Gəncə Nizami ilə bir boy da
ucaldı
Sentyabrın son günləri qədim
şəhərin tarixinə əsl dostluq, humanizm, vətənpərvərlik,
qonaqpərvərlik, birlik, mütəşəkkillik məqamı
kimi əbədi həkk olundu
Bəri başdan qeyd edək ki, dahi
Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin
870 illiyi ilə əlaqədar sentyabrın 29-u və 30-da Gəncədə
yubiley tədbirləri yüksək səviyyədə
keçirildi. Dünyanın 45 ölkəsindən
150-dən çox qonağın iştirak etdiyi bu tədbir əsl
humanizm, vətənpərvərlik, qonaqpərvərlik, birlik,
mütəşəkkillik günləri kimi yaddaşlara əbədi
həkk olundu.
Gəncə bu tədbirə - öz müdrik oğlu ulu
Nizaminin yubileyinə necə hazırlaşmışdı? Onu yalnız
görənlər, bu tədbiri yaxından izləyənlər
bilər. Əslində, kütləvi, həm
də beynəlxalq bir tədbiri keçirmək olduqca çətin
və məsuliyyətli işdir. Amma bu təntənəni
təşkil edən məsul şəxslər sübut etdilər
ki, Gəncə artıq əyalət şəhəri deyil,
onun çox böyük potensialı, beynəlxalq məclislər
keçirmək qabiliyyəti var. Qonaqların hər birinə
ayrı-ayrılıqda göstərilən diqqət, müxtəlif
yerlərdə keçirilən kütləvi tədbirlərin
dəqiqliyi, artıq elementlərin olmaması, şəhər
sakinlərinin mütəşəkkilliyi bir daha göstərdi
ki, indi beynəlxalq səviyyəli tədbirləri də
burada təşkil etmək mümkündür.
Nizami Gəncəvinin
adına layiq tədbirin keçirilməsi
gözlənilən idi. Çünki şəhər
bu günlərə bir ildən çox idi
hazırlaşırdı. Mübaliğəsiz
qeyd etmək istəyirəm ki, Gəncə Şəhər
İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev,
az qala, dahi şairdən bir misra deyən şagirdi də dinləmişdi,
ona öz məsləhətlərini vermişdi. Nizami Gəncəvi ilə bağlı şəhərdə
görülən işlərin hamısı -
abadlıq-quruculuqdan tutmuş kitabların çapına, səhnəciklərin
hazırlanmasına kimi şəhər rəhbərinin nəzarətində
idi. Ötən yazılarımın birində qeyd
etmişdim ki, Elmar Vəliyev 2011-ci ilin fevralından Gəncə
Şəhər İcra Hakimiyyətinə
başçılıq etdiyi vaxtdan bu günədək
bütün görüşlərdə, müşavirələrdə
Nizami Gəncəvinin yubileyinə hazırlığa diqqət
yetirir, onun təbliği ilə bağlı işin vacibliyini
vurğulayır, ayrı-ayrı məsul şəxslərin
hesabatlarını dinləyirdi.
...Əllərində gül-çiçək dəstələri
tutan qonaqlar şəhərin baş meydanında ucaldılan
ümummilli lider Heydər Əliyevin əzəmətli abidəsi
önünə yaxınlaşırlar. Qonaqların arasında
Latviya Respublikasının 6-cı Prezidenti, BMT Baş katibinin
xüsusi təmsilçisi, Avropa İttifaqının
uzunmüddətli inkişaf proqramının vitse-prezidenti
xanım Vayra Vike - Freyberqa, Qırğızıstanın sabiq
xarici işlər naziri və müvəqqəti hökumətin
rəhbəri xanım Roza Otunbayeva, BMT-nin Hökumət
Komissiyasının sədri, İsveçrə
Konfederasiyası Prezidentinin müşaviri, YUNESKO-nun
kommunikasiya üzrə hökumətlərarası panelinin sədri,
səfir Valter Fust, dünyanın ən qədim və zəngin
İsgəndəriyyə kitabxanasının direktoru, Misir Elmlər
Akademiyasının Prezidenti, BMT Baş katibinin Sivilizasiyalar
Alyansı üzrə səfiri, doktor İsmayıl Seragəldi,
Türkiyənin sabiq mədəniyyət naziri Namik Zeybək,
İngiltərə Kral Akademiyasının rəhbəri,
Oksford Universitetinin, Linkoln kollecinin professoru Baronessa Susan
Grenfield, görkəmli ictimai-siyasi xadim,
yazıçı-şair Oljas Süleymenov və onlarla digər
görkəmli şəxslər var idi.
Abidə önünə təzə-tər
çiçəklər düzənlər bir daha ulu öndərin
xatirəsini yad etdilər. Bir daha
xatırlandı ki, daim ədəbiyyatımızın, mədəniyyətimizin
qayğısını çəkən, onu dünyada
tanıdan Heydər Əliyev Nizami Gəncəvinin ədəbi
irsinin öyrənilməsi, təbliği üçün
misilsiz işlər görmüşdür. Onun rəhbərliyi
ilə 1975, 1978, 1979, 1981-ci illərdə və müstəqillik
illərində Nizami Gəncəvi ilə bağlı müxtəlif
qərarlar qəbul olunmuş, dahi şairin məqbərəsinin
yenidən qurulması, əsərlərinin çap
olunması, "Nizami günləri"nin
hər il keçirilməsi və digər mühüm işlər
həyata keçirilmişdir.
Ulu Nizami yurdu qonaqları şərbətlə, sözlə,
nəğmə ilə, rəqslə qarşıladı. Sanki,
bütün şəhər söz ustasının yanına gəlmişdi.
Məqbərə də əvvəlki deyildi.
O, əsaslı surətdə, demək olar ki, tamamilə yenidən
qurulmuşdu. Burada 7500 kvadratmetrdən çox
sahəyə qranit lövhə düzülmüş, dörd
hovuz, iki şəlalə və fəvvarə yenidən
inşa edilmiş, böyük yaşıllıq
zolağı salınmışdır. Bundan əlavə,
beş buta qranitlə üzlənmiş,
bir süni göl və körpü yenidən təmir
olunmuşdur. "Şərq ulduzu" kompleksi
yaradılmış, işıqlandırma sistemi yeniləşdirilmişdir.
Məqbərənin ətrafında yerləşən
"Xəmsə" qəhrəmanlarından ibarət
obrazları əks etdirən abidələrin üzərində
bərpa işləri aparılmışdır. Məqbərənin yaxınlığında
şairin valideynlərinin qəbirləri aşkar olunmuş və
Şıx düzü ərazisinə dahi mütəfəkkirin
şəcərəsinin daşıyıcıları olan
Şeyxzamanlılar qəsəbəsi adı verilmişdir.
Məqbərə ətrafında müxtəlif
tədbirlərin keçirilməsi üçün amfiteatr təmir
olunmuşdur.
Bütün bunlara qonaqlar sonsuz heyranlıqla
baxmış, musiqi kollektivlərinin, aktyorların
çıxışlarından böyük zövq
almışlar. Dahi şairin "Sirlər xəzinəsi",
"Xosrov və Şirin", "Leyli və Məcnun",
"Yeddi gözəl", "İsgəndərnamə"
poemalarının motivləri əsasında hazırlanan ədəbi-bədii
kompozisiyalar, Gəncə Dövlət Filarmoniyasının və
Dövlət Kamera Orkestrinin çıxışları, digər
səhnəciklər, rəqslər qonaqlarda xoş təəssürat
yaratdı. Havanın bir qədər isti olmasına, günəş
şüalarının adamı yandırmasına baxmayaraq,
heç kim Nizami məqbərəsini tərk
etmək istəmirdi. Qonaqlar, sanki,
ovsunlanmışdılar. Onların bir
neçəsi ilə ayaqüstü söhbətlər
apardıq.
Roza
Otunbayeva Qırğızıstan Respublikasının sabiq
Prezidenti:
- Olduqca əlamətdar
hadisədir. Təəssüratlarım zəngindir.
Mən Gəncədə adamların əhval-ruhiyyəsinin
bu qədər yüksək olmasını, sifətlərindəki
sevinci, gözəl şəhərləri, sevimli Nizamiləri
üçün iftixar hisslərini öz gözlərimlə
gördüm, duydum. Nizami yurdu Gəncənin
belə inkişafı bizi də ruhlandırdı. Sizin
necə gözəl mədəniyyətiniz var. Belə xor
kollektivi, səviyyəli kamera orkestriniz var. Nizami şəhərində
çox iş görmüsünüz, çox sağ olun. O,
bütün türk dünyasının fəxridir. Siz də türk dünyasına, onun maddi-mənəvi
sərvətinə belə diqqət, qayğı göstərirsiniz.
Bir daha sağ olun.
Oljas
Süleymenov, görkəmli ictimai-siyasi xadim,
yazıçı, şair:
- Mən
Gəncədə 30 il qabaq olmuşam. O
zaman dahi şairin 840 illik yubileyi tədbirlərinə gəlmişdik.
Açığını deyim, şəhəriniz
əməlli-başlı dəyişib, gözəlləşib.
Məqbərə və onun dörd
yanını cənnətə döndərmisiniz. Ümumiyyətlə, sizin şəhərdə hara
gedirsən ulu Nizami ilə, onun ruhu ilə
qarşılaşırsan. Bu, çox yaxşı
haldır, buna görə çox sağ olun.
Yadımdadır, o zaman Heydər Əliyevə belə
bir sual verdim ki, nə əcəb 850 deyil, 840 illik yubileyi qeyd
edirsiniz.
Böyük şəxsiyyət üzümə baxıb,
"Oljas, yadında saxla, Nizami elə şairdir ki, onun
yubileyini hər il keçirmək lazımdır", - dedi. Bu sözlər indi də qulaqlarımda səslənir
və Nizami Gəncəvi mənim gözümdə elə bir
ucalıqda dayanıb ki, o zirvəyə bütün şairlər,
mütəfəkkirlər həsəd apara bilərlər.
Namik Kamal
Zeybək, Türkiyə Cümhuriyyətinin keçmiş mədəniyyət
naziri:
- Nizami Gəncəvi bütün türk
dünyasının fəxridir. Nizami hamımız
üçün doğmadır. Bəzən
başqa millətin nümayəndələri onu öz
şairləri hesab edirlər, sübuta yetirmək istəyirlər
ki, Nizami onların şairidir. Bundan əsəbiləşmək,
onu başqalarına qısqanmaq lazım deyil. Bir baxın, səmadakı Günəş
hamınındır, hamı onun istisindən
qızınır. Göydəki ay da
hamınındır. Nizami Günəşdir, Aydır,
o, bizim hamımızındır. Amma o da
faktdır ki, Nizami Gəncənin balasıdır, gəncəlilərin
isə atasıdır. Onu mən Nizami Gəncəvi
deyil, Nizami Gəncəli çağırıram.
Şəhərdə sentyabrın son iki günündə
keçirilən tədbirlər o qədər rəngarəng,
yaddaqalan oldu ki, onların hamısı haqqında bir yazıda
geniş danışmaq mümkün deyil. Nizami Gəncəvinin
yenicə çapdan çıxmış əsərləri,
yubiley ilə bağlı digər kitabların təqdimetmə
mərasimi, sərgilər qonaqlarda xoş təəssürat
oyatdı. Qeyd edək ki, milli-mənəvi dəyərlərimizin
keşiyində duran Heydər Əliyev Fondu dahi Azərbaycan
şairi və mütəfəkkiri Nizami Gəncəvinin
"Xəmsə"sini əməkdar elm xadimi, professor Xəlil
Yusiflinin yeni tərcümələri əsasında təkrar
nəşr etdirmişdir. Fond "Xəmsə"yə daxil
olan beş poemanı ilk dəfə olaraq
birləşdirib külliyyat şəklində də nəşr
etdirmişdir. Bundan başqa, tarix üzrə fəlsəfə
doktoru Samir Pişnamazzadənin müəllifi olduğu
"Nizami Gəncəvi məqbərəsinin tarixi və
taleyi" adlı monoqrafiya da işıq üzü
görmüşdür.
Şəhər icra hakimiyyəti tərəfindən də
Nizami Gəncəvinin həyat və
yaradıcılığı ilə bağlı çoxlu
yeni kitablar nəşr olunmuşdur. Hamısı da
bir-birindən nəfis, gözəl məzmunlu. Burada yeni
tərcümələr əsasında şairin ölməz
beşliyi - "Sirlər xəzinəsi", "Xosrov və
Şirin", "Leyli və Məcnun", "İsgəndərnamə"
və "Yeddi gözəl" diqqəti cəlb edir.
Əməkdar
elm xadimi, professor Xəlil Yusiflinin "Nizami Gəncəvi: sələflər
və xələflər" Azərbaycan Respublikasının
Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi
ilə Samir Pişnamazzadənin hazırladığı
"Nizami Gəncəvi yaradıcılığına əxilik
ideologiyasının təsiri" adlı monoqrafiyaları,
professor Sevda Qurbanəliyevanın "Nizami Gəncəvinin
musiqi dünyası", professor Mübariz Yusifovun "Nizamidə
azərbaycançılıq" və digər kitablar
hamının böyük marağına səbəb
olmuşdu. Belə bir fikri qətiyyətlə
demək lazımdır ki, hələ indiyədək Nizami
yubileylərinin heç birində bu qədər kitab nəşr
edilməmişdi, əlyazmalar tapılıb gətirilməmişdi.
"Xəmsə"nin Böyük
Britaniya və Avstriya milli kitabxanalarında qorunan əlyazmaları
xüsusi əhəmiyyət kəsb etdiyi üçün Gəncə
Şəhər İcra Hakimiyyəti tərəfindən
şairin doğma yurduna gətirilərək bərpa və nəşr
edilmişdir. Bərpa olunmuş əlyazmaların
CD variantı Gəncə Regional Elm Mərkəzində
saxlanılır. Bundan başqa, Gəncə Şəhər
İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin
təşəbbüsü ilə Saltıkov Şedrin adına Rusiya Milli Kitabxanasında, Almaniya Milli
Kitabxanasında "Xəmsə" əlyazmalarının
qorunan nadir nüsxələri Gəncəyə gətirilmişdir.
Şəhərə gələn qonaqlar özləri də
bu qənaətə gəldilər ki, dahi Nizami gəncəlilər
üçün nə qədər əzizdir, doğmadır,
müqəddəsdir. İlk baxışda kiçik
görünən ən adi obyekt də Nizaminin adı ilə
bağlıdırsa, ona xüsusi önəm verilir.
Ucu-bucağı görünməyən və öz
simasını son il yarımda tamamilə dəyişən
Nizami prospekti şairin dahiliyinə, əzəmətinə
layiqdir. Həmin gün onların sırasına
biri də qoşuldu. Çoxdan
unudulmuş, qapıları bağlanmış, məişət
tullantıları məkanına çevrilmiş yeraltı
keçid indi tamamilə başqa görkəmdə - gözəl,
yaraşıqlı, Nizami miniatürləri, ekspozisiyaları,
müdrik sözləri ilə bəzədilmiş halda sakinlərin
ixtiyarına verildi. Qonaqlar Nizami ilə
bağlı daha bir obyektin açılışında
iştirak etdilər.
Nizami Gəncəvinin
təbliği ilə bağlı kim bir
xeyirxah iş görübsə, həmyerlilərinin
adını uca tutubsa, gəncəlilər üçün
doğmadır, əzizdir. Elə bu baxımdan
Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən
tədbir böyük maraqla qarşılandı.
Dünyanın ən qədim və zəngin İsgəndəriyyə
kitabxanasının direktoru, Misir Elmlər Akademiyasının
prezidenti, BMT Baş katibinin Sivilizasiyalar Alyansı üzrə
səfiri, doktor İsmayıl Seragəldi və BMT Hökumət
Komissiyasının sədri, İsveçrə
Konfederasiyası Prezidentinin müşaviri Valter Fusta Aqrar
Universitetinin, Latviyanın 6-cı prezidenti, BMT Baş katibinin
xüsusi təmsilçisi, Avropa İttifaqının
uzunmüddətli inkişaf proqramının vitse-prezidenti
Vayra Vike - Freyberqa və Qırğızıstan
Respublikasının keçmiş prezidenti Roza Otunbayeva Gəncə
Dövlət Universitetinin fəxri doktorları seçildilər.
Başqa bir təntənə Nizami Mərkəzinin təməlqoyma
mərasimi ilə bağlı oldu. Qonaqların
xeyir-duası və iştirakı ilə keçirilən tədbirdə
çıxış edənlər Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə Nizami
irsinin təbliğinə belə önəm verdiyi
üçün minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, ötən il dekabrın 23-də ölkə
başçısının imzaladığı "Dahi Azərbaycan
şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870
illik yubileyinin keçirilməsi haqqında" sərəncamından
sonra Gəncədə, o cümlədən respublikanın
müxtəlif yerlərində, eləcə də xaricdə
saysız-hesabsız tədbirlər keçirilmişdir. Ulu şairin adı ilə bağlı neçə-neçə
obyekt açılmış, abidələr
ucaldılmışdır. Yeni mərkəz
də bu silsilədəndir.
...Şəhər
icra hakimiyyətinin böyük iclas zalını az qala tanımayacaqdım. Dəfələrlə
olduğum bu salon öz sütunları,
çilçıraqları, tərtibatı ilə
hamını heyran etdi. Çox qısa
vaxt ərzində belə möhtəşəm bir salonun
yaradılması və istifadəyə verilməsinin məhz
ulu Nizaminin yubiley tədbirlərinə təsadüf etməsi
ikiqat fərəhli idi. Nizami Gəncəvinin
870 illiyi ilə bağlı beynəlxalq konfransı giriş
sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin
başçısı Elmar Vəliyev açdı. O,
qonaqları salamladı, şəhərdə Nizami Gəncəvi
ilə bağlı həyata keçirilən tədbirlədən
söz açdı. Konfrans üçün nəzərdə
tutulan iki saat necə gəlib keçdi, heç kim hiss etmədi. Çünki
bütün çıxışlara Nizami ruhu, Nizami sevgisi
hopmuşdu.
Sonra Gəncə
Şəhər İcra Hakimiyyəti və İsgəndəriyyə,
Türkiyə, Gürcüstan və Kəşmir milli
kitabxanaları arasında əməkdaşlıq haqqında
niyyət protokolu və Gəncə şəhəri ilə
Tacikistanın milli kitabxanaları arasında əməkdaşlıq
haqqında niyyət protokolu və Gəncə şəhəri
ilə Tacikistanın Xocənd şəhəri arasında
"qardaşlaşmış şəhərlər"
sazişi imzalandı.
... Gəncədə Nizami təntənələri
axşamtərəfi bütün şəhər əhalisinin
toplaşdığı bayram konserti ilə sona yetdi. Meydana toplaşmış on minlərlə sakin bir
daha böyük bir təntənənin, atəşfəşanlığın
şahidi oldu.
Bəli, Gəncə Nizami ilə bir boy da ucaldı.
Hamlet QASIMOV
Xalq qəzeti.- 2012.- 5 oktyabr.- S. 9.