Milli ideya və onun
formalaşdırılması problemləri
Sosial fəlsəfi və siyasi fikrin,
xüsusilə XIX əsrdən indiki dövrə qədər
olan tarixinə nəzər salsaq burada cəmiyyət, onun təşkili
və idarə olunması haqqında müxtəlif nəzəri
konsepsiyaların və bu konsepsiyalara əsaslanan müxtəlif
ideologiyaların işlənib hazırlanması və həyata
keçirilməsinə göstərilən müxtəlif cəhdlər,
gərgin və kəskin intellektual mübahisələr tarixi
ilə tanış olarıq. Bu intellektual
toqquşma və mübahisələr heç də yalnız
bu və ya digər ideya çərçivəsində
qalmayaraq siyasi və fiziki qüvvə müstəvisinə
keçdikdə isə əhatə dairəsindən
asılı olmayaraq fəlakətlərə,
dağıntılara, sarsıntılara səbəb olmuş və
bütöv ölkələr, xalqlar tənəzzülə məruz
qalmışlar.
Buna görə də tarixin verdiyi ilkin dərs bundan ibarətdir
ki, heç bir ideologiya özünü reallaşdırmaq
üçün hansısa bir zorakılığa, siyasi və
fiziki güc tətbiqinə əsaslanmamalıdır. O, özünün həyatiliyi,
daxili məntiqi, inandıra bilmək gücü və pozitiv nəticələr
verə bilən praktik göstəriciləri ilə səfərbər
etməyi bacarmalıdır. Belə ideologiya
beyinlərə, şüurlara hopduqca, onlara yiyələndikcə
hərəkətverici və yaradıcı qüvvəyə
çevrilir. Belə ideologiya insanları nəyə
isə məcbur etmir, sadəcə olaraq, onların fəaliyyət
və həyat tərzinə çevrilir. Hər
hansı bir ideologiyanı aşılamaq üçün indi
mövcud olan müxtəlif təsir vasitələrindən,
manipulyasiyalardan istifadə etmək isə olsa-olsa müvəqqəti,
yaxud yalnız konkret bir situasiya ilə bağlı müəyyən
bir effekt verə bilər. Ümumiyyətlə,
indiki dövrdə geniş istifadə olunan konsiental texnologiya
heç də həmişə müsbət nəticələrə
gətirib çıxarmır.
Burada bir paradoksal məqamın da izah olunmasına ehtiyac
yaranır. O
da bundan ibarətdir ki, bu və ya digər ideologiyanın
daşıyıcıları siyasi hakimiyyətə gəldikdə
öz siyasi hakimiyyət gücündən, onun verdiyi
imkanlardan istifadə edərək öz ideologiyasını
zorla bütün cəmiyyətə qəbul etdirməyə
çalışmamalıdır. Belə olduqda
cəmiyyət həyatında durğunluq yaranır. Sanki beyinlər kütləşir və hər
şeyə qarşı biganəlik əmələ gəlir.
İnsanlarda axtarış, yenilik həvəsi
sönür, gündəlik həyatla yaşamağa
başlayırlar. Lakin elə ki, insanlar
bir-birindən fərqli ideyalarla rastlaşır və bu
ideyaların hər biri kifayət qədər məntiqi əsasa
malik olur, o zaman insanlar düşünməyə,
axtarışa başlayır, fəallaşır və öz
həyatlarında yeni mənalar tapmağa başlayır.
Bütün bunlar isə əməyə,
yaradıcılığa sövq edir.
Siyasi hakimiyyətə gəldikdə isə, o yalnız
mövcud qanunlara əsaslanmalı və bu qanunlar əsasında
idarə etməlidir. Şübhəsiz ki, zəruri olduqda
qanunlarda dəyişiklik etmək təşəbbüsü
qaldırmalıdır. Qanunlar (konstitusiya) isə
ideologiya əsasında deyil, cəmiyyətdə mövcud
olan, baş verməkdə olan real proseslərin öyrənilməsi,
ümumiləşdirilməsi və tipikləşdirilməsi əsasında
yazılmalıdır ki, heç nədən asılı
olmayaraq bütün cəmiyyət üzvlərinə eyni dərəcədə
aid ola bilsin. İdeologiyaya gəldikdə
isə, eyni cəmiyyət həyatında müxtəlif
ideologiyaların olması mümkün və təbii
haldır.
Adətən, ideologiya dedikdə, ona daha çox siyasi
ideologiya kimi baxırlar. Düzdür, siyasi ideologiya həmişə
diqqəti daha çox cəlb edir. Çünki
o daha çox hakimiyyətdə olanların, yaxud siyasi
böhran zamanı və yaxud seçkilərdə hakimiyyətə
gəlmək üçün daha çox şansı olan
siyasi qüvvənin ideologiyası olduğu üçün
ictimai diqqətdə olur. Lakin artıq
hakimiyyətdə olan heç bir qüvvə öz
ideologiyasını müxtəlif yollarla cəmiyyətə
sırımamalıdır. Çünki
bu öz mahiyyəti etibari ilə bir növ zorakılıq və
həm də mənasız və özlüyündə
heç bir pozitiv əhəmiyyəti olmayan, açıq və
gizli narazılıqla qarşılanan bir işdir. Cəmiyyət həyatında müxtəlif sosial
qrupların olması cəmiyyətin yaşaması və
inkişafı üçün zəruri olan hadisədirsə,
bu qrupların hər birinin öz ideologiyasının
olması da o dərəcədə mümkündür. Həmin qrupları təmsil edənlər isə fərdi
halda müxtəlif partiyalara daxil olurlarsa, bu, artıq başqa
məsələdir. Ola bilər ki, bu və
ya digər partiya sosial qruplardan birinin, yaxud bir neçəsinin
marağının ifadəçisi kimi çıxış
etsin. Bu zaman partiya sosial qrupun (əlbəttə,
böyük qrupun), yaxud qrupların maraqlarının
ümumiləşmiş tərəflərini öz məramnaməsinə
daxil edir. Lakin hakimiyyətə gələn
və hakimiyyətdə olan siyasi qüvvə heç vaxt
bütövlükdə cəmiyyəti təmsil etmədiyi
üçün öz ideologiyasını və iradəsini cəmiyyətə
zorla qəbul etdirməməli, əksinə digər
müxalif fikirlərə və ideologiyalara səbr və təmkinlə
qulaq asaraq onlardakı faydalı və müsbət cəhətləri
qəbul etməlidir. Cəmiyyətin təşkili, onun
idarə olunması (dövlət quruluşu və bu
quruluşa daxil olan qurumların funksiyaları və s.)
haqqında olan hər bir ideologiya ümumi ritorik cəhətlərlə
yanaşı, müəyyən pozitiv, işlək məqamlara
da malik olduğundan heç bir ideologiyanı süngü ilə
qarşılamaq, onu tamamilə inkar etmək, onun
daşıyıcılarını isə mənəvi və
fiziki cəhətdən sıxışdırmaq, əzmək
olmaz. Bu, artıq qeyd olunduğu kimi, nəticə etibarı ilə
bütövlükdə cəmiyyətin durğunluğuna və
bataqlığa çevrilməsinə, onun inkişafdan
qalmasına, bütün parametrlərdə böhran
keçirməsinə və s. gətirib çıxara bilər.
İdeologiya dərketmə, şüur,
düşüncə, təfəkkür anlayışları
ilə bilavasitə bağlı olan, başqa sözlə,
onlardan sızıb gələn, insan və cəmiyyət həyatına
bütövləşmiş, istiqamətlənmiş yetkin bir
mənəvi-əxlaqi durum və bu duruma əsaslanaraq
formalaşan iradi keyfiyyəti əks etdirən
anlayışdır. Buna görə də nə insan, nə də
cəmiyyət ideologiyasız yaşaya bilməz. Çünki ideologiya həm fərdi, həm də
ictimai səviyyədə istəyi, arzunu, niyyəti, bu
günü yaşamaqla sabahı görməni və
planlaşdırmanı özündə ehtiva edir. Burada reallığa əsaslanma ilə yanaşı,
utopik ideologiyalara da rast gəlmək olar. Həm də bu
utopik ideologiyalar müsbət və mənfi keyfiyyətli ola bilər. Məsələn, məlum
faktdır ki, faşizm ideologiyası yalnız almanlar
üçün deyil, bütün dünya üçün zərərli
ideologiya idi. Lakin faşistlər həm
güc, həm də güclü təbliğat vasitəsilə
ilk növbədə böyük düşüncə və
mədəniyyət sahibi olan alman xalqının əksər
hissəsini aldada bilmişdilər.
İdeologiya,
şübhəsiz, təbliğ olunmalıdır, əhali
kütləsinə çatdırılmalıdır ki, hər
bir adam onu öz həyat və şüur
süzgəcindən keçirərək öz istəyi,
arzusu, niyyəti baxımından təhlil edə bilsin. Onu nə üçün qəbul etdiyini, yaxud etmədiyini
müəyyənləşdirə bilsin. Buna
görə ideologiya real gerçəkliyə əsaslanan və
bu gerçəkliyə sabahın necə olacağından
çıxış edən postulat və prinsiplər sisteminə
malik olmalıdır. Belə möhkəm
postulat və prinsiplər sisteminə malik olmayan ideologiya
özünü nə qədər təbliğ etsə də,
müasir təbliğat vasitələrinin gücündən
nə qədər istifadə etsə də, o nə beyinlərdə,
nə də psixologiyada özünə yer tapa bilər. Məlumatsızlıqdan, yaxud təsiretmə
gücündən asılı olaraq ona inananlar belə tezliklə
ayılar və bu ideologiyadan imtina edərlər.
Güclü təbliğat maşınının istehsal
etdiyi strateji və operativ təbliğatla müşayiət
olunan keçmiş SSRİ-nin (Rusiyanın desək, daha
doğru olar) Əfqanıstanda, sonradan isə ABŞ-ın Əfqanıstanda,
İraqda və digər yerlərdə apardığı leqal
və qeyri-leqal müharibələr onlara hansı donu
geyindirilməsindən asılı olmayaraq, insanlar tərəfindən
təcavüz kimi qiymətləndirilir və heç cür
müsbət hal kimi qarşılanmır. İnsan
hüquqları və demokratiya haqqındakı söz-söhbətlər
isə bəzi hallarda kinayəli gülüşdən
başqa heç bir şey doğurmur.
Qeyd edildiyi kimi, ideologiya üzvi vəhdətdə olan elə
komponentləri birləşdirməlidir ki, bu komponentlər cəmiyyət
üzvlərinin böyük əksəriyyətinin can atdığı,
arzu etdiyi həyat və fəaliyyət tərzini özündə
əks etdirə bilsin. Məhz buna görə ideologiya da konkret
zaman və konkret məkan tələbindən
çıxış etməlidir və belə bir
ideologiyanı qurmaq üçün bizim "öz
epistomologiyamızı" yaratmaq lazımdır. Burada digər bir sosial zaman və məkan
üçün işlənilmiş olan hər hansı bir
ideoloji konsepsiyanı yerli şəraitə
uyğunlaşdırmağa cəhd etmək səyi heç də
gözlənilən nəticəni verə bilməz. Çünki ideologiya da mövcud sosiomədəni
şərait, onun məzmun və səviyyəsi ilə
bağlı olan bir fenomendir.
Əgər cəmiyyət həyatına indi geniş
yayılmış olan sosiosinergetik metodologiya əsasında
yanaşsaq, bu mürəkkəb və özüinkişaf edən
sistemin mərkəzində insan, onun düşüncəsi və
mənəvi-əxlaqi keyfiyyətləri durur. Hər bir
dövrün, hər bir məkanın hansı problemləri həll
etməsi, hansı istiqaməti seçməsi, həyat və
fəaliyyət tərzi məhz bu sosial məkanın və
sosial zamanın özü ilə müəyyənləşir.
Əlbəttə, bu sosial məkanı və
sosial zamanı da yaradan insanların özüdür. Burada Hegelin dili ilə desək, ümumi ruh fərdi
ruhların ümumi cəhətlərinin sintezini təşkil
edir. Bir qədər də irəli getsək,
bu ümumiləşmiş ruh mütləq ruhun
ayrı-ayrı adamlara bəxş etdiyi ağıldır ki,
bu ağıl vasitəsilə onlar təbii, ictimai
varlığı və özlərini dərketmə yolu ilə
mütləq ruhun özünü dərk etməyə
başlayırlar. Əlbəttə, Hegeldən
sonrakı bütün elm və fəlsəfə sübut
etmişdir ki, insan zəkası heç vaxt mütləq ruhu,
onun sonsuz məzmun və mahiyyətini dərk etmək
iqtidarında deyil. O ancaq pillə-pillə mütləq
ruha doğru addımlaya bilər. Lakin bu pillələr
də sonsuzdur.
Burada bir
məsələyə də aydınlıq gətirməyə
ehtiyac var. O da bundan ibarətdir ki, biz "cəmiyyət
özüinkişafedən mürəkkəb sistemdir"
dedikdə soruşa bilərlər ki, bir halda ki, cəmiyyət
özü inkişaf edir: birinci, onun mürəkkəb, ya sadə
sistem olmasının; ikinci, cəmiyyət özü
inkişaf edirsə burada ayrı-ayrı subyektlərin
(adamların) hansı istiqamətdə və necə
düşünüb-düşünməmələrinin məsələyə
nə dəxli var? Mahiyyət bundan ibarətdir
ki, "cəmiyyət özüinkişafedən mürəkkəb
sistemdir" tezisi heç də bu inkişafın nüvəsini
təşkil edən insan şüurunun bu inkişafa göstərdiyi
təsiri inkar etmir, əksinə, bu təsirin gücü ilə
inkişafın düz mütənasiblikdə olduğunu
göstərir. Əgər müasir
dünya ölkələrinə, orada yaşayan xalqların həyat
səviyyəsinə nəzər salsaq, bunu aydın şəkildə
görərik. Hərçənd burada təbii-coğrafi
mühitin də rolunu inkar etmək olmaz. Onu
da qeyd edək ki, təbii-coğrafi mühitin rolu insanların
ictimai şüurlarının inkişaf səviyyəsindən
heç də artıq deyildir. Çünki
təbii-coğrafi şərait əsasən dayanıqlı
olduğu halda, ictimai şüur dəyişkən və
dinamikdir. Məsələ bu dəyişkənliyin
və dinamikliyin hansı istiqamətdə baş verməsindədir.
Bu isə cəmiyyətdə mövcud olan idarəetmə
sistemi, qanunların məzmunu və onların necə işləməsi
və s. amillərdən asılıdır.
İdeologiya o zaman güclü olur ki, o, kütlə
şüuru ilə maksimum dərəcədə birləşir
və kütlə şüurunu öz komponentinə
çevirir. Əlbəttə,
burada deyə bilərlər ki, kütlə əsasən az savadlı adamlardan ibarətdir və
onların həm şüuru, həm də psixologiyası daha
cox məişət qayğıları və fərdi tələbatın
nə dərəcədə ödənilib-ödənilməməsi
ilə bağlıdır. Yaxud,
göründüyü kimi, empirik və adi şüur səviyyəsindən
kənara çıxmır. İdeologiya
isə daha çox rasional prinsiplər sistemindən ibarət
olur ki, bu prinsipləri onların məzmun tamlığında
dərk etmək kütlə üçün çətin
olur. Belə olduqda kütlə
şüuru ilə ideologiya arasında uçurum yaranır.
Elə bu uçurumun yaranmaması
üçün də, zənnimizcə, ideologiya hamı tərəfindən
görünən, müşahidə olunan, özlüyündə
aşkar postulatlara əsaslanmalı və sonra bu postulatlar əsasında
ardıcıl prinsiplər sistemi işlənilməlidir ki,
onlar mücərrəd, gündəlik həyat və fəaliyyətdən
uzaq olmasınlar. Necə deyərlər,
üfüq təsiri bağışlamasınlar. Çünki üfüq effekti insanlar
üçün ümidsizlik, inamsızlıq və
şübhə əmələ gətirir. Düzdür, insan və cəmiyyət həyatı
heç də bütövlükdə həmişə əvvəlcədən
planlaşdırılmış, sistemləşdirilmiş
rasional əsaslar üzərində getmir. Lakin bu
rasionallıq hətta müxtəlif ssenarilər, variantlar
halında mövcud olduqda belə: 1) ən optimal olanı
seçməyə imkan verir; 2) ehtiyat variantın da
olmasını nəzərdə saxlamağa əsas verir; 3)
ehtiyat variantların olması zəruri olduqda riskə getmək
imkanı verir. Əlbəttə, bu sonuncu daha
cox rasional şüur səviyyəsinə aiddir və deməli
daha çox idarəetmə sahəsi ilə bağlıdır.
Milli ideologiya, ilk növbədə, sosial ədalətə
əsaslanmalıdır. Sosial ədalət prinsipi onun
bünövrə daşı rolunu oynamalıdır. Cəmiyyətin sosial strukturunu təşkil edən
bütün qruplar öz həyat və fəaliyyətlərində
hər bir sahədə sosial ədaləti görməli və
bu sosial ədalətə xidmət etməlidirlər. Sosial ədalət prinsipi bir növ Kantın qəti
imperativi rolunu oynamalıdır. İnsanlar
bilməlidirlər ki, bu prinsipi pozmaq adamın
özünün öz mənzilini yandırması kimi mənasız
və axmaq bir işdir. Sosial ədalət
prinsipini pozmaq özünə qəsd etmədir. Bu isə hər bir dövrün özünəməxsus
formalaşmış əxlaq və hüquq normaları ilə
müəyyənləşir. Bu əxlaq və
hüquq normaları isə heç də insanların
başı üzərindən Domokl qılıncı kimi
deyil, onların psixologiya və şüuruna hopmuş mənəvi
durum, təbii refleks kimi fəaliyyət göstərməlidir.
Bunun üçün isə tərbiyənin dar
öyüd-nəsihət hüdudundan kənara
çıxaraq daha geniş olan əməli-ictimai tərbiyə
sahəsinə çıxması lazımdır.
Başqa sözlə, məktəb tərbiyəsi ilə
küçə, bazar, əməli iş tərbiyəsi vəhdət
təşkil etməlidir. Bu vəhdət
olmadıqda tərbiyə dekorativ, görünüş
yaratmaq, zahiri və pozitiv mahiyyəti olmayan lazımsız bir
şeyə çevrilir. Deməli, onun
özülü düzgün qoyulmayıb. Biz indi hər birimiz tərbiyədən, əxlaqdan,
mədəniyyətdən, qanundan danışan çoxlu adamla
qarşılaşırıq. Onların
danışıqları heç də daxili (endofizik) mahiyyətə
deyil, bu haqda olan dekorativ biliklərə əsaslanır və
buna görə də onlar öz həyat tərzlərində
və əməli işlərində
danışdıqları kimi deyil, tamamilə başqa cür
hərəkət edirlər. Belə adamlar
olduqları kimi görünmür və göründükləri
kimi olmurlar. Bunun üçün siz bizim məmurların,
həkimlərin, müəllimlərin, hətta elmi
işçilərin belə, bir qismini yada salın. Ola bilməz ki, onların içərisində sizin
şəxsən tanımadıqlarınız, bilmədikləriniz
olmasın. Bunlar, necə deyərlər,
xalqın öndə gedənləridir. Xalq
məsəlində deyildiyi kimi, öndə gedən büdrəyəndə
onun arxasınca gələnlər mayallaq aşarlar.
(ardı var)
Aydın ŞİRİNOV,
professor
Xalq qəzeti.- 2012.- 3 oktyabr.- S. 4.