Beynəlxalq hüquq, yoxsa "güclünün hüququ"
Dağlıq
Qarabağ separatçı rejiminin növbəti "prezident
seçkiləri" şousunun beynəlxalq
səviyyədə adekvat reaksiya
ilə üzləşməməsi dünya
siyasətində beynəlxalq hüquq
normalarına münasibətdə "ikili
standartlar"ın hökm sürdüyünü bir
daha təsdiqlədi. Dünya siyasətində "orbitr"
statusuna iddia edən bir sıra dövlətlərin, müəyyən
beynəlxalq təşkilatların, xüsusilə
münaqişənin həlli missiyasını üzərinə
götürmüş ATƏT-in Minsk qrupu həmsədrlərinin
məsələyə qətiyyətsiz münasibəti beynəlxalq
hüququn özünün
formal səciyyə daşımağa
başladığını bir daha göstərdi.
Ümumilikdə
regionda sülh, sabitlik və iqtisadi əməkdaşlığa
ciddi təhlükə olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı aparılan danışıqlarda bu il ciddi
durğunluq müşahidə olunur. Təəssüf
doğuran haldır ki, danışıqlar prosesinə real təsir
imkanlarına malik aparıcı dövlətlər və təşkilatlar
problemin həllinə nail olmaq üçün konkret təzyiq
mexanizmlərindən istifadə etmək istəmirlər.
Fövqəlgüc dövlətlərinin geosiyasi
maraqlarından çıxış edərək bəzi ərəb
ölkələrinə qarşı tələm-tələsik
qətnamələr qəbul edən BMT-nin 1992-1993-cü illərdə
və sonra qəbul etdiyi çoxsaylı analoji sənədlərə
münasibətdə ifrat loyallıq nümayiş etdirməsi
"ikili standartlar"ın real mənzərəsini göz
önünə gətirir. BMT qərarlarının heç də
hamısının səmərəli təsir gücünə
malik olmadığını təşkilatın Təhlükəsizlik
Şurasının Ermənistanın təcavüzkar siyasəti
ilə bağlı qəbul etdiyi 4 qətnaməsinin
kağız üzərində qalması bu faktı bir daha təsdiqləyir.
Bu
gün ölkədaxili milli hüquq sahələri subyektlərin
nəinki maddi və prossesual hüquqlarını qoruyur, habelə
çeşidli mənəvi hüquqlarının da
qorunmasını özündə ehtiva etməklə çox
böyük inkişaf yolu keçmişdir. Milli hüquq
hüquqi təminat və qanunsuzluğun aradan
qaldırılması mexanizmlərinin işləkliyi
baxımından beynəlxalq hüququ müqayisə edilməyəcək
səviyyədə üstələmişdir. Son dövrdə
"güclünün hüququ", "yumruq hüququ"
kimi yeni anlayışlar əxz etmiş beynəlxalq hüquq nəinki
milli hüquqların qibtə etməyəcəyi səviyyəyə
enmiş, həm də beynəlxalq hüququn "gərəksizləşməsi",
habelə güclü dövlətlərin beynəlxalq
maraqlarının təminatı "vasitəsi"nə
çevrilməsi prosesləri güclənmişdir. Beynəlxalq
hüququn "gərəksizləşməsi" prosesi
güclü dövlətlərə hüdudsuz "fəaliyyət
azadlığı" verir ki, bu da müxtəlif ölkələrin
işğalı və dövlətlərin beynəlxalq
hüquqlarının pozulması ilə nəticələnən
halları kütləviləşdirir. Təəssüf hissi
ilə qeyd etmək olar ki, bu kimi faktlarla son vaxtlar daha çox
qarşılaşırıq. Doğrudanmı, beynəlxalq
hüququn "gərəksizləşməsi", onun
güclünün hüququna çevrilməsi son nəticədə
"beynəlxalq özbaşınalığın"
güclənməsinə səbəb olacaq və
dünyanı nəhəng bir "beynəlxalq cəngəlliyə"
çevirəcək? Beynəlxalq hüquq normalarına məhəl
qoymadan güclü bir dövlətin digərinin ərazisinə
soxulması, ərazisini işğal etməsi, "lazım gələndə"
beynəlxalq təşkilatların, hətta BMT-nin belə
müvafiq qərarlarının qəbul edilməsini gözləmədən
"cəzalandırma əməliyyatı"na
başlaması bəşəriyyətə yaxşı
heç nə vəd etmir. Ölkədaxili milli hüquqla beynəlxalq
hüququn üz-üzə qoyulması son nəticədə
milli hüququn da beynəlxalq hüququn "xəstəliyinə"
yoluxmasının kütləviləşməsinə və
milli hüququn da eybəcərləşməsinə səbəb
ola bilər. Çünki qondarma soyqırımlarının
tanınması barədə qəbul olunan absurd qanunlar milli
hüququ beynəlxalq hüququn bədnam "köməkçi"sinə
çevirir ki, bu da yolverilməzdir. Belə proseslər milli
hüquqi nailiyyətləri heçə endirir. Bunun acı fəsadları
da ölkə vətəndaşlarının, habelə
bütövlükdə insan hüquq və
azadlıqlarının məhdudlaşdırılmasına gətirib
çıxarır. Bu proseslər bədnam hüquqi təcrübəyə
çevrilərək digər ölkələrdə də
analoji proseslərə xaotik rəvac verir. Bütün bunlar
beynəlxalq hüququ daha da eybəcərləşdirir və
onu doğrudan da, güclünün hüququna çevirir. Əvvəllər
müxtəlif ölkələrin milli hüquqlarının həmrəylik
nümayiş etdirərək beynəlxalq hüququn əleyhinə
"etiraz nümayişi"nə qalxıb onunla "qohumluq əlaqələri"ni
kəsmək istəsəydilər, bunu təbii qəbul etmək
olardı. Amma bu gun güclü dövlətlərdə milli
hüququn siyasi hakimiyyətin təzyiqi altında beynəlxalq
hüquqa "dəstək" verməsi absurd qanunların qəbul
edilməsində ifadə olunur. Bu da nəinki insan hüquq və
azadlıqlarını pozur, həm də hüquq mədəniyyətinə,
bəşəriyyətin minillər boyu əldə etdiyi mənəvi
dəyərlərə, habelə sivilizasiyalararası dialoqun əldə
etdiyi uğurlara sarsıdıcı zərbə vurur.
Beynəlxalq
hüququn təməl prinsiplərindən geri çəkilmələr,
beynəlxalq hüquqi müstəvidə ədalətsizliyin bərqərar
olmasına gətirib çıxarır ki, bu da yolverilməzdir.
Beynəlxalq münaqişələrin dondurulması kimi bədnam
təcrübə də bu cür ədalətsizliklə nəticələnir.
Milli, irqi, dini və s. zəmində baş verən
münaqişələr zamanı problemin dondurulması
başadüşüləndir. Çünki insan münasibətlərinin
normallaşdırılmasının zamana ehtiyacı var. Amma
belə münaqişələr işğal faktı ilə
müşahidə olunanda beynəlxalq təşkilatın,
konkret halda BMT-nin gözləmə mövqeyi tutması onun
problemi həll etmək istəməməsi fikrindən xəbər
verir. Dövlətin ərazisi onun BMT-yə üzv qəbul
edilərkən təşkilatın bütün üzvləri
tərəfindən hamılıqla tanınan əsas
atributlarındandır. BMT-nin üzvü olan dövlətin ərazi
bütövlüyünün işğal nəticəsində
pozulmasına seyrçi qalmaq, işğal faktını aradan
qaldırmaq üçün təxirəsalınmaz tədbirlərin
görülməməsi, ilk növbədə, beynəlxalq
hüququ "eybəcərləşdirərək gərəksizləşdirir",
BMT-yə isə başucalığı gətirməməklə
onun fəaliyyətində qanundan kənar subyektiv amillərin
rəhbər tutulduğunu göstərir.
Azərbaycanın
Dağlıq Qarabağ və ətraf rayonlarının
işğaldan azad edilməsi barədə BMT-nin Təhlükəsizlik
Şurasının 4 məlum qətnaməsinin icra edilməməsi
də məhz bu məqamlardan xəbər verir.
Görünür, xristian təəssübkeşliyindən
tutmuş supergüclərin geosiyasi maraqlarına qədər
çeşidli səbəblər bu qətnamələrin icra
edilməməsi, Azərbaycanın dünya birliyi tərəfindən
hamılıqla tanınmış ərazisinin 20 faizinin
işğal altında saxlanılmasının davam etdirilməsi
və bir milyondan artıq soydaşımızın öz
doğma yurdlarına qayıtmasına yol verilməməsini
şərtləndirir. Belə bir şəraitdə nəinki
bir milyondan artıq qaçqın və məcburi
köçkün statusunda yaşayan soydaşlarımız,
habelə bütün azərbaycanlılar və işğal
faktının yolverilməzliyini qəbul edən tərəqqipərvər
insanlar beynəlxalq hüququn məhz güclünün
hüququ olmasını, BMT-nin isə güclünün mənafelərinə
xidmət edən bir təşkilat olduğunu anlayır.
Dünyada
sülhün və təhlükəsizliyin təminatçıcı
olan BMT Nizamnaməsinin 1-ci maddəsinin 1-ci bəndində təşkılatın
əsas vəzifəsi kimi "beynəlxalq sülhü qorumaq
və bu məqsədlə təcavüz hərəkətlərinə
və ya sülhün pozulmasına yönəlmiş digər
pozuntulara qarşı təsirli kollektiv tədbirlər həyata
keçirmək" nəzərdə tutulur.
Təcavüz
aktının baş verməsilə təcavüzə məruz
qalmış dövlət BMT Nizamnaməsinin 39-cu maddəsinə
uyğun olaraq, BMT-nin Təhlükəsizlik Şurası
qarşısında təcavüzkar dövlətin məsuliyyəti
məsələsini qoyur. Təcavüz anlayışının
müddəalarının birində göstərilən
faktın olması kifayət edir ki, Təhlükəsizlik
Şurası təcavüzkara qarşı Nizamnamənin VI-VII
fəsillərinə uyğun olaraq məcburiyyət tədbirləri
görsün.
1974-cü il dekabrın 14-də BMT Baş Məclisinin 29-cu sessiyasının 3314 saylı qətnaməsində ilk dəfə olaraq təcavüz anlayışının mahiyyəti və məzmunu açıqlandı və ona beynəlxalq hüquqi qiymət verildi. 8 maddədən ibarət olan qətnamədə təcavüzün nədən ibarət olması müəyyənləşdirildi. 1-ci maddədə göstərilir ki, bir dövlət tərəfindən dıgər dövlətin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı silahlı qüvvə tətbiq edilməsi BMT Nizamnaməsinə ziddir və təcavüzkarlıq hesab olunur. 2-ci maddədə deyilir ki, dövlətin BMT Nizamnaməsini pozaraq birinci olaraq silahlı qüvvə tətbiq etməsi təcavüz aktına sübutdur. 3-cü maddədə: a) bir dövlətin silahlı qüvvələrinin digər dövlətin ərazisinə müdaxilə və ya hücum etməsi, yaxud müvəqqəti xarakter daşımasından asılı olmayaraq hər hansı bir hərbi işğal və ya müdaxilə nəticəsində ərazinin ilhaqı; b) bir dövlətin silahlı qüvvələri tərəfindən digər dövlətin ərazisinin bombardman edilməsi; v) bir dövlət tərəfindən və ya onun adından, silahlı qüvvələrin, qeyri-nizami dəstələrin və ya muzdluların göndərilməsi və s. təcavüz aktı kimi qiymətləndirilir.
Qətnamənin 5-ci maddəsində göstərilir ki, heç bir siyasi, iqtisadi, hərbi və ya başqa mülahizələr təcavüzə haqq qazandıra bilməz; təcavüz beynəlxalq sülhə, əmin-amanlığa qarşı cinayətdir və bu cinayəti törədənlər beynəlxalq məsuliyyət daşımalıdırlar; təcavüz nəticəsində ərazi əldə edilməsi və yaxud hər hansı mənfəət qazanılması qeyri-qanunidir.
Ermənistan tərəfindən qətnamədəki hər hansı bir bəndin, ümumiyyətlə, əksər maddələrin pozulması belə bir nəticəyə gəlməyə imkan verir ki, bu, əsl təcavüz hərəkətləridir. Ermənistanın bu təcavüzkarlığı BMT Nizamnaməsində nəzərdə tutulan öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsi deyil, Nizamnamənin 2-ci maddəsinin 4-cü bəndinin kobud şəkildə pozulması - başqa dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı zor işlədilməsi deməkdir. Bunu belə bir fakt da təsdiq edir ki, Ermənistan parlamenti bütün beynəlxalq hüquq normalarını kobudcasına pozaraq hələ 1989-cu ildə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi, yəni qonşu dövlətin ərazisinin bir hissəsinin işğal olunması haqqında qeyri-qanuni qərar qəbul etmiş və bu qərarın indiyədək ləğv edilməməsi Ermənistanın ölkəmizə qarşı dövlət səviyyəsində ərazi iddiasında olmasına sübutdur.
Ümumiyyətlə, Ermənistan Respublikası bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində, 1970-ci il 24 oktyabr tarixli beynəlxalq hüququn prinsipləri haqqında bəyannamədə, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM-in Helsinki Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozmuşdur. Bununla yanaşı, Ermənistan başqa dövlətlərin ərazisində yaşayan erməni icmalarının hüquqlarını müstəqil xalqların əsas hissəsinin hüquqları ilə qəsdən üz-üzə qoyur və müstəqil dövlətlərin ərazi bütövlüyünə münasibətdə erməni etnik qruplarının hüquqlarına əsassız üstünlük verir. Beynəlxalq hüquq normalarının bu cür ermənisayaq təfsiri dövlətlərin ərazi bütövlüyü və sərhədlərin dəyişdirilməsinin qeyri-mümkünlüyü haqqında 1990-cı il noyabrın 21-də qəbul edilmiş yeni Avropa üçün Paris Xartiyasına da tamamilə ziddir və qəbuledilməzdir.
Buna baxmayaraq, Ermənistan tərəfi ermənilərin öz müqəddəratını təyinetmə hüququnu əsas gətirərək Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına çalışır. Ancaq ermənilər öz müqəddəratını təyinetmə hüququndan hələ XX əsrin əvvəllərində ən yüksək səviyyədə istifadə edərək özlərinin müstəqil dövlətini - Ermənistan Respublikasını yaratmışlar. Dövlət başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bəyan etmişdir ki, bugünkü Ermənistan dövləti 1918-ci ildə qurularkən tarixi Azərbaycan torpaqlarında, İrəvan xanlığı və Zəngəzur mahalı ərazilərində yaradılmışdır.
2003-cü ilin sentyabrında BMT Baş Məclisinin 58-ci sessiyasında iştirak edən Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev çıxışında beynəlxalq aləmdə mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə üzvlərin arasında qarşılıqlı anlaşılmazlıqların meydana çıxmasına görə, BMT TŞ-nin şəraitə uyğun, çevik və adekvat münasibət göstərə bilməməsini qeyd edərək mövcud BMT mexanizmlərinin zamanın tələbinə cavab vermədiyini vurğulamış və bununla bağlı təşkilat daxilində islahatların vacib məsələyə çevrildiyini bildirmişdir. Onun fikrincə, BMT Təhlükəsizlik Şurasında "həm bugünkü, həm də yarıməsrlik reallıqlar öz əksini tapmalıdır".
Azərbaycan Respublikası BMT mexanizmlərinin yenidən işlənməsini, xüsusilə də Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququna yenidən baxılmasını təklif etmişdir. Belə ki, Azərbaycan beynəlxalq aləmdə BMT-nin rolunun artırılması və mövcud problemlərin həllində daha təsirli tədbirlərin görülməsinə nail olmaq üçün əlavə addımların atılması zərurətini BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında yenidən gündəmə gətirmişdi. Sessiyada çıxış edən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də icra edilmədiyini bəyan etmiş və onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını vacib məsələ kimi irəli sürmüşdür. Eyni zamanda, Azərbaycanın dövlət başçısı bildirmişdir ki, "Təkmilləşdirilmiş Təhlükəsizlik Şurası daha geniş tərkibli, daha çox məsuliyyətli və demokratik, onun iş metodları daha şəffaf olmalı, XXI əsrin yeni təhdidləri, riskləri və təhlükələrinə daha operativ cavab verilməlidir".
Heç bir dövlətin daxili işinə qarışmayan, yalnız beynəlxalq hüquq norma və prinsiplərindən çıxış edən rəsmi Bakı BMT-nin ötən il Liviya ilə bağlı qəbul etdiyi qətnaməni, NATO-nun bu ölkəyə qarşı hərbi əməliyyatlarını haqlı olaraq dəstəklədi. Şimali Atlantika Alyansının Əfqanıstan və İraqdakı məlum sülhyaratma missiyasına hərtərəfli dəstək verən Azərbaycan Liviya ilə bağlı məsələdə də gözləmə mövqeyi tutmadı. Respublikamızın hazırda Suriyadakı vəziyyətlə bağlı mövqeyi də birmənalı və qəti olub beynəlxalq hüquq normalarına əsaslanır. Rəsmi Bakı istənilən beynəlxalq gərginlik və münaqişənin ayrı-ayrı dövlətlərin siyasi iddiaları, "ikili standartlar" əsasında deyil, məhz aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında həllinin tərəfdarı kimi çıxış edir. BMT-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çoxsaylı qətnamə və qərarlarına eyni münasibəti göstərməməsi isə müəyyən suallar doğurur.
BMT 70 ilə yaxın müddətdə əsasən hərbi-siyasi təşkilat kimi tanınıb. Onun müəyyən prosesləri tənzimləmək üçün güc tətbiq etmək təcrübəsi mövcuddur. 1945-ci ilin oktyabrında yaradılmış bu qurumun Nizamnaməsinin 51-ci maddəsində göstərilir ki, hər bir dövlət özünün ərazi bütövlüyünü müdafiə etmək üçün istənilən anda hərbi yoldan istifadə edə bilər və hər bir dövlətin də özünümüdafiə hüququ var.
2001-ci ilin məlum 11 sentyabr hadisələrindən sonra "əl-Qaidə" təşkilatını və "Taliban" rejimini Amerikaya hücumda təqsirləndirən rəsmi Vaşinqton məhz BMT Nizamnaməsinin 51-ci maddəsini əsas götürərək 2001-ci il oktyabrın 7-də Əfqanıstanda müharibəyə başladı. BMT-dən heç bir icazə almadan, BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qərarını gözləmədən hərbi əməliyyatlar başlandı. Bundan əvvəl İraqla müharibəyə başlayan ABŞ yenə də BMT-nin mövqeyinə məhəl qoymamışdı. İndi də Suriyada bioloji və bakterioloji silahlardan istifadə ehtimalını gündəmə gətirərək əməliyyatlara başlayacağını bəyan edib. Əlbəttə, kütləvi qırğın silahlarından istifadə bəşəriyyət üçün böyük fəlakət olardı. Ancaq söhbət burada bir dövlətin maraqlarının bütün beynəlxalq hüququn prinsiplərinin fövqündə dayanmasından gedir.
BMT Nizamnaməsinin 25-ci maddəsində göstərilir ki, təşkilatın Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların yerinə yetirilməsi icbari xarakter daşıyır. Qeyd etdiyimiz kimi, təşkilatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsində erməni hərbi birləşmələrinin qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması məsələsi əksini tapıb. Amma buna baxmayaraq, təşkilat Azərbaycanla bağlı qətnamələrini 20 ildir ki, icra etmir. Bunun səbəblərindən biri də odur ki, təşkilatın beş daimi üzvü hərbi gücün tətbiqi ilə bağlı qərar qəbul edərkən tamamilə öz geosiyasi maraqlarından çıxış edir. Burada, əsasən, Çin və Rusiyanın maraqları ABŞ, Böyük Britaniya və Fransa ilə tez-tez toqquşur. Bir daimi üzvün veto tətbiq etməsi isə konkret qərarın qəbuluna mane olur. Belə olan təqdirdə, təşkilat iflic vəziyyətinə düşür. Bu, BMT-nin, əslində, bir neçə aparıcı dövlətlərin nüfuz dairəsində olduğunu, daha dəqiqi, "fövqəlgüclər"in təsiri altında hərəkət etdiyini göstərir. Məhz bu vəziyyəti nəzərə alan rəsmi Bakı BMT-də yuxarıda qeyd edildiyi kimi, müəyyən islahatların aparılmasının təşəbbüskarı kimi çıxış edir.
Münaqişənin həllinin uzanmasının
əsas səbəblərindən biri də
fikrimizcə, regionda nüfuz
savaşının başa
çatmaması ilə bağlıdır. Yəni, bölgəni
təsir dairəsinə daxil etmək istəyən
"supergüclər" regiondakı münaqişələrdən
təzyiq "rıçaq"ları kimi
istifadə etməyə çalışırlar. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişənin
həllində fəal rol oynamaq
şansı isə regionda əlahiddə nüfuz sahibi olmaq iddiasının gerçəkləşməsi
deməkdir. Münaqişənin təminatlı həlli istənilən
halda ABŞ, Rusiya və
Fransa "üçlüyü"nün qarşılıqlı güzəştindən
əhəmiyyətli dərəcədə
asılıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli,
ilk növbədə, bu
güclər arasında konsensusun əldə
olunmasından, nüfuz
savaşının başa
çatmasından asılıdır. Rusiya son
illərdə müəyyən fəallıq göstərərək
belə bir şans əldə
etməyə çalışsa da, son nəticədə regiondakı "for-post"unun üzərinə
getməyə özündə cəsarət tapmadı. Daha dəqiqi, münaqişənin həllinin Moskvaya sərfəli görünmədiyini
açıq etiraf etməyin
vaxtı çatıb.
(ardı var)
Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı
Xalq qəzeti.-2012.- 4 oktyabr.-S.4.