbərlik etməsinə razılıq verməsini xahiş edirdilər. Müraciətdə deyilirdi: "Möhtərəm HEYDƏR BƏY! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq, Siz, qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə eləyəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın, demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq, belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və ya yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək, Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu dolduracaq, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə biləcək. Əminik ki, Yeni Azərbaycan Partiyası müdrik ağsaqqalımız Heydər Əliyevin ətrafında birləşəcək dərin zəkalı, təmiz əxlaqlı, yüksək mədəniyyətli, müstəqil düşüncəli, milli qürurlu peşəkar insanların siyasi partiyasına çevriləcəkdir. Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar. Biz Yeni Azərbaycan Partiyasını yeni düşüncə tərzli insanların Sizin ətrafınızda sıx birləşdiyi mütəşəkkil, güclü aparıcı qüvvəyə malik bir partiya kimi görürük. İnanırıq ki, Azərbaycanımızın bugünü, sabahı naminə başqa partiya, qurum və cəmiyyətlərin vətənpərvər üzvləri də həlledici anda məhz bu partiyanın mövqeyində dayanacaqlar. Yeni qüvvələrin öncülü, aparıcısı Sizin kimi şəxsiyyət olarsa, tezliklə müstəqil respublikamızın inkişaf istiqamətləri həm müəyyənləşdirilər, həm də uğurlu addımlar atılar".
Həmin vaxt Naxçıvan Ali Məclisinin sədri vəzifəsində çalışan ulu öndər ziyalıların müraciətinə dərhal cavab verdi. Cavabda ölkəmizin dövlət müstəqilliyini bərpa etməsi yüksək qiymətləndirilmiş və yaranmış böhranlı vəziyyətdən çıxış yolları göstərilmişdir. Ulu öndər ziyalılara yazmışdı: "Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi tarixi hadisədir və şübhəsiz ki, bütün Azərbaycan vətəndaşlarını hədsiz dərəcədə sevindirir. Eyni zamanda, bu əlamətdar hadisə müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı qarşısında çox məsul, mürəkkəb, çətin vəzifələr qoyur. İndi əsas vəzifə dövlətçiliyin, müstəqilliyin bərqərar olunmasını, milli-demokratik dövlətin formalaşmasını, müstəqil Azərbaycanın suverenliyini, təhlükəsizliyini təmin etmək və vətəndaşlara azad, xoşbəxt, firavan həyat şəraiti yaratmaqdan ibarətdir. Bu xeyirxah və şərəfli işə hər bir vətənpərvər öz layiqli töhfəsini verməlidir". Müdrik şəxsiyyət yaradılacaq Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılığını bildirmişdir və bununla da müstəqilliyimizin qorunub saxlanılması yolunda ilk addım atılmış, xalqda gələcəyə inam yaranmışdır. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərinə böyük missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı və Heydər Əliyev onun sədri seçildi. Yarandığı vaxtdan YAP dövlətçilik mövqeyində dayanmış, geniş və çoxşaxəli islahatların həyata keçirilməsinə, ölkənin ictimai-siyasi həyatına həlledici təsir göstərmişdir. İlk vaxtlardan cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilmiş Yeni Azərbaycan Partiyası az bir zamanda ictimaiyyətin rəğbətini və inamını qazanmışdır. Sözsüz ki, bu nailiyyətlərin əldə olunmasında YAP-ın qurucusunun dünya miqyasında tanınmış böyük siyasətçi, Azərbaycan xalqının inandığı və sevdiyi dahi bir şəxsiyyətin olması mühüm və əhəmiyyətli rol oynamışdır.
1993-cü ildə YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, iqtidar partiyasına çevrilərək ölkənin siyasi həyatında tutduğu mövqeyini möhkəmləndirmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. 1995-ci ildə keçirilən parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilmiş, ona olan ümumxalq inamı bir daha təsdiq edilmişdir. Bundan sonra keçirilən bütün seçkilərdə Yeni Azərbaycan Partiyası rəqiblərinə böyük üstünlüklə qalib gəldi. Bu, qələbələrin rəhni ilk növbədə xalqın Heydər Əliyevə olan inamından irəli gəlirdi.
Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikası Konstitusiyasının çərçivəsində öz Proqram və Nizamnaməsinə uyğun fəaliyyət göstərən siyasi təşkilata çevrildi. Bu təşkilat yarandığı gündən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ideyalarını həyata keçirmək, ölkədə sivil dəyərlər, demokratik prinsiplər əsasında hərtərəfli inkişafa nail olmaq, insan hüquq və azadlıqlarının təminatı, liberal dəyərlərə söykənən güclü və sosialyönümlü iqtisadiyyat, sosial ədalət və hər bir Azərbaycan vətəndaşının təminatlı rifahı uğrunda mübarizə apardı. YAP öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən insanları birləşdirən siyasi partiyadır. Yeni Azərbaycan Partiyası yarandığı gündən indiyə kimi ölkəmizin taleyüklü vəzifələrinin həyata keçirilməsində çox böyük rol oynamışdır.
YAP-ın söykəndiyi siyasi-ideoloji prinsiplər bu gün Azərbaycan cəmiyyəti tərəfindən müdafiə olunmaqla, ümumdövlət maraqlarını özündə əks etdirir. Yeni Azərbaycan Partiyasının qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün irəli sürdüyü prinsiplər- müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, sosial ədalət-bu gün Azərbaycan vətəndaşları tərəfindən qəbul edilən və milli maraqları özündə əks etdirən prinsiplərdir. Bu prinsiplər əslində müstəqil Azərbaycan dövlətinin söykəndiyi və güvəndiyi dəyərlərdir. Yeni Azərbaycan Partiyasının söykəndiyi dəyərlər, ideoloji-siyasi prinsiplər, bəşəri xarakter daşımaqla müstəqil dövlətimizin gələcək inkişaf yollarını müəyyən edir. Bu prinsiplər Heydər Əliyev tərəfindən müəyyən edilən prinsiplər olaraq inkişafımızı istiqamətləndirir. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu ləyaqətlə davam etdirən YAP-ın sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət Azərbaycanın regionda mövqelərini daha da möhkəmləndirmiş, respublikamızı iqtisadi inkişafa görə lider ölkəyə çevirilmişdir. Yeni Azərbaycan Partiyasının əsas keyfiyyət göstəricilərindən biri ölkəni irəliyə aparan, xalqa söykənən və xalqa xidmət edən siyasi təşkilat olmasıdır. Bu gün ulu öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizi bölgənin lider dövlətinə çevirməklə rifaha doğru inamla aparmaqdadır. Müstəqil Azərbaycan dövlətinin son 20 illik inkişaf tarixində Yeni Azərbaycan Partiyasının rolu danılmazdır. Bu gün öz sıralarında 600 minə yaxın siyasi həmfikri birləşdirən Yeni Azərbaycan Partiyası ulu öndərin parlaq ideyalarının daşıyıcısı kimi, cəmiyyətdə öz aparıcı rolunu gündən-günə möhkəmləndirməkdədir. Ölkəmizin dünya birliyində qazandığı uğurlar Prezident İlham Əliyevin uğurlu diplomatik fəaliyyətinin təzahürüdür. Bu diplomatik fəaliyyətin əsas qayəsini ölkədə yaradılmış əmin-amanlığın, ictimai-siyasi sabitliyin, milli həmrəyliyin qorunub saxlanılmasından, güclü və sosialyönümlü iqtisadiyyatı gücləndirməkdən ibarətdir.
Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Bu siyasətin alternativi yoxdur. YAP-ın sədri, Azərbaycan Prezidenti İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. O, doğma Azərbaycanda böyük hörmətə və nüfuza malikdir. Dövlətimizin başçısının qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunmasında mühüm uğurlar qazanılmaqdadır. O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. Möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır. Qazanılan uğurlarda Yeni Azərbaycan Partiyasının rolu danılmazdır.
Havva MƏMMƏDOVA,
tarix elmləri
doktoru
Xalq qəzeti.- 2012.- 25 noyabr.- S. 2.