Ciddi jurnalistikanın yetirməsi

 

1991-ci ilin bürkülü yayının mürəkkəb, gərgin siyasi hadisələri dövründə redaksiyamızın gündən-günə seyrəkləşən yaradıcı heyətinə qarayanız, çevik bir oğlan qəbul olundu. Kommunist rejiminin sürətlə süquta uğradığı günlərdə eyniadlı qəzetdə işləmək o qədər də asan məsələ deyildi.

 

70 il ən nüfuzlu anadilli dövri nəşrimiz olmuş "Kommunist" qəzeti, necə deyərlər, "aşağılarla" "yuxarıların" arasında qalmışdı. Xalq Dağlıq Qarabağ münaqişəsində sovet rəhbərliyinin Azərbaycana qarşı ədalətsiz, riyakar, xain münasibətinin açıq, doğru-düzgün göstərilməsini tələb edir, qəzetin sahibi olan yerli kommunist funksionerlər isə günün sərt həqiqətlərini yumşaltmağa çalışır, ümumxalq hərəkatının geniş işıqlandırılmasına mane olurdular. Redaksiya belə ağır şəraitdə mümkün olan bütün formalarda xalqla həmrəylik göstərir, oxucuların umacağını və qınağını cavablandırmaq üçün cəsarət və peşəkarlığını əsirgəmirdi. Sağlam düşüncəli insanlar bunu görür və qiymətləndirirdilər.

Lakin açıq-aydın hədələr də eşidilirdi: "Bizə "Kommunist" adlı qəzet lazım deyil", "Axırınız çatıb!" O günlərdə "batmaqda olan gəmini" tərk edib yeni yaranan qəzetlərə gedənlər də tapıldı. Cəmiyyətdən gələn mötəbər dəstəkdən, qədirbilənlikdən ürəklənib öz işindən möhkəm yapışanlar isə daha çox oldu. Əvvəllər ən böyük arzusu respublikanın baş qəzetində işləmək olan qələm əhlindən səs-səmir çıxmadığı bir vaxtda tanımadığımız gənc jurnalistin cəsarətlə redaksiyamıza gəlməsi çoxumuzu təəccübləndirdi. Aldığımız cavab isə yeni iş yoldaşımıza rəğbət və etimad yaratdı: "Bu qəzet ən böyük jurnalistika məktəbimizdir. "Əkinçi", "Molla Nəsrəddin" ənənələri bu redaksiyanın divarları arasında yaşadılıb. 70 illik tariximiz bu qəzetin səhifələrində necə varsa əksini tapıb. Bu redaksiya qorunmalı, hamımız bu qəzeti yaşatmalıyıq".

Bu sözləri 21 il əvvəl böyük inam və qürurla söyləyən 29 yaşlı həmin gənc qəzetin informasiya şöbəsinə müxbir qəbul olunan və 4 il sonra məsul katib vəzifəsinə yüksələn, bu gün isə 50 yaşı tamam olan İlqar Gülağa oğlu Rüstəmov idi. O vaxtkı baş redaktorumuz, Bakı Dövlət Universitetində müəllimimiz və dekanımız olmuş Tofiq Rüstəmov da yetirməsini kollektivə təqdim edəndə xoş sözlər söyləmişdi: "Ən yaxşı tələbələrimdən olub, ümidlərimi doğruldub. "İdman" - "Sport" qəzetlərində tərcüməçi, Dövlət Teleradio Verilişləri Komitəsində böyük redaktor işləyib. Gələcəyinə də inanıram, belə jurnalistə hansı işi tapşırsan, yarıdar".

Doğrudan da, İlqar Rüstəmov müəlliminin etimadını doğrultdu, ilk günlərdən kollektivə qaynadı-qarışdı. Çevikliyi, təşəbbüskarlığı, yazılarının oxunaqlığı ilə seçildi. Çox keçmədi ki, SSRİ-nin bel sütununu qıran "QKÇP" hadisəsi baş verdi. Redaksiya kollektivi Kommunist Partiyasının mərkəzdə ləğv edilməsindən bir neçə gün, Azərbaycanda buraxılmasından isə 23 gün əvvəl qəzetin partiya orqanı olmasından imtina etdi, onun "Xalq qəzeti" adı ilə fəaliyyətini davam etdirməsi üçün təsisçiliyi öz üzərinə götürdü.

Redaksiyanın "yağışdan çıxıb yağmura düşməsi", qəzetin "partiya - dövlət" statusunun dəyişməsi ilə yenə çıxıb gedənlər olsa da, keçmiş nüfuzu qaytarmaq, hər şeyi yenidən başlamaq üçün yerdə qalan işçilər gecəli-gündüzlü çalışmalı, getdikcə artan çətinlikləri hamılıqla dəf etməli oldular. O günlərdə və aylarda qəzetin ağır yükünə canıyananlıqla çiyin verən İlqar Rüstəmov heç bir peşmançılıq keçirmədən, ciddi jurnalistikaya dərin bağlılıqla kollektivdə öz yerini tutdu. Tezliklə yeni müxbir informasiya şöbəsinin müdiri oldu.

Azərbaycanın dövlət müstəqilliyi qazanması hamını sevindirsə də, kommunist epoxasında fəaliyyət göstərmiş qəzet-jurnallara "ölüm-qalım" taleyi yaşatdı. Təəssüf ki, bəzi nəşrlər bu sınaqdan çıxa bilmədi. Artıq xalqın istəyincə yazmaq məqamı yetişdiyindən İlqar da daha səylə, məsuliyyətlə işləyir, qəzetin bir nömrəsində bəzən 2-3 yazı ilə çıxış edirdi. Hər hansı hadisə barədə fərqli baxışların artdığı, bir-birinə zidd məlumatların yayıldığı günlərdə həqiqəti tapıb yazmaq nə qədər çətin olsa da, redaksiya da, onun "informasiya şefi" İlqar da bu işin öhdəsindən bacarıqla gəlirdi. 72 illik ənənə-təcrübə üzərində "Xalq qəzeti" yeni dövrdə yaşamaq, xalqın qəzeti olmaq iqtidarını sübuta yetirirdi.

Köhnə rəhbərliyin dövlət müstəqilliyinin yükünü öz üzərinə götürə bilməməsi, onu hakimiyyətdən top-tüfənglə, Qarabağ cəbhəsində itkilərə səbəb olmaqla uzaqlaşdırmış həvəskar siyasətçilərin əvəz etməsi bütün sahələrdə olduğu kimi, azad mətbuatın yaranması və fəaliyyətində də maneələr yaratdı. Qəzet bu çətin dövrdə sağlam dövlətçilik mövqeyi tutaraq, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı prosesini dəstəklədi. Ulu öndərin həyata keçirdiyi xilaskarlıq tədbirləri, islahat proqramları "Xalq qəzeti"nin fəaliyyətinə də normal şərait yaratdı. İlqar Rüstəmovun o dövrdə Prezident Heydər Əliyevin keçirdiyi görüş və qəbullardan, bir sıra ölkələrə səfərlərindən hazırladığı materiallar qəzetimizin oxucularında aydın fikir, obyektiv rəy yaradırdı.

1995-ci ildə qəzetin yenidən qurulması ilə bağlı fəaliyyətində müvəqqəti fasilə yarananda İlqar Rüstəmov eyni mövqe və məramını baş redaktoru olduğu müstəqil "Vətən ocağı" qəzetində davam etdirdi. Bu nəşrdə o yeni texnologiya ilə qəzet buraxmaq təcrübəsinə yiyələndi. Həmin ilin sonunda "Xalq qəzeti" ulu öndərin xeyir-duası ilə yenidən rəsmi statuslu qəzet kimi fəaliyyətini davam etdirəndə İlqar dərhal doğma kollektivə qayıtdı, çətin günlərində köməyini əsirgəmədiyi qəzetdə öz yerini tutdu. Kompyuter texnologiyası ilə qəzet buraxmaq işini mənimsədiyinə görə çox keçmədən məsul katib kimi ağır və məsuliyyətli iş ona tapşırıldı.

Ötən 17 ildə İlqar Rüstəmov təcrübəli məsul katib kimi bilik və bacarığını qəzetin texniki cəhətdən buraxılışının vaxtında təmin edilməsinə, nömrələrin məzmunu ilə forması arasında uyğunluğun yaradılmasına yönəltmişdir. İlqar öz üzərində işləməklə çağdaş dünya qəzetçiliyinin tərtibat yeniliklərini qəzetə gətirməyə çalışır, hər bir yazının fərdi təqdimatını səhifənin və bütövlükdə nömrənin ümumi ahəngi ilə uyğunlaşdırmaq üçün daim axtarışlar aparır. O, qəzetin bir sıra xüsusi nömrələrinə də baxımlı və məzmunlu tərtibat vermişdir.

İlqar Rüstəmov bəzi məsul katiblərdən fərqli olaraq, katiblikdə qapanıb qalmır, fəal reportyor kimi tez-tez yerlərdə olur, qəzet üçün operativ yazılar hazırlayır. Adətən, belə materialları onun professionallıqla çəkdiyi fotoşəkillər bəzəyir. İlqarın yazıları və fotoları bir sıra yaradıcılıq müsabiqələrinin mükafatlarına layiq görülmüşdür. Kəskin situasiyalardan məharətlə baş çıxaran jurnalistin Qarabağ müharibəsindən, ölkədaxili siyasi münaqişələrdən hazırladığı silsilə yazılar ictimai rəydə obyektiv əks-səda doğurmuş, müəllifini həqiqətə sadiq şərhçi kimi tanıtmışdır. Onun Şuşanın mühasirədə olduğu günlərdə şəhərin müdafiəsindən reportyor çevikliyi ilə hazırladığı yazılar geniş əks-səda doğurmuşdu.

İlqar Rüstəmovun ciddi, ölkənin, dövlətçiliyin taleyinə məsuliyyətlə yanaşan jurnalistikada keçən ömrü qələm yoldaşlarının və çoxsaylı oxucuların nəzərində mötəbər sözə xidmətin seçilən bir nümunəsidir. Onun zəhməti dövlət tərəfindən də dəyərləndirilmişdir. Həmkarımız Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

İlqar oxuduğu universitetdə, işlədiyi kollektivlərdə fəallığı ilə seçilməklə, ümumi işə töhfə verməklə ömrünün 30 ilini jurnalistikanın çətinliklərlə dolu, şərəfli və məsul divarları arasında keçirmişdir. Bunun 20 ildən çoxu "Xalq qəzeti" ilə bağlıdır. İllər saçına dən salsa da, yaşı 50-ni haqlasa da sevdiyi-seçdiyi peşəyə bütün varlığı ilə bağlılıq ona gənclik həvəsi, yorulmaq bilmədən çalışmaq şövqü gətirir.

Redaksiyamız 50 yaşın tamamında öz yetirməsi İlqar Rüstəmovun qəzetimizin səhifələrinə hopmuş zəhmətlərini qədirbilənliklə yada salır, ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayır.

 

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2012.- 5 oktyabr.- S. 11.