1994-cü ilin oktyabr hadisələri zamanı hakimiyyət və xalq birliyi möhtəşəm qələbə qazandı

 

Gənc müstəqil Azərbacan dövlətinin ayaq üstdə durması, xüsusən, ölkənin hərtərəfli inkişafını təmin edəcək "Əsrin müqaviləsi" adlı nəhəng neft sazişinin imzalanması bəzi gözə görünməyən qüvvələri ciddi şəkildə narahat edirdi.

 

Ona görə də müstəqilliyimizin qorunub saxlanılması istiqamətində kəsərli, qətiyyətli addımların atılmasına başlanandan dərhal sonra bədxahlarımız tərəfindən müxtəlif məkrli planlar ortaya atılırdı. Gah dövlət müstəqilliyimizin qarantı olan ulu öndər Heydər Əliyevin fiziki cəhətdən yox edilməsinə cəhd göstərilir, gah ümummilli liderin ətrafındakı adamlara sui-qəsd təşkil edilir, gah da torpaqlarımızı işğal etmiş dövlətlə iş birliyi qurulurdu. Bütün bunların yeganə məqsədi var idi: Azərbaycanın müstəqillik yolunda atdığı qətiyyətli addımların qarşısını almaq. Ancaq bu istiqamətdə fəaliyyət göstərmək istəyənlər unudurdular ki, həmin günlərdə gənc müstəqil Azərbaycan dövlətinin sükanı arxasında zamanın ən ağır sınaqlarından uğurla çıxmış böyük dövlət xadimi, siyasət dahisi Heydər Əliyev dayanırdı. Bədxahlarımız dərk edə bilmirdilər ki, Heydər Əliyev özündən əvvəlki dövlət başçılarından fərqli olaraq siyasi mübarizədə kiminsə təhdidlərindən çəkinməyi, hansısa qüvvənin qabağından qaçmağı , yaxud xəlvəti şəkildə vəzifə kürsüsünü buraxaraq ölkə paytaxtını tərk etməyi qətiyyən ağlına gətirə bilməzdi. Antiazərbaycan qüvvələr elə güman edirdi ki, növbəti təhdidlər dalğası ilə Heydər Əliyevi sıradan çıxaracaq və Azərbaycanı istənilən səmtə istiqamətləndirə biləcəklər. Yanılırdılar. Özü də çox.

Ulu öndər ölkədə daxili sabitliyin yaradılması istiqamətində kifayət qədər uğurlu addımlar atmış, cəbhədə düşmənə kəsərli cavablar verərək onu atəşkəs haqqında sazişi imzalamağa məcbur etmiş, ölkənin yeni neft strategiyasının hazırlanmasını başa çatdırmış, neft diplomatiyasının bir sıra uğurlarına imza atmış, ən başlıcası Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının müştərək işlənməsi üçün dünyanın əsas güc mərkəzlərini təmsil edən aparıcı neft şirkətlərinin yaratdığı konsorsiumla ARDNŞ arasında möhtəşəm bir müqavilənin imzalanmasına nail olmuşdu.Yəni, müstəqilliyin əldə edildiyi gündən etibarən durmadan geriləyən, problemləri gündən-günə çoxalan Azərbaycan Respublikası 1993-cü ilin iyun ayından sonra tərəqqi yoluna çıxmaq şansı əldə eləmişdi. Heydər Əliyev Gəncədə vətəndaş qırğınının qarşısını almış, özündən əvvəlki iqtidarın səriştəsizliyi, diletantlığı ucbatından yaranmış ərzaq qıtlığını, çörək çatışmazlığını aradan qaldırmış, xalqın azad ölkənin azad vətəndaşı kimi nəfəs almasına zəmin yaratmışdı. Ona görə də 1994-cü ilin oktyabr ayında ölkənin müxtəlif guşələrində həm ulu öndərimizi fiziki cəhətdən yox etmək, həm də milli dövlətçiliyimizi təhlükə altına almaq istəyənlərin öz qarşılarında Azərbaycan xalqını görməsi tamamilə təbii idi. Ən sadə insan belə görür və dərk edirdi ki, Heydər Əliyev nə edirdisə, xalq üçün, milli dövlətçiliyimiz üçün edirdi.

Ulu öndər 1994-cü il oktyabrın 4-də Azərbaycan Televiziyası və Dövlət Radiosu ilə xalqa müraciət edərkən demişdi: " Mən Azərbaycanın hörmətli adamlarına, partiyalara, ictimai təşkilatlara, bütün Azərbaycan xalqına müraciət etdim. Mənim dünənki müraciətimdən sonra minlərlə teleqram gəlib, telefon zəngləri olub. Mənim müraciətim əhali tərəfindən hörmət və ehtiramla qəbul olunub. Teleqramlarda, telefon zənglərində bildirilir ki, vətəndaşlar Azərbaycanın bu vəziyyətdən çıxması üçün öz xidmətlərini göstərməyə hazırdırlar". Xalq bu taleyüklü məsələdə öz böyük liderini bir an da olsa tək qoymadı və dövlətçiliyimizin düşmənlərinə öz yerləri göstərilənə qədər "Xalq-Heydər, Heydər-xalq" şüarları durmadan, düşmənlərimizin qulağını deşəcək bir qətiyyətlə, hamının eşidəcəyi tərzdə səsləndirildi.

Yeri gəlmişkən, elə həmin gün oktyabrın 4-də Heydər Əliyev bədxahlarımızın heç birinin gözləmədiyi bir addım ataraq onları mat qoymuşdu. Belə ki, ulu öndər dünyanın bütün dövlətlərinə, hökumətlərinə və beynəlxalq təşkilatlarına Azərbaycanda yaranmış vəziyyətlə bağlı müraciət ünvanlamışdı. Müraciətdə deyilirdi: "Demokratik, hüquqi dövlət quran, bütün dünya ilə açıq siyasət yeridən Azərbaycan Respublikası təhlükədədir. Birbaşa xaricdən yönəldilən qüvvələr zor işlədərək silahlı qiyam yolu ilə dövlət çevrilişi etməyə cəhd göstərirlər... Bu çətin dəqiqələrdə mən Sizə müraciət edərək hamınızı Azərbaycanın qanuni rəhbərliyini, onun xalqının müstəqillik və suverenliyini qorumaq, zorakılıq və irticanın təntənəsinə yol verməmək naminə bütün imkanlarınızdan istifadə etməyə çağırıram". Ertəsi günü, "Azadlıq" meydanında keçirilən ümumrespublika həmrəylik mitinqində isə ulu öndər demişdir: "Beləliklə, biz dünyanın böyük ölkələrinin, dünya ictimaiyyətinin Azərbaycanda gedən hadisələrə marağını görürük. Eyni zamanda, dövlət başçılarının Azərbaycan dövlətini dəstəklədiklərini də görürük. Bütün bunlara görə mən bu gün bizimlə həmrəy olan dövlət başçılarına, dövlət orqanlarına öz təşəkkürümü , minnətdarlığımı bildirirəm".

Beləliklə, gənc müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsinin və inkişafının bədxahları 1994-cü ilin oktyabrında növbəti dəfə ifşa olundular, uduzdular və xalqın böyük təpkisi ilə üzləşdilər. Təbii ki, istənilən dövlətin bədxahı, gözügötürməyəni ola bilər. Amma həmin qüvvələrə ölkə daxilindəki bəzi çirkin məqsədli ünsürlərin də qoşulması qətiyyən yol veriləcək hal deyildi. Milli dövlətçiliyimizi məhv etməyə çalışanların ölkə daxilində bəziləri tərəfindən dəstəklənməsinə heç cür bəraət qazandırmaq olmaz. Məhz ona görə də Azərbaycan xalqı həmin qaragüruhçu insanların siyasət meydanında növbəti dəfə görünməsini istəmir və buna yol verməyəcək.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2012.- 4 oktyabr.- S. 3.