Mədəni əlaqələr ölkələrarası dostluğun əsas təməllərindən biridir Urmiyada keçirilən beynəlxalq ədəbi tədbir də bu baxımdan əhəmiyyətli idi

 

Ulu öndər Heydər Əliyev hələ 1998-ci ildə İran rəsmiləri ilə görüşərkən söyləmişdi ki, dövlətimizin siyasəti, şəxsən Prezident kimi mənim siyasətim İran İslam Respublikası ilə əlaqələrimizi bütün sahələrdə genişləndirmək, inkişaf etdirmək məqsədi daşıyır. Həm iqtisadi əlaqələri, həm humanitar, elm, mədəniyyət və bütün başqa sahələrdə əlaqələri inkişaf etdirmək istəyirik və etdirəcəyik.

 

Ümummilli liderimizin həmin qətiyyəti sonralar Azərbaycan dövləti, xüsusən, Prezident İlham Əliyev tərəfindən ardıcıllıq və prinsipiallıqla davam etdirildi. Rəsmi Bakının bu mövqeyi İranda daim yüksək qiymətləndirilib və qiymətləndirilir. Dost ölkənin Prezidenti Mahmud Əhmədinejad bu il may ayının 25-də Azərbaycanın Respublika Günü münasibəti ilə dövlət başçımıza ünvanladığı təbrik məktubunda ölkələrarası əməkdaşlığın perspektivi barədə xüsusi bir əminlik ifadə edirdi: "Ümid edirəm ki, İran İslam Respublikasının və Azərbaycan Respublikasının məsul şəxslərinin ikiqat səyləri sayəsində ikitərəfli və beynəlxalq səviyyədə bütün sahələrdə ölkələrimiz arasında mövcud olan əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin, eləcə də dünyada dayanıqlı sülhün və təhlükəsizliyin bərqərar olmasının , zülmün, və ayrıseçkiliyin aradan qaldırılmasının şahidi olacağıq." Göründüyü kimi dostluq və qardaşlıq əlaqələrinin gündən-günə artırılması, inkişaf etdirilməsi hər iki dövlətin maraq dairəsindədir və bu maraqlar yetərincə təmin olunur.

Azərbaycanın və İranın yaradıcılıq birliklərinin, mədəni, humanitar sahədə fəaliyyət göstərən təşkilatlarının, eləcə də ayrı-ayrı yaradıcı şəxslərin reallaşdırdığı çoxsaylı tədbirlər də Bakı ilə Tehran arasındakı əməkdaşlığın genişləndirilməsinə xidmət edir. Bu baxımdan İran İslam Respublikasının Azərbaycandakı səfirliyi nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin həyata keçirdiyi silsilə tədbirləri xüsusilə qeyd etmək olar. Mərkəzin fəaliyyəti ortaq mədəniyyəti və tarixi olan xalqlarımızın mənəvi sərvətlərinin təbliğinə həsr olunur. Eyni zamanda, islam ölkələrinin birliyinin daha da genişləndirilməsinə, Şərq dəyərlərinin beynəlxalq aləmdə daha qətiyyətlə qorunmasına və başqa məsələlərə xüsusi diqqət ayrılır. Sentyabrın 22-dən 25-nə qədər dost ölkənin Urmiya şəhərində keçirilən poeziya festival-müsabiqəsi də bu mərama xidmət edirdi. Qərbi Azərbaycan Ostanı Mədəniyyət və İslami İrşad İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin təşkil etdiyi "Azərbaycan türkcəsində 7-ci beynəlxalq Rəzəvi şeir festival-müsabiqəsi"nə Azərbaycan, İran, Türkiyə və İraqdan 370-dən çox qələm sahibi qoşulmuşdu. Ancaq bizim üçün maraqlı olan şairlərin və təqdim olunan şeirlərin çoxluğu deyildi, xüsusilə qeyd edilməli başqa məqamlar daha çox idi.

Məsələn, Rəzəvi şeirlər festivalının (İmam Rza haqqında yazılmış şeirlər) keçirilməsinə 10 il qabaq start verilibilk üç festival fars dilində təşkil olunub. Sonra isə bu tədbirin əhatəsinin genişləndirilməsi, eləcə də İranda yaşayan çoxmilyonlu Azərbaycan türklərinin müqəddəs dəyərlər haqqında öz ürək sözlərini məhz ana dilində ifadə etməsinə şərait yaradılması məqsədilə məxsusi olaraq Azərbaycan türkcəsində olan Rəzəvi şeirlər festivalına start verilib. Özü də qədim Azərbaycan şəhəri olan Urmiyada. Festivalın rəsmi tədbirləri hər il iki gün davam edir. Beləliklə, artıq 14-cü dəfə idi ki, İran İslam Respublikasının dövlət himni Azərbaycan türkcəsində yazan şairlər üçün səsləndirilir, televiziyalar bu möhtəşəm məqamı canlı olaraq milyonlarla insana nümayiş etdirirdi.

Festival-müsabiqəyə il ərzində İrandan 265, Azərbaycandan 73, İraqdan 21, Türkiyədən isə 18 şeir göndərilmişdi. Ancaq final mərhələsində 90-a yaxın şeir səsləndirildi. Müasir Şərq poeziyasının ən görkəmli nümayəndələrindən olan Əsgər Şahinin (Ərdəbil), həm Azərbaycanca, həm də farsca möhtəşəm bir poeziya yaradıcılığına malik olan, millət vəkili Cəfər Beytullahinin (Təbriz), Türkiyədə fəaliyyət göstərən "Zəhra" televiziyasının sahibi Cavad Gökün (İstanbul), türkmən şairi Kövsər Saqi Bağvanin (Kərkük), fars dili mütəxəssisi, tarix elmləri doktoru, professor Şahin Fazilin (Bakı), gənc azərbaycanlı şairlər Rüstəm TofiqXalid Səfixanovun, Ərdəbildən görmə qüsuru olan yeniyetmə qızın və başqa müəlliflərin çıxışları sözün həqiqi mənasında sənət nümunələri idi.

Doktor Cavad Gökün "bu qədər heyətlə Şuşada Rəzəvi şeirlər festivalı keçirmək" arzusu 1500 nəfərlik zalda necə alqışlandısa, onu ancaq görmək lazım idi. Tədbirin aparıcısı, İranın tanınmış jurnalistlərindən olan Bəhrül Ülum (elm dəryası mənasını verən bu sözlər onun təxəllüsü deyil, adı və həqiqi soyadıdır) türkiyəli həmkarının Qarabağ münaqişəsi ilə bağlı arzusuna münasibət bildirərək söylədi ki, müsəlman dövlətlərinin sıxlaşan birliyi, xüsusən, Azərbaycan rəhbərliyinin qətiyyəti sizin həmin arzunuzun reallaşacağı günün uzaqda olmadığı əminliyini yaradır. Sarayda alqışlar və amin sədaları növbəti dəfə ucaldı. Festivalın münsiflər heyətində Azərbaycandan professor Şahin Fazilinşair Hacı Soltan Əlizadənin də olması bizim nümayəndə heyətimizə göstərilən ehtiramın təzahürü idi. Festival çərçivəsində Rəzəvi şeirlərdən başqa ancaq İslam peyğəmbərinin təhqir olunmasına etiraz edən bəzi fikirlər də səsləndirildi. Yəni, çıxışlarda tədbirin qarşıya qoyduğu məramdan kənara çıxılması məqamı ancaq Peyğəmbər Əleyhissalamla və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı oldu.

Azərbaycanlı qələm sahiblərindən "Vahid" Poeziya evinin direktoru Hacı Rafiq Şirvani, Hacı Musarza Heydərov, Sənəm Səbayel, Kərəm Kürqıraqlı, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri namizədi Rauf Sadıqov və Hacı Yusif Qulammirzə oğlu öz çıxışları və şeirləri ilə dost ölkədəki həmkarlarının və poeziya həvəskarlarının geniş marağına səbəb oldular. İran televiziyaları və yazılı mətbuat festival-müsabiqənin digər iştirakçıları kimi bizim nümayəndə heyətimizin üzvlərinə də xüsusi diqqət göstərir, yer ayırırdılar .

Urmiya vilayəti İranın əsas mədəni və iqtisadi bölgələrindən biridir. Bu vilayətin əhalisinin 90 faizi azərbaycanlılardan, qalan on faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Assur mənbələrində Armaut adlandırılan Urmiya şəhəri isə bu gün Azərbaycanın ən qədim şəhərlərindən, İranın ən böyük mədəniyyət və din mərkəzlərindən biridir. 600 mindən çox əhalisi olan Urmiyanın dağlar boyu Türkiyə və İraqla sərhədləri vardır. Ötən əsrin tanınmış İran alimi (tarixçidilçi) Mirzə Ələkbər Dehxuda (1879-1956) yazırdı ki,Urmiya Zərdüştün şəhəri olub. Hazırda şəhərdəki baş muzeydə eramızdan əvvəl 7-6-cı əsrlərə aid olan silahlar, məişət və bəzək əşyaları nümayiş etdirilir. Urmiyada tapılmış ən qədim eksponatlar isə ölkədə gedən müxtəlif proseslər zamanı ABŞ , Böyük BritaniyaFransaya aparılıb. Şəhərdə Urmiya Dövlət Universiteti, Dövlət Tibb UniversitetiUrmiya Azad Universiteti fəaliyyət göstərir.

Təbii ki, Urmiya barədə söz açarkən öncə yada düşən Urmiya gölünün üzləşdiyi fəlakət olur.1975-ci ildə Milli Park elan edilən, Şərqi və Qərbi Azərbaycan vilayətlərinin arasında yerləşən Urmiya gölü indi elə vəziyyətdədir ki, İran hökuməti bu gölü xilas edə bilmir. Ona görə də artıq YUNESKO həyəcan təbili çalır. Urmiya gölünün ərazisi təxminən 6 min kvadratkilometr idi. İndi hər tərəfdən sahil boyu üç-dörd kilometr ərazi tamamilə quruyaraq duz çöllərinə çevrilib. Göldə yüzə qədər ada var və adaların birindəki dağda Çingiz xanın nəvəsi Hülaki xanın məzarı qorunur. Nazlıçay, Acıçay, Sofuçay, Cığatayçay və Tətovuçay kimi su mənbələri bu gölə tökülsə də , göl sürətlə quruyur.Bu təbii hadisə İran alimlərinin məsələyə münasibətində də fikir ayrılığı yaradıb.Bir çox alimlər israr edirlər ki, gölün qurumasının əsas səbəbi qlobal istiləşmə və on ildən bəri davam edən quraqlıqlardır. Dəlil kimi göstərirlər ki, 10 -12 il davam edən quruma prosesi 2010-cu ildəki yağmurlu aylarda nəinki dayanmış, hətta, suyun səviyyəsi artmağa başlamışdı. Digər alimlər isə bu arqumentin əksi olan sual verirlər: " Əgər əsas səbəb quraqlıqdırsa, bəs dağların o biri üzündəki Van gölüüçün qurumur?"

Hər halda bu, təbiətşünas və ekoloq alimlərin öhdəsinə buraxılacaq məsələdir. Biz isə Urmiya şəhərinin əhatələdiyi Sirr dağını ziyarət etdik, şəhərin ən qədim tikililərindən olan Qədim Bazara baş çəkdik və təbii ki, Urmiya gölünün qurumuş sahilləri boyunca duz daşıyan 10 tonluq, 20 tonluq yük maşınlarına və sanki donmuş dənizdə ilişib qalmış kimi təsəvvür yaradan , duz səhrasında yarısı görünən köhnə gəmilərə tamaşa etdik. Çox təsirli tamaşa idi...

Sonda bizim bu festival- müsabiqədə iştirakımızı təşkil edən İran Mədəniyyət Mərkəzinə və Urmiyada qeyri-adi bir qonaqpərvərliklə qarşılanmağımızı təmin edən bütün insanlara, xüsusən , tədbirlərin hamısının rəhbəri olan Ağayi Hacıağa Kərimiyə öz minnətdarlığımızı bildirməyi vacib sayırıq. Çünki bu qəbildən olan tədbirlər, sözün həqiqi mənasında, ölkələrarası dostluğa və əməkdaşlığa özünəməxsus töhfələr verir.

 

 

İttifaq MİRZƏBƏYLİ,

"Xalq qəzeti" Bakı- Təbriz-Urmiya,

22-26 sentyabr, 2012-ci il

 

Xalq qəzeti.- 2012.- 4 oktyabr.- S. 7.