İncəsənətin səlahiyyətli səfiri

 

Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, dünya səviyyəli rəssam Tahir Salahovun yaradıcılığının milli-mənəvi dəyərlərimiz arasında məxsusi yeri vardır. Onun milli ənənələrə söykənən çox qiymətli əsərləri bu gün dünyanın məşhur muzeylərinin daimi eksponatlarına çevrilmişdir. Onu beynəlxalq aləmdə yaxşı tanıyır və sevirlər. Tahir Salahov YUNESKO-nun nəzdində Millətlərarası Rəssamlar Federasiyasının vitse-prezidentidir. 1997-ci ildən Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti seçilmişdir. Elə buna görə də çox zaman onu "incəsənətin səlahiyyətli səfiri" də adlandırırlar.

 

Bu istedadlı sənətkarın çox zəngin bioqrafiyası vardır. Tahir Teymur oğlu Salahov 1928-ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olub. 1957-ci ildə V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunu rəssam-nəqqaş peşəsi üzrə bitirib. 1960-ci ildən dosent vəzifəsini yerinə yetirən T.Salahov müəllim peşəsində, 1963-74-cü illərdə isə M.Ə.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda professor vəzifəsində çalışıb. 1980-1992-ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəssamlıq və kompozisiya kafedrasına rəhbərlik edib.

Çoxillik pedaqoji fəaliyyətində Azərbaycan İncəsənət İnstitutu, eləcə də V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda gənc rəssamlar yetişdirib.

Sənətsevərlər onu realist rəssam kimi tanıyırlar. O elə bir sənətkardır ki, həyatın sərt məsuliyyətli məqamlarını kətan üzərində böyük ustalıqla canlandıra bilir. T.Salahov seçdiyi sənətdə fikrin, düşüncənin sözsüz ifadəsinin qüdrətini yarada bilir.

Onun yaratdığı tabloları izlədikcə bir daha əmin olursan ki, sənətkar əsərlərini kətan üzərinə həkk edərkən sadəcə göz oxşayan, cəlbedici görünüşə üstünlük vermir. Daha çox əsərinin fəlsəfə ideologiyasının tamaşaçı tərəfindən ifadə olunduğu kimi qavramasına diqqət yetirir. Moskvada yaşayan sənətkar Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinin ən fəal məzunlarından biri olub. Təxminən 50 il öncə sənətkarın Ümumittifaq Rəssamlıq Sərgisində nümayiş etdirilən iki əsəri "Bəstəkar Qara Qarayevin portreti" "Təmirçilər" zamanında yüksək dəyərini alıb. Tretyakov qalereyasının ziyarətçisi olanların bəstəkarın portreti qarşısında ayaq saxlayıb uzun müddət rəsmi heyranlıqla seyr etmələrini bu böyük rəssamın sənətinə yüksək qiymət kimi dəyərləndirilməlidir.

T.Salahov kətan üzərində daha çox sərt tünd rənglərin ahəngini yaratmağı sevir. Əsərlərini izlədikcə özünü tabloda əks olunan mühitdə görməmək mümkün deyil. Bir-birindən fərqli mövzulara müraciət edib, fərqliliyi fırçaya alması isə tamaşaçının qəlbinə daha həlim yol tapır.

Sənətkarın fırçasının məhsulları olan "Səhər eşelonu" "Rezervuar parkı" adlı sənaye peyzajları, "Abşeron qadınları" "Aydan" tabloları, əsrin taleyinə görə məsuliyyət daşıyan insanın fəlsəfi portreti adlandırılan bəstəkar Dmitri Şostakoviçin, şair Rəsul Rzanın, bəstəkar Fikrət Əmirovun portretləri istər peşəkarlar, istərsə sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.

Sənətkarın özünü rəssam kimi sınadığı ilk əsəri kətan üzərində əks etdirdiyi "Gecə növbəsindən qayıdanlar" adlı diplom işi olub. Məhz bu tablosu təsviri sənətdə "sərt üslub" deyilən yeni istiqamətin ilk nümunələrindən biridir. T.Salahovun sözügedən əsərilə əmək mövzusu təsviri sənətə yol tapa bilmişdi. Rəssamın doğma diyara həsr etdiyi bir neçə əsərinin reproduksiyaları 2008-ci ildə buraxılan iki təqvimə daxil edilib. Söhbət "Köhnə Bakı", "Səhər ovu", "Nardaran qarpızları", eləcə Abşeron triptixi - "Atəşgah", "Xəzər bu gün" "Qız qalası" əsərlərindən gedir.

T.Salahovun son illərə aid işlərinə gəlincə, sənətkarın yaradıcılığında ayrıca bir dövr təşkil edən əsərləri onun portretlər qalereyasını daha da zənginləşdirib. Rəssamın şah əsərlərindən biri müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin portretidir. İkinci əsər isə dünya şöhrətli həmyerlimiz Mstislav Rostropoviçin monumental portretidir.

Sənətinə dövlət qayğısı göstərilən bu böyük sənətkar saysız-hesabsız mükafatlar alıb. Fırça ustası Sovet İttifaqının ən yüksək təltifləri ordenlərinə layiq görülüb, Sosialist Əməyi Qəhrəmanı adını alıb. Rusiyanın "Vətən qarşısında xidmətlərinə görə" ikinci üçüncü dərəcəli ordenlərinə, müstəqil Vətənimiz Azərbaycanın ali mükafatı olan "İstiqlal" ordeninə, Bolqarıstan, Polşa, Monqolustan başqa ölkələrin ordenlərinə, müxtəlif medallara mükafatlara layiq görülüb.

Mahir fırça ustasını öz sıralarında görmək arzusunda olanlar da az olmayıb. Belə ki, həmyerlimiz Rusiyanın MDB-nin bir çox ölkələrinin rəssamlıq akademiyaları ilə yanaşı, Madriddəki San-Fernando Kral İncəsənət Akademiyasının Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvüdür. Bundan başqa, Ölməzlər Akademiyası adlanan Fransa Zərif Sənətlər Akademiyasına SSRİ-dən cəmi üç nəfər üzv seçilib ki, onlardan biri həmyerlimiz Tahir Salahovdur. O həm Amerika Birləşmiş Ştatlarının bir neçə şəhərinin Montana ştatının fəxri vətəndaşıdır.

Bakıda yaşadığı dövrdə isə Azərbaycan Rəssamlar İttifaqının sədri, respublika Ali Sovetinin deputatı olub 1973-cü ildə SSRİ Rəssamlar İttifaqının birinci katibi seçilib.

Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci il noyabrın 27-də Tahir Salahova "Heydər Əliyev" ordenini təqdim etmişdir.

Tahir Salahov Azərbaycan Rəssamlıq Akademiyasında bakalavrlar magistrlər buraxılışı üzrə dövlət komissiyasına sədrlik edir. Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi üzrə Dövlət Komissiyasının, Heydər Əliyev Mükafatı Komissiyasının üzvüdür. Azərbaycan Ensiklopediyasının redaksiya heyətinə daxildir. Moskvada isə Rusiya Federal Məclisi Federasiya Şurasının sədri yanında Mədəniyyət Şurasının üzvü seçilib.

 

 

Elçin ORUCOV,

rəssam, əməkdar

mədəniyyət işçisi

 

Xalq qəzeti.- 2012.- 29 noyabr.- S. 5.