Azərbaycanın
xarici siyasəti strateji
maraqlarımızın təmin olunmasına xidmət edir
Bu gün hər
bir azərbaycanlı qürurla
deyə bilər ki, müstəqil Azərbaycan
Respublikasının beynəlxalq aləmə inteqrasiyası
xalqımızın maraqları, dövlətimizin mənafeyi
baxımından artıq təmin edilmişdir.
Ulu
öndər Heydər Əliyevin elmi əsaslarla
formalaşdırdığı siyasi kurs bu inteqrasiyanı bizim üçün gərəkli
olan bir məcraya
yönəltmiş, Prezident İlham Əliyev isə dövlətimizin beynəlxalq
aləmlə əməkdaşlıqdan gözlədiyi nəticələri
reallığa çevirmişdir. Həmin
proses bu gün də səbr və təmkinlə, geostrateji maraqların dəyişməsi
kontekstində yeni
çağırışlar çərçivəsində
formalaşdırılaraq beynəlxalq təcrübə əsasında,
ulu öndərimizin arzuladığı səviyyədə
davam etdirilir.
Məlumdur
ki, xarici siyasətdə dünyanın istənilən ölkəsi
və bütün beynəlxalq təşkilatlarla müxtəlif
formatlı əməkdaşlığımız neçə
illərdir öz müsbət nəticələrini verir. Bu
gün əsas vəzifə yaranmış vəziyyətdən
və diplomatiyamızın qazandığı davamlı
uğurlardan bəhrələnərək dövlətimizin
strateji maraqlarının bundan sonra da yüksək səviyyədə
təmin olunmasıdır. Bu məqamda bir daha xatırladaq ki,
həm daxili, həm də xarici ekspertlər Azərbaycanın
xarici siyasətinin region ölkələri arasında ən
uğurlu siyasət olduğunu qətiyyətlə söyləyirlər.
Bu siyasət müstəqil Azərbaycana təkcə
regionumuzda və postsovet məkanında deyil, eləcə də
bütün dünyada özünəməxsus nüfuz
qazandırmışdır.
Bu
gün dünyada elə bir beynəlxalq təşkilat yoxdur
ki, Azərbaycan orada konkret və cəsarətli təkliflərlə
çıxış etməsin və ya rəsmi
Bakının təşəbbüsləri cavabsız
qalsın. Xüsusilə regiondakı beynəlxalq əhəmiyyətli
iqtisadi layihələrin reallaşdırılması məsələsində
Azərbaycan özünəməxsus söz sahibinə
çevrilmişdir. Bunun bir neçə səbəbi
vardır. Əvvəla, Azərbaycan 1993-cü ilin yayından
sonra müstəqil dövlət siyasəti yeritməyin
nümunəsini yaratmışdır. Bəzi gənc müstəqil
dövlətlər xarici siyasətdə "gah nala, gah
mıxa" vurduqları zaman Azərbaycan ortaya konkret cəsarətli
siyasi mövqe qoydu.
Ulu
öndər Heydər Əliyevin müəllifi olduğu həmin
mövqe ondan ibarət idi ki, biz işğalçı Ermənistan
istisna olmaqla dünyanın bütün ölkələri və
bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu
şəkildə, hərtərəfli əməkdaşlığa
hazırıq. Azərbaycan bu gün də heç bir ölkənin
daxili işlərinə qarışmır və heç bir
ölkənin bizim daxili işlərimizə müdaxiləsinə
imkan vermir. Rəsmi Bakı istənilən ölkə ilə
qurduğu siyasi, iqtisadi, elmi-texniki və mədəni əməkdaşlığı
öz xalqının və dövlətinin maraqları çərçivəsində
davam etdirəcəkdir. Sadaladığımız bu siyasi
istiqamətlərin ardıcıllıqla və qətiyyətlə
icra edilməsi gənc müstəqil Azərbaycana beynəlxalq
aləmdə yetərincə nüfuz və hörmət
qazandırmışdır. Bunun əyani sübutu keçən
il BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv
seçilməyimizdir. Böyük rəqabət şəraitində
keçən seçkilərdə Azərbaycan indiyədək
bir sıra nəhəng dövlətlərin qazana bilmədiyi
dəstəklə BMT TŞ-nin qeyri-daimi üzvü
seçilməklə, müstəqillik tarixində qeyri-adi bir
uğura imza atdı. Ölkəmizin namizədliyinə 155
ölkə səs verdi. Bu hadisə xarici siyasətimizin nə
qədər düzgün və səmərəli olduğunun
bariz nümunəsidir.
Ötən bir il ərzində Azərbaycan dünyada gedən qlobal məsələlərin həllində fəal rol oynadı. BMT Təhlükəsizlik Şurasına sədrlik etdi. Bu, dünya miqyasında ölkəmizin xarici siyasətində böyük siyasi hadisə kimi yadda qaldı.
Azərbaycanın dünyanın ən mötəbər və ən vacib qurumuna sədrlik etməsi bir daha hər birimizdə qürur hissi yaratdı. Tanınmış ictimai - siyasi xadimlər, ziyalılar və ekspertlər ölkəmizin BMT kimi mötəbər qurumun Təhlükəsizlik Şurasına sədrlik etməsini beynəlxalq aləmdə qazanılan uğurun təntənəsi kimi qiymətləndirdilər.
Bugünədək ölkəmiz Təhlükəsizlik Şurasına üzv olarkən bəyan etdiyi prinsiplərə sadiq qalır. Biz bu gün də bir sıra qlobal təhlükəsizlik məsələlərinin müzakirələrində ədalətli mövqedən çıxış edir və beynəlxalq hüququ müdafiə edirik. Qoşulmama Hərəkatına üzv olarkən dünya birliyinin mütləq əksəriyyəti tərəfindən dəstəklənməyimizin səbəbi də Azərbaycanın yürütdüyü xarici və daxili siyasətin beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanması ilə əlaqədardır. Bu dəstək Qoşulmama Hərəkatının bu il avqustun 31-də başa çatan Tehran sammitinin yekun sənədində Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallığı, beynəlxalq hüququ, Azərbaycanın mövqeyini əks etdirən ifadələrdə öz əksini tapmışdır. Dünyanın 120 ölkəsi birmənalı şəkildə rəsmi Bakının mövqeyini dəstəkləmişdir.
Bundan əvvəl, yəni bu il may ayının 21-də NATO-nun Çikaqoda keçirilən sayca 25-ci sammitinin yekun sənədində də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi dəstəklənmiş, bəyannamənin 47-ci bəndində Dağlıq Qarabağ münaqişəsinin BMT-nin Nizamnaməsi və Yekun Helsinki sənədinə, bu prinsiplərə və beynəlxalq hüququn normalarına əsaslanaraq həllinin vacib olduğu bildirilmişdir. Yəni, bu gün artıq dünya birliyinin dörddə üç hissəsi münaqişənin həllini yalnız ərazi bütövlüyü prinsipi əsasında görür. Əlbəttə, bu, çox ədalətli mövqedir və məsələnin həlli üçün başqa mövqe, başqa variant ola bilməz. Bütün bunlar, iqtisadi və hərbi resurları tükənən Ermənistan dövlətinin siyasi-diplomatik məğlubiyyəti hesab olunur. Birmənalı şəkildə demək olar ki, ermənilərin növbəti məğlubiyyəti, bizim xarici siyasətin, ölkəmizin növbəti uğurudur. Məhz ona görə də bu gün region mətbuatında "Ermənistan diplomatiyası dalana dirənib", "Ermənilər 200 ilə qazandıqlarını indi itirə-itirə gedirlər" və başqa ifadələrə tez-tez yer verilir.
Hansısa xarici ölkənin vassalı kimi mövcud olan, kiminsə təbəəliyində yaşamağı şərəf sayan Ermənistan nəinki dünya siyasətçilərinin, hətta beynəlxalq aləmdəki erməni diaspor təşkilatlarının da gözündən düşmüş, özü haqqında "oyuncaq dövlət" obrazı formalaşdırmışdır.
Digər bir məsələ də bundan ibarətdir ki, bu gün dünya ictimaiyyəti separatçılığı, dini, etnik ayrı-seçkiliyi, şovinizmi, militarizmi, terrorçuluğu qəbul etmir. Ermənistanda həmin halların hamısı mövcuddur. Azərbaycan isə tolerantlığın, dini dözümlülüyün, milli azlıqların ölkədə bərabərhüquqlu vətəndaş kimi yaşamasının, qarşılıqlı etimadın, mehriban qonşuluğun, daxili siyasətdə ədalətin, xarici siyasətdə isə qətiyyətin bariz nümunəsini yaratmışdır. Bütün bunlar beynəlxalq aləmdə hamının xüsusi əhəmiyyət verdiyi məqamlardır. Məhz bu məqamlara görə Azərbaycan beynəlxalq aləmdə söz sahibinə çevrilir. Çünki bu ölkənin konkret siyasi mövqeyi, qətiyyətli lideri və zəngin təbii sərvətləri vardır. Bu səbəbləri əsas götürən istənilən dövlət Azərbaycan ilə siyasi-iqtisadi əməkdaşlığın genişləndirilməsinə can atır və buna nail olur.
Azərbaycanın geosiyasi əhəmiyyəti, Avropa ilə Asiyanı, Şərqlə Qərbi birləşdirən tarixi iqtisadi əməkdaşlıq yolunun üstündə yerləşməsi, xüsusən, Mərkəzi Asiyadan gələn yolların Xəzər dənizi vasitəsiylə Avropaya çıxışını təmin edə bilməsi bu ölkəyə beynəlxalq əhəmiyyətli subyekt statusu vermişdir. Təsadüfi deyil ki, Bakı - Tbilisi - Ceyhan neft və Bakı - Tbilisi - Ərzurum qaz ixrac kəmərləri, eləcə də Bakı - Tbilisi - Qars dəmir yolu və Trans - Anadolu qaz ixrac kəməri layihələri son 15 ildə Azərbaycanın beynəlxalq əhəmiyyətini birə yüz artırmışdır. Bu layihələr nəinki Azərbaycanı Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli ölkələrdən birinə çevirmişdir, hətta min kilometrləri əhatə edən Şanxay- London iqtisadi əməkdaşlıq yolunun reallığa çevrilməsinə də zəmin yaratmışdır.
Azərbaycanda demokratik dəyərlərin yüksək səviyyədə bərqərar olunması, demokratiyanın inkişaf etdirilməsi, fikir plüralizminin qorunub saxlanılması bu ölkənin xarici siyasət strategiyasında öz əksini tapan mühüm prinsiplərdən biridir. Məhz buna görə də "Bazar iqtisadiyyatı və qanunun aliliyinə əsaslanan plüralist demokrtiyanın inkişaf etdirilməsi" məsələsi xarici siyasət strategiyamızda öz əksini tapıb. Fikir plüralizminə geniş yer verilməsi və plüralist demokratiyanın inkişafı məsələlərində Azərbaycan Respublikasının 1993-cü ildən bəri əldə etdiyi bütün göstəricilər dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Son göstəricilər də ölkəmiz üçün kifayət qədər yeni olan məqamlar kimi fərəh gətirir. Belə ki, bu gün dünyanın heç bir ölkəsində əhalinin internetə qoşulması bizdəki qədər azad deyil. Azərbaycan Avrasiyada yeganə ölkədir ki, istənilən şəxs internet vasitəsi ilə dünyanın istənilən nöqtəsilə əlaqə saxlaya bilər.
Bakıda, demək olar ki, hər həftə keçirilən bütün beynəlxalq tədbirlər, beynəlxalq forumlar, Humanitar Forum, İnternet İdarəçilik Forumu, digər mədəni tədbirlər Azəbaycanı və paytaxtımızı nəinki regional, hətta qlobal dünya xəritəsində ciddi mərkəzə çeviribdir. Bütün bunlar müasir dünyanın diplomatiya incəliklərini ən xırda detallarına qədər dərindən bilən və Heydər Əliyev məktəbinin ən layiqli məzunu kimi qəbul edilən Prezident İlham Əliyevin həyata keçirdiyi əsaslı daxili və xarici siyasət nəticəsində mümkün olmuşdur. Ulu öndərin nurlu yolunu uğurla davam etdirən dövlət başçımız Azərbaycanı hərbi, siyasi, iqtisadi cəhətdən çox qüdrətli dövlətə çevirmişdir. Prezident İlham Əliyev ölkəmizin qarşısında bundan da yüksək hədəflərin durduğunu bəyan edərək demişdir: "Bizim artıq güclü dövlətimiz vardır - müstəqil Azərbaycan dövləti. Bizim dəqiq konsepsiyamız, inkişaf proqramımız vardır. Bu proqramın reallaşması nəticəsində Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil ediləcəkdir. Əgər gələcəklə bağlı fikirlərimizi bir cümlə ilə ifadə etsək deməliyik: Biz inkişaf etmiş ölkəyə çevrilməliyik!"
Rauf KƏNGƏRLİ
Xalq qəzeti.- 2012.- 28 noyabr.- S.
1;2.