Fikrət Əmirovun
əsərləri gənc musiqiçilərin ifasında
uğurla səsləndi
Milli musiqi mədəniyyətimizin
inkişafında müstəsna xidmətləri olmuş
görkəmli bəstəkar, tanınmış ictimai xadim,
SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı,
SSRİ və Azərbaycan Respublikası Dövlət
mükafatları laureatı Fikrət Məşədi Cəmil
oğlu Əmirovun anadan olmasının 90 ili tamam olur.
Bəstəkarın 90 illik yubiley tədbirlərinin layiqincə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2012-ci il 6 fevral tarixli sərəncamı ölkəmizin hər yerində olduğu kimi, Azərbaycan Milli Konservatoriyası nəzdindəki Musiqi Kollecində də böyük təntənə ilə qeyd olundu. Noyabrın 20-də orta ixtisas musiqi məktəbləri arasında gənc ifaçıların bəstəkarın 90 illik yubileyinə həsr olunmuş müsabiqəsinin açılışı oldu. Müsabiqədə 9 ixtisas üzrə ölkəmizin Sumqayıt, Şəki, Gəncə, Ağdam, Şuşa, Bakı və digər musiqi kolleclərindən ümumilikdə 10 məktəb və 60-a yaxın gənc ifaçıya öz bacarıq və istedadını nümayiş etdirmək imkanı verildi.
Yubiley tədbirində Respublikanın tanınmış sənət adamları, Təhsil Nazirliyinin məsul şəxsləri, kolleclərin müəllim və tələbə heyəti iştirak edirdi. Tədbiri giriş sözü ilə açan Milli Konservatoriya nəzdindəki Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi, profesor Nazim Kazımov öncə bəstəkarın keçdiyi zəngin və çoxşaxəli yaradıcılıq yolundan, onun opera və balet, simfoniya, mahnı və romans yaradıcılığından, eləcə də kino və dram tamaşalarına yazdığı çoxsaylı əsərlərdən söz açdı.
Tanınmış şəxsiyyətlərin yubiley və anım günlərinin keçirilməsinin rəhbərlik etdiyi kollektivdə bir ənənə olduğunu qeyd edən natiq bəstəkarın "Şur", "Kürd ovşarı", "Gülüstan", "Bayatı - Şiraz" simfonik muğamlarının, "Nizami" simfoniyasının, "Sevil" operası, eləcə də "Min bir gecə" baletinin ölkəmizin hüdudlarından çox - çox uzaqlarda şöhrət tapmasının başlıca səbəbini bəstəkarın milli musiqimizə, folklor nümunələrimizə dərin köklərlə bağlılığından irəli gəldiyini xüsusi vurğuladı. Daha sonra çıxış edən Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov və ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Ənvər İmanov gənc istedadları rəhbərlik adından təbrik edərək müsabiqədə onlara uğurlar arzuladılar. Bu münasibətlə təşkil olunmuş konsert proqramını "Göy göl" kompozisiyası ilə Bəhruz Zeynalovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblı açdı. Respublikanın əməkdar artisti Zərinə Allahverdiyevanın rəhbərlik etdiyi "Gənc qığılcımlar" skripkaçalanlar ansamblın müşayiəti ilə bəstəkarın "Gülərəm-gülsən ", mahnısını II kurs tələbəsi Zeynəb Allahverdiyeva ifa etdi. Hər iki ifa tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılandı.
Yadda qalan musiqi nömrələrindən biri də Budapeştdə keçirilən XI Beynəlxalq festifal müsabiqəsinin laureatı, kollecin III kurs tələbəsi Həmidə Ağasoyun skripkada ifa etdiyi Asəf Zeynallının "Muğamsayağı" əsəri oldu. Bir -birindən gözəl musiqi nömrələri səsləndikcə gənc isdedadlarımızda yaradıcılıq imkanlarının tükənmədiyinin bir daha şahidi olursan.
Noyabrın 22-də Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasında üç gün davam edən müsabiqənin təntənəli bağlanışı mərasimi, qaliblərin mükafatlandırılması və yekun konserti oldu. Konsertdən əvvəl müsabiqə iştirakçıları və qonaqlar Fəxri Xiyabanda ümummilli liderimiz Heydər Əliyevin və böyük bəstəkar Fikrət Əmirovun məzarlarını ziyarət etdilər.
Rafiq SALMANOV
Xalq qəzeti.- 2012.- 27 noyabr.- S. 6.