Tarixə güvənən müasirlik

 

XX əsr Azərbaycan ədəbiyyatının ən zəngin dövrüdür. Mən onu nə zirvəsində Nizami dayanan intibah epoxası, nə Füzuli dühasının hökmran olduğu orta çağlarla, nə də Axundzadə maarifçiliyinin mənəm-mənəm dediyi XIX əsrlə müqayisə etmirəm.

 

Ədəbiyyatı əsr yetişdirmir, ədəbiyyat əsrləri süsləyir və məhz əsrlər ədəbiyyatın adı ilə adlanır: Nizami dövrü, Füzuli dövrü, Axundzadə əsri və s. XX əsr Azərbaycanda ancaq nəhənglər doğan anaya bənzəyir: Mirzə Cəlil, Sabir, Üzeyir Hacıbəyli, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, H.Cavid, C.Cabbarlı, S.Vurğun, R.Rza, S.Rəhimov, M.İbrahimov ... və heç bir siyasi rejimə, yabançı ideologiyaya boyun əyməyən İlyas Əfəndiyev! Əlbəttə, bu imzalara sonrakı nəsillərin də bəzi nümayəndələrini əlavə etmək olar. Fəqət onları hələ tarixin sınağı gözləyir. Əlbəttə, mən Anarı, Elçini, Ə.Əylislini, B.Vahabzadəni, Əli Kərimi, R.Rövşəni nəzərdə tutmuram. Yazıçıları təsnif etmək həmişə mübahisəlidir. Qoy onlar özünü təsdiq etməkdə olsun və biz qayıdaq əsas mətləbə... İki ildən sonra böyük dramnəvis və görkəmli yazıçı İlyas Əfəndiyevin yüz yaşı tamam olacaq. Məncə, biz bu möhtəşəm yubileyə İlyas müəllimin builki anım günündən - 3 oktyabr 2012-ci ildən başlamalıyıq. Beləliklə, 37-ci il qurbanlarının qanı qurumamış ədəbiyyatımıza "Kənddən məktublar" (1939) gəldi və özü ilə xof və vahimədən devikib bozarmış, donmuş ədəbiyyata ilıq bahar nəfəsi gətirir. Kitabın müəllifi bütün nəsli repressiyaya məruz qalmış bəy oğlu İlyas Əfəndiyev idi. Sonralar xalq yazıçısı İ.Əfəndiyev "Çovğunlu bir qış günündə" adlı xatirəsində belə yazırdı: "1934-cü ildə Bakıya gəlib Pedoqoji İnstitutun ədəbiyyat şöbəsinə girdim. Bizim ailəmiz çox çətin vəziyyətdə idi. Atam səs hüququndan məhrum edildiyi üçün uzun illər işsiz qalmışdı. Yeddi uşağın böyüyü mən idim. Atamın vaxtilə tikdirdiyi böyük evimizi əlimizdən almışdılar. Bizim doqquz baş adamdan ibarət ailəmizə öz evimizin ikinci mərtəbəsində iki balaca otaq vermişdilər. Balaca qardaşlarım yemək stolunun altında və üstündə yatırdılar...

Kilim parçasını qaldırıb çadıra girəndə gördüm ki, atam arxa tərəfdə yataqda uzanıb, anam qazana soğan doğrayır, uşaqlar da közlə dolu manqalın ətrafında halay vurub oturublar. Məni görəndə hamısı sevinclə ayağa qalxdı və mən onların bu sevincində hiss elədiyim kədər heç bir zaman ürəyimdən silinib getmədi".

Çox güman ki, elə bu andan da gələcəyin böyük yazıçısında onun ailəsini qarlı qış günündə öz evinin həyətində çadırda yaşadan rejimə nifrət hissi formalaşır. O, böyük ədəbiyyat uğrunda mücadilədə keçən 82 illik ömründə bir dəfə də olsun totalitar sovet rejimini tərifləmədi. Əksinə, artıq qeyd etdiyim kimi, 1939-cu ildə "Kənddən məktublar" kitabı ilə ədəbiyyata daxil oldu. Bu gün biz bu addımı yazıçının böyük hünəri və cəsarəti kimi qiymətləndirməliyik. Yazmaq İ.Əfəndiyevin mübarizə üsulu idi, o bu üsulu intixab etmişdi. o yaza-yaza, özü də hamıdan yaxşı, yeni bir üslubda, novator bədii təfəkkürü ilə yaza-yaza təkcə özünü təsdiq etmədi, həm də nəslinə tarixi bəraət qazandırdı. "Mahnı dağlarda qaldı" dramı bu baxımdan onun ən uğurlu nailiyyəti idi.

İ.Əfəndiyev həm böyük yazıçı, həm də böyük dramaturq idi. Onların hansınasa üstünlük verməyə çətinlik çəkirəm. Dramaturq kimi o "İntizar", "İşıqlı yollar", "Bahar suları", "Atayevlər ailəsi", "Sən həmişə mənimləsən, yaxud "Boy çiçəyi", "Mənim günahım", "Odlu səhradan gəlmiş şeytan", "On manatlıq lüstr", "Bizə inan", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər", "Mahnı dağlarda qaldı", "Qəribə oğlan", "Bağlardan gələn səs", "Xurşudbanu Natəvan", "Büllur sarayda", "Şeyx Xiyabani", "Bizim qəribə taleyimiz", "Sevgililərin cəhənnəmdə vüsalı", "Tənha iydə ağacı", "Ağıllılar və dəlilər", "Hökmdar və qızı". Beləliklə, 1944-1996-cı illərdə (1996-1997-ci teatr mövsümündə ölümündən 44 gün sonra "Hökmdar və qızı" tamaşaya qoyuldu) 52 il Azərbaycan teatrını yaşatmış 22 pyes - möhtəşəm bir dramaturgiya yaratdı.

Digər tərəfdən "Söyüdlü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost", "Sarıköynəklə Valehin nağılı", "Geriyə baxma, qoca", "Üçatılan"-ədəbi prosesi 40 il öz nəzarətində saxlamış yeddi roman, onlarla povest, yüzlərlə hekayə, oçerk, xatirə, bədii sənətin müxtəlif problemlərinə dair məqalələr...

Məqsədimiz İ.Əfəndiyevin biblioqrafiyasını təsvir etmək, onun əsərlərinin statistikasını xatırlamaq deyil. Qayəmiz, amacımız bu əzəmətli yaradıcılığın bədii-fəlsəfi möhtəşəmliyini nəzərə çatdırmaqdır.

İlyas Əfəndiyev Azərbaycan ədəbiyyatında mənəvi-əxlaqi axtarışlar ədəbiyyatının, lirik-psixoloji üslubun banisidir. Onun XX əsr Azərbaycan nəsri və dramaturgiyası sahəsindəki xidmətlərini sadəcə qeyd etməklə ötüb keçmək olmaz. Bir qədər onların üzərində dayanaq.

1. Bir sənətkar kimi İ.Əfəndiyevin gücü hər şeydən öncə onun sərt şəxsiyyətində yuva bağlamış Allah vergisi olan istedadında idi. İlyas müəllim Allah əmanəti olan ruhuna, istedadına heç vaxt xəyanət etmədi. Çünki, o, öz şəxsiyyətinə sadiq sənətkar idi. Hətta yazıçı mövqeyinin mürəkkəbləşdiyi dövrlərdə də o mənsub olduğu millətin ideallarından üz döndərmədi, onlara sadiq qaldı. İlyas müəllim özünü hamıdan yaxşı tanıyır və istedadını sağa-sola işlətmir, oxuyur, cilalayırdı. Xalq şairi, akademik Bəxtiyar Vahabzadə onun haqqında yazırdı: "İlyas Əfəndiyev hər adamla ünsiyyət bağlamaz, onun öz ətrafı, öz həmsöhbətləri olardı. Çünki özü daxilən ziyalı adam idi. Dərin mütaliəsi var idi. Mən cəsarətlə deyə bilərəm ki, yazıçılar içərisində Qərb və rus ədəbiyyatını onun qədər dərindən bilən qələm sahiblərini barmaqla saymaq olar". İlyas Əfəndiyevin oğlu, mənim dostum, professor-rektor Timuçin Əfəndiyev mənə danışıb ki, İlyas müəllimin anası, onun nənəsi Bilqeyis xanım Qərb ədəbiyyatını gözəl bilir, O. Balzakın, B.Hüqonun, E.Zolyanın, Mopassanın əsərlərini sevə-sevə oxuyur, hətta onları təhlil və nağıl edirmiş...

B.Vahabzadənin həssas müşahidəsindəki "daxilən ziyalı adam idi" İlyas müəllimin dünyasını doğru səciyyələndirir. Daxilən ziyalı olmadan, ümumiyyətlə, ziyalı olmaq mümkün deyil. Quyuya su tökməklə quyuda su olmur, su quyunun dibindən çıxmalıdır.

2. Əsərlərindən görünür ki, İlyas Əfəndiyev çox həssas müşahidəçi idi. O, heç nəyi nəzərdən qaçırmır, estetik idealına uyğun hər şeyin bədii obrazını tapırdı. "Mahnı dağlarda qaldı" - nə qədər nisgilli, kövrək və poetik bir addır. Bəs dağlar harada qaldı, ay İlyas müəllim!

Bu əsər nə qədər tarixidirsə, bir o qədər psixolojidir, əsl vətənpərvərlik nümunəsidir, bir nəslin taleyində bir elin taleyini əks etdirir, burada məhəbbətin ən intim, kövrək notları da var, tarixin sərt həqiqətləri də və bu günkü milli taleyimiz də. Hələ illər öncə necə duymuşdu bunu İlyas müəllim, bu bir sirri-xudadır. Və bu gün biz "Dağlar oy..." deyə o böyük, atılmış dağlar, didərgin el haqqında mahnını oxuyuruq. Mahnının ünvanını isə bizə İ.Əfəndiyev nişan vermişdi.

3. İstedad, ilham, şəxsiyyət və müşahidədən sonra yazıçılıq dilə münasibətdən başlanır. İ.Əfəndiyev Bilqeyis xanımın laylalarını Azərbaycan nəsr və dram dilinə gətirdi. Tərəddüd etmədən yazıram ki, 50-ci illərin sonunda İ.Əfəndiyev Azərbaycan nəsr dilini dəyişdi. Onu sosioloji çamurluqdan çəkib çıxardı. Azərbaycan ədəbiyyatında lirik-psixoloji üslub yaratdı. Bu yerdə Mir Cəlalın hekayələrinin, Ə.Məmmədxanlının "Karvan dayandı", M.İbrahimovun "Mədinənin ürəyi", sonralar Ə.Qasımovun "Adilənin taleyi", 70-ci illərdə S.Qədirzadənin "Sevdasız aylar" əsərlərinin də adını çəkməyə bilmərəm. "Söyüdlü arx" yeni Azərbaycan nəsr dilinin poetik manifesti oldu. İ.Əfəndiyev Azərbaycan nəsrini pafospatetikadan, geniş panoram təsvirlərdən, balaqanşüarlardan, sosioloji şablonlardan endirib adiliyə, annəmizin nənnisi səviyyəsinə gətirdi. "Söyüdlü arx" romanının qəhrəmanları artıq 40-50-ci illərdə deformasiyaya uğramış müsbət qəhrəmanın dilində danışa bilmədilər. İ.Əfəndiyev onların öz dilini tapdı. "Körpüsalanlar" əsərinin mübahisələr doğurmuş qəhrəmanı Səriyyənin dilini mühəndis əri Adil yox, buldozerçi Qəribcan anladı.

4. Beləliklə də məhz İ.Əfəndiyevin yaradıcılığı sayəsində Azərbaycan ədəbiyyatında mücərrəd ictimai borc amilini konkret insan amili əvəz etdi. Bu prosesdə M.Hüseynin "Yeraltı çaylar dənizə axır", M.İbrahimovun "Böyük dayaq", İ.Hüseynovun "Yanar ürək", S.Əhmədovun "Görünməz dalğa", "Dünyanın arşını" əsərləri də mühüm rol oynadı, nəticədə XX əsrin ortalarında nəsrdə "60-ci illərdə" nəsli təşəkkül tapdı.

5. İ.Əfəndiyev həm nəsrin, həm də dramaturgiyanı müasirliyin ifadəsi kimi mənəvi-əxlaqi axtarışlar istiqamətinə yönəltdi. Nəsrdə Səriyyənin Sarıköynək və Valehin, dramaturgiyada Nargilənin mənəvi aləmi, şəxsi istəkləri, daxili dünyasındakı təbəddülatlar dövrün problemi kimi səhnəyə gəldi.

İ.Əfəndiyev ərpimiş, qaxsımış səhnəni Boy çiçəyinin ətrinə bələdi. Nargilənin körpə sevgisi təkcə Həsənzadəni yox, tamaşa zalında əyləşən bir çox məmur xislətli qaxacları mehvərindən oynatdı, öz yeknəsəq həyatı barəsində düşünməyə vadar etdi. Səhnəyə qoyulmuş iyirmi dram əsərində İ.Əfəndiyev estetik bir kateqoriya zamanı dəyişən, təravətləndirən psixoloji qüvvə kimi müasirliyin özünə yeni məna verdi, günlərlə gündəlikləri üz-üzə gətirdi.

6. "Mahnı dağlarda qaldı", "Xurşudbanu Natəvan", "Şeyx Xiyabani", "Hökmdar və qızı" dramlarında İlyas Əfəndiyev tariximizi müasirlik müstəvisinə gətirdi. Bu dramların hamısı mili-mənəvi özünüdərkə xidmət edir. Tarix İlyas Əfəndiyevin yaradıcılığına təkcə mövzu kimi yox, həm də və bəlkə də daha çox dünyanı inikas imkanı kimi daxil olur. Bu işdə böyük ədibimizin "Seçilmiş əsərləri"nin yeddi cildliyinə çox dərin və ətraflı, səmimi və obyektiv ön söz yazmış oğlu xalq yazıçısı, professor Elçinin bir cümləsini misal gətirməyə bilmirəm. "Bir cəhət də həqiqət idi; keçmiş həmişə İlyas Əfəndiyevin içində idi, həmişə onunla birlikdə idi". Bu keçmiş olmadan yazıçı gələcəyə baxa bilməz, novatorluq ənənəyə münasibətin konkretliyindən başlanır. İ. Əfəndiyev heç zaman tarixiliyi-tarixin təcrübəsini əlindən vermədi. "Geriyə baxma qoca" romanının bədii-fəlsəfi konsepsiyası məhz bundan ibarətdir ki, geriyə baxmadan irəlini görmək olmaz.

7. İlyas Əfəndiyevin dramaturgiyası yeni aktyor məktəbi formalaşdırdı. H.Turabov, A.Pənahova, Ş.Məmmədova, F.Poladov, Ə.Qədirov, V.Fətullayeva... Lirik-psixoloji dramın üslubuna uyğun olaraq səhnədə pafos və patetikanı, şüarçılığı, hay-küyü adi danışıq, səmimi ünsiyyət, tamaşaçıya isti münasibət, tamaşaçı ilə qarşılıqlı anlaşma əvəz etdi. Bütün bunların başında isə teatrda lirik-psixoloji üslubun banisi, əvəzolunmaz rejissor Tofiq Kazımov dayanırdı.

8. XX əsrdə bir çox sənətkarlar dramaturgiyaya müraciət etdi. Fəqət üç böyük sənətkar öz teatrını yaratdı: H.Cavid, C.Cabbarlı və İlyas Əfəndiyev! İlyas Əfəndiyev teatrının özünəməxsus poetikası və estetikası var. Burada mənəvi-əxlaqi konfliktlər əsas yer tutur.

Yazıçılıq peşə deyil. Fəqət yazıçılıq xüsusi istedaddır. Gərək yazıçı doğulasan. İnadkar inamınla istedadını göyərdib pərvazlaşdırmağı bacarasan. İlyas müəllim belə bir inadkar inam sahibi idi. Böyük istedadı və əzmkar zəhməti sayəsində o tarixin üzünə çıxmağı bacardı. İndi dünyanın hər yerindən türkün böyük oğlu, qüdrətli yazıçı və dramaturq İlyas Əfəndiyevin əzəmətli siması görünməkdədir.

 

 

Nizaməddin ŞƏMSİZADƏ,

professor

 

Xalq qəzeti.- 2012.- 3 oktyabr.- S. 6.