Daxili işlər
orqanlarının fəaliyyətində şəffaflığın
təmin olunması polisə xalq məhəbbətini daha da
gücləndirir
Azərbaycan
asayişin ən yüksək səviyyədə təmin
edildiyi qabaqcıl bir məmləkətə çevrilib.
Ölkədə dayanıqlı və etibarlı siyasi sabitlik
hökm sürür. Birmənalı olaraq bu
sabitlik Azərbaycan xalqının arzu, istək və iradəsini
təcəssüm etdirir. Əks halda, belə bir daxili sabitliyə
nail olmaq qeyri-mümkün olardı. Doğrudur, asayişin
keşiyində dayanan hüquq-mühafizə
orqanlarının, xüsusilə də DİN strukturlarının
sabitliyin dayanıqlı hala gəlməsində
xüsusi əməyi var. Bu durumun bərqərar olması
polisin xidmətləri ilə yanaşı, həm də
asayişin və firavanlığın təmin olunmasında
xüsusi marağı olan vətəndaşların kütləvi
dəstəyi ilə bağlıdır.
Məlum olduğu kimi, vətəndaş dəstəyinin müxtəlif formaları mövcuddur. Bu barədə geniş danışmaq olar. Amma ifadə etmək istədiyim əsas fikir odur ki, bu gün Azərbaycan polisinə vətəndaş dəstəyinin mövcudluğu danılmaz bir reallıqdır. Bunun nə demək olduğunu peşəkar mütəxəssislər daha yaxşı dərk edirlər. Bir misal çəkim: 100-150 min nəfərlik əhalisi olan bir yaşayış məntəqəsində xidmət göstərən 70-80 və ya 100 nəfərlik polis əməkdaşının bütünlüklə xidmət göstərdiyi ərazidə olub-keçənlərdən xəbərdar olması və müxtəlif proseslərin axarına nəzarət etməsi fiziki və texniki cəhətdən mümkün ola biləcək iş deyil. Yalnız ictimai nəzarətin güclü olduğu mühitdə polisin uğurlarından danışmaq olar. Bu isə polis-vətəndaş əməkdaşlığını zəruri edir.
Əməkdaşlığın səmimiliyini və faydalı tərəflərini təsdiq edən digər amil baş vermiş və qarşısı alınmış cinayətlərin statistikasıdır. Əgər bir şəhərdə, regionda və ya ölkədə ağır və ya xüsusilə ağır cinayətlərin sayı nəzərə çarpacaq dərəcədə aşağı düşübsə və bu eniş özü də sabit axara malikdirsə, deməli, qeyd olunan ərazidə ictimai nəzarət və cəmiyyət-polis əlaqələri düzgün qurulub.
Ən sadə düşüncə tərzinə malik insanlara da məlum olan bir həqiqət var. Dəstək vermək arzusu adamın ürəyində o zaman baş qaldırır ki, kömək etmək niyyətində olduğun bir şəxsə qarşı qəlbində azacıq da olsa etibarın və etimadın yaranmış olsun. Bu, o deməkdir ki, Azərbaycan xalqı hazırda asayişi və dövlətçiliyi ən yüksək səviyyədə qorumaq iqtidarında olan polis əməkdaşlarına lazımi etibar və etimad göstərir.
Dünya
praktikasında belə bir anlayış var: polis rejimi, polis
dövləti. Bu cür rejimlərin mövcud
olduğu məmləkətlərdə siyasi gündəm
kütləvi təqib və təzyiqlərlə zəngin
olur. Məgər təzyiq altında
yaşayıb təqib olunan kimdənsə ümumi maraqlar
naminə dəstək ummaq mümkündürmü? Qeyd olunan problemlərin üstünlük təşkil
etdiyi cəmiyyətlərdən hər hansı sabitlik ummaq və
ya ondan danışmaq, təbii ki, gülünc olardı.
Yalnız şəffaf və demokratik dəyərlərin hakim
kəsildiyi cəmiyyətlərdə arzu olunan səmərəli
əməkdaşlığa və sabitliyə nail olmaq
mümkündür. Eynən bu gün doğma Vətənimiz
Azərbaycanda mövcud olan reallıq kimi. Ən
əsası isə bu reallıqdan təkcə biz bəhs
etmirik. Ölkədaxili dayanıqlı
sabitlik beynəlxalq ictimaiyyətin də diqqətini
özünə cəlb edir.
Təəssüf ki, bütün siyasi formasiyalar dönəmində
olduğu kimi, bu gün də aramızda cəmiyyətin
ümumi nailiyyətlərinə, mənəvi və hüquqi
rahatlığına kölgə salmaq istəyinə
düşən bədxahlara rast gəlinir. Əslində,
belə qeyri-obyektiv, reallıqdan uzaq fikirləri eşitməyə
bir növ adətkar olmuşuq. Xüsusilə də,
ölkədə keçirilməsi nəzərdə tutulan
böyük siyasi kampaniyalar ərəfəsində
özünü "siyasətçi", "mütəxəssis"
adlandıran, gözləri donorlarının cibində,
qulaqları isə donorlarının ağzında olan
cılız əqidəli bu cür şəxslər yersiz
hay-küyü ilə canfəşanlıq göstəriblər.
Elə son zamanlar sıravi polis əməkdaşlarından
tutmuş polis rəislərinin, hətta DİN-nin fəaliyyətini
belə əsassız fərziyyələri ilə
qaralayıb, onların Azərbaycan xalqı və dövləti
qarşısındakı xidməti uğurlarına kölgə
salmaq istəyində olan şəxslərin özünü
gündəmə gətirməsi məhz az öncə
sadaladığım səbəblərdən irəli gəlir.
Azərbaycan polisinə qara yaxan həmin müəlliflərə,
çox təəssüf ki, az sayda da
olsa, bəzi kütləvi informasiya vasitələri dəstək
verirlər.
Mən
artıq qeyd etdim ki, "xalq öz polisinə etimad göstərmir"
fikri kökündən yanlış və absurd
yanaşmadır. Nəzəri bilgilər, statistika və
ölkədaxili siyasi sabitliyi əks etdirən real mənzərə
ilə bağlı düşüncələrim kimlərisə
qane etmədisə, onları fəaliyyət göstərdiyim
Mingəçevir şəhərinə dəvət edirəm.
Gəlsinlər, istənilən yaşa və sosial zümrəyə
mənsub olan vətəndaşları dinləsinlər və
hətta sosioloji sorğu keçirsinlər. Hesab edirəm ki,
bu, onların özləri üçün faydalı olacaq. Əminəm
ki, müşahidələrinin yekunu olaraq nə vaxtsa, Azərbaycan
polisinin ünvanına söylədikləri böhtana, şərə
və həqarətə görə təəssüf və xəcalət
hissi keçirəcəklər. Onlara aydın olacaq ki, bu
gün artıq ötən əsrin 90-cı illəri deyil. O
zaman yerində olmayan bir sıra qeyri-peşəkarlar Azərbaycan
polisinin şərəfli statusunu alçaltmaq
üçün lazım olduğundan da
artığını ortaya qoymuşdu. Polisə qarşı
yaranan nifrət, inamsızlıq hissləri və digər
neqativ hallar da elə məhz həmin dönəmlərin
mirasıdır. Bu gün isə zaman dəyişdiyi kimi,
ölkə də, cəmiyyət də, xalq da, polis də dəyişib.
İndi hər kəs fərqli düşünür, fərqli
yanaşır, fərqli çalışır və
bütün bu dəyişikliklərin kökündə bəşəri
demokratik dəyərlərə olan sarsılmaz inam dayanır.
Daxili işlər naziri cənab Ramil Usubovun təşəbbüsü
və təşkilatçılığı ilə
hazırda bəşəri dəyərlərə söykənən,
polisin müasirləşməsini və polis-cəmiyyət
münasibətlərində şəffaflığının
tətbiqini zəruri edən demokratik islahatların
aparılması, az öncə vurğuladığım kimi,
dünyanın qəbul etdiyi ədalətli normalar çərçivəsində
yaşamaq və xidmət göstərmək istəyindən
xəbər vermirmi? Özünü "mütəxəssis"
adlandıran, əslində isə polis işindən, cəmiyyətin
istəyindən və baş verənlərdən xəbərsiz
olan bəziləri əsassız olaraq iddia edirlər ki, vətəndaş
polis gördükdə yolunu dəyişir. Mən bu fikrə
bir qədər düzəliş verərdim. Sirr deyil ki, bu,
indi deyil, bütün zamanlarda belə olub. O kəslər ki, əliəyrilik,
dələduzluq və digər cinayət əməlləri ilə
məşğuldur, təbii ki, qanun keşikçilərini
gördükdə yolunu dəyişib. Bu, gələcəkdə
də belə olacaq. Vətənini, elini, obasını, ailəsini,
doğmasını və asayişini sevən, qəlbi firavan
mühitdə qurub-yaratmaq eşqi ilə döyünən vətənpərvər
insanların isə öz keşikçilərindən qorxub
çəkinməsinə heç bir səbəb yoxdur. Əksinə,
polis şöbəsinə könüllü üz tutan şəxslərin
sayında da nəzərə çarpan artım
müşahidə olunur. Artıq vətəndaş polisə
dövlətçiliyin rəmzi, təminatçısı
kimi yanaşır. Yeri düşmüşkən, vətəndaş
müraciətlərinin baxılması ilə bağlı bir
vacib məqamı da diqqətə çatdırmaq istərdim.
Əslində, o da az öncə vurğuladığım
polisdə aparılan demokratik islahatların tərkib hissəsi
olaraq qəbul edilməlidir. Söhbət inzibati ərazi rəisliyi
institutundan gedir. Məhz belə bir institutun yaradılması
ilə vətəndaş müraciətlərinin öyrənilməsi,
o cümlədən, cinayətlərin önlənməsi
istiqamətində son illərdə ciddi nailiyyətlər əldə
olunub. Çünki inzibati ərazi rəisləri və digər
müvafiq əməkdaşlar vaxtaşırı ərazi
sakinləri ilə təmasda olur, onları dinləyir, problemlərini
həll edir. Bu isə vətəndaşların əlavə
vaxt itkisinin qarşısını almaqla yanaşı, onlar
arasında polisə olan etimadın artmasına zəmin yaradır.
Bərabər olaraq həmin müvafiq ərazi sakinlərindən
seçilmiş məsləhət şurası üzvləri
polislə bərabər asayişin təmin edilməsinə və
bununla, ictimai nəzarətin tətbiqi prossesinə yetərincə
dəstək vermiş olur.
Son
zamanlar media-polis münasibətlərinin yaxşılaşdırılması,
informasiya mübadiləsi imkanlarının genişləndirilməsi
kimi məsələlər də aktuallığı ilə
gündəmə gətirilir. Təvazökarlıqdan uzaq olsa
da, etiraf edim ki, bu sahədə Mingəçevir polisi örnək
olası təcrübəyə sahibdir. Əvvəla, qeyd edim
ki, təmsilçilik mənsubiyyətindən asılı
olmayaraq informasiya almaq istəyən kütləvi informasiya
vasitələrinin hər biri üçün şöbəmizin
qapıları daim açıq saxlanılır. Əgər əvvəlki
illərdə jurnalistlər bizi arayırdısa, bu gün biz
onları axtarıb, ən yeni məlumatları bölüşmək
istəyində olduğumuzu bildirir və bu zaman
iqtidar-müxalifət mətbuatı kimi anlayışları
düşüncəmizdən belə keçirmirik. Bu
faktı Mingəçevirdə çalışan
yaradıcı şəxslər və bu şəhərə
bitişik ətraf rayonlarda fəaliyyət göstərən
bölgə təmsilçiləri də təsdiq edə bilər.
Tam səmimiyyətlə etiraf edim ki, nə keçirdiyimiz
brifinqlərdə, nə də digər xarakterli tədbirlərdə
siyasi əqidəsinə görə hər hansı KİV
nümayəndəsinə fərq qoymuruq. Çünki əməliyyat
sirləri istisna olmaqla, jurnalistlərdən və xalqdan gizlədiləsi
heç nəyimiz yoxdur. Əksinə, maraqlıyıq ki, cəmiyyətdə
polis işinə dair informasiya bolluğu yaransın və
yazarlar asayişin qorunmasına polis dəstəyinin cəlb
olunmasında körpü rolunu oynayıb töhfələrini
versinlər. Qənaətimiz belədir ki, ədalətli vətəndaş
cəmiyyətinə aparan yol şəffaf münasibətlərdən
keçir.
Mən
Mingəçevir örnəyindən söhbət
açmaqla, əslində, ümumən Azərbaycan polisinin
arzu və istəklərini bölüşmək niyyətindəyəm.
Diqqət yetirin, ölkə mətbuatında və
telekanallarda bu gün hansı sayda xüsusi verilişlər
yayımlanır, səhifələr nəşr olunur. Hələ
mən hadisələrin xronologiyasını əks etdirən
telesüjetləri, qəzet, informasiya agentlikləri, elektron
media materiallarını və maarifçilik xarakteri
daşıyan sosialyönlü video çarxları demirəm.
Təkrar
edirəm, biz informasiya bolluğunda və alternativ fikir məkanı
formalaşmasında maraqlı tərəfik. Çünki bu
yanaşma tərzi ümumi inkişafa xidmət edir. Qoy çəksinlər,
yazsınlar, danışsınlar... demokratiyadır. Tək istəyimiz
və ya iradımız onunla bağlıdır ki, obyektiv və
ədalətli olsunlar. Cəmiyyətə və dövlətə
xeyir verə biləcək informasiyalara müəlliflik etsinlər.
Biz heç də tənqidin əleyhinə deyilik. Əksinə,
tənqid sıralarımıza yenidən göz gəzdirməyimizə
imkan verir.
Son illər
ərzində qazandığımız uğurların
çoxluğu o mənanı ifadə etmir ki, fəaliyyətimizdə,
ya sıralarımızda hər şey idealdır. Xeyr, belə
deyil və bu cür düşünmürük. Az sayda da
olsa, təsadüfi şəxslərin polis əməkdaşları
sırasında xidmət göstərməsi faktı istisna
deyil. Belə hallar varsa, bu cür problemlərin
çözümü də, təbii ki, müəyyən
zaman aparacaq. Biz bu yoldayıq. Çalışırıq ki,
xidməti fəaliyyətimiz daha da təkmilləşsin və
müasirləşsin. Qeyd etdiyim kimi, Daxili İşlər
Nazirliyinin tələbləri və islahatları da bu yöndədir.
Gəlin belə bir müqayisə edək: Məgər bu
gün elə bir telekanal, mətbu orqan, qeyri-hökumət və
ya hökumət təşkilatı tapmaq olarmı ki, orada hər
şey ideal səviyyədə olsun. Təbii ki, onlar da ən
yaxşının axtarışındadır. Amma
razılaşın ki, dövlətimiz gənc,
arzularımız isə çox böyükdür. Deməli,
ali məqsədlərimizə doğru hələ çox
uzun yol keçməliyik. Amma ittihamlarla deyil, səbr,
anlayış və işbirliyi ilə. Mən əsasən
Mingəçevir təcrübəsinə istinadən
danışıramsa, bu, o anlama gəlməməlidir ki, digər
bölgələrdə, yaxud polis təşkilatlarında vəziyyət
başqa cürdür. Xeyr. Sadəcə olaraq polisin müasirləşdirilməsini
nəzərdə tutan cəmiyyət dəstəkli polis
işi layihəsinin tətbiqinə məhz Mingəçevirdən
başlanılması və qısa müddət ərzində
xeyli uğurlu nəticələrin əldə edilməsi
faktı məni buna təhrik edir. Sevindirici haldır ki, bu
gün artıq islahatlar ölkənin bütün polis təşkilatlarında
tətbiq olunmağa başlayıb. Geniş miqyaslı və
xüsusi önəm daşıyan mütərəqqi
islahatların aparıldığı, hətta nailiyyətlərin
əldə olunduğu bir vaxtda yerinə düşməyən
qeyri-obyektiv fikirlərin bəzi mətbu orqanlara yol tapması
xalqın və Azərbaycan polisinin xoş məramına ləkə
vurmaq istəyindən başqa bir şey deyil.
Yuxarıda
qeyd olunan fikir müəlliflərindən soruşmaq istərdim:
Axı kimdir qorxulu olaraq xatırlatdığınız polis əməkdaşları?
Elə yaşadığınız cəmiyyətin yetirib, ərsəyə
çatdırdığı vətəndaşlar. Bu millətin
keşiyində dayanmağı özünə şərəf
işi bilən cəsur övladlarımız,
oğul-qızlarımız, atalarımız, əmilərimiz,
dayılarımız, doğmalarımız, dostlarımız,
qonşularımız. Bəs onların vəzifə borcu nədən
ibarətdir? Hətta yeri gələndə canı və
qanı bahasına dövlətin və millətin
asayişinin keşiyində dayanmaq.
Bir misal
çəkim. Bəzən ailədə munaqişə
yaranır, yaxud birinin qarşısı kəsilir, digəri təcavüzə
məruz qalır, üstünə silah çəkilir. Məgər
belə hallarda zərərçəkən atasını,
qardaşını, ya dostlarınımı köməyə
çağırır, yoxsa polis əməkdaşlarını?
Əli bıçaqlı, silahlı, gözünü qan
örtmüş caninin qarşısına zərurət
yarandıqda kim sinəsini sipər edir? Hər kəs evində
asayişdə yaşayıb, istirahət etdiyi vaxtlarda, gecənin
qaranlığında, qışın şaxtasında
küçə-küçə dolaşıb onların
keşiyində dayanan şəxslər bəs kim olur? Bu və
oxşar sualların yalnız bir cavabı var: Azərbaycan
polisi olduğu həqiqətini dərk etməyənlərə
"yazıq, zavallılar" deməkdən başqa nə
çarəmiz qalır? Doğrudanmı min bir əziyyət
sayəsində və həyatı bahasına xalqına xidmət
edən polis əməkdaşları arasında qeyd etdiyim
zavallıların bir doğması, dostu yer almır? Yoxsa ki,
belələrinin mənəviyyatı o qədər
korşalıb ki, onlar üçün doğmalıq
anlayışının da bir önəmi qalmayıb?
Yeri
düşmüşkən, xidməti fəaliyyətim
dövründən bir xatirəni də paylaşmaq istərdim.
Çalışdığım rayonların birində gecə
saatlarında ağır yol-nəqliyyat hadisəsi baş
vermişdi. Ağır xəsarət almış gənc sərnişinə
təcili qan köçürülməsi tələb
olunurdu. Təsəvvür edin ki, eyni vaxtda bir neçə
polis əməkdaşı qan vermək arzusunda olduğunu
bildirdi. Nəticədə polis nəfərlərindən
birinin qanı uyğun gəldiyi üçün istifadə
olundu və həmin vətəndaş yenidən həyata
döndü. Bax budur, Azərbaycan polisinin amalı, məqsədi
və insanpərvərliyi. İnsan haqlarından, söz
azadlığı problemlərindən, polis
"özbaşınalığından" və ümumən,
ölkə daxilində "antidemokratik ab- havanın
mövcudluğundan" giley-güzar edib hay-həşir salan
üzdəniraq müəlliflərin diqqətinə bir daha
çatdırmaq istəyirəm ki, doğrudan da, onların
ifadə etdiyi kimi, Azərbaycanda o sayaq problemlər
yaşansaydı, indi onlar azadlıqda deyil, barmaqlıqlar
arasında yer alardı. Ağlından keçən qərəzli
fikirləri nəinki mətbuat səhifəsinə
çıxarmağa, yaxınları hesab etdikləri 2-3 nəfər
arasında belə dilinə gətirməyə cəsarət
etməzdi.
Elin
gözü tərəzidir ,- söyləyib aqillərimiz.
Görünür, hər kəsi əməlinə görə
şərti olaraq tərəzinin gözünə qoyan Azərbaycan
xalqı yaxşını yamandan seçməkdə də
çətinlik çəkmir. O səbəbdən də bu
gün sədaqətlə təhlükəsizliyinin
keşiyində dayanan övladlarına "mənim qəhrəman
balalarım, mənim doğma polisim", - söyləyib
qürur hissi keçirir.
Ələsgər BƏDƏLOV,
Mingəçevir Şəhər
Polis Şöbəsinin
rəisi, polis
polkovniki
Xalq qəzeti.- 2012.- 27 noyabr.- S. 6.