Qazax: Azərbaycanın "Qərb qapısı"

 

İndi bu "qapı"nı daha ürəklə, cəsarətlə, qürurla açmaq olur. Qərb tərəfdən Qazaxa daxil olan qonaq (söhbət əcnəbi qonaqdan gedir - H.Q) Azərbaycan Respublikası haqqında ilkin təəssüratı Qazaxdan alır. Hara baxır rahat, geniş yollar, bir-birindən yaraşıqlı binalar, park və xiyabanlar, körpülər, milli-memarlıq üslubunda ucaldılmış tikililər görür. Azərbaycan Respublikasının Prezidenti dəfələrlə vurğulayıb ki, Qazax başqa bölgələrdən fərqlənir. Çünki bu rayon sərhəddə yerləşir və elə hər iş də, təəssürat da sərhəddən başlanır. Ona görə də Qazaxa xüsusi diqqət, qayğı var.

 

Yeni obyektlər bu yerləri daha da gözəlləşdirib

 

Rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov maraqlı həmsöhbətdir. Qısa müddət ərzində onun rəhbərliyi altında rayonda görülən geniş abadlıq, quruculuq işlərindən danışmağı bir o qədər də sevmir. Deyir ki, ölkə başçısı cənab İlham Əliyevin köməyi olmasaydı, heç nə edə bilməzdik. Biz hamımız sadəcə icraçılarıq.

Bu ilin iyun ayında möhtərəm Prezidentimiz Qazaxda Ədəbiyyat Muzeyinin tikintisi ilə bağlı bir sərəncam imzaladı, 5 milyon manat vəsait ayrıldı, - deyə A.Əsgərov vurğulayır. - Heç bilirsiniz qazaxlılar necə sevinirdilər? Axı Qazax tarixən şairlər, yazıçılar, ədiblər diyarıdır. İndi burada tikinti işləri aparılır. Muzey tezliklə istifadəyə veriləcək.

Rayon icra hakimiyyətinin başçısı ilin əvvəlindən bəri Qazaxda istifadəyə verilən müxtəlif obyektlər haqqında təvazökarlıq edib danışmasa da, qeyd etməliyik ki, onlar rayonun simasını xeyli dəyişdirib. Ulu öndər Heydər Əliyevin adını daşıyan parkda geniş abadlıq-quruculuq işləri aparılıb. Bu ilin ilk 3 ayı ərzində burada görülən işlər parkı xeyli gözəlləşdirib. Ərazinin yenidən qurulan iki hektar sahəsinə dekorativ daşlar, qranit plitələr döşənib və asfalt örtük salınıb. Burada on min kvadratmetr sahədə yaşıllıq zolağı salınıb, dekorativ ağac və gül kolları əkilib. Müasir memarlıq üslubunda inşa olunmuş iki fəvvarə Heydər Əliyev parkını daha da əsrarəngiz edib. Parkda yol və səkilərin kənarları və giriş qranit və dekorativ daşlarla bəzədilib. Müasir işıqlandırma sistemi burada daha səmərəli istirahət üçün şərait yaradıb.

Rayonda yeni tikililərin sayı aybaay artır. Bir faktı xüsusi qeyd etmək lazımdır ki, bu obyektlər özünün orijinallığına görə seçilir. Hiss olunur ki, hər bir tikiliyə xüsusi zövqlə yanaşılır, onun daha gözəl, cəlbedici olmasına diqqət yetirilir.

Belə obyektlərdən biri də Gənclər Mərkəzidir. O da çox qısa vaxt ərzində, yəni bu ilin yanvarından tikintisinə başlanılıb, apreldə istifadəyə verilib. Bu mərkəzin ikimərtəbəli binasının ümumi sahəsi 1200 kvadratmetrə yaxındır. Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Qazax rayonuna səfərlərini, ölkəmizdə idmanın inkişafına göstərdikləri diqqət və qayğını, gənclərlə görüşlərini əks etdirən foto stendlər yaradılıb. Lazımi avadanlıqla təchiz edilən konfrans zalında indi ən müxtəlif mədəni-kütləvi tədbirlər keçirilir. Burada həmçinin gənc rəssamların sərgiləri təşkil olunur. Elektron kitabxana, digər müxtəlif kurslar, linqafon otağı və sair yardımçı otaqlar gənclərin əsl təhsil, əyləncə, istirahət guşələrinə çevrilib.

Başqa bir maraqlı obyekt şahmat məktəbidir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub. O da çox qısa vaxt ərzində öz qapılarını şahmatsevərlərin üzünə açıb. Əvvəllər məktəb heç bir şəraiti olmayan, ötən əsrin başlanğıcında inşa edilmiş 57 kvadratmetrlik köhnə bir binada yerləşirdi. İndi burada hər cür şərait var. Təkcə oyun zalının sahəsi 160 kvadratmetrdən çoxdur. Bütövlükdə isə mərkəzin ümumi sahəsi 750 kvadratmetrdir.

Mərkəz ən müxtəlif beynəlxalq yarışları keçirmək iqtidarındadır. Məhz belə bir məktəbin istifadəyə verilməsinin nəticəsidir ki, Qazax şahmatçıları son illər bir sıra beynəlxalq və respublika səviyyəli yarışlarda fərqlənirlər.

Yeni tikililər, müxtəlif sosialyönümlü obyektlər, fabrik və zavodların istifadəyə verilməsi Qazaxın iqtisadiyyatının dirçəldilməsi məqsədini daşıyır, adamların həyat tərzinin yaxşılaşdırılmasına xidmət edir, yeni iş yerləri açılır və sair.

 

Doqquz ayın yekunları ürəkaçandır, deməli il də uğurla yola salınacaq

 

Bu yaxınlarda rayon icra hakimiyyətində bu ilin 9 ayına yekun vuruldu, görülmüş işlər təhlil olundu və qarşıdakı vəzifələr müəyyənləşdirildi. Toplantıda belə bir fikir dönə-dönə vurğulandı ki, əldə olunan nailiyyətlərdən qətiyyən arxayınlaşmaq olmaz, hələ qarşıda çox böyük işlər var.

Ölkə Prezidentinin bu ilin aprel ayında Qazaxa səfərindən sonra rayona 2 milyon manat vəsaitin ayrılması onu göstərir ki, "Qərb qapısı"na diqqət və qayğı həmişə var və bundan sonra da olacaqdır. Buna görə də işlərin sürəti bir an belə dayanmamalıdır.

Bu gün Qazaxa yolu düşən hər bir kəs hiss edir ki, rayon durmadan inkişaf edir, gözəlləşir. Şəhərdə "Şəhidlərin abidə kompleksi" sökülərək yerində tamamilə yeni üslubda abidə ucaldılmışdır. Abidənin ətrafında abadlıq işləri aparılaraq 780 kvadratmetr aqlay üzlük daş, 1850 kvadratmetr tamet plitə, 1500 kvadratmetr asfalt örtüyü salınmış, bir neçə yüz metr uzunluğunda səki daşı yenisi ilə əvəz olunmuşdur.

Dəmir yolu vağzalı və onun ətrafı öz görkəmini tamamilə dəyişmişdir. Vağzal binasının dam örtüyü dəyişdirilmiş, 1100 kvadratmetrdən çox sahəyə tamet plitə döşənmişdir. Vağzala uzanan Ə.Qədirov küçəsinin hər iki tərəfində daş hasar inşa olunmuş, piyadaların rahat hərəkəti üçün səki salınmış, asfalt örtüyü təzələnmiş, işıqlandırma sistemi quraşdırılmış, küçə boyunca bir sıra binaların dam örtüyü dəyişdirilmiş, fasad hissələrində təmir-bərpa işləri aparılmışdır.

Şəhərin qərbdən giriş hissəsində 1460 kvadratmetr sahəsi olan Dövlət Bayrağı Meydanı tikilmiş, 51 metrlik qüllə ucaldılmış, meydanda qala divarı və bürclər, Ağstafa rayonu ilə sərhəddə rayonun ünvanını bildirən 22 metr hündürlüyündə obelisk, şəhərin girişində 2 ədəd qala divarı və dairəvi yolda oturacaq sahəsi 6 metr, hündürlüyü 14,3 metr olan qüllə inşa edilmişdir.

Bundan əlavə, şəhərin bir sıra küçə və magistral yol kənarları boyunca divarlar hörülmüş, aqlayla üzlənmiş dekorativ işlər aparılmış, səki daşları düzülmüş, tamet plitə döşənmiş, 1 asfalt örtüyü qoyulmuşdur.

Magistral avtomobil yolunun kənarında beşmərtəbəli yaşayış binasının fasad hissəsində müasir milli-memarlıq üslubunda yenidənqurma işləri aparılmışdır. Hazırda H.Əliyev prospekti boyunca abadlıq-quruculuq işləri davam edir.

23 kilometr uzunluğu olan Yuxarı Salahlı-Kəmərli avtomobil yolunda illik gücü 1 milyon ton olan Qazax Sement zavodunun, qəza vəziyyətində olan Azadlıq küçəsindəki 108 saylı binanın sakinləri üçün 24 mənzilli yeni binanın tikintisi davam etdirilir. Konserv zavodunun ərazisində məskunlaşmış məcburi köçkünlər üçün 24 mənzilli yaşayış evi tikilib istifadəyə verimişdir.

2011-ci ildə tikintisinə başlanmış şəhər 4 saylı, Aslanbəyli, Qazaxbəyli kənd tam orta məktəblərinin tikintisi, Qaratel adına ümumi orta məktəbdə bərpa-gücləndirmə işləri və əlavə 80 şagird yerlik tədris korpusu tikilib istifadəyə verilmişdir.

Rayon polis şöbəsinin inzibati binasının tikinti işləri davam etdirilir. Daxili imkanlar hesabına YAP Qazax rayon şöbəsinin inzibati binasının tikintisinə başlanılmışdır.

Canalı kənd tam orta məktəbinin tikinti işləri başa çatmaq üzrədir. Çaylı kənd 2 saylı, Daş Salahlı kənd 2 saylı, Ürkməzli kənd və Xanlıqlar kənd tam orta məktəblərinin tikintisinə və Kəmərli kəndindəki Xanbağı kənd tam orta məktəbində isə əsaslı təmir işlərinə başlanılmışdır.

 

Qış qapını alsa da...

 

Qazaxda qışa yaxşı hazırlıq görülüb. Rayon icra hakimiyyəti başçısının şura iclasında payız-qış mövsümünə hazırlıqla əlaqədar idarə, müəssisə və təşkilatlar qarşısında vəzifə konkret qoyulub: istiliklə təmin edilməyən obyekt və ya bina olmamalıdır!

Təbii ki, ilk növbədə qaz, elektrik enerjisi, su təchizatı yolların təmiri ilə məşğul olan təşkilatların üzərinə böyük məsuliyyət düşür.

Payız-qış mövsümündə əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədi ilə elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri görülmüş, yeni elektrik sayğacları quraşdırılmış, zədəli sayğaclar yenisi ilə əvəz edilmişdir. Rayon ərazisində zədəli dayaqlar dəyişdirilmiş, yüksək gərginlikli xətlərin altında olan ağacların budaqları kəsilmiş, elektrik yarımstansiyalarında avadanlıqlar əsaslı və cari təmir edilmişdir.

"Azəriqaz" İstehsalat Birliyi Qazax qaz istismar sahəsinin xidməti ərazisində müxtəlif diametrli metal boru yenisi ilə əvəz edilmiş, qaz tənzimləyici qurğu və siyirtmələr quraşdırılmışdır. Qazax şəhərində və rayonun kəndlərində 141 ədəd qaz tənzimləyici qurğu və 134 ədəd müxtəlif diametrli siyirtmələr təmir və təftiş edilmişdir. Rayonun Xanlıqlar kəndində məskunlaşmış 58 məcburi köçkün və qaçqın ailəsi təbii qazla təmin olunmuş, 236 yeni mənzilə təbii qaz çəkilmişdir. Rayonun təbii qazla təmin olunmayan yaşayış məntəqələrindən I Şıxlı, II Şıxlı, Yuxarı Salahlı, Kosalar kəndlərində də yeni qaz xətləri çəkilmiş, Daş Salahlı kəndində 1300 abonentin evdaxili qaz xətləri bərpa olunmuş, 600 ədəd məişət qaz sayğacı, 600 ədəd fərdi tənzimləyici quraşdırılmış və yaxın vaxtlarda həmin kəndlərin qaz təminatı bərpa ediləcəkdir.

Payız-qış mövsümünə hazırlıqla əlaqədar mənzil istismar sahəsi (MİS) tərəfindən də bir sıra işlər görülmüşdür. Qazax şəhərində MİS-in balansında olan 5 yaşayış binasında əsaslı təmir aparılmış, 17 yaşayış binasında su və kanalizasiya sistemində əmələ gəlmiş nasazlıqlar aradan qaldırılmış, 12 yaşayış binasının dam örtüyündə və suötürücülərdə cari təmir işləri görülmüşdür.

Kommunal Müəssisələri Kombinatının balansında olan avtomaşınların şinlərinin dəyişdirilməsi, zəncirlə təmin edilməsi üçün tədbirlər planı hazırlanmış, müvafiq texnika hazırlıq vəziyyətinə gətirilmişdir. Rayon icra hakimiyyəti tərəfindən müəssisəyə yeni məişət tullantıları daşıyan 2 avtomobil verilmişdir. Bundan başqa, küçələrin və ağacların qardan təmizlənməsi üçün müvafiq alətlər və avadanlıq alınmış, rayonun məişət tullantıları poliqonuna gedən yol qırlanmışdır.

Rayonun 47 ümumtəhsil məktəbindən 20-də istilik sistemi quraşdırılmışdır. 13 məktəbin istilik sistemi qaz, 4-ü maye yanacaqla işləyir. Cəfərli, Aşağı Salahlı kənd orta məktəblərinin sinif otaqları isə elektrik yağ radiatorları ilə qızdırılır. 18 məktəb binasının qızdırılmasında odun yanacağından istifadə olunur.

Rayonun tibb müəssisələrində payız-qış mövsümü ilə əlaqədar az iş görülməyib. Mərkəzi xəstəxananın cərrahiyyə şöbəsi əsaslı təmir edilmiş, Səhiyyə Nazirliyinin xətti ilə cərrahi şöbəyə və mərkəzi laboratoriya şöbəsinə müasir tipli diaqnostik müayinə aparatları, cərrahiyyə stolları və digər avadanlıq gətirilərək istifadəyə verilmişdir. Mərkəzi xəstəxananın uzun illərdən bəri işləmədiyi istilik sistemi, qazanxana ləğv edilmiş, yeni müasir tipli qazanxana, istilik sistemi quraşdırılmış və qış mövsümünə tam hazır vəziyyətə gətirilmişdir. Bundan əlavə, Ruhi Xəstəxananın qadın şöbəsi əsaslı təmir edilmiş, palatalar tam səliqəyə salınmış, lazımi bərk və yumşaq inventarlarla təchiz edilmiş və istilik sistemi yenidən qurulmuşdur. Uşaq xəstəxanasında da cari təmir işləri görülmüş, müəyyən avadanlıqlarla təmin edilmiş və istilik sistemi bərpa edilmişdir. Doğum evinin doğuş şöbəsi əsaslı təmir edilmiş, doğuş zalı, əməliyyat otaqları, zahılar üçün palatalar təmir edilərək lazımi şərait yaradılmış, cərrahi əməliyyat bloku müasir avadanlıqlar və diaqnostik aparatlarla, o cümlədən USM aparatı ilə təmin edilmiş, istilik və su kanalizasiya şəbəkəsi tam işlək vəziyyətə gətirilmişdir. Rayonun digər təşkilatları da qışa tam hazırdır.

...Qazaxın kəndləri də abadlaşır, gözəlləşir. Yeni yollar, su xətləri çəkilir, əhalinin qarşıya çıxan problemləri yerindəcə həll olunur. Rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərovla görüşərkən onun qəbulu yenicə başa çatmışdı. Amma başçı başqa bir qəbula - Kəmərlidəki səyyar qəbula tələsirdi.

 

 

Hamlet QASIMOV

 

         Xalq qəzeti.- 2012.- 30 noyabr.- S. 6.