İqtisadiyyata yatırılan investisiyaların
həcmi getdikcə artır
Prezident İlham Əliyevin daxili
və xarici siyasəti nəticəsində
son 9 ilə yaxın bir
müddətdə ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində nailiyyətlər
əldə olunmuşdur. 2004-2008-ci və
2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramlarının qəbulu
və müvəffəqiyyətlə icra
edilməsi respublikamızın hərtərəfli tərəqqisinə
və iqtisadi inkişafına güclü təkan vermişdir.
Bu
müddət ərzində 40 mindən artıq yeni müəssisə
yaradılmış, böyük əksəriyyəti daimi
olmaqla ümumilikdə bir milyona yaxın yeni iş yeri
açılmış, son 8 ildə yoxsulluğun səviyyəsi
49 faizdən 7,6 faizə, işsizlik isə 5,3 faizə
enmişdir. Son illərdə büdcə xərcləri 12 dəfə,
ümumi daxili məhsul 3 dəfə artmış, 1995-2010-cu
illərdə ölkə iqtisadiyyatına 80 milyard dollardan
çox sərmayə cəlb edilmişdir. Təkcə 2011-ci
ildə iqtisadiyyata qoyulmuş 21,7 milyard dollarlıq
investisiyanın 15,7 milyard dolları qeyri-neft sektoruna
yatırılmışdır. Dünyanın 149 ölkəsi
ilə xarici ticarət dövriyyəsi 36,3 milyard dollar təşkil
etmişdir.
Bu gün iqtisadiyyatın hər bir faizi təxminən 700 milyon dollara bərabərdir və iqtisadiyyatımızın 1,5 faiz artımı onu göstərir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə 1 milyard dollar dəyərində çox məhsul istehsal edilmişdir. Altı ayda qeyri-neft iqtisadiyyatımız 11,3 faiz artmışdır. Bu, dünya miqyasında ən yüksək göstəricidir.
Düşünülmüş düzgün siyasətin nəticəsidir ki, qlobal maliyyə-iqtisadi böhran Azərbaycandan yan keçmiş, dünyanın bir çox ölkələrini sarsıdan həmin böhrandan Azərbaycan iqtisadiyyatı sürətli inkişaf tempini və dayanıqlığını qoruyub saxlamış və ümumilikdə 9 faizdən çox artıma nail olmuşdur.
Ölkəmizin maliyyə vəziyyəti də getdikcə yaxşılaşır. İlin əvvəlindən strateji valyuta ehtiyatlarımız artmışdır. Hazırda Azərbaycanın valyuta ehtiyatları 44 milyard dollar səviyyəsindədir. İlin sonuna qədər bu rəqəm şübhəsiz ki, daha da artacaqdır.
Dövlət başçısı İlham Əliyevin uğurla reallaşdırdığı inkişaf strategiyası artıq özünün növbəti-üçüncü mərhələsi ərəfəsindədir. 2013-2023-cü illəri əhatə edəcək bu mərhələdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması və əhalimizin yüksək gəlirli topluma çevrilməsi, qeyri-neft sektorunun, özəl bölmənin, sahibkarlığın hərtərəfli inkişafı sayəsində ümumi daxili məhsulun 2 dəfə artırılması, dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə yeni strategiyanın hazırlanması, ən müasir texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi, elm və innovasiyalara əsaslanan cəmiyyət quruculuğu, hüquqi dövlətçilik prinsiplərinin, insan hüquq və azadlıqlarının tam bərqərar edilməsi Prezident İlham Əliyevin qarşıya qoyduğu başlıca hədəflərdir.
Ölkəmizdə investisiya cəlbediciliyi də getdikcə yüksəlir. Bunu müsbət göstəricilərdən biri kimi xarakterizə edən Prezident İlham Əliyev demişdir: "Keçən illə müqayisədə ölkə iqtisadiyyatına qoyulan investisiyalar 30 faiz artmışdır. Əgər biz ilin sonuna qədər bu templə işləsək və mən hesab edirəm ki, temp daha da yüksək olmalıdır, - təqribən 18, bəlkə də 19 milyard dollar investisiyaya çatacağıq. Bu da əhalisi o qədər çox olmayan Azərbaycan kimi ölkə üçün böyük rəqəmdir. Nəzərə alsaq ki, hər il 10 milyard dollardan az olmayaraq investisiyalar qoyulur, növbəti illərdə ölkə qarşısında duran bütün infrastruktur və sosial məsələlər öz həllini tapacaqdır".
Ölkə iqtisadiyyatına yatırılan investisiyaların artımı ilk növbədə əlverişli sahibkarlıq və biznes mühitinin nəticəsi kimi qiymətləndirilməlidir. Bazar iqtisadiyyatı tələblərinə uyğun funksional idarəetmə mexanizmlərinin, dövlət strukturlarının iqtisadi fəaliyyət sahələrinə nəzarətinin təkmilləşdirilməsi nəticəsində liberal bazar prinsiplərinin daha geniş vüsət alması özəl sektorun inkişafına təkan vermişdir. Bu baxımdan kiçik və orta sahibkarlıq subyektlərinə dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması, iş adamlarının fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, sahibkarlıq subyektlərinin qeydiyyatı sisteminin sadələşdirilərək "vahid pəncərə" prinsipi əsasında aparılması, gömrük orqanlarında da bu sistemin təşkili, texnoparkların yaradılması, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və digər addımları xüsusi vurğulamaq lazımdır.
Vergi yükünün azaldılması və vergi prosedurlarının asanlaşdırılması məqsədilə hələ 2010-cu ilin yanvarından mənfəət vergisinin 22 faizdən 20 faizə, fiziki şəxslər üçün gəlir vergisinin maksimal dərəcəsinin 35 faizdən 30 faizədək, fərdi sahibkarlar üçün isə 20 faizədək endirilməsi, habelə sadələşdirilmiş vergi ödəyicisi hüququ əldə etmək üçün hüquqi şəxslərin vergi tutulan əməliyyatlarının illik həcminin 90 min manatdan 150 min manatadək artırılması biznes mühitinin liberallaşmasını təmin etmişdir. Modern idarəetmə texnologiyalarının tətbiqi ilə yanaşı, infrastrukturun müasirləşdirilməsi tədbirləri, bu sahəyə dövlət əsaslı kapital qoyuluşlarının həcminin ildən-ilə artması da biznesin inkişafına dəstək tədbirlərinin nəticəsidir.
2012-ci ilin birinci yarısında Sahibkarlığa Kömək Milli Fondu tərəfindən dəstəklənən investisiya layihələrinin sayı ötən illə müqayisədə 57,1 faiz, verilən güzəştli kreditlərin məbləği 53 faiz artmışdır. Bu ilin əvvəlindən fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 1429 investisiya layihəsinin maliyyələşdirilməsinə 120 milyon manatadək güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 6 minədək yeni iş yerinin açılması nəzərdə tutulur.
Başa vurmaqda olduğumuz mərhələ sosialyönümlü büdcə siyasəti, əhalinin sosial müdafiəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və maddi rifah halının yaxşılaşması, neft gəlirlərini qeyri-neft sektoruna yönəltməklə və modern texnologiyalara əsaslanmaqla yeni və qabaqcıl sənaye sahələrinin yaradılması, iqtisadi və sosial infrastrukturun, yol-nəqliyyat sektorunun davamlı inkişafı, eyni zamanda, dövlətimizin hərbi qüdrətinin yüksəldilməsi ilə əlamətdar olmuşdur. Bu müddət ərzində ölkə boyu nəhəng tikinti-quruculuq və abadlıq işləri aparılmış, çoxsaylı körpülər və yollar, yüzlərlə məktəb, idman-sağlamlıq kompleksləri, xəstəxana-müalicə ocaqları, sosial-mədəniyyət müəssisələri, turizm-istirahət mərkəzləri tikilib istifadəyə verilmiş, təhsil, mədəniyyət, səhiyyə, idman, turizm, ekologiya sahələrində böyük irəliləyiş baş vermişdir. Ölkə rəhbərliyi səviyyəsində qəbul olunan və ictimai-siyasi, sosial-iqtisadi, humanitar-mədəni həyatın çoxşaxəli spektrini əhatə edən 60-a yaxın konseptual-strateji mahiyyətli sənəd və dövlət proqramları hazırda icra edilməkdədir. On ilə yaxın bir müddətdə görülən işlər və nəticələr bu gün deməyə əsas verir ki, Azərbaycan dünyaya özünün uğurlu inkişaf modelini təqdim edə bilmiş və qısa zaman kəsiyində ölkəmizdə, sözün əsl mənasında, inqilabi yeniləşmə və tərəqqiyə nail olunmuşdur.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr edilmiş konfransda dövlət başçısı İlham Əliyev respublikamızda özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafına bundan sonra da xüsusi diqqət göstəriləcəyini bir daha bildirmişdir. Bu da təsadüfi deyil. Son illər Azərbaycanın sürətli iqtisadi inkişafında kənd təsərrüfatının, onun əsas hərəkətverici qüvvəsi olan özəl sektorun, kiçik və orta sahibkarlığın rolu böyükdür. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, son iki ildə Azərbaycan iqtisadiyyatı 15 faiz artıb.
Son ildə investisiyaların böyük əksəriyyəti özəl sektorlar tərəfindən qoyulan daxili investisiyalardır. Bu həm də onu göstərir ki, Azərbaycan dövlətinin gücü artıb, özəl sektor ölkəmizdə gedən uğurlu proseslərdən bəhrələnir. Prezident İlham Əliyev bununla bağlı demişdir: "Biz bundan sonra da dövlət investisiya proqramlarını icra edəcəyik. Hər il dövlət büdcəsindən böyük məbləğdə vəsait ayrılır. Amma mən çox istərdim ki, özəl sektor daha da böyük həcmdə investisiyalar qoysun, həm öz imkanlarını genişləndirsin, eyni zamanda, ölkənin inkişafı üçün də bunun böyük əhəmiyyəti vardır".
Dövlət Proqramında nəzərdə tutulduğu kimi, özəl sektor, kiçik və orta sahibkarlıq, sadəcə olaraq, biznes mühitini yaxşılaşdırmaq, yeni iş yerləri yaratmaq üçün deyildir. Sahibkarlığın inkişafı, əslində, çox böyük islahat deməkdir. Bu islahat ölkə başçısı İlham Əliyevin fərman və sərəncamlarına əsasən Azərbaycanda uğurla aparılır. İslahatlar və güzəştli kreditlər hesabına son illərdə regionlarda yeni texnologiyaların tətbiqinə əsaslanan soyuducu anbar kompleksləri, çörək istehsalı müəssisələri, quşçuluq (broyler) təsərrüfatları, ət kəsimi fabrikləri, cins iribuynuzlu heyvandarlıq kompleksləri və digər müəssisələr yaradılmış və ya yenidən qurulmuşdur.
Bu gün Azərbaycanda
güclü sahibkarlar
sinfi formalaşıb. Kənd təsərrüfatının
inkişafı üçün
kompleks tədbirlər
görülür, müasir
texnika alınır, lizinqlər, aqroservislər
yaradılır, subsidiyalar,
güzəştli şərtlərlə
gübrə və yanacaq verilir. Kənd təsərrüfatının, özəl sektorun, kiçik və orta sahibkarlığın
inkişafına dövlət
dəstəyi bundan sonra da gücləndiriləcəkdir.
Dövlət də, insanlar
da sahibkarlardan aparılan işlərin keyfiyyətli görülməsinə,
istehsalın həcminin
və keyfiyyətinin dünya standartlarına uyğun olmasına daha böyük ümidlər bəsləyir.
İsaq HƏSƏNZADƏ,
iqtisadçı ekspert
Xalq qəzeti.- 2012.- 3 oktyabr.- S. 3.