Lerik Rayon Veteranlar Şurasının konfransı
Dağlar diyarı Lerikin sosial-iqtisadi inkişafında veteranlar da yaxından iştirak edirlər. Buna görə də sayca 13-cü olan növbəti konfranslarında onların deməyə sözləri çox idi. Konfransın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzdülər.
Konfrans açıq elan edildikdən sonra dünyasını dəyişmiş veteranların xatirəsi sükutla yad edildi. Konfransın işçi heyəti seçildi. Lerik Rayon Veteranlar Şurasının sədri Hidayət Bəşirov hesabat məruzəsi ilə çıxış etdi. Bildirdi ki, Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının rəhbərliyi altında fəaliyyət göstərən rayon şurası öz işində Azərbaycan Respublikasının Konstitusiyasını, "Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanununu, digər normativ hüquqi aktları əsas tutur. Sevindirici haldır ki, bu gün müharibə veteranlarının sosial müdafiəsi xeyli gücləndirilmişdir. Hər il Qələbə Günündə veteranlara maddi köməklik göstərilməsi, onların bir çoxunun mənzil və minik avtomobili ilə təmin edilməsi, sanatoriya və xəstəxanalarda pulsuz müalicə olunması və həyata keçirilən digər tədbirlər buna parlaq sübutdur.
Bütün bunlara görə cənab Prezidentə minnətdarlıq ifadə edən natiq dedi ki, ümumiyyətlə, Böyük Vətən müharibəsi veteranları ilə yanaşı, Qarabağ müharibəsi veteranları, əmək veteranları, hüquq-mühafizə orqanları veteranları da dövlətin diqqət və qayğısından kənarda qalmamış, onların həyat səviyyəsinin yüksəldilməsi yönümündə müvafiq tədbirlər həyata keçirilmişdir. Hesabat dövründə rayon veteranlar şurası tərəfindən gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində də müəyyən işlər görülmüşdür. Gənclərin həqiqi hərbi xidmətə yola salınması mərasimlərində bir qayda olaraq veteranlar da iştirak edir, onlara xeyir-dua verirlər.
Məruzə ətrafında çıxış edənlər ötən konfransdan keçən dövr ərzində rayon veteranlar şurasının gördüyü işlərdən bəhs etdilər, bir sıra dəyərli təkliflər səsləndirdilər. Daha sonra rayon veteranlar şurasının plenumunun yeni tərkibi, nəzarət-təftiş komissiyası seçildi. Konfransda həmçinin Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının V qurultayına nümayəndə seçildi. Müzakirələrdən sonra konfransın qətnaməsi qəbul edildi.
Rayon veteranlar şurasının yeni seçilmiş plenumunun birinci iclasında Hidayət Bəşirov yenidən Lerik Rayon Veteranlar Şurasının sədri seçildi. İclasda həmçinin sədrin müavini, şuranın məsul katibi, rəyasət heyətinin və şuranın daimi komissiyalarının yeni tərkibi seçildi.
Ə.ƏLİYEV
Xalq qəzeti.- 2012.- 27
noyabr.- S.7.