Erməni
terrorçuları, qaniçənləri məsum körpələri
və uşaqları da hədəf seçirlər
Dünya birliyi
insanlıq naminə bu qatillərin
rəzil hərəkətlərini, nəhayət ki, pisləməlidir
Ermənistan
dövlətinin və ermənilərin Azərbaycan xalqına
qarşı törətdiyi terror aktları, vandalizm hərəkətlərini
bir daha araşdırarkən dəhşətə gəlməmək
mümkün deyil. Yırtıcı xislətli vəhşi
terrorçular görün nə qədər
azğınlaşıblar ki, necə deyərlər,
dünyadan bixəbər, dilsiz körpələrə, məsum
uşaqlara da işgəncə verməklə qətlə
yetirməkdən sonsuz həzz alırlar. Həm də elə
bir vaxtda ki, bu dövrdə insanın dəyəri, onun
yaşamaq hüququ, azadlığının qorunması kimi məsələlər
diqqət mərkəzində saxlanılır, ön planda
tutulur, uşaqlara, onların hüquqlarının
qorunmasına xüsusi diqqət yetirilir.
ABŞ, Avropa Birliyi kimi demokratiya, insan hüquq və azadlıqlarından dəm vuran dövlətlər, qurumlar, müəyyən beynəlxalq təşkilatlar, guya, ölkələrə, təşkilatlara, hətta ayrı-ayrı insanlara qiymət verərkən qeyd olunan meyarları əsas götürdüklərini iddia edirlər. Ancaq təəssüf ki, real həyatda, ən azından Ermənistan və erməni terrorçularının timsalında bunun tam əksini görürük.
Məsələ burasındadır ki, dövlət rəsmilərindən tutmuş ən aşağı səviyyədəki "insan"ınadək ermənilərin özləri azərbaycanlı uşaqları vəhşicəsinə qətlə yetirdiklərini fəxrlə açıqladıqları halda ABŞ, Avropa Birliyi və insan haqları adı altında vay-şivən qoparan bəzi beynəlxalq təşkilatların "tükü" belə tərpənmir. Onlar hətta həmin şəxslərin, ən azından ölkəyə girişinə qadağa qoyulması kimi kiçik tədbirləri də görmür, uşaq qatili olmaq qədər rəzil bir işə qol qoyanları qınamaq belə istəmirlər. Əgər bunu etmək üçün faktlarımız yoxdur, - deyirlərsə, onda buyurun onlara əlahəzrət fakt: Ermənistan müxalifətinin "Serj Sarkisyan bu siyasətlə Dağlıq Qarabağı qoruyub saxlaya bilməyəcək" - ittihamına prezident bu şəkildə cavab verib: "Mən Dağlıq Qarabağı azərbaycanlıların əlindən almaq üçün şəhərlər viran etmişəm, kəndlər yandırmışam, böyüklü-kiçikli yüzlərlə insanı qətlə yetirmişəm. Bəs siz Qarabağ üçün nə etmisiniz? Siz Qarabağı kimdən qorumaq istəyirsiniz?"
Bu sözləri Ermənistan dövlətinin başçısı deyir, şəhərləri viran etdiyini, kəndləri yandırdığını, böyüklü-kiçikli yüzlərlə insanı qətlə yetirdiyini bildirir, barbar, vəhşi, insanlığa sığmayan şərəfsiz hərəkətləri ilə fəxr edir. Bütün bunları deyərkən yaxşı bilir ki, söylədikləri türk qanına susamış xəstə təxəyyüllü erməni cəmiyyəti tərəfindən böyük rəğbətlə qarşılanacaq, dünya birliyi isə, necə deyərlər, qatil olduğunu öz dili ilə etiraf edən prezidenti qınamayacaq, ona həddini bildirməyəcəkdir. Məsələn, ABŞ-ın Dövlət Departamenti ən azından Serj Sarkisyanın bu kimi açıqlamalarından təəssüfləndiyini bildirməyəcək, Avropa Birliyi ən azından onu kin və nifrət yaradacaq sözlərdən uzaq durmağa dəvət etməyəcəkdir. Hansı cinayətlər törətməyindən, nə deməyindən asılı olmayaraq, erməni prezident yenə də əlini-qolunu sallayaraq "demokratiya carçısı", "insan hüquq və azadlıqlarının qoruyucusu" sayılan ölkələrə səfər edəcək, qana bulaşmış əlləri ilə şərəfi ilə yüksəlmiş prezidentlərin əllərini sıxacaq.
Serj Sarkisyanın digər açıqlamalarına da nəzər yetirdikdə bu xislətin sahibinin rəhbərlik etdiyi ölkədə uşaqlara qarşı terror törədilməsi adi bir hadisə kimi görünməsinə təəccüblənmirsən. Xocalıda körpə uşaqları diri-diri yandıran, məsum, günahsız cocuqlara güllə atan adamın prezident olduğu bir ölkədən bundan başqa nə gözləmək olar? Erməni xalqının ideoloqu olan Zori Balayan 1996-cı ildə qələmə aldığı "Ruhumuzun canlanması" kitabında Xocalı həqiqətlərindən bəhs edir və yazır: "Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra bu 13 yaşındakı türkə onların atalarının bizim uşaqlara etdiklərini etdim. Başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı yeddi dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. İlk sənətim həkimlik olduğuna görə humanist idim, buna görə də türk uşağına etdiyim bu əməllərə görə özümü xoşbəxt saymadım. Amma ruhum xalqımın bir faizinin belə qisasını aldığı üçün sevincdən qürurlanırdı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha üç türk uşağına etdik. Mən bir erməni vətənsevər kimi öz vəzifəmi yerinə yetirdim. Xaçatur da çox tərləmişdi, amma mən onun və digər əsgərlərimizin gözlərində intiqam və güclü humanizmin mücadiləsini gördüm. Ertəsi gün biz kilsəyə gedərək 1915-ci ildə ölənlərimiz və ruhumuzun dünən gördüyümüz çirkabdan təmizlənməsi üçün dua etdik. Ancaq biz Xocalını - Vətənimizin bir parçasını işğal edən 30 min nəfərlik çirkabdan təmizləməyi bacardıq".
Təəssüf, çox təəssüf ki, dünya birliyi bu həqiqətlərə göz yummağa çalışır, əsaslı faktlar olmasına baxmayaraq, ermənilərin, hətta alman faşistlərindən də qəddar olduğunu qəbul etmək istəmir. Halbuki, ikinci dünya müharibəsinin başlanmasına səbəb olan, sonradan tarixçilərin "taun" adlandırdıqları alman faşizminin nümayəndələri işğal etdikləri ərazilərdə əli silah tuta biləcək adamları öldürsələr də uşaqlara dəymirdilər. Ermənilər isə həyatın mənasını hələ ancaq oynamaqda görən körpə azərbaycanlıları gah əsir götürərək qətlə yetirir, gah onlara qarşı terror həyata keçirir, gah da snayperlərin hədəfinə çevirirlər...
Yenidən faktlara müraciət edək. 1994-cü ildə uşaq oyuncağına partlayıcı maddə quraşdıraraq Tovuz rayonu ərazisindən axan çaya buraxan ermənilər iki uşağın ölümünə bais olmuşlar. Həmin azyaşlı uşaqlar oyuncağı götürərkən partlayış baş vermişdir. 2011-ci ilin martın 8-də Ermənistan silahlı qüvvələrinin əsgəri snayperdən atəş açaraq Ağdam rayonunun Orta Qərvənd kənd sakini 9 yaşlı azərbaycanlı Fariz Bədəlovu başından vuraraq qətlə yetirmişdir. Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində baş vermiş dəhşətli hadisə bir daha erməni vəhşiliyini təsdiqləmişdir. Ermənilərin uşaq oyuncağı içərisində yerləşdirdikləri partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olmuş, anası, 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə ağır bədən xəsarəti almışdır.
Partlayıcı qurğu quraşdırılmış "itəbənzər" uşaq oyuncağı Ermənistan tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılmışdır. Həmin ərazidə oynayan Cəfərov Elsevər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı çaydan götürərək Həsən Cəfərovun evinə gətirmişlər. Evdə oynayan zaman oyuncaq partlamış, nəticədə faciəli hadisə baş vermişdir. Beləliklə, Rusiyanınn Sankt-Peterburq şəhərində yaşayan və ailə üzvləri ilə Əlibəyli kəndinə qohumlarıgilə qonaq gələn azyaşlı uşaq erməni terrorunun qurbanı olmuşdur. Belə dəhşət doğuran faktlardan istənilən qədər saymaq olar. Bütün bunlar ermənilərin yer üzərində tayı-bərabəri olmayan amansız, qaniçən, qəddar olmalarından xəbər verir. Tarixdə körpəyə, azyaşlı uşaqlara qarşı bu dərəcədə vəhşilik törədən ermənilər kimi ikinci bir millətin olmasına rast gəlinməmişdir.
Törədilmiş bütün qanlı terror hadisələrinin başında Qarabağ azərbaycanlılarının qənimi olmuş, eyni zamanda öz xalqına qarşı amansız düşmənçiliklər edən Serj Sarkisyanın durduğu danılmazdır. Bəs bu qatilliyi icra edən kimlərdir, hansı erməni terror təşkilatıdır? Bu sualın cavabını tapmaq o qədər də çətin deyil. 1885-ci ildə yaradılmış "Armenakan" partiyasından üzü bəri (Türkiyə ərazisində, xüsusən, Van, Trabzon və İstanbulda çoxsaylı terror aktları törətmişdir) dövrü olaraq yeni erməni terror təşkilatları yaranır. Məsələn "Hınçak" Partiyası 1887-ci ildən, "Daşnaksütyun" 1890-cı ildən, "Erməni gizli azadlıq ordusu" (ASOA) 1975-ci ildən region əhalisinin qanını tökürdüsə, "Erməni azadlıq hərəkatı" 1991-ci ildən, "Geqaron" terror təşkilatı isə 2001-ci ildən həmin mənfur sıraya qoşulub. Bu gün artıq dünyanın müxtəlif ölkələrində 20-yə yaxın erməni terror təşkilatı qan tökür, baş kəsir, partlayışlar törədir və ümumiyyətlə, insanlığa yad, bütün vandal əməlləri reallaşdırırlar.
Dünyanın aparıcı ölkələrinin hüquq-mühafizə orqanları artıq çoxdan sübut ediblər ki, həmin terror təşkilatlarının hamısı bilavasitə Serj Sarkisyanın təlimatları əsasında qan tökürlər. Bəzi terror təşkilatları müstəqil şəkildə fəaliyyət göstərməyə çalışsa da Sarkisyan onların da cilovunu ələ keçirib. Xüsusən, "Apostol" (2001-ci ildə Suriya, Livan və Ermənistan ermənilərindən formalaşdırılıb və hədəfləri Türkiyə ilə Azərbaycandır) terror təşkilatı daha qansız, daha amansızdır. 1975-ci ildə Suriyanın Dəməşq şəhərində yaradılmış "Erməni Gizli Azadlıq Ordusu" ilə eyni vaxtda Livanın Beyrut şəhərində fəaliyyətə başlayan "Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu" (ASALA) öz məqsədləri üçün minlərlə insanın qanını tökməyə hazır olan murdar qurumlardır.
Həmin terrorçu təşkilatlardan olan çoxsaylı "könüllülərin" iştirakı ilə Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində 5000-dən artıq Azərbaycan vətəndaşı, o cümlədən 55 uşaq, 326 qadın, 409 qoca itkin düşmüşdür. Erməni əsirliyində olmuş 1500-ə yaxın vətəndaşımıza, o cümlədən uşaq, qadın və qocalara qarşı işgəncələr verilmiş, onlar ömürlük şikəst edilmişlər. Bu gün əlimizdə Azərbaycan, türk, rus və Qərb jurnalistlərinin erməni terroru, xüsusən, uşaqlara qarşı törədilmiş qanlı hadisələr barədə çoxsaylı kitablar, çap məhsulları vardır. Hətta bir neçə il əvvəl 13 yaşlı şuşalı oğlanın "Cocuqların günahı nə?" - adlı kitabı işıq üzü görmüş, ölkəmizdəki bütün səfirliklərə göndərilmişdi. Müəllifin özünün 13 yaşı olduğuna görə həmin kitabda ancaq həmin yaşa qədər olan terror qurbanlarının şəkilləri, tarixçələri verilmişdi. Yəni, bu qəbildən olan kitablar çoxdur. Ancaq Azərbaycan Respublikası əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən hazırlanmış "Erməni terroru" kitab-albomu bu istiqamətdə ərsəyə gələn ən müfəssəl çap məhsullarından biridir. İngilis, rus, alman, türk, erməni və digər dillərdə nəşr olunan bu kitab bəşəriyyətin erməni bəlasına qarşı qətiyyətli addım atmasına bir çağırış kimi səslənir.
Digər tərəfdən, əgər dünyanın bir sıra aparıcı dövlətlərinin öz ərazilərndə terror aktları baş verməsəydi, onda uşaqları qətlə yetirən terrorçuların törətdiyi əməllərə reaksiya verməmələri qəbuledilməz olsa da, hardasa başadüşülən olardı. Bu zaman özümüzə belə təskinlik verərdik ki, həmin dövlətlər terrorun dəhşətini yaşamadıqlarına görə, onun hansı fəsadlar törətdiyindən də xəbərsizdirlər. Ancaq bu belə deyil! Bu gün ABŞ da, Avropa ölkələri də, Rusiya da belə terror aktlarının hədəfinə çevriliblər. 2001-ci il sentyabrın 11-də Amerikada törədilən dəhşətli terror aktlarını, İngiltərədə, Rusiyada baş vermiş ardıcıl terror aktlarını yada salaq. Belə olan halda nəyə görə ABŞ terrorçu və təcavüzkar Ermənistana maliyyə yardımları göstərir? Rusiya isə Ermənistana 2 milyard dollar dəyərində silah verməklə birlikdə, ölkədəki bəzi hərbi obyektlərini də ona bağışlayır? Bu sualların cavabı nə olursa-olsun, həqiqət dəyişməz olaraq qalır. O da budur ki, Ermənistan dövləti və onun cinayətkar rəhbərliyi Azərbaycana qarşı çoxsaylı terror aktlarının törədilməsinin məsuliyyətini daşıyırlar. Ermənistan prezidenti Serj Sarkisyan və onun terrorçu komandası gec və ya tez beynəlxalq hərbi tribunalda cavab verməlidirlər. Bəlkə, o zaman erməni terrorçuları tərəfindən qətlə yetirilən məsum körpələrin, günahsız uşaqların ruhu rahatlıq tapar.
Rauf KƏNGƏRLİ
Xalq qəzeti.- 2012.- 4 oktyabr.- S. 5.